Gücər oğlu Bacar durub gözləyir,
Oğul boyda atasına oxşayar.
Qurd dərisi, quş lələyi üstündə,
Oğul boyda atasına oxşayar.

Qaya quşun gücü qalır lələkdə,
Qanadlıdır ağ lələklər küləkdən,
O, Gücərdir sanki qolda, biləkdə,
Oğul boyda atasına oxşayar.

Lopa bığı, sıx saqqalı qapqara,
Qaş yox, qılınc bənzəyirdi qaşlara.
Enlilikdə çiyin hara, bel hara,
Oğul boyda atasına oxşayar.

Gücər oğlu Bacar gəlir qabaqda,
Toplumları yay tək dartım, ayaqda,
Qaraş onu görüb durur uzaqda,
Oğul boyda atasına oxşayar.


İlk döyüşdə güclər durdu üz-üzə,
İlk görüşdə güclər tapır gücünü,
Burda fillər, orda atlar qaynaşır,
İlk görüşdə güclər tapır gücünü.

Bizucların ucu bulud deşəndə,
Qalxan bitir yaraqlının döşündə,
Oxlar durur oxatanın dişində,
İlk görüşdə güclər tapır gücünü.

Qobuçölün kəhərləri quşqanad,
Lələk bağla, bu atlardan quş yarat,
Yeldən iti, quşdan yeydir kəhər at,
İlk görüşdə güclər tapır gücünü.

Fil görkəmi, fil qorxusu böyükdür,
Ancaq kəhər çox itidir, çevikdir,
Biri görkəm, o birisi minikdir,
İlk görüşdə güclər tapır gücünü.


– Gözəl oğlan, kimsən, tanıt özünü,
Ölməmişdən deyər hər kəs adını.
Mən qarşında Gücər oğlu Bacaram,
Ölməmişdən deyər hər kəs adını.

Gözünü aç, yaxşı-yaxşı bax mənə,
Bil, batmayır qılınc, bizuc, ox mənə,
Bacarığım çoxdur, yoxdur yox mənə,
Ölməmişdən deyər hər kəs adını.

Mən Minelin, Mindiyarın oğluyam,
Keçmişimlə bu ölkəyə bağlıyam,
Yurdu gərək bu qılıncla saxlayam,
Ölməmişdən deyər hər kəs adını.

Mən qarşında Gücər oğlu Bacaram,
Mindiyara Hindeldən yol açıram,
Gərək olsa qanadlanıb uçaram,
Ölməmişdən deyər hər kəs adını.


– Mən Qaraşam, İşdayağın nəvəsi,
Oddan qorxmaz od-alovdan keçənlər.
Məni oda atdı, Başev yoxladı,
Oddan qorxmaz od-alovdan keçənlər.

Mindiyarda şah soyuma qarşıyam,
Qaçdım burdan, indi qaçqın quşuyam,
Arielli bir gözəlin xoşuyam,
Oddan qorxmaz od-alovdan keçənlər.

Mən bilirəm, sən güclüsən, Bacarsan,
Qılıncınla keçməzlərə açarsan.
Alnındakı lələyinlə uçarsan,
Oddan qorxmaz od-alovdan keçənlər.

Mən könlümdən qorxuları silmişəm,
Güclülərlə vuruşmağa gəlmişəm,
Böyük gücü doğruluqdan bilmişəm,
Oddan qorxmaz od-alovdan keçənlər.


– Sən həm gəncsən, həm də mənim soyumsan,
Ər, soyundan olanlarla vuruşmaz.
Üstüağ şah vuruşmayıb Qaraşla,
Ər, soyundan olanlarla vuruşmaz.

Qoşul mənə, gənc soydaşım, ey qoçaq,
Mindiyara bu Hindeldən yol açaq,
Gedək böyük Üstüağı biz qucaq,
Ər, soyundan olanlarla vuruşmaz.

Mənim suçum şah kökümü görməkdi,
Öz borcumu öz soyuma verməkdi.
Qanadımı Başevimə gərməkdir.
Ər, soyundan olanlarla vuruşmaz.

Mən gəlmişəm, Gücəroğlu Bacaram,
Soy-köküm tək qardaş, səni qucaram.
Sənlə birgə yeni yollar açaram.
Ər, soyundan olanlarla vuruşmaz.


– Mənim yurdum, soyum indi sevgidir,
Gör-gör içrə böyük şahlıq sevgidir.
Mən Başevdən çiyrimişəm, bezmişəm,
Gör-gör içrə böyük şahlıq sevgidir.

Nə Hindeli, nə Mineli sayanam,
Nə şahlığa, nə soy-kökə uyanam,
Sevgim üçün gərək qana boyanam.
Gör-gör içrə böyük şahlıq sevgidir.

Nə dəli bil məni, qardaş, nə danla,
Mənim sevgi istəyimi düz anla,
Tək sevgidir, heçdir yerdə qalanlar,
Gör-gör içrə böyük şahlıq sevgidir.

Ondan başqa heç nəyim yox, yurd-yuvam,
Sevgi yoxsa mən boş çöləm, boş qabam,
Mən sevgidən keçən qızıl bir sapam.
Gör-gör içrə böyük şahlıq sevgidir.


– Mən vuruşmaq istəmirəm səninlə,
Mən sevginin dadı nədir, bilmirəm,
Yurd-yuvadan, eldən uca heç nə yox.
Mən sevginin dadı nədir, bilmirəm.

Tutuq edib məni Tanrı Qızçiçək,
Yoxdur məndə qadınlara bir istək.
Sevsəm, sevim Qızçiçəyi mən gərək,
Mən sevginin dadı nədir, bilmirəm.

Atam Gücər, anam isə Qızuçar,
Soyum Minel, ölkəm isə Mindiyar.
Tanrı mənə güc veribdir o ki var,
Mən sevginin dadı nədir, bilmirəm.

Sevən oğlan, qoşul mənə, bir olaq,
Bu diyardan o diyara yol salaq,
Gedək böyük Üstüağa ər olaq.
Mən sevginin dadı nədir, bilmirəm.


Bir səs gəldi meşələrdən: – Bacarım,
Sevilsə də tanrı gərək sevməsin.
Sevdim səni, mən qovuldum yerimdən.
Sevilsə də tanrı gərək sevməsin.

Aç qolunu, Qızçiçəyi qucaqla,
Gəl, burdayam, məni soruş, soraqla,
Sən də mən tək keçmişləri ayaqla,
Sevilsə də tanrı gərək sevməsin.

Mənə toxun, mən də gözə görünüm,
Adam olum, mən arxanca sürünüm,
Yoxdan çıxım, adamlığa bürünüm,
Sevilsə də tanrı gərək sevməsin.

Məni alsan düşərliklər azalar,
Yaman özü düşük düşər, sozarar.
Uşaq, davar, quzu birə yüz olar,
Sevilsə də gərək tanrı sevməsin.


– Bacar dedi, gözəl tanrı, hardasan,
Bu sözləri eşitməyir çox adam.
Sən gəlibsən öc almağa Bacardan,
Bu sözləri eşitməyir cox adam.

– Yox, Bacarım, çox sevirəm səni mən,
Bu gəlişim sevgidəndir, sevgidən.
Ürəyimi sən ovladın, bircə sən,
Bu sözləri eşitməyir çox adam.

– Yoxdur mənim sevmək, sevgi istəyim,
Necə sevim, səni alım, çiçəyim,
Tanrı alıb məndən ərlik diləyin.
Bu sözləri eşitməyir çox adam.

– Mən qapmışam onu səndən, Bacarım,
Mənəm sənin itirilmiş taparın,
Ən sevimli, ən yatımlı tutarın,
Bu sözləri eşitməyir çox adam.


Bacar bir də göz gəzdirdi kövşənə,
Ağlayırdı uzaqlarda Qızçiçək.
Ancaq gözə görünmürdü o tanrı,
Ağlayırdı uzaqlarda Qızçiçək.

O, Bacara istəyini salınca,
Yollanmışdı sevgisinin dalınca.
Gəzəcəkdi bu sevgisi qalınca,
Ağlayırdı uzaqlarda Qızçiçək.

Kim bilirdi nəyi üstün tutmuşdu,
Tanrılığı niyə, neyçin atmışdı.
Sevgisinin işığına batmışdı.
Ağlayırdı uzaqlarda Qızçiçək.


Bir ox gəlib dəydi bu an Bacara,
Yuxudaydı, sanki Bacar ayıldı,
Oxu atan Qaraş idi uzaqdan,
Yuxudaydı, sanki Bacar oyandı.

Bir də, bir də... Ox yağışı başladı,
Qaraş ona bizucunu tuşladı,
O da "soy-kök" duyumunu boşladı.
Yuxudaydı, sanki Bacar ayıldı.

Öz yerindən tərpənəndə İtiat,
Tunc qalxanlar qalxdı göyə neçə qat,
Min-min kəhər çapdı, gəldi quşqanad,
Yuxudaydı, Bacar sanki ayıldı.

Ağır toppuz dəydi onun çiyninə,
Qan sıçradı birdən onun beyninə,
Qurd dərisi kip oturdu əyninə,
Yuxudaydı, Bacar sanki oyandı.


Valayladı, ancaq atdan aşmadı,
Lapdan dəyən vurum beşqat ağırdır.
Fillər susdu, kəhərlərsə kişnədi,
Lapdan dəyən vurum beşqat ağırdır.

Bir yürüşlə fillər durdu, yoruldu,
Hindellinin lapdan bağrı yarıldı.
Nəriltidən şişə göllər qırıldı,
Lapdan dəyən vurum beşqat ağırdır.

Sağa, sola qılınc, toppuz enirdi,
Bir andaca adam leşə dönürdü.
Qan axırdı, gözdə işıq sönürdü,
Lapdan dəyən vurum beşqat ağırdır.

Qılınc, bizuc batmayırdı Bacara,
Ölüm idi hər bir vurum, hər yara.
Qaraş hanı, o çəkilib bəs hara?
Lapdan dəyən vurum beşqat ağırdır.


Fillər qaçıb səpilmişdi düzlərə,
Fil də dözməz Bacar ilə savaşda,
Yaralılar içindəydi Qaraş da,
Fil də dözməz Bacar ilə savaşda.

Ölüm quşu oturmuşdu çiyninə,
Qan yaxalıq geydirmişdi əyninə.
Bulud enib ağlayırdı gününə,
Fil də dözməz Bacar ilə savaşda.

Tapdı onu, Bacar aldı ölümdən,
Qılınc yara açmış idi belində,
Hey yox idi ürəyində, dilində,
Fil də dözməz Bacar ilə savaşda.

Ağır-ağır uduğunu duydular,
Yarasını yandırdılar, yudular.
Üzuquylu bir dik üstə qoydular,
Fil də dözməz Bacar ilə savaşda.


Gecə qaldı Bacar onun yanında,
Yaralını qoyub getmək olarmı,
Dedi, gecə dilə gələr, dirilər,
Yaralını qoyub getmək olarmı?!

Qurddan, quşdan gecə onu qorudu,
Üç yol açıb yarasını sarıdı.
Qalmağına çox az inam var idi,
Yaralını qoyub getmək olarmı?!

Haradasa ağlayırdı Qızçiçək,
Bulud-bulud göz yaşları tökərək.
Bu, o qızdır, ya ki sənsən, ey külək,
Yaralını qoyub getmək olarmı?!

Ta ağlama, qız, könlümü soyursan,
Məni məndən alıb yalqız qoyursan.
Sevgi nədir, sən sevgiyə uyubsan,
Yaralını qoyub getmək olarmı?!


Günəş çıxdı, Qaraş açdı gözünü,
Məniş idi, Məniş oldu ilk sözü,
Bacar ona baxdı, güldü, sevindi,
Məniş idi, Məniş oldu ilk sözü.

Nə yaxşı ki, Qaraş qaldı, ölmədi,
Sevgi nədir, Məniş kimdir bilmədi,
Dilinə də sevgi sözü gəlmədi,
Məniş idi, Məniş oldu ilk sözü.

– Qardaş, soy-kök, gözünü aç, mənə bax,
Sən nə desən, inan, elə olacaq.
Burda bizim ikimiz də bir qonaq,
Məniş idi, Məniş oldu ilk sözü.

Su istədi, su verdilər, dikəldi,
Başı üstə ölüm vardı, çəkildi,
Ürəyində inam evi tikildi,
Məniş idi, Məniş oldu ilk sözü.


– Bacar, məni sevgilimə yetir sən,
Bu dirriyin hər çaları sevgidir,
Bu Hindeldən əl çək, çıxaq düz yola,
Bu dirriyin hər çaları sevgidir.

Bacar dedi: – Mən Hindeldən keçirəm,
Əkbitənə başqa bir yol seçirəm,
Sənlə gedib bu yolları ölçürəm,
Bu dirriyin hər çaları sevgidir.

Onda gedin Mənişimi gətirin,
Hind şahına sağolumu yetirin,
Mən ölərsəm Mindiyardan götürün,
Bu dirriyin hər çaları sevgidir.

Yola düşüb getdi elçi atlılar,
Gedib, gedib qız Mənişə çatdılar.
Alıb onu bir də geri çapdılar,
Bu dirriyin hər çaları sevgidir.


Məniş isə əli dolu gəlmişdi,
Yoxsa onu buraxmazdı Hind şahı.
Şah demişdi "ağı içirt Bacara"
Yoxsa onu buraxmazdı Hind şahı.

Gəlib gördü ölümcüldür Qaraşı,
Ölüm quşu başı üstə dolaşır,
Bacardasa güc, gələcək, yaraşıq,
Yoxsa onu buraxmazdı Hind şahı.

Düşündü ki, ona verim ağını,
Dedi, çəkim ürəyinin yağını.
Başqa sayaq qurum dərin quyunu,
Yoxsa onu buraxmazdı Hind şahı.

Dedi, nə ki sağalmayıb bu hələ,
Qoy gətirim o birini mən ələ,
O subaydır, ipə-sapa tez gələr,
Yoxsa onu buraxmazdı Hind şahı.


– Mən Mənişəm, igid Bacar, sev məni,
Tanrıların ilkin andı sevgidir.
Məni sevsən çox işləri bilərsən,
Tanrıların ilkin andı sevgidir.

Məni sevsən sən şahlığa çatarsan.
Öz soyunun işığına batarsan.
Hindeli də Mindiyara qatarsan,
Tanrıların ilkin andı sevgidir.

Mən biləni Qaraş daha sağalmaz,
Sevgi üstdə qurulan ev dağılmaz,
Sənin kimi oğul bir də doğulmaz,
Tanrıların ilkin andı sevgidir.

Məni sevsən, elim-soyum sayılar,
Nə söz olar, nə də Qaraş ayılar.
O da gedər, sonevinə qoyular.
Tanrıların ilkin andı sevgidir.


– Məniş, məndə sevgi nədir, olmayıb,
Mənim sevgim bir tanrıda girovdur.
Bu yaşımda sevməmişəm bir qızı,
Mənim sevgim bir tanrıda girovdur.

Sən gözəlsən, Qaraş sənin vurğunun,
Sən turacsan, Qaraş sənin quzğunun,
Sevin, sevgi üstə qurun qurğunu.
Mənim sevgim bir tanrıda girovdur.

– Sən igidsən, uca, hündür, yenilməz,
Sevgi igid oğullara yaraşır.
Tanrıları qoy qırağa, məni sev,
Sevgi igid oğullara yaraşır.

Məni sevsən tez çatarsan tanrıya,
Sevgi bütün ağrılara yarıyar,
Yeddi arxan qalar, birgə qarıyar.
Sevgi igid oğullara yaraşır.


Gecə Qaraş bir də, bir də bayıldı,
– Məniş- deyib, o, Mənişi səslədi.
– Mən burdayam, yanındayam, sevgilim,
Məniş-deyib, o, Mənişi səslədi.

– Mən özümü, gülüm, sənə yetirdim,
Bacar üçün ağı-ölüm gətirdim,
Heç bilmirəm necə ona yedirdim,
Məniş-deyib, o, Mənişi səslədi.

– Yaxşı budur ver ağını mənə sən,
Qayıt geri, uzaq düşmə elindən.
Son günədək sevəcəyəm səni mən,
Məniş-deyib, o, Mənişi səslədi.

– Gərək Bacar içə ilan ödünü,
Gərək görə sevgisini qadının,
Mən minərəm onun İtiatını,
Məniş-deyib, o, Mənişi səslədi.


Onlar gəlib Əkbitənə çatanda,
Yollar, yallar, dağlar bütün qar idi.
Qaraş hələ durmamışdı ayağa,
Yollar, yallar, dağlar bütün qar idi.

Başev çıxdı gələnlərin önünə,
Al geyimlər geydi hamı əyninə,
Hamı gəldi sevinc, bayram gününə,
Yollar, yallar, dağlar bütün qar idi.

Hamı görmək istəyirdi Qaraşı,
Həm də onu Məniş ilə yanaşı,
Bacar böyük Turər şahın qardaşı,
Yollar, yallar, dağlar bütün qar idi.

Bacar hündür, qaya köküs, yenilməz,
Üstüağla bir almadır, bölünməz,
Oxşarlıqda bir ayrılıq bilinməz.
Yollar, yallar, dağlar bütün qar idi.


Bircə Qarbaş sevinmədi bu işdən,
Çox da çəkməz, yalan bir gün bəllənər.
"Qaraş ölüb” deyə yalan demişdi,
Çox da çəkməz, yalan bir gün bəllənər.

Nə deyəydi şaha indi o yazıq,
Nə ağırdır bunca üzü qaralıq.
Getdi daha o inamcıl ucalıq,
Çox da çəkməz, yalan bir gün bəllənər.

Üstüağın baxışları acıqlı,
Onun sözü, tərpənişi qılıqlı,
Qaraş gəlib üzü, beli sarıqlı.
Çox da çəkməz, yalan bir gün bəllənər.

"-Tanrı, məni öz adıma bağışla,
Şahım, məni dindir, danla, qarğışla.
Məni yeyir, üzür qanlı baxışlar.
Çox da çəkməz, yalan bir gün bəllənər.


Sevinc içrə çağlayırdı Mindiyar,
Bal kimidir ağırlıqda bol sevinc.
Sevindilər, sarmaşdılar, daşdılar.
Bal kimidir ağırlıqda bol sevinc.

Qaraş tutqun danışırdı, utancaq,
Oddan keçmə anlarını anaraq,
Qıvrılırdı acığından yanaraq,
Bal kimidir ağırlıqda bol sevinc.

Dadlı-duzlu yapma-pişmə yeməklər,
Bal kimiydi boya-boya çörəklər,
Axınırdı sevinc dolu bəbəklər,
Bal kimidir ağırlıqda bol sevinc.

Danışırdı Bacar Gücər, Düzərdən,
Üstüağa göz qoyurdu o hərdən,
Söz açırdı Qobuçöldən, Çineldən,
Bal kimidir ağırlıqda bol sevinc.


Üzüm suyu paylayırdı Məniş də,
Axınırdı, uğunurdu içənlər.
Göz dikmişdi Bacar gözəl Mənişə,
Axınırdı, uğunurdu içənlər.

Üstüağ şah vurulmuşdu Bacara,
Belə yaşda saqqal qara, bığ qara.
Turər hara, Bacar hara, o hara,
Axınırdı, uğunurdu içənlər.

Qarbaş, Qaraş, Məniş-üçü bir idi,
Ayazımış üzlər bəyaz qar idi.
Dillərinin ucunda söz var idi.
Axınırdı, uğunurdu içənlər.

Başev qızıl işıqlara batmışdı,
İşıq gedib tanrılara çatmışdı.
Yeyə-yeyə çoxu düşüb yatmışdı.
Axınırdı, uğunurdu içənlər.


Obaşdandır, bir səs düşdü ellərə,
Toydan sonra heç nə qalmır yerində.
Bayram, sevinc, toy, çalhaçal bitmişdi,
Toydan sonra heç nə qalmır yerində.

Qaraş, Qarbaş, Məniş qaçıb getmişdi,
İtiatı minib yollar ötmüşdü,
Gecə özu qaranlıqda itmişdi,
Toydan sonra heç nə qalmır yerində.

Bacarınsa baxışları axırdı,
Yeriyəndə yıxılırdı, qalxırdı.
İlan ödü onu içdən yaxırdı,
Toydan sonra heç nə qalmır yerində.

Lələyini bağlamışdı alnına,
Yollanırdı İtiatın yanına,
Ancaq ağı yerimişdi qanına,
Toydan sonra heç nə qalmır yerində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love