Alanər söylənci
Ox dalınca Alan getdi Batıya,
Dörd bölgəyə bölünübdür yaranış.
Tanrı bölüb, günəş bölüb, bilinmir,
Dörd bölgəyə bölünübdür yaranış.
Soyuq, isti, quru nəmiş üz-üzə,
İki yanı gedib çıxır dənizə,
Bir yanda da dağlar verib diz-dizə,
Dört bölgəyə bölünübdür yaranış.
Getdi, beş yol düşdü qatı dumana,
Yenə getdi, çıxdı düzə, arana,
Çıxdı dikə o boylandı dört-yana,
Dörd bölgəyə bölünübdür yaranış.
Beş gün getdi, Balasqelə çatdı o,
Yenə getdi, bataqlığa batdı o,
Ayı günə, günü aya qatdı o,
Dörd bölgəyə bölünübdür yaranış.
Bir meşənin qırağında bir qarı,
Oturmuşdu dindirirdi otları,
Saçı kilkə, üzü-gözü sap-sarı,
Dörd bölgəyə bölünbdür yaranış.
Alan dedi ona: – Ay qız, günaydın,
Qarı dedi: – Yerindədir bu sayqın,
Ərsən, düşüb mənə qonaq olaydın,
Dörd bölgəyə bölünübdür yaranış.
Evim də var,yerim də var,düş atdan,
Gəl yanıma, otur, dincəl, diz qatda,
Neçə söylənc deyim sənə elatdan,
Dörd böldəyə bölünübdür yaranış.
Alan düşdü, gəldi lap, lap yaxına,
Əl çəkərkən saqqalına, bığına,
Batdı qıçı bir dayaz su arxına,
Dörd bölgəyə bölünübdür yaranış.
Qarı güldü, dedi: – Kimsən, nəçisən,
Alan dedi: – Ovsunçusan deyəsən,
– Yox,kimsəsiz bir qarıyam,qızam mən,
Dörd bölgəyə bölünübdür yaranış.
– Ana,bacım,qarı nədir,qız nədir,
Sənin adın deyən qarı nənədir,
Deyən dilin öz içini göynədir,
Dörd bölgəyə bölünübdür yaranış.
Alan dedi: – Mən uzaqdan gələnəm,
Söylənc kimi maraqlıdır uzaqlar.
Mən Tunqərin,Mindiyarın oğluyam,
Söylənc kimi maraqlıdır uzaqlar.
Qarı dedi: – Məni dinlə, ay oğlan,
Mən qarıyam lap anadan olandan,
Məni belə yaradıbdır yaradan,
Söylənc kimi maraqlıdır uzaqlar.
Eşitmişəm Mindiyarı, Tunqəri,
Oyanlardır döyüş, vuruş yerləri,
Bəs sən niyə bir sümüksən, bir dəri,
Söylənc kimi maraqlıdır uzaqlar.
– Neçə aydır yol gəlirəm durmadan,
Yavaş-yavaş öz atımı yormadan,
Ondan,bundan yeri,yurdu sormadan,
Söylənc kimi maraqlıdır uzaqlar.
– Mən görürəm,ərsən,solğun yanaqlı,
Hündür boysan yaraşıqlı, maraqlı,
Göz çəkənsən, iri, köklü, budaqlı,
Söylənc kimi maraqlıdır uzaqlar.
Qaralıbdır gözəl bığın, saqqalın,
Saçın gurdur, qap-qaradır, qap-qalın,
Qal mənimlə sənə gözəl qız alım,
Söylənc kimi maraqlıdır uzaqlar.
– Qız almağa gəlməmişəm buraya,
Gəlmişəm ki, işə, gücə yarayam,
Döyüş, vuruş olsa durum sıraya,
Söylənc kimi maraqlıdır uzaqlar.
– Döyüş, vuruş ərənisən, görürəm,
Qal mənimlə sənə yer, yurd verərəm,
Mən də sənlə döyüşlərə girərəm,
Söylənc kimi maraqlıdır uzaqlar,
Alan güldü, qarı durdu ayağa,
O əl atdı Alandakı yarağa,
Gözlər yandı, döndü isti ocağa,
Söylənc kimi maraqlıdır uzaqlar.
Dedi: – Mən də vuruşqanam, ərənəm,
Sənin kimi gələcəyi görənəm,
Mənim deyil bu görünüş, bu görkəm,
Söylənc kimi maraqlıdır yaranış.
Düşüncəyə daldı Alan dinmədi,
Oğul varki, ovsunlayır ovsunu.
Yarağını aldı onun əlindən,
Oğul var ki, ovsunlayır ovsunu.
– Vuruşqansan,ancaq qarı olmusan.
Niyə belə yumaqlanıb qalmısan,
Niyə belə yazıq görkəm almısan,
Bu meşədə gizli yer-yurd salmısan.
Oğul var ki, ovsunlayır ovsunu.
– Gedək, sənə danışaram çoxunu,
Nə bilibsən, oğul, ürkü-qorxunu,
Yeyib qorxu ürəyimin yağını,
Oğul var ki, ovsunlayır ovsunu.
Çox getdilər, atı çəkib dartdılar,
Gəlib kiçik daşağıza çatdılar,
Bir az yenə əyləşdilər, otdular,
Oğul var ki, ovsunlayır ovsunu.
Bir sürü qurd lapdan çıxdı qabağa,
Sağ əlini Alan atdı yarağa,
Qarı qaçdı girdi bir daş bucağa,
Oğul var ki, ovsunlayır ovsunu.
Alan birdən yarağını tolladı,
Oturaraq qurdlar kimi uladı,
Sonra alıb sol əlini yaladı,
Oğul var ki, ovsunlayır ovsunu.
Sonra dedi bərkdən,“Bozqurd”,”Əyri diş”
Baş qurd yerə çökdü sürü gəlməmiş,
Yaraqlının kim olduğun bilməmiş,
Oğul var ki, ovsunlayır ovsunu.
Ağzı açıq qaldı Alan özü də,
Doğmalaşdı sanki qurdlar gözündə,
Qurdlar çökdü onun iki sözündən,
Oğul var ki, ovsunlayır ovsunu.
Qarı dedi: – Oğul, bu lap ovsundur,
Ovsunlamaq olar lap ac qurdu da.
Yoxsa bizi dağıtmışdı bu qurdlar,
Ovsunlamaq olar lap ac qurdu da.
– Qurdlar ovsun-zada bağlı deyillər,
Uluların adlarını bilirlər,
Desən, qurdlar sənə yaxın gələrlər,
Ovsunlamaq olar lap ac qurdu da.
Ağqurd Alpan, Tuncər, Bacar, Üstüağ,
Qurdlar ilə birgə, yaxın olaraq,
Qancıllara qarşı birgə duraraq,
Vuruşublar iyidsayaq, qurdsayaq,
Ovsunlamaq olar lap ac qurdu da.
Qurdlar geri çəkildilər, ötdülər,
Geri-geri sürünərək getdilər,
Meşəlikdə onlar gözdən itdilər,
Ovsunlamaq olar lap ac qurdu da.
Qarı evə qonaq etdi Alanı,
Bir ev idi üstü xolla qapalı,
Lığ qamışla örtülmüşdü hər yanı,
Ovsunlamaq olar lap ac qurdu da.
Çölü yoxsul, evin içi bər-bəzək,
Çox çiçəkdən hörülübdür çox çələng,
Qablar var ki, çox bahalı, bər-bəzək,
Bu meşədə bu gizli ev nə demək,
Ovsunlamaq olar lap ac qurdu da.
Tağlar, damlar yontalanmış dirəkdən,
Hörgülər var qu tükündən, lələkdən,
Dil yorular gözəl-gözəl deməkdən,
Ovsunlamaq olar lap ac qurdu da.
Qarı dedi: – Bəyəndinsə, qalarsan,
İstəyincə öz qonağım olarsan,
Lap bəyənsən qızımı da alarsan,
Ovsunlamaq olar lap ac qurdu da.
Bir qız gəldi, döndü evə, döngədən,
Taysız idi gözəllikdə, gövdədə,
Sanki gülən çiçək idi ertədən,
Su istədi o qız qarı nənədən,
Ovsunlamaq olar lap ac qurdu da.
Çiçəklərin gülüşündən o üstün,
Onu güldən ayırmaq da çox çətin,
Evə işıq səpələyir büs-bütün,
Ovsunlamaq olar lap ac qurdu da.
Bəyənmədi Alan qızı, deyəsən,
Çox öyəndə gözdən düşür gözəl də.
Ana çox-çox öydü gözəl qızını,
Çox öyəndə gözdən düşür gözəl də.
Biri gödək, biri hündür, biri kök,
Biri yoğun, o birisi sür-sümük,
Biri incə, biri kötük, tör-tökük,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarı dedi: – Ərim olub yüzbaşı,
Mamırlanıb onun çoxdan başdaşı,
O yazığı öldürübdür minbaşı,
Çox öyəndə gözdən düşür gözəl də.
Onda mənə vurulmuşdu o qancıl,
Sevməyi də bacarmırdı yalançı,
Məni tez-tez izləyirdi ardıcıl,
Çox öyəndə gözdən düşür gözəl də.
Qaçdım gəldim buralara mən ondan,
Məni gəzir, yenə güdür o qaban,
O əl çəkmir mənim gözəl qızımdan,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarılaşıb yayınmışam gözündən,
Bunca mənim zəhləm gedir özümdən,
Zəhləm gedir onun qaban üzündən,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarısayaq geyinirəm acıqdan,
Mən qızımı qoruyuram yoluqdan,
Yazıq qızım, utanıram yazıqdan,
Çox öyəndə gözdən düşür gözəl də.
Bax, beləcə qızıl odda yanıram,
Mən səni də görüb, duyub, qanıram,
Səni, Alan igid oğlum sanıram,
Çox öyəndə gözdən düşür gözəl də.
Oğlum, sənə tapşırıram qızımı,
Gəlib-gəlib sona çatıb dözümüm,
Dedim bunca sənə sözün düzünü,
Çox öyəndə gözdən düşür gözəl də.
Çox düşündü Alan, gecə yatmadı,
Deyilənlər heç başına batmadı,
Yazıq qancıl kimdir, ona çatmadı,
Çox öyəndə gözdən düşür gözəl də.
Hamı sevə bilməz parlaq gözəli,
Öz yönü var sevilənin, sevənin.
Nəyin yoxsa, sən də onu sevirsən,
Öz yönü var sevilənin, sevənin.
Gödək hündür, hündür gödək sevəndir,
Qara ağı, ağ qaranı sevəndir,
Gursaç seyrək saçlıları sevəndir,
Öz yönü var sevilənin, sevənin.
Susqun, azca deyingəni bəyənir,
Gözü xırda gözü iri bəyənir,
Sısqa güclü, güclü sısqa bəyənir,
Öz yönü var sevilənin, sevənin.
Qurulubdu öncə belə dolanış,
Bəyənmişdir bu dirriyi yaranış,
Bir-birini dəyişməkdə yaz,yay,qış,
Öz yönü var sevilənin, sevənin.
Üstəlik də irişmələr, qılıqlar,
Ərköyünlər, bir də könlü sınıqlar,
Utancaqlar, utanmayan sırtıqlar,
Öz yönü var sevilənin, sevənin.
Öz yer-yurdu, öz vamı var hərənin,
Tanı sevgi görməyəni, görəni,
Gözdən qaçan, bir də gözə girəni,
Öz içində uluyanı, hürəni,
Öz yönü var sevilənin, sevənin.
Oğul, qızım dayanıbdır böyründə,
Aydır sanki, durub günəş yerində,
O da sanki sevir səni ürəkdən,
Öz yönü var sevilənin, sevənin.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-alaner-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Turq qocaldı, çatdı neçə yüz yaşa,Ər qocalsa öz yerinə ər qoyar.
Turqa tanrı öyüdü söylənciYer üzünə bir də Zərdüşt gələcək,O, tanrının oğlu, tanrı yoludur.
Daryaş Balaşq söylənciParsel birdən qalxdı, durdu ayağa,Yerinc yıxır, şah devirir el gücü.
Ata öyüdü söylənciBalaşq, Daryaş dayandılar üz-üzə,Üz-üzəlik gücləndirir başçını.
Poems by other poets
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Ləkəsiz günəşÜzeyir Hacıbəyovun xatirəsinə*Günəşin Vətəni Yer kürəsidir,