Daryaş Balaşq söylənci
Parsel birdən qalxdı, durdu ayağa,
Yerinc yıxır, şah devirir el gücü.
Daryaş, Kumar sıralardan qovuldu,
Yerinc yıxır, şah devirir el gücü.
Vergi, bir də ölkələnmək istəyi,
Yoxsa boldur əti, suyu, çörəyi,
Kimdir bu yol tərpənişin dirəyi,
Yerinc yıxır, şah devirir el gücü.
At səyirtdi üç gün Tunqər durmadan,
Balaşq burdan, Eldəbir də o yandan,
Çəkil çiskin, çəkil bulud, sıx duman,
Yerinc yıxır, şah devirir el gücü.
Beş yüz atlı gecə çatdı Parselə,
Çuqçular da qayıtmışdı bir belə,
Qız toplumu yayılmışdı hər yerə,
Yerinc yıxır, şah devirir el gücü.
Yerincevi çevirdilər dustağa,
Çuqçubaşı əl atmadan yarağa,
Yerincevdən durdu getdi qırağa,
Yerinc yıxır, şah devirir el gücü.
Darvidel də qoşulmuşdu Parselə,
Vergi sözü bir də düşdü hər dilə,
Boz başraqdır döngələrdə yüksələn,
Yerinc yıxır, şah devirir el gücü.
Ağüzərin gəlib çatır çaparı,
Deyir,Tunqər, atan səni axtarır,
Deyir, ad qoy ora Parsel diyarı,
Yerinc yıxır, şah devirir el gücü.
Deyir, özü durub gəlsin bu yana,
Hayan yeydir qoy getsinlər o yana,
Görək gedir Parseldiyar hayana,
Yerinc yıxır, şah devirir el gücü.
Hamı susur, baxır Tunqa dolayı,
Tunqər isə yeni bir yol arayır,
O çağırır yaraqlanan alayı,
Yerinc yıxır, şah devirir el gücü.
Tunqər deyir: – Hamı evə çəkilsin,
“Ək” çağıdır, arpa, buğda əkilsin,
Parsdiyarda yeni evlər tikilsin,
Yerinc yıxır, şah devirir el gücü.
Mən Balaşqam, Balasqeldən gəlmişəm
Çevik olur ordan, burdan gələnlər.
Mən Parseli dönmə, qancıl sayıram,
Çevik olur ordan, burdan gələnlər.
– Mən Daryaşam, ölməmişəm acından,
Beş yol ölüb dirilmişəm azından,
Doğulmuşam Parseldiyar qızından,
Çevik olur ordan, burdan gələnlər.
– Mən Balaşqam, Tunqam, Turqun oğluyam,
Minel Turan, Mındiyara bağlıyam,
Pars önündə çətin çökəm, laxlayam,
Çevik olur ordan, burdan gələnlər.
– Mən Daryaşam, el demişəm çöllərə,
Basılmışam Turqa azı dörd kərə,
Elim ilə dilim düşüb dillərə,
Çevik olur ordan, burdan gələnlər.
– Mən Balaşqam, beş yüz atlım, yaraqlım,
Tur gözəli, qızı qaymaq dodaqlım,
Çinar boylu ərəm, kövrək budaqlı,
Çevik olur ordan, burdan gələnlər.
– Mən Daryaşam, qovulmuşam Hindeldən,
Yer-yurd saldım, doğmalaşdım Mineldə,
Mən qorxuram ancaq Darvidellidən,
Çevik olur ordan, burdan gələnlər.
Mən Balaşqam, Turqsoy adı almışam,
Gəlib burda mən də yuva salmışam,
Vuruşqanlar içrə ərən olmuşam,
Çevik olur ordan, burdan gələnlər.
Mən Daryaşam, Hindel soyam, sınığam,
Öz yerimdən, öz yurdumdan atığam,
Öz-özümdən, Mindiyardan yanığam,
Çevik olur ordan, burdan gələnlər.
Mən Turqsoyam, mən Tursoyam yenilməz,
Özgə eldən gələn burda sevilməz,
Yurd atana burda kişi deyilməz
Çevik olur ordan, burdan gələnlər.
– Mən Parssoyam, burda uğur tapmışam,
İlk yurdumdan qovulmuşam, sapmışam,
Bu yerləri Mindiyardan qapmışam,
Çevik olur ordan, burdan gələnlər.
Üzləşmələr, deyinmələr, küsüllər,
Deyinəndə güləşçilər üzülər.
Balaşq, Daryaş özlərini öyürdü.
Deyinəndə güləşçilər üzülər.
Güləşçilər ağızlaşıb durdular.
Deyinərək özlərini yordular,
Olan qalan bağları da qırdılar,
Deyinəndə güləşçilər üzülər.
Tunqər dedi: – İndi durun, güləşin,
Bu yer-yurdun torpağına bələşin,
Basıq olsaz, basar olsaz birləşin,
Deyinəndə güləşçilər üzülər.
Balaşq, Daryaş iki qaplan,iki kəl,
Qurşaqlaşıb güləşdilər əlbəəl,
Dildən düşdü çox acılıq, çox əngəl,
Deyinəndə güləşçilər üzülər.
Qollardakı tunc dartımlar çəkildi.
Yerin bağrı, yurdun döşü söküldü,
Köküslərdən tər su kimi töküldü,
Deyinəndə güləşçilər üzülər.
Qıçdan tutma, boyun burma, bel sıxma,
Süpürləşmə, qarmalaşma, qol yığma,
Dizə çöküb eşələnmə, karıxma,
Deyinəndə güləşçilər üzülər.
Ay güləşçi, qıçdan-mıçdan tutdu yox,
Başdan tutdu, baş, qulağı dartdı yox,
“Dincəl” deyib ağzı üstə yatdı yox,
Acıqlanıb birdən əl-qol atdı yox.
Deyinəndə güləşçilər üzülər.
Sıyrılmışdı budlar, dizlər, dirsəklər,
Cırmaqlanmış üzlər, döşlər, göbəklər,
Od alırdı, qor tökürdü bəbəklər,
Deyinəndə güləşçilər üzülər.
Açılmışdı, tökülmüşdü qurşaqlar,
Qurumuşdu susuzluqdan dodaqlar,
Titrəyirdi yorğunluqdan ayaqlar,
Deyinəndə güləşçilər üzülər.
Güləşirdi Parsel ilə Mindiyar,
Güləşdilər, tutaşdılar o ki var,
Nə o basıq oldu, nə də bu basar,
Deyinəndə güləşçilər üzülər.
Dağılışıb hamı getdi evinə,
Bicləmədir güc sınamaq, baş qatmaq.
Tunqər bunu öyrənmişdi, bilirdi,
Bicləmədir güc sınamaq, baş qatmaq.
Daryaş dedi: – Bunu belə qoymaram,
Mən güləşə, yağlı dilə uymaram,
Qan tökərəm, qan içərəm doymaram,
Bicləmədir güc sınamaq, baş qatmaq.
On min ildir at oynadır Mindiyar,
Bax, mənim də belə oynaq suçum var,
Qoy dəyişsin olacaqlar, olanlar,
Bicləmədir güc sınamaq, baş qatmaq.
Üstün olmaq istəyənə güc gərək,
Dağıtmağa, uçurmağa öc gərək,
Heçdən basar olmaq üçün bic gərək,
Bicləmədir güc sınamaq, baş qatmaq.
– Parsellilər, çox getməyin uzağa,
Hər gün üç yol siz toplaşın ocağa,
Yiyələnin bicləməyə, yarağa,
Bicləmədir güc sınamaq, baş qatmaq.
Bundan sonra hamı məni eşitsin,
Ürəyində buzlaq varsa əritsin,
Acığını vuruşmada öyütsün
Bicləmədir güc sınamaq, baş qatmaq.
Ağüz bizə diyar adı veribdir,
O anlaqlı gələcəyi görübdür,
O qocalıb öz kefini sürübdür,
Bicləmədir güc sınamaq, baş qatmaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-daryas-balasq-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Görüş nədir, görüşdən də uludurAyrılığın yollarını keçənlər.
Qaçqın söylənciSoraqçılar soraq verdi: QovurlarDəclə, Fərat qırağından elləri.
Əkbitən söylənciTanrı bura işıq tökdü, var, gəlir,Çox gözləri qamaşdırdı Əkbitən.
İnam söylənci̇Soraqlaşdı Balasq, Misir, Çin, Asur,Turər şahın torpaqları genişdir.