Görüş nədir, görüşdən də uludur
Ayrılığın yollarını keçənlər.
Çatışa*dək diri olur, sonra yox,
Ayrılığın yollarını keçənlər.

Bizə dözüm gücü verən çatışdı,
Çatış istək alovuna yağışdı,
Gedib böyük görüşlərə qatışdı
Ayrılığın yollarını keçənlər.

Dözümüylə göydən ulduz qapandır,
Buludları yallayaraq çapandı,
Görüşlərdə öz yerini tapandır,
Ayrılığın yollarını keçənlər.


Bir elata yetişdilər, günorta,
İki gölün arasında evləri.
Adamları tez-tov, iti, tezgörən,
İki gölün arasında evləri.

Turu görüb yığılışıb gəldilər,
Çörək qoyub tək-təkinə böldülər,
Ağrı-acı söylədilər, bildilər,
İki gölün arasında evləri.

Başçıları evdən çıxdı bilincə,
Bir qız idi, ağız incə, bel incə,
Tur baş əydi o qız yaxın gəlincə
İki gölün arasında evləri.


– Ay qonaqlar öz yurdunuz bilibsiz
Gəlin, gəlin, göz üstündə yeriniz.
Baş əyirik açıq üzlə gələnə,
Gəlin, gəlin, göz üstündə yeriniz.

Bizim elat oba-ocaq tikəndi,
Arpa, noxud, mərci, taxıl əkəndi,
Basqınlardan başı ağrı çəkəndi,
Gəlin, gəlin, göz üstündə yeriniz.

Deyim sizə sözümüzü bu başdan,
Bərkimişik qancıllarla dalaşda,
İtirmişik çox adamı savaşda,
Gəlin, gəlin göz üstündə yeriniz.


– Bu yerlərin qız başçısı var olsun,
Kimdir sizi yurdunuzdan dəbərdən.
Nə çox yer var, yaşıllıq var, meşə var,
Kimdir sizi yurdunuzdan dəbərdən.

– Dünən gəlib, dillərini bilmirik,
Onlar hərdən dağla-daşla vuruşur.
Deyirlər ki, gərək hər gün qan tökək,
Onlar hərdən dağla-daşla vuruşur.

– Hayandadır o acıqan dəlilər,
Gəlib bizlə vuruşsalar yaxşıdır.
Dağla-daşla vuruşları gülüncdür,
Gəlib bizlə vuruşsalar yaxşıdır.


Dağ döşündə acıqanlar göründü,
Ordan yürüş, burdan duruş başladı.
Əllərində topbuz, bizuc, daşatan,
Ordan yürüş, burdan duruş başladı.

Üstlərinə yürükləndi ilk bölük,
Qaşlar çatıq, başlar yastı, burun dik,
Hər topbuzda yoğrulurdu ət-sümük,
Ordan yürüş, burdan duruş başladı.

Acıqanlar dağı-daşı gəmirdi,
Çaylar kimi dalğalandı, köpürdü,
Tur vurduqca onlar on-on gəbərdi,
Ordan yürüş, burdan duruş başladı.


Qanlı döyüş axşam üstü tükəndi,
Ölən, qaçan ələ düşən çox idi.
Acıqanlar çəkildilər dağlara,
Ölən, qaçan, ələ düşən çox idi.

Qoşar Turu qorumuşdu arxadan,
Dörd bir yandan qalxan qanlı dalğadan,
Daş topbuzdan, oxdan, bizuc, baltadan,
Ölən, qaçan, ələdüşən çox idi.

El başçısı Ağ yaralı belindən,
Vuruş sözü düşməyirdi dilindən,
Acıqlılar, acıqanlar elindən
Ölən, qaçan ələ düşən çox idi.


– Ay döyüşdə ələ düşən döyüşçü,
Niyə belə qanlısınız, acıqlı?
Dağla-daşla vuruşaraq öyünən,
Niyə belə qanlısınız, acıqlı.

– Biz hər yerdən qovulmuşuq, qaçmışıq,
Bizə orda daşqıranlar deyirlər.
Biz deyüşsüz, döyüşçüsüz heç nəyik,
Bizə orda daşqıranlar deyirlər.

– A daşqıran, qoy yaranı bağlayım,
Çox dərindir, yara səni öldürər.
Sizə qarşı biz acıqlı deyilik,
Çox dərindir, yara səni öldürür.

– Mən bilirəm siz ək-biçi sevirsiz,
Bizdə yer yox əkib-biçib, becərək.
Qovulmuşuq, dağa-daşa düşmüşük,
Bizdə yer yox əkib-biçib, becərək.

– Nə çox yer var bizim bu yer üzündə,
Gəlin sizə əkmək üçün yer verək,
Dinc oturun, dinc yaşayın burada,
Gəlin sizə əkmək üçün yer verək.

– Birləşdirir bizi yalnız acıqan,
Olmayanda, özümüzü qırırıq.
Biz yalandan daş-qayayla vuruşur,
Olmayanda, özümüzü qırırıq.

Bu sözləri söyləyincə üzülüb,
Bir ah çəkdi o yaralı keçindi.
Tur çağırdı, silkələdi, qaldırdı,
Bir ah çəkdi o yaralı keçindi.


Daşqıranlar əl çəkmədi, qan içdi,
Gecə yarı yürüş çəkib gələndə.
Tur yoldaydı, yaxalandı arxadan,
Gecə yarı yürüş çəkib gələndə.

Başçı qızı yatağında tutdular,
Var-yoxunu öz dalına çatdılar,
Körpələri boğub çaya atdılar,
Gecə yarı yürüş çəkib gələndə.

Biri dedi: – Öldür, boğaz üz indi,
Yiyələndik bu yerlərə biz indi,
Bu yurd-yuva innən belə bizimdi,
Gecə yarı yürüş çəkib gələndə.


Daşqıranlar səhər yurda doluşdu,
Gölməçələr laxta-laxta qan oldu.
Yeyib, içib, qırıb çatdı hər şeyi.
Gölməçələr laxta-laxta qan oldu.

Turu, Ağı hellətdilər yamaca,
İkisini bağladılar ağaca,
Nə su, çörək, nə də yardım bir azca,
Gölməçələr laxta-laxta qan oldu.

Turu, Ağı, səhər, axşam döydülər,
Özlərinin dillərində söydülər,
Bu qan-qada tuthatutu öydülər,
Gölməçələr laxta-laxta qan oldu.


Tur güc verdi, dağı-daşı titrətdi,
Daşqıranlar bir də yürüş etdilər.
O tərpətdi bağlandığı ağacı,
Daşqıranlar bir də yürüş etdilər.

Tur çıxartdı o ağacı təkindən,
Vurdu yıxdı acıqanı kökündən,
Dağ döşündə, bir yamacın dikində
Daşqıranlar bir də yürüş etdilər.

– Ay minelli, daşqıranı öldürün,
Öz gücüzü, öz soyuzu bildirin,
Siz çarpışın acıqanla dipdiri,
Daşqıranlar bir də yürüş etdilər.


Vurub yıxdı daşqıranı sırayla
Tur dalına şəlitlənmiş ağacla.
Topbuzçunu, oxatanı aşırdı,
Tur dalına şəlitlənmiş ağacla.

Turun səsi minelliyə hay oldu,
Acıqanlar axan selə pay oldu,
Ağırlıqda dağa-daşa tay oldu
Tur dalına şəlitlənmiş ağacla.

Bütün günü vuruş getdi çökəkdə,
Qan töküldü dağda, düzdə, ətəkdə,
Daşqıranı qovdu evdən-eşikdən,
Turdalına şəlitlənmiş ağacla.


– Ay minelin iyidləri, tərpənin,
Acıqanlar ətə, qana susayıb.
Birini də sağ qoymayın döyüşdə,
Acıqanlar ətə, qana susayıb.

Yer uludur, su uludur, yurd ulu,
Minellilər yumruq dolu, göz dolu,
Qoyma qaçsın, bir də gəlsin, kəs yolu,
Acıqanlar ətə, qana susayıb.

Yer-göy Tanrı, yurd-ev, elat Tanrıdır,
Daşqıranla minellilər ayrıdır,
Onlar əli, onlar üzüqanlıdır,
Acıqanlar ətə, qana susayıb.


Gəlib açdı Qoşar Ağı ağacdan,
Onun köksü, bir də qolu yaraydı.
O, yaralı qaplan kimi vuruşdu,
Onun köksü, bir də qolu yaraydı.

Tura yardım kəsilmişdi Qoşar, Ağ,
Köklü ağac ən qorxulu bir yaraq,
Ağın oxu şütüyürdü çox uzaq,
Onun köksü, bir də qolu yaraydı.

Acıqandan qoruyurdu Turəri,
O düz atır, tutağını düz vurur,
Topbuz ilə yeri göyə sovurur,
Onun köksü, bir də qolu yaraydı.


– Bizə verin, minellilər, bu yeri,
Siztək olaq, biz də min il yaşayaq,
Sizin yeri biz ki yiyən deyilik,
Siztək olaq, biz də min il yaşayaq.

– Çox yaşamaq sevinc deyil, ad deyil,
Çox yaşayan ürək gərək düz olsun.
Yerin, yurdun günün, suyun gücü az,
Çox yaşayan ürək gərək düz olsun.

Minellini min il düzlük yaşadır,
Sən də düz ol min illəri başa vur,
Yaşamaqla düzlük cütdür, qoşadır,
Çox yaşayan ürək gərək düz olsun.


Yer çevrəsi, dolan-dolan tanrılaş,
Bizi görən ulu Tanrı var olsun.
Hər bir yerdə onun yeri, izi var,
Bizi görən ulu Tanrı var olsun.

Dolan, dolan, apar bizi uğura,
Bulud-bulud Tanrı uğur yoğurar,
Göy günəşdən ay ulduzdan doğular,
Bizi görən ulu Tanrı var olsun.

Baxışları yanır odda, ocaqda,
Tərpənişi göldə, çayda, bulaqda,
Düzü görür yurdda, çöldə, bucaqda,
Bizi görən ulu Tanrı var olsun.


Yatdı gecə Tur qan-tərin içində,
Ağ Göyərçin gəlib onu səslədi.
Tur azmışdı yuxularda büsbütün,
Ağ Göyərçin gəlib onu səslədi.

Qızağ döndü öz evinə o gecə,
O diksindi Turun adı gəlincə,
Ürəyində sevgi incə, söz incə
Ağ Göyərçin gəlib onu səslədi.

İki ürək, iki gəncin istəyi,
Yaxın idi ikisinin diləyi,
Biri önər, biri dağlar çiçəyi,
Ağ Göyərçin gəlib onu səslədi.


Tanrı bizə sevgi verir, sevirik,
Bu Tanrının sevgisidir, ya bizim.
Bağlanırıq sözə, üzə, görüşə,
Bu Tanrının sevgisidir, ya bizim.

Suyun, yelin, sözün səsi incəlir,
Dəli baxır, bir baxışla dincəlir.
Uzaq, yaxın, kimsəsizi, kimsəli
Bu Tanrının sevgisidir, ya bizim.

Tanrı bunu çox görməsin bizlərə
Onun ilə işıq gəlir üzlərə,
Çəkim qonur yapışıqlı sözlərə,
Bu Tanrının sevgisidir, ya bizim.


Daşqıranlar qayıdırlar bir daha,
"Ya ölməli, ya bu yeri almalı".
Yenə dinir şaqqıldayan topbuzlar,
Ya ölməli, ya bu yeri almalı.

Minellilər bu döyüşdə çaşırlar,
Acıqanlar aşırımı aşırlar,
Kükrəyərək köpürürlər daşırlar,
Ya ölməli, ya bu yeri almalı.

Tur onların başçısıyla vuruşur,
Bir də onun ad-soyunu soruşur,
Adım Daşqır, özüm-deyir-dağ quşu,
Ya ölməli, ya bu yeri almalı.


Əl saxlayıb hamı baxır onlara,
Ölən ölsün, qalan kimdir, yer onun.
Tur daşqırı süpürləyir, qaldırır,
Ölən ölsün, qalan kimdir, yer onun.

Tur çəm vurur Daşqır yerə sərilir,
Yerdə boyun damarları gərilir,
Bu sözləri deyib yenə dirilir,
Ölən ölsün, qalan kimdir, yer onun.

Tur Daşqırın iki bükür boyunu,
Hamı deyir öldür, öldür Tur, onu,
Tur öldürmür soraq alır soyunu,
Ölən ölsün qalan kimdir, yer onun.


– Ay dəlilər, bir də bura gəlməyin,
Nə qədər ki, minelli var bu yerdə.
Siz əzilib dağılarsız bu sayaq,
Nə qədər ki, minelli var bu yerdə.

Bu yerlərə qonaq kimi gəliniz,
Bu acığı ürəyizdən siliniz,
Bu yerləri tutmaq olmaz, biliniz,
Nə qədər ki, minelli var bu yerdə.

Mən bu yerin ərəniyəm adım, Tur,
Qızağ mənim sevgim, soyum, odumdur,
Onun yurdu mənim ana yurdumdur,
Nə qədər ki, minelli var bu yerdə.


Döyüş bitir Qızağ durur utancaq,
Hamı gəlir ərən Tura baş əyir.
Bulud enir qan izini silməyə,
Hamı gəlir ərən Tura baş əyir.

İki başçı, iki sevər üz-üzə,
Haray düşür, səs yayılır göy, düzə,
"Qoy kürəkən olsun böyük Tur bizə"
Hamı gəlir ərən Tura baş əyir.

Qoşar alır dınqırını dindirir,
Qan-qadanın alovunu söndürür,
Döyüşləri toy-düyünə döndərir,
Hamı gəlir böyük Tura baş əyir.


– Ay minelli, dirielli iyidlər,
Acıqanlar bura bir də gələcək,
Ayıq olun, əlbir olun, ər olun,
Acıqanlar bura bir də gələcək.

Sısqa olur acıqanı olmayan,
Ona qarşı gücə, öcə dolmayan,
Vurub, yıxıb yarağını almayan,
Acıqanlar bura bir də gələcək.

Biz Minelli minillərin sayıyıq,
Dədələrin yer üzündə payıyıq,
Qardaşlığın, toplaşlığın tayıyıq,
Acıqanlar bura bir də gələcək.


– Çatsın sənə, səsim, sözüm, qanadım,
Dirrik quşu qon çiynimə, yalaşaq.
Sənsən mənə uğur verən, güc verən,
Dirrik quşu qon çiynimə, yalaşaq.

Mən səndəyəm, sən məndəsən, varcığım,
Bu görkördə dağarcığım, darcığım,
Varlığıma od dolduran odçuğum,
Dirrik quşu qon çiynimə, yalaşaq.

Min il birgə yer üzundə yaşarıq,
Mahnı, söylənc, qoşma, yallı qoşarıq,
Dağlar diklər, yallar, yollar aşarıq,
Dirrik quşu qon çiynimə, yalaşaq.


– Nə gözəldir başçım Turun Qızağı,
Oğlu olsun əl barmaqlar sayında.
Yeri-yurdu güdən oğul gərəkdir,
Oğlu olsun əl barmaqlar sayında,
Qızı olsun gül yarpaqlar sayında.

Gözəl Qızağ bu ellərin varıdır,
O ər ilə, qangül ilə yarıdır,
Qızı ərlər, oğlu verən Tanrıdır,
Oğlu olsun əl barmaqlar sayında,
Qızı olsun gül yarpaqlar sayında.

Qızağ ərən, Qızağ sarı çiçəkdir,
O döyüşdə döyüşçüyə dirəkdir,
Qaharılmaz bir qoldur, o, biləkdir,
Oğlu olsun əl barmaqlar sayında,
Qızı olsun gül yarpaqlar sayında.


– Nə deyirsən, yollum Qoşar,
Qızağ baldır, dil göynədir.
Gözəllikdə tayı hanı,
Qızağ baldır, dil göynədir.

İncəlikdə yuxam olsun,
Doğsun, neçə çağam olsun,
Döyüşlərdə arxam olsun,
Qızağ baldır, dil göynədir.

Yollar bizi yol elədi,
Ocaq çatdı kül elədi,
Mənim sevgim gül elədi,
Qızağ baldır, dil göynədir.


Görgör iki boyadandır,
Bir üzü ağ, biri qara.
Ölüm, olum, sevinclə yas,
Bir üzü ağ, biri qara.

Biri sağdır, biri soldur,
Sevinci az, yası boldur,
İkiyanlı uzun yoldur,
Bir üzü ağ, biri qara.

Uzaq dayan qarasından,
Ağrısından, yarasından,
Qal ikisi arasında,
Bir üzü ağ, biri qara.


Soraq verdi gözətçilər,
Neçə qaçqın dolub elə.
Pal-paltarı cırıq-cırıq,
Neçə qaçqın dolub elə.

Sürülərək soyulmuşlar;
Tapdalanıb döyülmüşlər,
Alçalaraq əyilmişlər,
Neçə qaçqın dolub elə.

Tur baxırdı yazıq-yazıq
Əli sınıq, qıçı sınıq,
Geyim didik, paltar cırıq,
Neçə qaçqın dolub elə.


– Ay başçılar, başbilənlər,
Köləlikdən biz qaçmışıq,
Ay Minelli, Dirielli,
Köləlikdən biz qaçmışıq.

Nə qamçılar, nə acılar,
Nə yaralar, nə sancılar,
Basıb kəsir o qancıllar,
Göləlikdən biz qaçmışıq.

Üzüb keçdik doqquz çayı,
Yollardayıq neçə ayı,
Qapınızdan qaytarmayın,
Köləlikdən biz qaçmışıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets