Soraqçılar soraq verdi: Qovurlar
Dəclə, Fərat qırağından elləri.
Kölə kimi yabançıya satırlar
Dəclə, Fərat qırağında elləri.

Başçıların qılıncı var əlində,
Qırır, çatır kim üz-üzə gələndə,
İki yerə parçalayır belindən
Dəclə, Fərat qırağında elləri.

Minellilər bu soraqdan odlanır,
Turla birgə yaraqlanır, atlanır,
Görən kimdir o acıqan yad sanır
Dəclə, Fərat qırağında elləri.


Gəlir qonur yəhər üstə yavaşca
Səhər tezdən deyir Tura Göyərçin:
Birdillidir sizlə onlar,-söyləyir,
Səhər tezdən deyir Tura Göyərçin.

Yardım elə, onlar yardım diləyir,
Qoy qırılsın köləliyin biləyi,
Gedin orda qanla qanı bələyin,
Səhər tezdən Tura deyir Göyərçin.

İti qılınc qız-gəlini doğrayır,
Qılınc yeri qan fışqırır, ağrıyır,
Haray səsi ürəkləri dağlayır,
Səhər tezdən Tura deyir Göyərçin.


Qızağ Turu yola salıb qayıtdı,
Yolda qaçqın, yolda köçkün, didərgin.
Onlar keçdi Suböləni, Duzgölü,
Yolda qaçqın, yolda köçkün, didərgin.

Qoşuldular Tura yüz-yüz, getdilər,
Gəldikləri yolu bir də ötdülər,
Yol göstərdi naxırçılar, kəndlilər,
Yolda qaçqın, yolda köçkün, didərgin.

Qayıdanlar yurd-yuvadan qovulub,
Ev-eşiyi yanıb göyə sovrulub,
Ölüm-itim, qan-qadadan yorulub,
Yolda qaçqın, yolda köçkün, didərgin.


Çayı keçib meşəlikdə durdular,
Tur minelli toplumuna söylədi:
Hamı yaraq tapmalıdır özünə,
Tur minelli toplumuna söylədi.

Gecə, güdün, səpələnin hər yana,
Qoymayın ki acıqanı oyana,
Yarağını alın, qatın al qana.
Tur minelli toplumuna söylədi.

İnnən belə istəyimiz yaraqdır,
Yaraqlımız ayıq quşdan oyaqdır,
Bizə düzlük, bir də Tanrı dayaqdır,
Tur minelli toplumuna söylədi.


Yaraqlılar yavaş-yavaş çoxaldı,
Soraq tutdu el-obalar bu işdən.
Çaylar, göllər, körfəz suyu boyunca
Soraq tutdu el-obalar bu işdən.

Gözəllərin ağlar qalıb gözləri,
Satırdılar hər gələnə qızları,
Acıqana beşi, onu yüzləri,
Soraq tutdu el-obalar bu işdən.

Tur toplumu yürüş edir körfəzə.
Kölələri acıqandan aldılar,
Körfəz boyu haray-həşir saldılar,
Soraq tutdu el-obalar bu işdən.


– Vurun, alın, qız-qadını götürün,
Tanrılıqdır qız-qadına əl tutmaq,
Bizim qızıl damarımız söyləyir,
Tanrılıqdır qız-qadına əl tutmaq.

Ay minelli, Dirielli. Birelli,
Tut oğrunun boğazından beş əlli,
Damarına güc yığ yüz il, min illik,
Tanrılıqdır qız-qadına əl tutmaq.

Acıqanı vurun, yerə yatırın,
Yaraqları, pal-paltarı götürün,
Nə götürsəz qaçqınlara yetirin,
Tanrılıqdır qız-gəlinə əl tutmaq.


Tur toplumu ara-sıra bərkiyib,
Qılınc vurmaq, qalxan tutmaq öyrənir.
Balta, bizuc, ox atmağın öz yeri,
Qılınc vurmaq, qalxan tutmaq öyrənir.

Acıqanın toplumu çox, gücü çox,
Köləliyin körfəz boyu köçü çox,
Minellinin istəyi çox, suçu çox,
Qılınc vurmaq, qalxan tutmaq öyrənir.

– Tur gəlməyib güzgü suya baxmağa,
Yaşıl-yaşıl hündürlüyə qalxmağa,
"Tez-tez ova, ovçuluğa çıxmağa,
Qılınc vurmaq, qalxan tutmaq öyrənir.


Balasqelə çatar-çatmaz, dedilər,
Tur toplumu yürüş edir körfəzə.
Dillisindən, ellisindən güc yığıb
Tur toplumu yürüş edir körfəzə.

Yayılıblar Qobuyerdən Qobuya.
Çevriliblər elə yurda, obaya,
Su yolunu üzümüzə qapayan
Tur toplumu gəmilərə doldular.

Qoşularsa bu topluma el bir az,
Bu önərə üstün gələn güc olmaz,
Sonra Turun dik burunu ovulmaz
Tur toplumu yürüş edir körfəzə.


Bu il yaman isti düşdü körfəzə,
Balasqlılar yayındılar döyüşdən.
Çiy yumurta qumda bişdi istidən,
Balasqlılar yayındılar döyüşdən.

Acıqanı qorxu alıb yahaltdı,
Döyüşlərdən qaçanını çoxaltdı,
Tur öc deyən harayını ucaltdı,
Balasqlılar yayındılar döyüşdən.

Tur onların kəsdi sudan yönünü,
Qoymadılar suya basa gönünü,
Döndərdilər qum çölünə yönünü,
Balasqlılar yayındılar döyüşdən.


Çıxan çıxdı, qalan batdı qumlara,
Tanrı bizə çox görməsin bunları.
Minelliydi acıqana güc gələn
Tanrı bizə çox görməsin bunları.

Qum dənizi sonev oldu onlara,
Son qoyuldu axıdılan qanlara,
Bu vuruşlar çatdı sona, sonlara
Tanrı bizə çox görməsin bunları.

Gecə düşdü qoyun-quzu bəyirdi
Quş dalğalar, oynaq sular səyirdi,
Pambıq bulud yağdı yağış əyirdi,
Tanrı bizə çox görməsin bunları.


Qoşar qapdı dınqırını, çalhaçal,
Ortalıqda ağlayan kim, gülən kim.
Sarmaşıqlı tapmacalar oxudu,
Ortalıqda ağlayan kim, gülən kim.

– Ay dilibir, könlü yuxa ellərim,
Qoşar açsın bu düyünlü sözləri.
Dınqırıyla gəlib çıxsın ortaya,
Qoşar açsın bu düyünlü sözləri.

– O nədir ki, göydən enər, fışıldar,
O nədir ki buna bənzər qıjıldar,
İkisinə bənzərlisi işıldar,
Qoşar açsın bu düyünlü sözləri.

– Ay dilibir, qılınc tutan iyidlər,
O qılıncdır enən çağı, fışıldar,
O birisi Dəclə, Fərat çayıdır
Axar-axar enişlərdə qıjıldar.
İkisinə oxşayanı günəşdir,
Qılınc kimi, çaylar kimi işıldar.

– O nədir ki, gözü, başı üzü yox,
Doğduqları köçər gedər ölümlə.
Doğub artıb yaşadıqca o ölmür,
Doğduqları köçüb gedər ölümlə.

– O yer üstə səpələnmiş elimdir,
Doğub, artar- yaşadıqca o ölməz,
Doğduqları ölər onun yolunda
Doğub artar yaşadıqca o ölməz.

– O nədir ki, başçılardan qabaqdır,
Ağzı gülər, gözü qaynar bulaqdır,
El-obanı sel aparsa od yaxsa
Ağzı gülər, gözü qaynar bulaqdır.

– O uşaqdır, başçılardan qabaqdır,
O ötkəmdir buyuruqdan uzaqdır,
Ana südü qayğısıyla yaşayır,
Ağzı gülər, gözü qaynar bulaqdır.


Səhər ellər al Günəşi hayladı,
Od qalayıb at kəsdilər Günəşə.
O qovmuşdu acıqanı bu yerdən,
Od qalayıb at kəsdilər Günəşə.

Səhər hamı başıaçıq, yarımlüt
Dodaqlarda həm yalvarış, həm öyüd,
"Ulu Günəş Yer üzünə sən böyük"
Od qalayıb at kəsdilər Günəşə.

Günəş qalxdı alovlandı, od oldu,
Günəşləndi hamı onla cüt oldu,
Yerdə varlıq ağac, çörək, ot oldu,
Od qalayıb at kəsdilər Günəşə.

Hamı çökdü yalvarışla diz üstə,
İsti quma baş söykədi üz üstə,
"Böyük Tanrı nə buyursan, göz üstə"
Od qalayıb at kəsdilər Günəşə.


Gah dənizdən, gah da dağdan çıxırsan,
Günəş, bizim bu ellərə hayan ol.
Biz səninik, biz səndəyik, sən olduq,
Günəş, bizim bu ellərə hayan ol.

Sən veribsən bu varlığı bizlərə,
Gözəlliyi bitərliyi düzlərə,
Yer seçməyi, düz görməyi gözlərə,
Günəş, bizim bu ellərə hayan ol.

İstin, boyan, işıqlığın qanımda,
Odlu qaynar baxışların alnımda
Biz köləyik harda olsaq, yanında,
Günəş, bizim bu ellərə hayan ol.


– Min il əvvəl Günəş qonub dənizə,
Qoşa dəniz coşub, qalxıb qaynayıb.
Buzlaqlarda buz əriyib su olub
Qoşa dəniz coşub, qalxıb, qaynayıb.

Deyirlər ki, Tanrı gəlib bu yerə,
Tanrı çimir on min ildən bir kərə,
İşıqlanıb Dəclə, Fərat, Mərmərə,
Qoşa dəniz coşub, qalxıb, qaynayıb.

Bir yol bizə gizli qonaq gəlib o,
Soyumuzu, günümüzü bilib o,
Yeri, suyu aramızda bölüb o,
Qoşa dəniz coşub, qalxıb, qaynayıb.


Qoşar, yatırt dınqırına sözləri,
Söz incisi gəlib bizə Tanrıdan.
İşıqlandır Tanrı kimi üzləri,
Söz incisi gəlib bizə Tanrıdan.

Oyanışa, inanışa yatan o,
Ürəklərə, beyinlərə batan o,
Tanrıların qapısına çatan o,
Söz incisi gəlib bizə Tanrıdan.

Söz yiyəsi Tanrılara yaxındır,
Söz çörəyim, suyum, ətim, yağımdır,
Bu gün coşub söz söyləmək çağımdır,
Söz incisi gəlib bizə Tanrıdan.


– Bir gözəli köləliyə qatdılar,
Qadan alım, məni apar, onu yox.
O bu elin güzgüsüdür, gözüdür
Qadan alım, məni apar, onu yox.

O kölədir, mən də onun köləsi,
Hanı eldə gözəllikdə beləsi,
Getsə bir də görən haçan gələsi,
Qadan alım, məni apar, onu yox.

O gözəldir, incə boyu-buxunu,
Alıb mənim dincliyimi, yuxumu,
Ala, verim bütün varım-yoxumu,
Qadan alım, məni apar, onu yox.


Qoşar ötür, dınqır-dınqır, çalhaçal
Tur oturub düşünürdü bayaqdan.
Ortalıqda ağlayan kim, gülən kimi,
Tur oturub düşünürdü bayaqdan.

"Gərək toplum yürüşlərə tuş olsun,
Acıqanı didib sökən diş olsun
El saxlayan, el qoruyan baş olsun,
Tur oturub düşünürdü bayaqdan.

Buzlaqlardan bura kimi yol on ay,
Orda qışdır bütün ili, burda yay,
Yığacağam bu ellərdən yüz alay,
Tur oturub düşünürdü bayaqdan".


Bu el işlək, ürəyidüz, inanan,
Buna başçı, başbilənlər gərəkdir.
Bunlar ilə yer üzünü tutarsan,
Buna başçı, başbilənlər gərəkdir.

Gərək gedib hündür yerdə oturaq,
Alay-alay döyüşçünü artıraq,
Kükrəmələr dalğasını yatıraq,
Buna başçı, başbilənlər gərəkdir.

Gərək böyük, kiçik yeri saxlana,
Elin başı bir başçıya bağlana,
Hamı ağır yürüşlərdə yoxlana,
Buna başçı, başbilənlər gərəkdir.


Toplum bizi köləlikdən qurtarar,
Qurtarmasa ellər mənə nə deyər.
Yüz minləri öz dalımca aparram,
Aparmasam ellər mənə nə deyər.

Yoxsa bizə son qoyacaq köləlik,
Yurd olmasa biz qırılıb ölərik,
Mən başbilən olmalıyam hələlik,
Olammasam ellər mənə nə deyər.

Tanrı məni sınağa çək, düz elə,
Əlimi od, ürəyimi buz elə,
Qanlını bir, yollumuzu yüz elə
Eləməsəm ellər mənə nə deyər.

Bir səs gəldi, Tur o səsi eşitdi,
Oxuyurdu yaxınlıqda Göyərçin.
"Tanrı sənə öz yolunu göstərib",
Oxuyurdu yaxınlıqda Göyərçin.

Get Əkbitən olan döşdə Başev sal,
Əkənlərdən, biçənlərdən vergi al,
Bu elləri yaşat, işlət, yüz ucalt,
Oxuyurdu yaxınlıqda Göyərçin.

Sən düz olsan yer üzünü tutarsan,
Çox yurdları öz yurduna qatarsan,
Yalnız onda istəyinə çatarsan,
Oxuyurdu yaxınlıqda Göyərçin.


Uca dağın ətəkləri sıldırım,
Sıldırımlar, sürüşmələr qorxulu,
Dörd bir yanı dərin-dərin uçurum,
Sıldırımlar, sürüşmələr qorxulu.

Acıqanlar bura gəlib çıxammaz,
Eli boğub, yurd-yuvanı yıxammaz,
Ona durub yuxarıdan baxammaz,
Sıldırımlar, sürüşmələr qorxulu.

Uçurumlar ağ buludla doludur,
Lüt qayalar Günəş kimi uludur,
Şiş zirvələr ulduzların yoludur,
Sıldırımlar, sürüşmələr qorxulu.


Ellər Turu başa düşüb duydular,
Onlar döyüş ərəninə baş əydi.
Daş kəsdilər, uca evlər saldılar
Onlar döyüş ərəninə baş əydi.

Dörd bir yanda sıx-sıx taxıl əkdilər,
Bura qaynar bulaqları çəkdilər,
Neçə-neçə su saxlancı tikdilər,
Onlar döyüş ərəninə baş əydi.

Əkbitənin adı düşdü dillərə,
Gedib çatdı uzaq-uzaq ellərə,
Kətmən səsi düşdü yaşıl çöllərə
Onlar döyüş ərəninə baş əydi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland