– Böyük Xaqan, indi mənə yol göstər,
Hayan olsun gərək vurğun vurğuna.
O, qartaldır, mən yanında göyərçin,
Hayan olsun gərək vurğun vurğuna.

O, Tuncayın Yanqusunu sevirmiş,
Böyük hay-küy qoparacaq bu kal iş.
Əlverişli bir alverdir bu görüş,
Hayan olsun gərək vurğun vurğuna.

Xaqan dedi: – Gör Yanqunu, söz oynat,
Bu kəlləri vuruşdurub iş qaynat,
Bu sevgini Uğurelə sən anlat,
Hayan olsun gərək vurğun vurğuna.

Buralısan, oralısan, bilmirəm,
Çağırıram, gözəl, səni əlbirə,
Sevgi deyib dart sən Turqu hər yerə,
Hayan olsun gərək vurğun vurğuna.

Qoy söyləyim, bunu da bil, a Dinti,
On il qabaq mən Yanqunu sevirdim,
Gülüm, səni bəyənmişəm mən indi,
Hayan olsun gərək vurğun vurğuna.


Dinti dedi: – Eləyərəm, baş üstə,
Dil «hə» deyir, ürək isə başqa söz.
Turq igiddir, onun içi durudur,
Dil «hə» deyir, ürək isə başqa söz.

Dedi: «Mən ki, oxşayıram Yanquya,
Gərək onu sevənlərə od qoyam,
Gərək girəm bir dolambac qurğuya,
Dil «hə» deyir, ürək isə başqa söz.

Gərək elə bir od-alov qalayım,
Yanquları bu yanğına tullayım,
Yanqulaşıb olum igid Tuncayın
Dil «hə» deyir, ürək isə başqa söz.

Onda Xaqan, Tuncay, Turqtay mənimdir,
Üçü birgə mənim şahlıq günümdür,
İki ölkə, ay qız, Dinti, sənindir,
Dil «hə» deyir, ürək isə başqa söz.

Ancaq Turqa vurulmuşam deyəsən,
Sevgi göydəngəlmədirsə, öc nədən?
Tanrım, söylə, hansı işi görüm mən,»
Dil «hə» deyir, ürək isə başqa söz.


Turq qayıtdı Əkbitənə bir aya,
Çoxu dönür, öz yurdunu bəyənmir.
Satallarda al ipəklər sayrışır,
Çoxu dönür, öz yurdunu bəyənmir.

Turq gülürdü, danışırdı bayağı,
Al ipəklər bürümüşdü Duzdağı,
Unutmuşdu qılınc, bizuc, yarağı,
Çoxu dönür, öz yurdunu bəyənmir.
Unutmuşdu yer-yurdunu, kəndini,
Tuş qoymuşdu Yanqu ilə Dintini,
Yaşayırdı keçmişilə indini,
Çoxu dönür, öz yurdunu bəyənmir.

Sevgi ölür, o yenidən dirilir,
Bu sevgidən ürək yay tək gərilir,
Hər yan sənə sevgi sayaq görünür,
Çoxu dönür, öz yurdunu bəyənmir.

Turqu sevgi bir də çəkdi sınağa,
Yenə qoydu işi-gücü qırağa,
Yenə çıxdı at qovmağa, ovlağa,
Çoxu dönür, öz yurdunu bəyənmir.


Uğureldə Dinti tapdı Yanqunu,
İki gözəl bir ölkəyə sığışmaz.
Dedi: – Turqun sevgilisi Dintiyəm,
İki gözəl bir ölkəyə sığışmaz.

:
Dedi -Onla görüşürsən, olmaya,
Yanaqların dönüb qızıl almaya,
Döş mayadır, üz mayadır, əl maya,
İki gözəl bir ölkəyə sığışmaz.

Bunu bilsə Tuncay səni öldürər,
Elə etmə bunu ona bildirəm,
Sözümə bax, dönüm yumuq gildirə,
İki gözəl bir ölkəyə sığışmaz.

Yanqu düşdü əl-ayağa, tutuldu,
Göz qaraldı, qılınc qaşlar çatıldı,
O, Dintinin üzərinə atıldı,
İki gözəl bir ölkəyə sığışmaz.

Dedi: – Qadan ürəyimə, danışma,
Bu, yalandır, bunu məndən soruşma,
Nə istəsən verrəm, işə qarışma,
İki gözəl bir ölkəyə sığışmaz.


– Qadan alım, yalan evlər uçurur,
Yalan güclü toplumları dağıdır.
Qız, yazığın gəlsin mənim balama,
Yalan güclü toplumları dağıdır.

Tək Tuncaydır mənim ürək yoldaşım,
Turqtay isə onun ürək qardaşı,
Aralıqda salma qanlı savaşı,
Yalan güclü toplumları dağıdır.

Al, bu, sırğam, boyunbağım, qolbağım,
Bil, pis yola getməmişdir ayağım,
Qoy and içim, çatım sınaq ocağı,
Yalan güclü toplumları dağıdır.

Dinti dedi: – Onda tonqal qalayaq,
Səni, Yanqu, son sınağa yollayaq,
Yalan varsa od içində yoxlayaq,
Yalan güclü toplumları dağıdır.

Yanqu dedi: – Düzəm, oddan keçərəm,
Alovlardan qızıl bir don biçərəm,
Düzlüyümlə alovları içərəm,
Yalan güclü toplumları dağıdır.


– Yalan deyib onda mənə Turq özü,
Qoy son sözü desin sınaq tonqalı,
Yanqu dedi: – Ancaq Tuncay bilməsin,
Qoy son sözü desin sınaq tonqalı.

Çöldə tonqal qaladılar ikisi,
Tonqaldan da üstün Yanqu sevgisi,
Bu tonqalın böyük oldu görgüsü,
Qoy son sözü desin sınaq tonqalı.

Yanqu üç qat geyimini soyundu,
Oda girdi, pis gözlərdən yayındı,
Elə bil ki, alovlarda yuyundu,
Qoy son sözü desin sınaq tonqalı.
Dinti güldü, dedi yalan deyirdim,
Yanqu birdən acığından bəyirdi,
Yandı orda, o, ikiqat əyildi,
Qoy son sözü desin sınaq tonqalı.

Sonra yandı, yenə yandı, kül oldu,
Tonqal özü utanaraq lil oldu,
Tonqal söndü, bir ötəri yel oldu,
Qoy son sözü desin sınaq tonqalı.


Dinti geydi donlarını Yanqunun,
Qorxuludur seçilməyən oxşayış.
Döndü evə, Alçiçəyin yanına,
Qorxuludur seçilməyən oxşayış.

Qız dedi ki: – Ana, harda qalmısan,
Hara gedib belə gözəl olmusan,
Ancaq üzdən bir azcana solmusan,
Qorxuludur seçilməyən oxşayış.

Tuncay gəldi, inanmadı gözünə,
Gördü Yanqu sığal çəkib üzünə,
Yar-yaraşıq qatıb sanki özünə,
Qorxuludur seçilməyən oxşayış.

– Qadan alım, Yanqu, necə gözəlsən,
Nə olar ki, hər gün belə bəzənsən,
Çox sevilir qadın belə gözəlsə,
Qorxuludur seçilməyən oxşayış.

Dinti dedi: – İstəyənim var hələ,
Sənin kimi öyənlərim çox belə,
Ancaq gözəl demək olmaz hər gülə,
Qorxuludur seçilməyən oxşayış.


Tuncay dedi: – Dəyişilib səsin də,
Qadın ildə bir neçə yol dəyişir.
Baxışın da yatarlaşıb, güllənib,

Qadın ildə bir neçə yol dəyişir.
Tuncay onu qucaqladı, oxşadı,
Belindəki al ipəyi qurşadı,
«Bu, Yanqudur, yoxsa onun oxşarı»,
Qadın ildə bir neçə yol dəyişir.

– Mən Xaqanın istəyini sezirdim,
Sənə görə il-il buna dözürdüm,
Turq haçandan, ərim, məndən kəsirdi,
Qadın ildə bir neçə yol dəyişir.

Uğureldə Turqtay mənə vuruldu,
Çox gözlədi, gəldi, getdi, yoruldu,
Yol tapmadı, o, içindən qırıldı,
Qadın ildə bir neçə yol dəyişir.

Çox yerlərdə qaş-göz atıb Turq mənə,
Sənə görə mən dözmüşəm, mən yenə,
Daha artıq bağlanmışam, bil, sənə,
Qadın ildə bir neçə yol dəyişir.


– Mən onları görməzliyə vurmuşam,
Yanılana saymazlıqdır görməmək.
Sözatdılar, gözvurdular çox olub,
Yanılana saymazlıqdır görməmək.

Mən demişəm, ilkim, sonum Tuncaydır,
Turq əl çəkmir məndən ancaq üç aydır,
Buna görə indiyəcən subaydır,
Yanılana saymazlıqdır görməmək.

– Mən o Turqu oturdaram yerində,
Üz çevirər səndən səni görəndə,
Qoy utansın sevdiyinin ərindən,
Yanılana saymazlıqdır görməmək.

– Çox gözümü ağartmışam ona mən,
Çox pis sözlər eşitmişəm dilindən,
Gün olub ki, mən qaçmışam əlindən,
Yanılana saymazlıqdır görməmək.

– Bir yol göstər, mən inanım bunlara,
Yoxsa Yanqum, bunlar hara, Turq hara,
Görsəm, onla qardaşlığı ataram,
Yanılana saymazlıqdır görməmək.


Tuncay yedi öz-özünü içindən,
Gözdən düşər özgə yerə göz dikən.»
Bu qapalı sevgi daha nə demək,
Gözdən düşər özgə yerə göz dikən.

Bunca Turqun üzü vardır, içi yox,
Bu qardaşın adı vardır, vesi yox,
Bu doğmanın əli uzun, gücü yox,
Gözdən düşər özgə yerə göz dikən.

Sanki Yanqu üz tutubdur Turq yönə,
Göz pırtlayıb, döş qabarıb lap önə,
Öldürərəm hamısını bir günə,
Gözdən düşər özgə yerə göz dikən.

Görünür ki, dəyişkəndir qardaş da,
İşi qayım tutmalıyam bu başdan,
Mən onları güdməliyəm yavaşdan,
Gözdən düşər özgə yerə göz dikən.

Tanrı, yıxma mənim isti evimi,
Uzaq elə burdan sevgi devini,
Son ayaqda Tuncay sənə güvənir,
Gözdən düşər özgə yerə göz dikən.


Dinti gördü Tuncay onu güdmədə,
Sevgi oddur, içi, çölü yandırır.
Yazı yazdı, Turqu bura səslədi,
Sevgi oddur, içi, çölü yandırır.

Yazdı:«Dinti sənin üçün darıxır,
Sevgi onun ürəyini bərk sıxır,
Ayrılığın bir ölçüsü var axı,
Sevgi oddur, içi, çölü yandırır.
Dinti səni hər gün, hər an gözləyir,
O çırpınır quş tək, səni səsləyir,
Ürəyində böyük sevgi bəsləyir,
Sevgi oddur, içi, çölü yandırır.

Turq düşündü, bu da bir atmindidi,
Onu mənə unutduran Dintidir,
Bundan sonra yerim onun kəndidir,
Sevgi oddur, içi, çölü yandırır.

At səyirtdi Uğurelə doğru o,
Getdi birbaş Dintisinə sarı o,
Ürəyində daşıyırdı ağrı o,
Sevgi oddur, içi, çölü yandırır.


Dinti çıxdı qabağına yuxulu,
Olmaz bir də sevgilini dəyişmək.
Turq dedi ki: – Sənə qonaq gəlmişəm,
Olmaz bir də sevgilini dəyişmək.

Qız söylədi: – Mən Yanquyam, Dinti yox,
Sən sevirsən məni, buna örtü yox,
Turq söylədi: – İstəyirdim, indi yox,
Olmaz bir də sevgilini dəyişmək.

Dinti mənim, Tuncayındır Yanqu da,
Mənim üçün bir dinclikdir, bil, bu da,
Sevgi Tanrı işığıdır Qobuda,
Olmaz bir də sevgilini dəyişmək.

Tuncay güdüb eşidirdi onları,
Qabarmışdı alnındakı damarı,
Turqtay birdən acıqlanıb qabarır,
Olmaz bir də sevgilini dəyişmək.

– Məni bura kim çağırıb, Dinti qız,
Sən Yanqusan, bəs hardadır o qansız?!
O çağırıb məni bura, o, yalnız,
Olmaz bir də sevgilini dəyişmək.


– Bax, bunu da mənə Dinti yazıbdır,
Söz dəyişər, ancaq yazı pozulmaz.
Tuncay çıxdı, qapdı ondan yazını,
Söz dəyişər, ancaq yazı dəyişməz.

– Dinti kimdir?!-O, Yanquya çığırdı,
– Çıx get burdan! –O, bir daha bağırdı,
Üçündə də yazı ağrı doğrutdu,
Söz dəyişər, ancaq yazı dəyişməz.

– Dinti kimdir, nə istəyir o, səndən,
Ürək çəkir, öc doğurur o, məndə,
Yanqu başa düşmə Dinti deyəndə,
Söz dəyişər, ancaq yazı dəyişməz.

Turq utandı, qaşlarını çataraq,
Dinti onu aldatmışdı bu sayaq,
O gəlmişdi Uğurelə, çaparaq,
Söz dəyişər, ancaq yazı dəyişməz.

Turq utandı, dedi, yaman azmışam,
Bir yazıyla qızıxmışam, qızmışam,
Öz sevgimə sonda sonev qazmışam,
Söz dəyişər, ancaq yazı dəyişməz.


Onlar getdi, Turq alçaldı, utandı,
Ucaldacaq uca sevgi kişini.
Dinti alçaq iş görmüşdü yazıyla,
Ucaldacaq uca sevgi kişini.

At səyirtdi o, Çinçaya birbaşa,
Doğru olsun gərək qardaş qardaşa,
Dinti qızdır, o satılıb daş-qaşa,
Ucaldacaq uca sevgi kişini.

Kəsə yolla o, dağları aşırdı,
Gözlərindən acı, ağrı daşırdı,
Yolu üstə çaylar sanki şişirdi,
Ucaldacaq uca sevgi kişini.
Bir gün Tuncay dedi gözəl Dintiyə,
– Sənin dilin topuq vurur, qız, niyə?
Yanqu arvad deyilmisən sən bəyəm,
Ucaldacaq uca sevgi kişini.

Kürəyindən çapıq yeri silinib,
Alt dodağın iki yerə bölünüb,
Niyə belə titrədirsən dilini,
Ucaldacaq uca sevgi kişini.


Dinti dedi: – Mən də bunu duyuram,
Qız dəyişir, ana olur doğuşda.
Elə bil ki, mən o Yanqu deyiləm,
Qız dəyişir, ana olur doğuşda.

Qorxu məni əldən salıb, nə işdi,
Alçiçəyi doğdum, birdən dəyişdim,
Sanki sənlə mən yenidən sevişdim,
Qız dəyişir, ana olur doğuşda.

Sanki gedib göydən bir də gəlmişəm,
Sanki qızı mən doğaraq ölmüşəm,
Mən özümə səni Tanrı bilmişəm,
Qız dəyişir, ana olur doğuşda.

Tuncay dedi: – Doğuş Tanrı işidir,
Böyük Tanrı anaları eşidir,
Tanrı südlə dolu ana döşüdür,
Qız dəyişir, ana olur doğuşda.

Dinti bir az qaş-göz atıb əzildi,
Qorxu çəkdi, qız ürəyi üzüldü.
Bu qorxaqlıq üz-gözündən sezildi,
Qız dəyişir, ana olur doğuşda.


O düşündü, «Tuncay gərək yox ola,
Yer-yığışın, yerbəyerin çəmi var.
İşi bilsə vurub məni öldürər,
Yer-yığışın, yerbəyerin çəmi var.
Tuncay getsə Turqtay gələr görüşə,
Yanqu deyib o, mənimlə birləşər,
Onda Dinti Başevdə də yerləşər,
Yer-yığışın, yerbəyerin çəmi var.»

Tuncay dedi, «baxış, dodaq, dil özgə,
Niyə qorxur Alçiçəyi o görcək,
Ah, bunları öyrənəydim mən bircə,
Yer-yığışın, yerbəyerin çəmi var».

İnamsızlıq çoxalırdı günbəgün,
Çulğamışdı onu sorğu büsbütün,
Yumaqlanıb hey artırdı bu düyün,
Yer-yığışın, yerbəyerin çəmi var.

Tuncay bunca saralırdı get-gedə,
Göz qaralsa gözdə cığır, yol itər,
İnamsızı ancaq ölüm kiridər,
Yer-yığışın, yerbəyerin çəmi var.


Həm inanır, həm inanmır arvada,
Yaşa dolmur çox inamsız sevgilər.
İnamsızlıq sevgi ilə boğuşur,
Yaşa dolmur çox inamsız sevgilər.

«-Harda qaldı baldan dadlı öpüşün,
Soyuyubdur dilin, sözün, gülüşün,
Dəyişilib niyə yolun, yerişin,
Yaşa dolmur çox inamsız sevgilər.

Deyirsən ki, uşaq doğdum, soyudum,
O ilk sevgi, söylə, haçan qayıdır,
Sənsən mənim içim, çölüm, soy adım,
Yaşa dolmur çox inamsız sevgilər.

Sevdin, gəldin, gözəlləşdin bir az da,
Qar ələndi sevgimizə bu qızdan,
Dəyişilib günüm, ayım bu yazdan,
Yaşa dolmur çox inamsız sevgilər.

Sevgi gərək igidliyə tay ola,
Ölüməcən axar-baxar çay ola,
Sınıq sevgi özgəsinə pay olar,
Yaşa dolmur çox inamsız sevgilər.


Bir il keçdi, Tuncay öldü lapbadan,
Qoca düşər, gənc lapbadan keçinər,
Bu ölümə hamı göz-göz ağladı,
Qoca düşər, gənc lapbadan keçinər.

Hamı dedi bunun içi yanıbdır,
Ancaq çöldən üzü-gözü donubdur,
Ölüm bunun evi üstə qonubdur,
Qoca düşər, gənc lapbadan keçinər.

Bacar gəldi, Tuncər, Günay, Qarçiçək,
Haray çəkdi uzaqlardan Qızçiçək.
Çəkilmişdi üzərinə al örpək,
Qoca düşər, gənc lapbadan keçinər.

Hamı baxdı bir-birinə qapalı,
Yaşlı gözlər, yaş baxışlar yaralı,
Tuncay üçün ağlar üzlər saralıb,
Qoca düşər, gənc lapbadan keçinər,

Tanı gəldi, arxasınca min atlı,
Turq Quşatda uçub gəldi qanadlı,
Tanış-biliş, doğma, elli, elatlı,
Qoca düşər, gənc lapbadan keçinər.


Dinti qırx gün örpəyini açmadı,
Qara örpək qara günü göstərir.
Qaldı ancaq üz-gözünün bəzəyi,
Qara örpək qara günü göstərir.

Ağı deyib qız, qadınlar mələyir,
Tanrılardan tez-tez əltut diləyir,
«Aşa» deyib hamı üztut söyləyir,
Qara örpək qara günü göstərir.
Yaşdır Turqun seyrək bığı, saqqalı,
İri gözlər, sıx kirpiklər qapalı,
Ağlar gözlər, qıvrım saçlar qaralır,
Qara örpək qara günü göstərir.

Bu nə işdir gəldi elin başına,
Tuncay getdi, döndü Umay quşuna.
Çatdaq düşdü dağın soyuq daşına,
Qara örpək qara günü göstərir.

Bacar yoldu çal saçını, ağladı,
O, Mineli, Mindiyarı dağladı,
Alıb qara alınbağı bağladı,
Qara örpək qara günü göstərir.


Sərtüz gəldi, yalvarışlar ucaldı,
Gənc öləndə qoca torpaq gəncləşir.
O, Tuncaya göydən dinclik dilədi,
Gənc öləndə qoca torpaq gəncləşir.

Gətirdilər başı üstə atını,
Qonuratın neçə günlük otunu,
Gəlib durdu saçyolduya qadını,
Gənc öləndə qoca torpaq gəncləşir.

Sərtüz dindi, üztutdular səsləndi,
Elin, yurdun ocaq yeri gözləndi,
Dinti qorxdu ondan, evdə gizləndi,
Gənc öləndə qoca torpaq gəncləşir.

– Aşa, Hörmüz, al qoynuna oğulu,
Dilli, dilsiz ölmək üçün doğulur,
Özü ölüb, içuçarı yuxulu,
Gənc öləndə qoca torpaq gəncləşir.

– Aşa, Hörmüz, işıq elə Tuncayı,
Bu oğulun göydə, yerdə yox tayı,
Yaranışda beləsini çox yayın,
Gənc öləndə qoca torpaq gəncləşir.

**Ruh

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love