Köç söylənci
İki min-min köçkün gəldi Minelə,
Çatan dönüb daldakını çağırar.
Hexa, Məniş yox idilər bu köçdə,
Çatan dönüb daldakını çağırar.
Yer tutmuşdu burda Hindel köçkünü,
Ələnmişdi yaxşı, yaman, düşkünü,
Yaşamışdı qan-qadayla beş günü,
Çatan dönüb daldakını çağırar.
İki min-min artdı əski min-minə,
Yer, su işi yenə düşdü düyünə,
Yer tapmayan çırpım-çırpım deyinər,
Çatan dönüb daldakını çağırar.
Arielli yeniləşdi bir daha,
Getdi çatdı səs-sorağı gənc şaha,
Artdı yenə çox-çox qazma, çox kaha,
Çatan dönüb daldakını çağırar.
Tanı şahın səsləncləri gurladı,
Səslənc eli döyüşlərə səsləyər.
Turqız artıq bir anaydı, yerinc yox,
Səslənc eli döyüşlərə səsləyər.
Turqız dedi: – Mən gedərəm Turelə,
Yoxsa nə var orda uçub tökülər,
Hər min ildə köçkün olmaz bir belə,
Səslənc eli döyüşlərə səsləyər.
Tanı dedi: Sən anasan, get, otur,
Turqtaya bax, beşiyində bərk yatır,
Bu Tureldə qaçqın, köçkün çox artıb,
Səslənc eli döyüşlərə səsləyər.
Qaytararam mən onları Hindelə,
Bizdə boş yer, otlaq yoxdur bir belə,
Yoxsa Turel dönər daşqın bir selə,
Səslənc eli döyüşlərə səsləyər.
Turqız dedi: – Yer ver, əkib, biçsinlər,
Yox, gələni sən qaytarma qapından.
Gələnləri yönəlt işə, qulluğa,
Yox, gələni sən qaytarma qapından.
Toplum yarat, gətir, dursun qapında,
İş ver, tutsun beldən, balta sapından,
Çıxart üzə kimin nə var qabında,
Yox, gələni sən qaytarma qapından.
Tanı getdi, toplum onun dalınca,
Getdi, yollar onu dildən salınca,
Köçkün gəldi şahdan soraq alınca,
Yox, gələni sən qaytarma qapından.
Ağsaqqallar, ağbirçəklər bükülü,
Üst-başından cır-cındırı tökülür,
Üzlərdən qan, gözlərdən od çəkilib,
Yox, gələni sən qaytarma qapından.
– Sən qaytarma bizi burdan, Tanı şah,
Umacaqdır kimsəsizi yaşadan,
Bizi Hindel ölkəsindən qovublar,
Umacaqdır kimsəsizi yaşadan.
Dilimizi gülünc, alçaq tutdular,
Satqın deyib bizi çölə atdılar,
On minləri kölə edib satdılar,
Umacaqdır kimsəsizi yaşadan.
Uman yerdir bizə böyük Mindiyar,
Min il qabaq köçüb bura babalar,
Yuva salıb burda köçkün analar,
Umacaqdır kimsəsizi yaşadan.
Qapınızda atdan işlək qul olluq,
Çölünüzdə kətmən olluq, bel olluq,
Evinizdə yardım, əltut əl olluq,
Umacaqdır kimsəsizi yaşadan.
– İki min-min köçkün bura sığışmaz,
Yaşamağa bollu yer, su gərəkdir,
Özgə yerə köçüb getsin yarınız,
Yaşamağa bollu yer, su gərəkdir.
Gücsüz, əzgin, yorğun çıxsın ortaya,
Yerdə qalan üzü belə, batıya,
Yarı elə, yarı belə sarıya,
Yaşamağa bollu yer, su gərəkdir.
Köçkün köçü dalğalandı, selləndi,
Boz çatırlar, ağ çalmalar yelləndi,
Biri çıxıb daş üstünə, dilləndi:
– Yaşamağa bollu yer, su gərəkdir.
Batı yana gedən gəlsin dalımca,
Biz gedirik üz-gözümüz solunca,
Yer taparıq orda, yerli olunca,
Yaşamağa bollu yer, su gərəkdir.
– Uzaq-uzaq yerlər, bizə yer verin,
Yeri-yurdu tanıdan da adamdır.
Təkcə yer yox, könlünüzdə yer verin,
Yeri-yurdu tanıdan da adamdır.
Biz köçürük, siz qalınız, doğmalar,
Sizin olsun bu tüstülü daxmalar.
Bir də dadlı, duzlu yerli qoşmalar,
Yeri-yurdu tanıdan da adamdır.
Birdən, bir də görüşmərik, sağ qalın,
Qalın, böyük Tanı şaha əl olun,
Gedişi var, çatışı var hər yolun,
Yeri-yurdu tanıdan da adamdır.
Yer üzünün kimsəsizi bizlərik,
Gedib tanrı qapısında gözlərik,
Yararlarıq daşlıqları, düzləri,
Yeri-yurdu tanıdan da adamdır.
Budaqlanıb bir köç belə köçürdü,
Axıb, axıb su yerini tapacaq.
Yumaqlanıb bir köç yerdə oturub,
Axıb, axıb su yerini tapacaq.
Hürüşmələr arasında mələrti,
Anqırtılar arasında kişnərti,
Muşquruqlar arasında fınxırtı,
Axıb, axıb su yerini tapacaq.
Alıb gedir ürəkləri sancılar,
Yağışlanır kirpiklərdə damcılar,
İldırım tək göydə oynar qamçılar,
Axıb, axıb su yerini tapacaq.
Qalanlarsa ağlayırdı, gülürdü,
Acı-acı göz yaşını silirdi,
Nə olacaq, bunu hamı bilirdi,
Axıb, axıb su yerini tapacaq.
Beş gün gəzdi bu yerlərdə Tanı şah,
Quru torpaq çiçəklənir iş ilə.
Hamı ondan soruşurdu Turqızı,
Quru torpaq çiçəklənir iş ilə.
Yaşıl tarla, qalın meşə, axar su,
Dağ döşündən qopub gələn uçarsu,
Kənd arası kəhər kimi çapar su,
Quru torpaq çiçəklənir iş ilə.
Maha-Qızbal, Qaraş, Məniş yox idi,
Dalğa-dalğa taxıl, arpa sıx idi,
Hamı burda üzdən, gözdən tox idi,
Quru torpaq çiçəklənir iş ilə.
Turqız verdi bu bolluğu Turelə,
O, yaraşıq oldu kəndə, var çölə,
Düşdü adı bu yerlərdə hər dilə,
Quru torpaq çiçəklənir iş ilə.
Günlər keçdi, aylar döndü illərə,
Ayaq tutub il-il gedir dayanış,
Turel oldu Ariellə Darvidel,
Ayaq tutub il-il gedir dayanış.
Tanı, Turqız, Turqtay gün-gün yaşlanır,
Düşüncələr qanadlanır, quşlanır,
Tureldə də köçkün günü başlanır,
Ayaq tutub il-il gedir dayanış.
Yeni köçkün, əski köçkün birləşir,
Yeni, əski Turel içrə yerləşir,
Doğulanlar artır, artır, ərləşir,
Ayaq tutub il-il gedir dayanış.
Soruşan yox, sən hardansan, haralı,
Darvidelli, Arielli, aralı,
Acıq, ağrı dar gözlərdə qaralır,
Ayaq tutub il-il gedir dayanış.
Turqtay gəlib çatdı on beş yaşına,
Bacarığı ölç işlə sən, yaşla yox.
Bu yaşında çox acılar yaşadı,
Bacarığı ölç işlə sən, yaşla yox.
Qonaq getdi Manay yurda – Günaya,
Qardaş dedi qol-qanadlı Tuncaya,
O, alınmaz söykənc idi, sərt qaya,
Bacarığı ölç işlə sən, yaşla yox.
Seyrək idi qaşlarının çatması,
At çapmaqda, ox atmaqda atası,
Sağalmazdı qılıncının yarası,
Bacarığı ölç işlə sən, yaşla yox.
Dedilər ki, həm də qardaş olaq biz,
Mindiyara söykənc olaq ikimiz,
Qoy birləşsin bu dənizlə o dəniz,
Bacarığı ölç işlə sən, yaşla yox.
Turqtay dedi: – Mindiyarı bölməyək,
Güc itirir iki yerə bölünən.
Qurultayın buyuruğu düz deyil,
Güc itirir iki yerə bölünən.
Mən bilirəm, Bacar bir az qocalıb,
Tuncər gəlib Manayyurdda ucalıb,
Yaşlıların düşüncəsi daralıb,
Güc itirir iki yerə bölünən.
Tuncay dedi: – Qardaş olaq bu işdə,
Ölkəmizi biz qurtaraq enişdən,
Bunu deyək hər bir gizli görüşdə,
Güc itirir iki yerə bölünən.
Soyqan orda, Asurşah da burada,
Biz bir olsaq, əltut olar yaradan,
Qancılları çıxardarıq sıradan,
Güc itirir iki yerə bölünən.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-koc-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Yanqu durub xısın-xısın ağlayır,Göz yaşı var, el içində uludur.
Manyurd söylənciManaylaşıb Manyurd yeri yarandı,Ana hər gün, ata hərdən öyülür.
Karş söylənciÇox çəkmədi, qaçqın üzə dirəndi,Çox üz vermə çox-çox üzlü qaçqına.
Turq söylənciBığ, saqqalı qaralmışdı Turqtayın,Sevər ürək, uçar könül bu yaşda.
Poems by other poets
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi