İki qardaş söylənci
İki qardaş, iki oğul, iki qoç,
Hərə dibdaş olmalıdır ölkəyə,
Onlar gizli, orda-burda görüşdü,
Hərə dibdaş olmalıdır ölkəyə.
Tanı, Turqız, Tuncər soraq tutunca,
İki qardaş bu birliyə çatınca,
Gözlədilər düşüncələr qartınca,
Hərə dibdaş olmalıdır ölkəyə.
Soyqan bir də Uğurelə yürüdü,
İgidləri salıb atdan, sürüdü,
Turqtay, Tuncay onun üstə yeridi,
Hərə dibdaş olmalıdır ölkəyə.
Cumər, Günay, Ağqurd Alpan çaparaq,
Uçub gəldi döyüşlərə quş sayaq,
Tanı şaha sonra çatdı səs, soraq,
Hərə dibdaş olmalıdır ölkəyə.
Bacar kəsdi qabağını Soyqanın,
Hər döyüşdə öndə gedən vurulur.
Neçə oğul yara aldı Soyqandan,
Hər döyüşdə öndə gedən vurulur.
Soyqan dəmir dəbilqədə, geyimdə,
O qorxmayır heç bir qandan, ölümdən,
Çəkinməyir döyüşlərdə heç kimdən,
Hər döyüşdə öndə gedən vurulur.
Kəsir, tökür, vurur, yıxır, tapdayır,
Qılıncını ürəklərə saplayır,
Ölüm deyib qoluna güc toplayır,
Hər döyüşdə öndə gedən vurulur.
Sağı, solu biçir, gedir irəli,
Mindiyarın alayları seyrəlir,
Bacar baxır bu gedişə, kövrəlir,
Hər döyüşdə öndə gedən vurulur.
Qurd dərisi əynindəcə quruyub,
Ucalt, yey tut, nə qalıbsa atadan,
Ölümlərdən o qorudu Bacarı,
Ucalt, yey tut, nə qalıbsa atadan.
Dedi: – Soyqan, öncə mənlə vuruş sən,
Onda ölüm necə olur, bilərsən,
Bir qaçmışdın, bir də gəldin yenidən,
Ucalt, yey tut, nə qalıbsa atadan.
Mən görürəm, sənin gözün dombadır,
Yastı üzün çox soyuqdur, yapmadır,
Baxışların qorxuludur, daşmadır,
Ucalt, yey tut, nə qalıbsa atadan.
Biz vuruşaq, baxsın bizə toplumlar,
Görək kimin dözümü var, gücü var,
Öz yerini tapsın Çinel, Mindiyar,
Ucalt, yey tut, nə qalıbsa atadan.
Soyqan dedi: – İki olub Mindiyar,
İkiləşən ölkə çapır sonevə.
Biri Çinel, biri Asur şahındır,
İkiləşən ölkə çapır sonevə.
İkiləşən yurdun qartmış ərəni,
Qılıncımla doğrayaram mən səni.
Göndərərəm Tanı şaha gövdəni,
İkiləşən ölkə çapır sonevə.
Mən Soyqanam, böyük Çinel Soyqanı,
Gəbərdərəm sənin kimi qabanı,
Toplumuna yedirdərəm arpanı,
İkiləşən ölkə çapır sonevə.
Uğurellə Xançu, Muğel mənimdir,
Bu yerlərdən məni qovmaq çətindir,
Onda sən də anlayarsan kim kimdir,
İkiləşən ölkə çapır sonevə.
O söylədi, bu danışdı, o söydü,
Söyüşləşir qandan qabaq ərənlər.
Ağırlaşır, acılaşır, qabarır,
Söyüşləşir qandan qabaq ərənlər.
Bizuc, toppuz, qılınc girdi araya,
Qulaq asdı hamı səsə, haraya,
Baxmadılar xırda-xırda yaraya,
Söyüşləşir qandan qabaq ərənlər.
Vuruşdular, yoruldular, durdular,
Yaraqları toqquşdurub durdular,
Sonra cumub alayları yardılar,
Söyüşləşir qandan qabaq ərənlər.
Sarmaşdılar bir-birinə alaylar,
Qalxdı göyə qışqırıqlar, haraylar,
Qana batdı çöllər, düzlər, dolaylar,
Söyüşləşir qandan qabaq ərənlər.
Daldan gəlib sayca artdı Çinelli,
Say göz tutur, göz qorxudur döyüşdə.
Minellinin sayı düşdü, azaldı,
Say göz tutur, göz qorxudur döyüşdə.
Soyqan, Bacar bir də gəldi üz-üzə,
Dayandılar qancıl kimi göz-gözə,
Qalxmaqdaydı yavaş-yavaş qan dizə,
Say göz çəkir, göz qorxudur döyüşdə.
Aclıq vardı alay, takım, manqada,
Tükənirdi yapma, qovurt, qorğa da,
Bacar əltut gözləyirdi arxadan,
Say göz çəkir, göz qorxudur döyüşdə.
İki çapar göndərmişdi, çapırdı,
Uğureldə ürkü gözə çarpırdı,
Aclıq alıb hər bir yeri, artırdı,
Say göz çəkir, göz qorxudur döyüşdə.
Soyqan alıb, qırıb, çatıb gedirdi,
Qabağını almaq olmaz axarın.
O düşmüşdü qırıb-çatmaq yoluna,
Qabağını almaq olmaz axarın.
Bacar artıq çəkilirdi geriyə,
Baxmayırdı yaralıya, diriyə.
Soyqan isə yürüyürdü bəriyə,
Qabağını almaq olmaz axarın.
Tutacağı, umacağı uzaqda,
Lap salmışdı aclıq onu ayaqdan,
Bir çökəkdə düşünürdü bayaqdan,
Qabağını almaq olmaz axarın.
«İki yerə parçalanmaq pis oldu,
Uğurelim ev-ev göyə sovruldu,
Bu döyüşdə mənim belim qırıldı,
Qabağını almaq olmaz axarın».
Gəldi döyüş yerlərinə Qızçiçək,
Toxdaqlıqdır qadın çox-çox yaraya.
Onu görüb Bacar bir də sarsıldı,
Toxdaqlıqdır qadın çox-çox yaraya.
– Ərim, bıçaq dayanıbdır sümüyə,
Qoy Soyqanı yoluxdurum çiçəyə,
Çinellilər dönsün qotur körpəyə,
Toxdaqlıqdır qadın çox-çox yaraya.
Bacar dedi: – Kişiliyin yolu var,
Gərək olsa bunu edər tanrılar,
Döyüşməyi doğru sanıb Mindiyar,
Toxdaqlıqdır qadın çox-çox yaraya.
Yoluxdurmaq düz yol deyil, qadınım,
Yüksək saxla sən öz tanrı adını,
Düşünürəm mən bu işin ardını,
Toxdaqlıqdır qadın çox-çox yaraya.
Sonra yığdı başçıları yanına,
Dedi: – Bircə uman yer var, dözümdür.
Cummalıyıq acıqanın içinə,
İndi bircə uman yer var, dözümdür.
Acıqanı yarıb getsək o başa,
Çatacayıq ətə, pendir, lavaşa,
Biz bu işi başlayarıq birbaşa,
İndi bircə uman yer var, dözümdür.
İgidlərim, irəliyə yeriyin!
Soyqanları Uğureldən kürüyün,
Gövdələri yarın, yıxın, sürüyün,
İndi bircə uman yer var, dözümdür.
Bol-bol yemək-içməyi var Soyqanın,
O çapıbdır Uğureldə hər yanı,
Yusun gərək bu döyüşdə qan qanı,
İndi bircə uman yer var, dözümdür.
Nərildədi, guruldadı alaylar,
İnam ərin ürəyini qabardır.
Dalğalanıb birdən getdi irəli,
İnam ərin ürəyini qabardır.
İlk sıranı yarıb keçdi ac ərlər,
Xarıldadı tunc qoşqular, təkərlər,
Sıra-sıra aşdı adam çəpərlər,
İnam ərin ürəyini qabardır.
Soyqan bunu gözləmirdi Bacardan,
Bacar idi ürəkləri qabardan,
Gerilədi dağda, çöldə, hamarda,
İnam ərin ürəyini qabardır.
Bunca bir səs eşidildi, nərilti,
Sanki göydən yerə endi gurultu,
Tuncay, Turqtay döyüşlərə atıldı,
İnam ərin ürəyini qabardır.
Turqtay, Tuncay vurub keçdi arxadan,
Yolda qalır iki yandan vurulan.
Acıqanın arxasına hay düşdü,
Yolda qalır iki yandan vurulan.
Turqtay qılınc, Tuncay bizuc oynatdı,
Çinelliyə kimliyini anlatdı,
Boğazlarda qara qanı qaynatdı,
Yolda qalır iki yandan vurulan.
Acıqanın sıraları söküldü,
Uğureldə qan qan üstə töküldü,
Çinellilər öz yerinə çəkildi,
Yolda qalır iki yandan vurulan.
Üç gün döş-baş, qarın, ağız yırtdılar,
Qırıldıqca çinellilər artdılar,
Minellilər bir-birinə çatdılar,
Yolda qalır iki yandan vurulan.
Soyqan qaçdı, ancaq döyüş bitmədi,
Başsız qalan adda-budda vuruşar,
İki yerə bölünmüşdü çinelli,
Başsız qalan adda-budda vuruşar.
Bacar dedi: – Acıqana qabarsan,
Çapdığında nə istəsən taparsan,
Yemək, içmək gördün, götür, nə varsa,
Başsız qalan adda-budda vuruşar.
Bacar iki qardaş ilə qovuşdu,
At üstündə gənclər ilə öpüşdü,
Qan qan ilə, güc güc ilə qarışdı,
Başsız qalan adda-budda vuruşar.
Sonra onlar çəkildilər üç yana,
Üç yürüşə Soyqan çətin dayanar,
Soyqan yoxdur, görən qaçıb hayana.
Başsız qalan adda-budda vuruşar.
Qızçiçəyin səsi gəlir uzaqdan,
Qadın kişi dözümündən dözümlü.
O, Soyqanı tutuqlayıb gətirir,
Qadın kişi dözümündən dözümlü.
– Ərim, mənə acıqlanma, amandır,
Al, tutduğum bu şəlitli Soyqandır,
O qaçırdı, qaçan başçı yamandır,
Qadın kişi dözümündən dözümlü.
Bacar baxdı, dedi: – Yox, bu, özgədir,
Soyqan buğa, bu tutuqsa cöngədir,
O deyildir, ona bənzər kölgədir,
Qadın kişi dözümündən dözümlü.
Soyqan gedib yeni toplum yığmağa,
Gəlib yenə dönəcəkdir toxmağa.
Yıxıb, çatıb, tutub, alıb boğmağa,
Qadın kişi dözümündən dözümlü.
Turqtay dedi: – Gedim tutum Soyqanı,
Gəncin qanı coşar, daşar, sellənər.
Bacar dedi: – Sən Tanı şah oğlusan,
Gəncin qanı coşar, daşar, sellənər.
Tutuq düşsən, atan bizi asdırar,
Anan bizi diri-diri basdırar,
Uğureli Mindiyarda azdırar,
Gəncin qanı coşar, daşar, sellənər.
Turqtay dinib danışmadı, gözlədi,
Danışığı, səs-sorağı izlədi,
O, Soyqana dərin acıq bəslədi,
Gəncin qanı coşar, daşar, sellənər.
Gecə Turqtay mindi, çapdı Quşatı,
Quşat quşdan borc almışdı qanadı,
Çapdı yolsuz çöllüklərə yol qatıb,
Gəncin qanı coşar, daşar, sellənər.
Turqtay çapdı, qaranlıqda yox oldu,
Qaranlığa baş vur, yeni işıq tap.
Axtardılar, tapmadılar Turqtayı,
Qaranlığa baş vur, yeni işıq tap.
Bacar dedi: – O yollanıb Çinelə,
Yeniyetmə bir oğlandır o, hələ,
O, Soyqanı ya öldürər, ya ölər,
Qaranlığa baş vur, yeni işıq tap.
Tuncay dedi, «gərək onu axtaram,
Gərək mən də yola düşəm bu axşam,
Harda Turqtay olsa, orda mən varam,
Qaranlığa baş vur, yeni işıq tap».
Tuncay çapdı, qaranlığa qovuşdu,
Acıqanın lap yanından sovuşdu,
Kənd-bacadan hərdən yolu soruşdu,
Qaranlığa baş vur, yeni işıq tap.
Tuncay çapdı, gəlib çatdı Çuqçuya,
Yerli qıraq adamları tez görür.
Hamı baxdı bu gövdəli ərənə,
Yerli qıraq adamları tez görür.
Biri ona yaxınlaşdı, söylədi:
– Turqtay dünən tutulubdur, kölədir,
Öz dilində məndən əltut dilədi,
Yerli qıraq adamları tez görür.
Sən Tuncaysan, Uğureldə görmüşəm,
Döyüşlərdə mən borcumu vermişəm,
Bu Çuqçuya gəlib gizli girmişəm,
Yerli qıraq adamları tez görür.
Geyimini, qaş-gözünü dəyişdir,
Dili öyrən, işlərini ötüşdür,
Burda özgə dolanışdır, gedişdir,
Yerli qıraq adamları tez görür.
– Mən Sansiyəm, dilinizi bilirəm,
Hər dil bağlı qapılara açardır,
Köləlikdə öyrənmişəm bu dili,
Hər dil bağlı qapılara açardır.
Tuncay, söylə, bura niyə gəlibsən,
– Tuncayamsa, bunu hardan bilirsən?
– Mən tanıdım, oğul, səni dilindən,
Hər dil bağlı qapılara açardır.
Tuncay dedi: – Desəm əgər düzünü,
Ölüm üstə kökləyərəm özümü,
Gərək buna yalan deyim sözümü,
Hər dil bağlı qapılara açardır.
Odur dedi: – Mən atamdan küsmüşəm,
Qan-qadadan, döyüşlərdən bezmişəm,
Qancılları uşaqlıqdan sezmişəm,
Hər dil bağlı qapılara açardır.
Sansi dedi: – Atan böyük ərəndir,
Kim sözünün yiyəsidir, böyükdür,
Bir də bunlar evdə ötüb gedəndir,
Kim sözünün yiyəsidir, böyükdür.
– Düz deyirsən, ancaq ki mən inciyəm,
Ola bilər yaşda hələ kiçiyəm,
Düşüncədə öz içimdə itiyəm,
Kim sözünün yiyəsidir, böyükdür.
Çinellini bunca qırmaq olarmı,
Adam olan bunca adam qırarmı,
Bunca adam elə qarşı durarmı,
Kim sözünün yiyəsidir, böyükdür.
Sansi dedi, «hələ gəncdir, yazıqdır,
Atasından, anasından yanıqdır,
Mindiyarda bunlar çox-çox tanıqdır,
Kim sözünün yiyəsidir, böyükdür.»
O apardı öz evinə Tuncayı,
Qonaq hələ açılmamış qapıdır,
– Qal burada, hələ bir az uyğunlaş,
Qonaq hələ açılmamış qapıdır.
İstəyirsən gedim, deyim Xaqana,
Xaqan desin bunu qancıl Soyqana,
Yaralıdır, əl-qol atır dörd yana,
Qonaq hələ açılmamış qapıdır.
Tuncay dedi: – Sağ ol, özüm gedərəm,
O böyüyün qulluğuna yetərəm,
Tikan olub qabağında bitərəm,
Qonaq hələ açılmamış qapıdır.
Soyqan Xaqan sayılırdı ölkədə,
Böyük Xaqan qalmış idi kölgədə,
Elə yer var qaplan olur tülkü də,
Qonaq hələ açılmamış qapıdır.
Ancaq Tuncay seçilmirdi hamıdan,
Hər el dildən, baş-burundan seçilir.
Neçə yerdə az qalırdı tutulsun,
Hər el dildən, baş-burundan seçilir.
«-Mən Turqtayı necə tapım, haradan,
Çox yollar var, çox döngələr arada,
Necə seçim burda ağı qaradan,
Hər el dildən, baş-burundan seçilir».
Sansi onu başa düşdü gözündən,
Tuncayın da söz gəzirdi üzündə,
Üzümüzdə söz oxunur bizim də,
Hər el dildən, baş-burundan seçilir.
Sansi dedi: – İstəyini de mənə,
Yardım edim, əltut olum mən sənə,
Bildirmərəm Xaqanlıqdan gələnə,
Hər el dildən, baş-burundan seçilir.
– Mən bir sınıq gəncəm, mənə nə yardım,
Hər yer birdir öz içindən sınığa,
Sən Xaqanın yerini de, mən gedim,
Hər yer birdir öz içindən sınığa.
Gedim deyim, bunca adam qırma sən,
Əl çək böyük Uğureldən, Muğeldən,
Olum sənin qabağında kölə mən,
Hər yer birdir öz içindən sınığa.
Sansi dedi: – Ürəyini aç, bala,
Mən də sənin qancılından öc allam,
İstəyinə çatacaqsan bu yolla,
Hər yer birdir öz içindən sınığa.
Xaqan səni görən kimi öldürər,
Acığını Bacar şaha bildirər,
Döyüb səni çevirəcək qan-tərə,
Hər yer birdir öz içindən sınığa.
Bu danışıq gedib çatdı Soyqana,
Söz ovçusu qapır sözü ağızdan.
Gətirdilər Sansi ilə Tuncayı,
Söz ovçusu qapır sözü ağızdan.
Yelləyirdi qızlar böyük Soyqanı,
İpək idi bu Başevin hər yanı,
Tuncay idi burda bircə yabançı,
Söz ovçusu qapır sözü ağızdan.
Soyqan dedi: – Çox danışmaq artıqdır,
Bir qardaşım mənim sizdə tutuqdur,
O, yekəbaş, həm də qancıl, yoluqdur,
Söz ovçusu qapır sözü ağızdan.
Onu da bil, Turuq bizdə qonaqdır,
Qonaq deyil, neçə gündür dustaqdır,
Turuq hələ bir az deyən uşaqdır,
Söz ovçusu qapır sözü ağızdan.
– Mən Turqtayın arxasınca gəlmişəm,
Kim olsa da, yiyəsi var hərənin.
Tutuqları dəyişdirsək yaxşıdır,
Kim olsa da, yiyəsi var hərənin.
O, yaşmaqda gəlib çıxdı buraya,
Heç baxmadı qadağaya, haraya,
Qılınc, qalxan, bıçaq girdi araya,
Kim olsa da, yiyəsi var hərənin.
Mənim üstə gəldi Turuq birbaşa,
Girdi qılınc vuruşuna, savaşa,
Gərək ona qonaq kimi yanaşaq,
Kim olsa da, yiyəsi var hərənin.
O, mənimlə böyük sayaq savaşdı,
Ancaq bircə vurumumla o aşdı,
Acığından sözü, dili dolaşdı,
Kim olsa da, yiyəsi var hərənin.
– Mən Turuğun qardaşıyam, gəlmişəm,
Hər bir evdə dəyəri var qardaşın,
Qardaşları dəyişdirsək yey olar,
Hər bir evdə dəyəri var qardaşın.
Soyqan bilib mən tutmuşam o əri,
Deyən Turqdan çoxdur onun dəyəri,
Qardaş qalır, vuruşlarsa ötəri,
Hər bir evdə dəyəri var qardaşın.
– Onu verib səni burda saxlaram,
Verərlərmi qardaşımı, yoxlaram,
Verməsələr, səni hər gün dağlaram,
Hər bir evdə dəyəri var qardaşın.
Tuncay dedi: – Xaqan doğru buyurur,
Ancaq doğma qardaşları ayırır,
Burda nəsə bir gizlilik uyuyur,
Hər bir evdə dəyəri var qardaşın.
– Qardaşımı öldürsələr nec olsun,
Həm ağırdır, həm də ulu qan öcü,
Onda səni öldürmərəm mən özüm,
Həm ağırdır, həm də ulu qan öcü.
– Düz buyurur Xaqan deyən bunu da,
Onda qartal qoy gözləsin qonuda,
Nə olacaq? Biz hələlik unudaq,
Həm ağırdır, həm də ulu qan öcü.
Soyqan dedi: – Alın Turqu, aparın,
Qoşun ona on yaraqlı çaparı,
Yoxsa gedib doğrayaram Bacarı,
Həm ağırdır, həm də ulu qan öcü.
Tuncay dedi ürəyində: «Qoy olsun,
Təkcə Turqun tanınmasın ulusu,
Qoy sevinsin Turqız ürək dolusu,
Həm ağırdır, həm də ulu qan öcü.
Turqtay getdi, Tuncay qaldı yerində,
Yer dəyişmə ər dəyişmə olarmış.
İki qardaş ayrı düşdü yenidən,
Yer dəyişmə ər dəyişmə olarmış.
Sansi, Tuncay bir dustaqda qaldılar,
Bir-birindən inam, inanc aldılar,
Aclıq çəkib saraldılar, soldular,
Yer dəyişmə ər dəyişmə olarmış.
Soyqan hər gün qulaq oldu dustağa,
Dustaq döndü Tuncay üçün sınağa,
Sığınaraq ikisi də bucağa,
Yer dəyişmə ər dəyişmə olarmış.
Bir qız gəldi, güldən incə dodağı,
Qara ipək saçı, solğun yanağı,
Yemək ilə dolu idi qucağı,
Yer dəyişmə ər dəyişmə olarmış.
O, Sansinin bircə gözəl qızıydı,
Qonaq elə dustaqda da qonaqdır.
Doluxsundu o, Tuncayı görəndə,
Qonaq elə dustaqda da qonaqdır.
Ata dedi: – Yanqu, geri qayıt sən,
Uzaq, qızım, bu qan-qada yerindən,
Tək gəlmisən dustaqlığa sən, nədən?!
Qonaq elə dustaqda da qonaqdır.
Yanqu dedi: – Ata, məni danlama,
Çox ağırdır ilk sevgini anlamaq,
İlk sevgini təklik içrə damlamaq,
Qonaq elə dustaqda da qonaqdır.
Mən Tuncaya ilk baxışdan vuruldum,
Bir çay idim, dənizləşdim, duruldum,
Bu günlərdə öz odumda qovruldum,
Qonaq elə dustaqda da qonaqdır.
Tuncay dedi: – Səni evdə görmədim,
Gözəl qızlar susub gözdən yayınar.
Niyə səni görməmişəm evdə mən,
Gözəl qızlar susub gözdən yayınar.
Mənim üstdə atan düşüb dustağa,
Biz girmişik birgə dərin batlağa,
Göz-gözəyik burda, qulaq-qulağa,
Gözəl qızlar susub gözdən yayınar.
Çinel qızı, sən necə də gözəlsən,
Gəlişinlə dustaqlığı bəzərsən,
Hər addımda bura güllər düzərsən,
Gözəl qızlar susub gözdən yayınar.
Çiçəkləyib gül qoxuyur bu gəliş,
Səni sevmək mənim üçün yüksəliş,
Dustaqlığa işıq salıb bu görüş,
Gözəl qızlar susub gözdən yayınar.
Sansi dedi: – Doğru sevgi deyil bu,
Keçib gedir tezcə uşaq sevgisi,
Hərdən gəlir, birdən gedir bu istək,
Keçib gedir tezcə uşaq sevgisi.
Yanqu kimi mən də uşaq yaşımda,
Sevgi doğdu ürəyimin başında,
Ondan qalan Yanqu qızdır qarşımda,
Keçib gedir tezcə uşaq sevgisi.
İki gəncin gözü biri-birində,
Göz alışır, ürək yanır dərində,
Sevgiləşib hər yer dustaq yerində,
Keçib gedir tezcə uşaq sevgisi.
Qulaq asır Soyqan gizli onlara,
Yer eləyir yeni-yeni qanlara,
O alışır, əl-qol atır yanlara,
Keçib gedir tezcə uşaq sevgisi.
Beş gün keçdi, Soydan döndü Çuqçuya,
Gör, dayanış kimi kimlə dəyişir.
Dedi, Turqtay Tanı şahın oğludur,
Gör, dayanış kimi kimlə dəyişir.
Dəli olub Soyqan çıxdı özündən,
Qan qaynadı qan ağzında, sözündə,
Dedi: – Tuncay qoy oxlansın gözündən,
Gör, dayanış kimi kimlə dəyişir.
O bağırdı, qalxdı göyə harayı,
Gətirdilər ortalığa Tuncayı,
Dedi: – Satqın, Mindiyarın qurd payı,
Gör, dayanış kimi kimlə dəyişir.
Soydan dedi: – Verin özüm öldürüm,
Dərisinə qanlı saman doldurum,
Mindiyara acığımı bildirim,
Gör, dayanış kimi kimlə dəyişir.
– Niyə Turqun şahlığını demədin?
– Biz qardaşıq, qardaş şahdan ucadır,
– Mən bilsəydim, dəyişməzdim Turqu heç,
Biz qardaşıq, qardaş şahdan ucadır.
Soydan birdən irəliyə atıldı,
Qılınc çəkdi, bizuc kimi dartıldı,
Yaraqsızdı Tuncay, bundan tutuldu,
Biz qardaşıq, qardaş şahdan ucadır.
Soyqan dedi: – Ona qılınc veriniz,
İki qardaş döyüşünü görünüz,
Bu döyüşdən bir az bəri durunuz,
Biz qardaşıq, qardaş şahdan ucadır.
Soydan dedi: – Al qılıncı, gəl bəri,
Yoxdur daha, Tuncay, burdan yol geri,
Hanı orda məni vuran əllərin,
Biz qardaşıq, qardaş şahdan ucadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-iki-qardas-soylenci-2
Use ← → keys to move, R for a random poem
More by this author
Uğureli tapdamışdı Çinelli,Yel də qapar yiyəsizdən nə gəldi.
Təbətel söylənciTəbət yolu dağdır, daşdır, kəsəkdir,Çətin yolla adam tapır istəyin.
Sərtüz söylənciSuböləndə bir də Sərtüz doğuldu,Doğul bir də, gəl, keçmişi yenilət.
Balasqellə döyüş söylənciUruyerin səsləncləri gurladı,Hər çağırış qan-qadadır, barışdır.
Poems by other poets
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,