Balasqellə döyüş söylənci
Uruyerin səsləncləri gurladı,
Hər çağırış qan-qadadır, barışdır.
Balasqelin toplumları yürüşdə,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər çıxdı toplum ilə qabağa,
Tunqər, Turpar əl atdılar yarağa,
Onlar sağol dedi sərin yaylağa,
Hər çağırış qan-qadadır, barışdır.
– Bu Filipdir dedi Tunqa Anakar,
Acıqandır ona Turan, Mindiyar,
Sanki onu qızışdırır Parsdiyar,
Hər çağırış qan-qadadır, barışdır.
Onun gözü tanıqlıqda, vardadır,
Balasqelin el-obası dardadır,
Onlar cumur yemək-içmək hardadır,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər çıxdı qarşısına Filipin,
Yaraqlısı yaraqsızı on üç min,
Qırılırdı, azalırdı günbəgün,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər dedi: – Filip, niyə gəlmisən,
Sən Turanı sanki sısqa bilmisən,
Onu Parsel, Balasqelə bölmüsən,
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi: – Qayıt, sısqa, südəmər,
Çıxsın mənim qabağıma Alp, Tunqər,
Sizi nələr gözləməkdə, gör nələr,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər dedi: – Öncə mənlə vuruş sən,
Şellənməkdə görüm kimsən, nəçisən,
Kiminkidir dənizdəki o yelkən,
Hər çağırış qan-qadadır, barışdır.
– Mən Filipəm, Balasqelin qeysəri,
Mən döyüşə çağırıram Tunqəri,
Verməlidir mənə bu boş yerləri,
Hər çağırış qan-qadadır, barışdır.
– Boş yer yoxdur, boş başlara çatası,
Bura Turan ölkəsinin ortası,
Qayıt burdan öz evinə, qadası,
Hər çağırış qan-qadadır, barışdır.
Kimsə yandan oxla vurdu Qurdəri,
Dedi, ala, budur sənin dəyərin,
Tutqunlaşdı onun gözü, təpəri,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat çıxdı irəliyə, yaraqlı,
Üz örtülü, tunc görkəmi, papaqlı,
– Gəl vuruşaq-dedi-çapıq yanaqlı,
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi: – Mən vuruşmam qadınla,
Rədd ol burdan qadınsayaq atınla,
Get, oynama odla, qanla, yanğınla,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat getdi Filip üstə bizucla,
Biri çıxdı qabağına qılıncla,
Dedi: – Öncə mənlə vuruş, qoruncla,
Hər çağırış qan-qadadır, barışdır.
Yandan çıxdı dağ görkəmli Qardanağ,
Oxla vurdu, döş-başını yararaq,
Filip çıxdı boz atıyla, çaparaq,
Hər çağırış qan-qadadır, barışdır.
Dedi: – Kimsən, ay yekəpər, gən ərən,
– Mən Qardanağ, min birinci Tunqərəm,
Mən güləşdə Tunqəri də ötərəm,
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi: – Bərk ulayar küçüklər,
Səndə hələ bərkiməyib sümüklər,
Ağzında var sarı körpə köpüklər,
Döyüşlərdə güləşməyir böyüklər,
Çıxın mənim qabağıma, ay türklər,
Uşaq-muşaq deyil köklü kötüklər,
Hər çağırış qan-qadadır, barışdır.
– Mənəm dedi- sən deyən türk Qardanağ,
Qılınc ilə Filip üstə cumaraq,
Vurdu onu yaraladı üç barmaq,
Hər çağırış qan-qadadır, barışdır.
Filip vurdu Qardanağı tutaqla,
Sonra vurdu iti ağır yaraqla,
Sonra dirsək, təpik, yumruq, ayaqla,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat cumdu Filip üstə arxadan,
Qılınc ilə vurdu, gəldi haradan,
Filip çökdü, diz büküldü ortadan,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat dedi: – Mən göy türkün gəlini,
Çək Turandan-Filip-qanlı əlini,
Yoxsa qırram toppuz ilə belini,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat dedi: – Turanlılar, irəli,
Bıçaq gəlib lap sümüyə dirənib,
Cum irəli, atlı, iki təkərli!
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi: – Cum irəli, Balasqlı!
Bizim olsun gərək bu yer, bu dağlıq,
Irəli get, atlı, iki ayaqlı!
Hər çağırış qan-qadadır, barışdır.
Üç gün vuruş, yara, ölüm, bağırtı,
At kişnəyir, yağıştək ox yağırdı,
Üç gün günəş yorğun batıb, çıxırdı,
Hər çağırış qan-qadadır, barışdır.
Dördüncü gün bir səs qopdu doğudan,
Son ayaqda gözlə tanrı yardımı.
Dedilər ki, gələn qaplan, ayıdır,
Son ayaqda gözlə tanrı yardımı.
Şamxat dedi: – Bu Tunqərdir, səslənir,
Çaparaqdır, acıqlanıb, közlənib,
Filip bilcək bunu, qaçıb gizlənir,
Son ayaqda gözlə tanrı yardımı.
Çatar-çatmaz Tunqər girdi döyüşə,
Ağlar oldu hamı lapdan bu işə,
Türklər dedi, güc yerini dəyişər,
Son ayaqda gözlə tanrı yardımı.
Turanlılar süpürlədi qancılı,
Filip qaldı basıqlıqdan asılı,
Ağ bayraqlar zirvələrə sancılır,
Son ayaqda gözlə tanrı yardımı.
Tunqər dedi: – Filip, çıx gəl ortaya,
Ya öl, ya da baş əy Tunqər ataya,
Yoxsa toplun Blasqelə adlayar,
Son ayaqda gözlə tanrı yardımı.
Birdən çıxdı irəliyə Anakar,
Turan barış ölkəsidir, döyüş yox.
Dedi, Tunqər, Balasqelli doğmadır,
Turan barış ölkəsidir, döyüş yox.
Sən Filipi mənə görə bağışla,
Qoy bu vuruş sona çatsın barışla,
Bunca səni Balasqelli alqışlar,
Turan barış ölkəsidir, döyüş yox.
Dedi: – Filip, Turan mənim atamdır,
Balasqelsə mənim doğma anamdır,
Bu nə qırğın, nə qancıllqı, nə qandır,
Turan barış ölkəsidir, döyüş yox.
Yalvarıram üzüquylu, deyirəm,
Bu sözləri söyləmişəm yüz kərə,
Qoyaq bu gün yaraqları biz yerə,
Balasq barış ölkəsidir, vuruş yox,
Turan barış ölkəsidir, döyüş yox.
Filip baxdı Tunqda enli qılınca,
Dönüb getdi, qalanlar da dalınca,
Sevinc qopdu ana torpaq boyunca,
Turan barış ölkəsidir, döyüş yox.
Hamı getdi, qaldı yerdə min ölü,
Bir də yerdə laxtalanan qan gölü,
Barış dedi Anakarın şeir dili,
Həm yaraqlı, həm yaralı, həm elli,
Anakarın iki dildə el dili,
Turan barış ölkəsidir, döyüş yox.
Hamı getdi, qaldı çöldə Anakar,
Şair üçün boş çöldə də hər nə var,
Anakara yardım edin, tanrılar,
Turan barış ölkəsidir, döyüş yox.
Iki toplum arxasınca o baxdı,
Neçəli ol, ancaq olma ikili.
Düşdü atdan, o atını buraxdı,
Neçəli ol, ancaq olma ikili.
“Ata yurdum, ana yurdum ölkələr,
Dörd yanında gəzib itən kölgələr,
Iki yurddan mənə qaldı döngələr,
Neçəli ol, ancaq olma ikili.
Niyə belə günə qaldın, ay yazıq,
Iki yanda həm kimsəsiz, həm artıq,
Yuxum gəlir, ört üstümü qaranlıq,
Niyə belə günə qaldın, ay yazıq,
Neçəli ol, ancaq olma ikili.
Atım, çap get, toplumuna qovuş sən,
Atsan, çalış bir adama uyuş sən,
Harda görsən məni, yavaş sovuş sən,
Gəz sən məni, iki yandan soruş sən,
Neçəli ol, ancaq olma ikili.
Anakaram, anam, atam vardı, yox,
Iki ölkə Anakara dardı, yox,
Uzaq ölkə, təklik məni yordu, yox,
Neçəli ol, ancaq olma ikili.
Anakaram, qorxaq olub əllərim,
Acı olur hərdən elin dilləri,
Addımlayıb mən ölçürəm çölləri,
Görüb məni acılansın ellərim,
Neçəli ol, ancaq olma ikili.
Anakaram, ana, gözlə gəlirəm,
Ata məni gözləyirsən, bilirəm,
Mən hər iki ölkəm üçün ölürəm,
Neçəli ol, ancaq olma ikili.
Anakaram, kollar, məni didməyin,
Ey tikanlar, yolum üstə bitməyin,
Itlər, mənim ətəyimi yırtmayın,
Boz buludlar, yolum üstün örtməyin,
Neçəli ol, ancaq olma ikili”.
Səs eşitdi gecə yarı Anakar,
Sözdə, səsdə nə istəsən taparsan.
Iniltiylə səsləyirdi kimsəni,
Sözdə, səsdə nə istəsən taparsan.
Yaxınlaşdı, yaralıydı köküsdən,
Tanımışdı Anakarı o, üzdən,
Ölülərsə qalanmışdı üst-üstə,
Sözdə, səsdə nə istəsən taparsan.
– Məni apar qardaş, çatdır bir yana,
Evə çatsam axan qanım dayanar,
Yumruğunu bas bu dərin yarama,
Sözdə, səsdə nə istəsən taparsan.
Bax gör, nədir zoqquldayır yaramda,
Daşdəmirəm, adım qalıb atamdan,
Soraq çatdır məndən evdə, Aranda,
Sözdə, səsdə nə istəsən taparsan.
Qoy uşağı doğsun gəlin, böyütsün,
Çiçək kimi, ağac kimi göyərtsin,
Ona döyüş bacarığı öyrətsin,
Sözdə, səsdə nə istəsən taparsan.
Mən ölürəm, öldüm deyən, qaraltı,
Ah, dinclikdir, ah, soyuqdur yer altı,
Ah, uçuram, bulud, duman, qapqatı,
Sözdə, səsdə nə istəsən taparsan.
Ölür, ancaq təpəsində buz tər var,
Gözlərini yumur onun Anakar,
Dörd bir yanda qan fışqırır yaralar,
Sözdə, səsdə nə istəsən taparsan.
– Anakaram, öz-özümü çaparam,
Gedib Aran gəlinini taparam,
Göz yaşımı ağıyerə qataram,
Sözdə, səsdə nə istəsən taparsan.
Alıb tanrı tapşırığı Turq, Sərtüz,
Göstərişdən daha sərtdir tapşırıq.
Tanrı olub iki yarı tanrıdan,
Göstərişdən daha sərtdir tapşırıq.
Sərtüz dedi: – Tanrı belə tapşırıb,
Turqər dedi: – Tanrı elə tapşırıb,
– Qatlar bir-bir düşsün dilə,-tapşırıb,
Göstərişdən daha sərtdir tapşırıq.
Uğureldə Turpar çatdı onlara,
– Sən haraya?
– Siz hayana, mən ora,
– Ay dilsizlər, siz qayıdın, siz hara?
Göstərişdən daha sərtdir tapşırıq.
Bir qurd idi, bir quş idi, üç ərən,
Düzəlişib bir də qopdu yerindən,
Heç bir yerdə çəkinmədi heç nədən,
Göstərişdən daha sərtdir tapşırıq.
Söz gələndə ürəkdən yox, boğazdan,
O gəlirdi, qayıdırdı ağızdan,
Sərtüz tez-tez danışırdı Hormuzdan,
Göstərişdən daha sərtdir tapşırıq.
– Məndən qabaq Hormuz Yimi çağırıb,
Yim vuruşqan oğulların ağırı,
Gedib tanrı qulluğuna, yuxarı,
Qaranlıqlar birdən dönüb ağarıb,
Göstərişdən daha sərtdir tapşırıq.
Hormuz deyib: – Yim, yaranış sönükdür,
Parçalanıb yer-yer, bölük-bölükdür,
Yim, yer üzü doğru yoldan dönükdür,
Mənim inam çağırışım böyükdür,
Inam bizi sahmanlayan bilikdir,
Göstərişdən daha sərtdir tapşırıq.
Sən qorxmursan döyüşlərdən, ərənsən,
Mənim kimi sən də uzaqgörənsən,
Bu inamı tapşırıram sənə mən,
Göstərişdən daha sərtdir tapşırıq.
Bu inamı dintək çatdır hamıya,
Çatsın inam qoy batıdan doğuya,
Dönsün inam tay-tay açıq qapıya,
Göstərişdən daha sərtdir tapşırıq.
Qoy yaranış yurd-yurd mənə inansın,
Çoxtanrılıq yuxusundan oyansın,
Qapılarda ocaq yansın, od yansın,
Qancılların qabağında dayansın,
Göstərişdən daha sərtdir tapşırıq.
Yim deyib ki, bacarmaram bu işi,
Öz işiyçün yaranmışdır hər kişi,
Düz gəlməsə yerdə hər şey dəyişir,
Tanrım, hər kəs öz işində əlləşir,
Göstərişdən daha sərtdir tapşırıq.
Hormuz deyib, yaxşı, onda qorunc ol,
Mənim inam qancılıma qılınc ol,
Əhrimənin boğazına təpinc ol,
Məni qoru, yerdə mənə yerinc ol,
Göstərişdən daha sərtdir tapşırıq.
Yer üzünü düzəlt, qoyma dağıla,
Qoyma yoxsul varlı əldə boğula,
Qoyma devlər ürəklərə soxula,
Üstüblük ver, ad ver işlək oğula,
Göstərişdən daha sərtdir tapşırıq.
Artsın sürü, naxır, ilxı, quş, maral,
Doğsun qızlar qoşa-qoşa, dalbadal,
Naxışlansın xalça, xurcun, qab, çuval,
Eşidilsin toppuz, dınqır, saz, qaval,
Göstərişdən daha sərtdir tapşırıq.
Yaylaq, qışlaq, ev, toy-düyün çoxalsın,
Sevinc olsun, paxıllıqlar yoxalsın,
Ölüm ölsün, yara, ağrı sağalsın,
Göstərişdən daha sərtdir tapşırıq.
Yim söyləyib, bacararam bunu mən,
Bax, bu işlər gələr mənim əlimdən,
Mən şah ollam yerə, göyə tanrı sən,
Göstərişdən daha sərtdir tapşırıq.
Belə olub danışıqlar Yim ilə,
Bilməyirəm ta nə olub kim ilə,
Başçı olub Yerə Yim şah min ilə,
Yim yaşadıb yer üzünü çəm ilə,
Göstərişdən daha sərtdir tapşırıq.
Tanrı dedi, get Sərtüzü yamsıla,
Keçmiş bizə gələcəyi göstərir.
Gördün acsan, əl at ondan yararlan,
Keçmiş bizə gələcəyi göstərir.
Sınaq idi Sərtüz, ona qınaq ol,
Bax gör ondan nə deyirlər, qulaq ol,
Ancaq bütün deyənlə ayaq ol,
Vuruşlarda ən bilikli qoçaq ol,
Ondan uca, ancaq öyləsayaq ol,
Içə işıq, çölə qızıl suvaq ol,
Gördün hamı yatır, yatma, oyaq ol,
Hara getsən Sərtüz, od ol, ocaq ol,
Keçmiş bizə gələcəyi göstərir.
Səni döyüb söyəcəklər, nə yaxşı,
Sonra gəlib öyəcəklər, nə yaxşı,
Dediyini sevəcəklər, nə yaxşı,
Keçmiş bizə gələcəyi göstərir.
Acıq elə, adam artır acıqla,
Tərslə tərs ol, sən yazıq ol yazıqla,
Könlü yanıq ol, sən könlü çapıqla,
Keçmiş bizə gələcəyi göstərir.
Turqər dedi: – Mən də yarıtanrıyam,
Barış, çalış, duruş bacı, qardaşdır.
Bu dörd işi tanrı mənə tapşırıb,
Barış, çalış, duruş bacı, qardaşdır.
Mən Alpislə vuruşmuşam yüz kərə,
Alpis qanlı Əhriməndir ellərə,
Üç yol gedib dirənmişəm Altyerə,
Pis tanrını yox etmişəm beş birə,
Barış, çalış, duruş bacı, qardaşdır.
Mən Alpisi daha tanrı saymıram,
O allatmaq istər məni, uymuram,
Qıtlıq salır bura, yaxın qoymuram,
Barış, çalış, duruş bacı, qardaşdır.
Çox vuruşu ayırmışam barışla,
And vermişəm, qansız bitib vuruşlar,
Yolum üstə durub dağlar, yoxuşlar,
Mən gəzirəm bir at, bir qurd, bir quşla,
Barış, çalış, duruş bacı, qardaşdır.
Mən Turqərəm, Sərtüz, sənin yolunda,
Mənə tapşır ağır işin olanda,
Sevinirəm mən tapşırıq alanda,
Barış, çalış, duruş bacı, qardaşdır.
Sərtüz dedi: – Yaz bunları oxuya,
Yarıtanrı olduğunu oxuyaq,
Çəksin səni qanan, qanmaz sorğuya,
Gedək tanrı deyən yeni qurğuya,
Barış, çalış, duruş bacı, qardaşdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-balasqelle-doyus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Acıqana yürüş burdan başladı,Günəş gülür dağ dalından çıxanda.
Amenexotip söylənciBusquçular getdi, Ağüz qaldı tək,Göz ağardar sənə hamı, tək olsan.
Tuncər-Samdi söylənciHindel çəkdi Mindiyarı sınağa,Hara getsən öncə örgən oranı.
Alçiçək-Samdi söylənciHindel şaha soraq çatdı gizlicə,Girəvədə acıqandan öc al sən.
Poems by other poets
Tək-tək adamlar dünyanı hay-küylə, nəsillər isə səssizcə tərk edirlər.Heç kim ölməmiş, İlahi,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
VətənHalını soruram dağlar dalından,Ürəyim alışır bu əhvalından.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin