Hindel çəkdi Mindiyarı sınağa,
Hara getsən öncə örgən oranı.
Daşdı çaylar, ellər, sular-yağışlar,
Hara getsən öncə örgən oranı.

Axdı sellər, atdı dala Tuncəri,
Su apardı çayda neçə önəri,
Batdı suda qoşquların təkəri,
Hara getsən öncə örgən oranı.

Onlar qaldı on gün yağış altında,
Yaraqlılar, atlar palçıq altında,
İsindilər gecə çör-çöp oduna,
Hara getsən öncə örgən oranı.

Tuncər dedi: – Gəz hər yanı, araşdır,
Zığdan ip al, ağac qayıq quraşdır,
Su üstündə durmaq üçün yer aç-dur,
Hara getsən öncə örgən oranı.

Bir ay çəkdi, sellər, sular, yağışlar,
Göyə qalxdı yerli-yersiz qarğışlar,
Göz bərəltdi gözlənilməz yanlışlar,
Hara getsən öncə örgən oranı.

Günəş çıxdı dağılışdı buludlar,
Sıçrayaraq çıxdı sudan ac atlar,
Oldu ata, yaraqlıya yem otlar,
Hara getsən öncə örgən oranı.


Hind toplumu tanıyırdı yurdunu,
Sel-su ilə, daşqın ilə oynama.
Dik yerlərdə oturmuşdu, güdürdü,
Sel-su ilə, daşqın ilə oynama.

Günəş çıxcaq onlar çıxdı busqudan,
Yola düşdü hündür, yüngül qoşquda,
Yaraqlılar az-çox yoxsul qayğıda,
Sel-su ilə, daşqın ilə oynama.

Üzləşdilər “Köçyer” adlı düzəndə,
Aclıq, darlıq ac atları üzəndə,
Yaraqlılar başçılardan küsəndə,
Sel-su ilə, daşqın ilə oynama.

Mindiyarın başrağını görəndə,
Tox atları üstlərinə sürdülər,
Düşkünlərə qanlı öyrənc verdilər,
Sel-su ilə, daşqın ilə oynama.

Tuncər meşə qatlarında gözlədi,
Addım-addım Hindelini izlədi,
Göz yaşları yora-yora sızladı,
Hara getsən öncə örgən oranı.

Basılmışdı Hindelə yox, gör-görə,
Dağılmışdı toplumları bir kərə,
Yol axtarır, əl atırdı hər yerə,
Hara getsən öncə örgən oranı.


Ey yaraqlı, ucalıq var adında,
Qoru bütün el-obanı, özünü.
Səni deyib yatır dinc-dinc körpələr,
Qoru bütün el-obanı, özünü.

Dirsəyinlə ölç azlığı, çoxluğu,
Qumsallığı, meşəliyi, dağlığı,
Yaşat dəmir köküsündə sağlığı,
Qoru bütün el-obanı, özünü.
Tuncər belə düşünürdü gedəndə,
Hər busqunun qabağından ötəndə,
Turq gözünün qabağında bitəndə,
Qoru bütün el-obanı, özünü.

– Görən onlar anırlarmı bizləri,
Nə olacaq görən bizə sözləri,
Ah, qatdanma, ah, qatdanma, dizlərim,
Qoru bütün el-obanı, özünü.

Tuncər gedir, basıqlar da dalınca,
Gedir, gedir o, aclıqdan solunca,
“Görən gücüm çatacaqmı qılınca?”
Qoru bütün el-obanı, özünü.

Yol üstündə bir yaralı ölürdü,
Ölə-ölə göz yaşını silirdi,
O, Əlruşdan nələr-nələr bilirdi,
Qoru bütün el-obanı, özünü.


O, Hindelin bir yaraqlı ərəni,
Aldanmaq var aldatmaqdan daha pis.
– Biz aldandıq, bizdən qaçın qırağa,
Aldanmaq var aldatmaqdan daha pis.

– Bizi Əlruş yerimizdən oynadıb,
Qanlı sözdən burda qazan qaynadıb,
Sizi bizə acıqan tək tanıdıb,
Aldanmaq var aldatmaqdan daha pis.

Biz gedirik Mindiyarı tutmağa,
Ölkəni biri-birinə qatmağa,
Beş min illik arzumuza çatmağa,
Aldanmaq var aldatmaqdan daha pis.

Tuncər dedi: – Yaralını götürün,
Onu Hindel toplumuna yetirin,
Ordan mənə yeni xəbər gətirin,
Aldanmaq var aldatmaqdan daha pis.

Tuncərgilə yol göstərdi yaraqlı,
Ağrı içrə o, ölümə adaxlı,
Onun üçün Tuncər, Minel maraqlı,
Aldanmaq var aldatmaqdan daha pis.

Tuncər dedi: – Kimdi burda başçınız,
Kimdir sizin təpərliniz, qoçunuz,
Nə sayaqdır sizin döyüş ölçünüz,
Aldanmaq var aldatmaqdan daha pis.


Tuncər ondan acıqanı öyrənir,
Öyrənməsən əyləncəyə dönərsən.
Bildi Samdi toplumlara başçıdır,
Öyrənməsən əyləncəyə dönərsən.

Dedi: – Gedib onu boğaq biz gərək,
Yaralının pal-paltarın geyərək,
Başçılarla biz vuruşaq təkbətək,
Öyrənməsən əyləncəyə dönərsən.

Deyin, Xruş asurlara satılıb,
Buna görə o, Körfəzdə tutulub,
Əlruş dəmir barmaqlığa atılıb,
Öyrənməsən əyləncəyə dönərsən.

Tanıyanda Samdi igid Tuncəri,
Qorxusundan əsdi başı, əlləri,
Tuncər dedi: – Yaralını çək bəri,
Öyrənməsən əyləncəyə dönərsən.

Tuncər dedi, Samdi yerdən dəbərdi,
Yavaş-yavaş tuluq kimi köpürdü,
Yaralı da hind dilinə çevirdi,
Öyrənməsən əyləncəyə dönərsən.

Samdi dedi: – Əlruş bizi aldadır,
Bizim səkkiz toplumumuz daldadır,
Əlruşun çox bicliyi yoldadır,
Öyrənməsən əyləncəyə dönərsən.


Minellilər Mindiyara çatdılar,
Deyən hamı öz yurdunda güclüdür,
Hindellinin yürüşünü güddülər,
Deyən hamı öz yurdunda güclüdür.

Minellilər yenə toplum oldular,
Doğma yerdən sanki dirrik aldılar,
Yer qazdılar, busqulara doldular,
Deyən hamı öz yurdunda güclüdür.

Sağaldılar, yaralılar, düşüklər,
Öz yerində durdu yenə bölüklər,
Önə çıxdı sağlam ərlər, yüzüklər,
Deyən hamı öz yurdunda güclüdür.

Gözlədilər ölüm-dirim döyüşü,
Bilmədilər Samdi dönüb, dəyişib,
Yolda durub bir-biriylə deyişir,
Deyən hamı öz yurdunda güclüdür.

On gün keçdi, hindellilər göründü,
Bulud olub dumanlığa büründü,
Döyüşlərə girmək üçün ərindi,
Deyən hamı öz yurdunda güclüdür.

Samdi çıxdı irəliyə, söylədi:
– Biz Xaqandan son göstəriş dilərik,
O da bunu başdansovdu elədi,
Deyən hamı öz yurdunda güclüdür.


Turq dayandı yetişərək Turelə,
Dözümlüdən güclü olur acıqlı.
İki yandan başçıları çağırdı,
Dözümlüdən güclü olur acıqlı.

Dedi, bura nə gözəldir, nə dincdir,

Dedi: Əlruş çox gilincdir, çox bicdir,
Bilsin burda Darvidelli yerincdir,
Dözümlüdən güclü olur acıqlı.
Misir şahı Amenexot gəlmişdi,
Darvideli yazıq, başsız bilmişdi,
Bizi görüb şah yolunu dəyişdi,
Dözümlüdən güclü olur acıqlı.

Aldadıbdır üç ölkəni o Xuruş,
Satqınlıqda yoxacanıb tutulmuş,
O, satqındır, içimizə soxulmuş,
Dözümlüdən güclü olur acıqlı.


Biri dedi: – Yenilməz Turq, o Xuruş
Bacısını iki şaqqa doğramış,
Başevə də yanğın salan o imiş,
Dözümlüdən güclü olur acıqlı.

Turq söylədi: – Darvid yerinc sayılsın,
Qoy bu yerlər Parsaqıza ad olsun,
Əlruş isə qıçlarından asılsın,
Dözümlüdən güclü olur acıqlı.


Turq söylədi-Qoy azalsın vergilər,
Soyğunçuluq düzəlməsin vergidən.
Parsayurdu dolandırın, dolanın,
Soyğunçuluq düzəlməsin vergidən.

Yerinc seçin, yardım olsun hamıya,
Yerinc gərək hamılıqda yarıya,
O, hamının istəyini qoruya,
Soyğunçuluq düzəlməsin vergidən.

Yerinc yaşlı Əbiş kişi seçildi,
Bunun ilə arielli kiçildi,
Yal-yaraşıq o yerincə biçildi,
Soyğunçuluq düzəlməsin vergidən.


Şimşəkatı Turq Hindelə səyirtdi,
El içində qoçaq yaşa, yürük ol.
Neçə toplum öz yerindən tərpəndi,
El içində qoçaq yaşa, yürük ol.

Turq düşünür, at çapırdı qabaqda,
Yüz min toplum atlı, atsız, yaraqda,
Tanrı Turqu gözləyirdi qıraqdan,
El içində qoçaq yaşa, yürük ol.

Turq deyirdi: – Hər yer solub, saralmış,
Bərk qorxudur məni yeni oyanış,
Yardım elə mənə, tanrı, dayanış,
El içində qoçaq yaşa, yürük ol.


Yuxuludur uzaq-uzaq düzənlər,
Torpaq bütün yaranışa anadır,
Torpaq ona göyə dağ-dağ boylanır,
Torpaq bütün yaranışa anadır.

Göy atadır, torpaq ana bizlərə,
Göy su səpir, yer bar verir düzlərə,
Göy-göyərti güc qollara, dizlərə,
Torpaq bütün yaranışa anadır.

Tanrı günəş yeri-göyü yaşadır,
Yer göy ilə sevgilidir, qoşadır,
Bu sevgidə varlıq, yoxluq ucadır,
Torpaq bütün yaranışa anadır.

Yıxılanı torpaq alır qoynuna,
Sevgi qatır günəş ata qanına,
Varlıq girir böyük sevgi donuna,
Torpaq bütün yaranışa anadır.

Ana torpaq, baş əyirəm gücünə,
Sonev olub çəkilirəm içinə,
Qoşuluram uluların köçünə,
Torpaq bütün yaranışa anadır.

Ana torpaq, üz qoyuram üzünə,
Səndən doğdum, dönəcəyəm özünə,
Düşəcəyəm mən ölməzlik izinə,
Torpaq bütün yaranışa anadır.


Yarpaqlardan sallanmışdır bu sözlər,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.
Ana torpaq qucaqlayır onları,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.

Turq Hindelə toplum-toplum yollanır,
Kirpiyindən düşüncələr sallanır,
Dan yerində göy qızarır, allanır,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.

Turq tutqundur, gözlərində düşüncə,
Düşüncələr daha dönmür sevincə,
Qırtlağında düyünlənib düyünçə,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.

Deyir: – “Bəlkə qocalmışam daha mən,
Gənc illərim çıxdı, getdi əlimdən,
Doğmalıdır tanrı məni yenidən,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.

Gözəlliklər gözlərimdən yayınır,
Sanki dağlar lümlüt olub, soyunub,
İstək-sevgi yuxulayıb, bayılıb,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.”

Tuncər durub baxır ona bayaqdan,
Turq elə bil keydir, düşüb ayaqdan,
Su gətirib verir ona bulaqdan,
Dilli, dilsiz yarpaq-yarpaq tökülür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland