Qızbax söylənci
Tək başına çox yol getdi gözəl bax,
Qardaşından soraq verən olmadı.
Ondan, bundan çox soruşdu Turəri,
Qardaşından soraq verən olmadı.
Çox tuş gəldi çaya, gölə, dənizə
Çöldə, düzdə yırtıcıyla üz-üzə,
Qulaq asdı danışılan hər sözə,
Qardaşından soraq verən olmadı.
Çox tanışlar, çox yabancı görüşlər,
Yer üstündə, ər üstündə döyüşlər,
Günbatana doğru yollar, gedişlər,
Qardaşından soraq verən olmadı.
Bir meşənin qabağında ov çağı
Bir şah gördü, onu kölə götürdü.
O yorğundu, ac, ayağı yaralı,
Bir şah gördü, onu kölə götürdü.
Oturmuşdu bir çalada bükülü,
Qan üzündən, güc qıçından çəkilib,
Pal-paltarı cırıq-cırıq, sökülü,
Bir şah gördü, onu kölə götürdü.
Nə ağrılar gördü qardaş yolunda,
Qız qorxusu, ölüm yükü dalında,
Bir meşənin dağətəyi yanında
Bir şah gördü, onu kölə götürdü.
Qızbax vurdu yaxınlaşan kişini,
Adan şahın yaraqlısı yıxıldı.
Gözləmirdi ər gücünü bu qızdan,
Adan şahın yaraqlısı yıxıldı.
Bu kim ola şahın ovlaq yolunda,
O yapışıb bir böyürtkən kolundan,
Ər gücü var, aslan gücü qolunda,
Adan şahın yaraqlısı yıxıldı.
Həm güclüdür, həm gözəldir bu gözəl,
Ev işində gərək olar o bizə,
Alın onu, yoxsa qaçar dağ, düzə
Adan şahın yaraqlısı yıxıldı.
– Qız, başına nə iş gəlib, düz danış,
Qız-gəlinin bu yerlərdə nə işi.
Takımından ayrı düşən durnasan,
Qız-gəlinin bu yerlərdə nə işi.
Ala gözlər niyə, nədən ağlayır,
Kim azdırıb, ürəyini dağlayıb,
Kim qapını ağ üzünə bağlayıb
Qız-gəlinin bu yerlərdə nə işi.
Qal başevdə üzüyola qal, yaşa,
Baxma burda pal-paltara, daş-qaşa,
Sənə elə köləlik də yaraşar,
Qız-gəlinin bu yerlərdə nə işi.
– Şah sağ olsun, mən qovulmuş deyiləm,
Minellinin adlı-sanlı qızıyam.
Meşəlikdə yıxılsam da, qalsam da
Minellinin adlı-sanlı qızıyam.
Mən gəzirəm qardaşımın dalınca,
Burayacan,-son dözümüm qalınca,
Üstüm cırıq, ayaqlarım yalınca
Minellinin adlı-sanlı qızıyam.
Şah sağ olsun, məni yoldan götürüb,
Yaxın bilib Başevinə gətirib.
Qardaşımdan mənə soraq yetirin,
Minellinin adlı-sanlı qızıyam.
– Çox böyükdür minellilər ölkəsi,
Turər şahdır başbiləni ölkənin.
Vuruşunu, yürüşünü görmüşəm,
Turər şahdır başbiləni ölkənin.
Yürüşündə yaraqlısı olmuşam,
Toplumunda yaşa-başa dolmuşam.
O ölkədə on il kölə qalmışam,
Turər şahdır başbiləni ölkənin.
Kim olsan da bir köləsən indi sən,
Hələ-hələ inanmaram sənə mən.
Gərək bunu bundan sonra biləsən,
Turər şahdır başbiləni ölkənin.
Ad qomuşdu ölkəsinə Adan şah,
Günbatanın balıqçılar ölkəsi,
Dəniz idi, dalğa idi üç yanı,
Günbatanın Balıqçılar ölkəsi.
Ağac evlər düz yerlərə səpili,
Minelliyə çox-çox yaxın var dili.
Qızbax kimi söz anlayır, dil bilir,
Günbatanın Balıqçılar ölkəsi.
Başev tutqun qarşıladı Qızbaxı,
Arvadların sudaşından qolbağı.
Kişilərin başlarında dolağı,
Günbatanın Balıqçılar ölkəsi.
Gözəl idi boz donunda kölə qız,
Adan şahın Qızbaxdaydı gözləri.
Bütün ölkə Adan şaha yanakı
Adan şahın Qızbaxdaydı gözləri.
Başev qıza darısqaldı, yabançı,
Hamı ona yan baxırdı, qıyqacı,
Arvadların baxışları yanakı,
Adan şahın Qızbaxdaydı gözləri.
Alın yolu dolambacdı, dolaşıq,
Onu burda gözdən salıb yaraşıq.
Dodağında, yanağında yapışıq,
Adan şahın Qızbaxdaydı gözləri.
Söz deyirdi kölə qıza Adan şah,
Ancaq Qızbax əlaltıydı, köləydi.
"Gözəl səni istəyirəm ürəkdən",
Ancaq Qızbax əlaltıydı, köləydi.
"- Üzündəki duz yandırır içimi,
Kim veribdir sənə bu düz biçimi.
Alıb mənim dözümümü, gücümü"
Ancaq Qızbax əlaltıydı, köləydi.
Kölə hara, şah sevgisi haraya,
Su səpirdi bu ikilik araya.
Duz dasırdı sevgi açan yaraya,
Ancaq Qızbax əlaltıydı, köləydi.
Hər gün qızı qorxudurdu, öyürdü,
Gözəlliyin nə qorxusu sevgidən.
Qızlar ona dil tökürdü Başevdə,
Gözəlliyin nə qorxusu sevgidən.
Şah sevirdi köləsini doğrudan,
Sevgi idi onu hər gün ağrıdan.
Çırpınırdı özü qoyan qurquda,
Gözəlliyin nə qorxusu sevgidən.
Başevdəki qız-gəlinlər uyğuda,
Başbilənlər, ağsaqqallar sorğuda
Hamı tir-tir titrəyirdi qorxudan,
Gözəlliyin nə qorxusu sevgidən.
Unutmuşdu ötkəmliyi, şahlığı,
O sevirdi ala gözlü Qızbaxı.
"Kölə qız tək kölə olum deyirdi",
O sevirdi ala gözlü Qızbaxı.
Şahın könlü incə-incə əsirdi,
Hər bir sözdən inciyirdi, küsürdü,
Günlər ilə, aylar ilə susurdu,
O sevirdi ala gözlü Qızbaxı.
Bir deyirdi, qızı vurub öldürüm,
Bir deyirdi, açım, könül bildirim,
Ya qaçırım, oğurladım, aldırım,
O sevirdi ala gözlü Qızbaxı.
Qızbax yaxın qoymayırdı Adanı,
Qız ürəyi çırpınırdı quş kimi.
Hər bir şeyi eşidirdi, görürdü,
Qız ürəyi çırpınırdı quş kimi.
Alçaltmalar, qorxutmalar, qarğılar,
Yolu üstə ölüm saçan qurqular,
Şahdan hər gün ona gələn sorğular
Qız ürəyi çırpınırdı quş kimi.
Nə edəydi alın yolu beləydi,
Necə onu pozub yuyub, siləydi,
Sevilməyə yeri yoxdu, köləydi,
Qız ürəyi çırpınırdı quş kimi.
Hər ağızdan eşidirdi kölə qız,
Bir gün onu öldürəcək şah özü.
Qoymayacaq bunca sevgi alçala,
Bir gün onu öldürəcək şah özü.
Qaçmaq yolu bağlanmışdı üzünə,
Baxmayırdı Başev onun sözünə,
Sevgi tikan gətirmişdi gözünə
Bir gün onu öldürəcək şah özü.
Şah sevgisi kölə qıza yaraşmaz,
Kimsəsizlər kimsə ilə barışmaz,
Tanrı baxar, bu sevgiyə qarışmaz,
Bir gün onu öldürəcək şah özü.
Yaranışın üzü qara, üzü ağ,
Tanrı özün bir yol göstər bu yerdə.
Hər gəlişin dönüşü var geriyə,
Tanrı, özün bir yol göstər bu yerdə.
Qış, yaz, erkək, dişi, sarı, ağ, qara,
Nə görürsən, tərs bölünüb adlara,
Yer üzündə kölə hara, şah hara,
Tanrı, özün bir yol göstər bu yerdə.
Tərslikləri hərdən-birdən barışdır
Bulud gətir, yeri, göyü qarışdır,
Kimsəsizi kimsəliylə tapışdır,
Tanrı, özün bir yol göstər bu yerdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-qizbax-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Ancaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Tanrılarla görüş söylənciÇiçək açdı, bolluq oldu bu yerdə,Ölkə artar başçı yaxşı olanda.
Qarı xaqan söylənciQarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.
Sərtüzlə görüş söylənciTanrıların göstərişi var idi,– Düzdə qalar düz yolunu azanlar,
Poems by other poets · Praise
Ey ağalar, könlümü çapdı əlmlər,Sultanım, sərdarım, ağam gəlmədi.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
سر سودای تو را سینهٔ ما محرم نیستسینهٔ ما چه که ارواح ملایک هم نیست
PiriydiAsta gedən bu gözəllər sultanı,Yerişindən məlum olur Hürüdü.