Çiçək açdı, bolluq oldu bu yerdə,
Ölkə artar başçı yaxşı olanda.
Gediş-gəliş, alış-veriş çoxaldı,
Ölkə artar başçı yaxşı olanda.

Çindən Hində, Hinddən Çinə yol oldu,
Saxlanclarda qızıl, gümüş bol oldu,
Varı daşdı, sevincləri sel oldu,
Ölkə artar başçı yaxşı olanda.

Yol açıldı bu ölkədən hər yana,
Qazaxelə, Əkbitənə, Arana,
Son qoyuldu oğurluğa, yalana.
Ölkə artar başçı yaxşı olanda.

Acıqanlar, küsülülər barışdı,
Ev tikməkdə, yol çəkməkdə yarışdı,
Sevinc səsi toy səsinə qarışdı,
Ölkə artar başçı yaxşı olanda.


Ancaq Bacar sığışmırdı Başevə,
Çöl adamı yurd-yuvaya sığışmaz,
O, çöllərin qartalıydı, qaplanı,
Çöl adamı yurd-yuvaya sığışmaz.

Bir gün ova, oylaqlara getmişdi,
Qızçiçəklə yaylaqlarda itmişdi,
Lap dirriyin o başına çatmışdı,
Çöl adamı yurd-yuvaya sığışmaz.

Ərənlərin itirmişdi izini,
Gəzirdilər yoxuşluğun düzünü,
Yer oğlunun, yer altının qızını,
Çöl adamı yurd-yuvaya sığışmaz.

Çıxmışdılar onlar Sayan dağına,
Dönmüşdülər buludların ağına,
Baxırdılar elin varı, yoxuna,
Çöl adamı yurd-yuvaya sığışmaz.


Yoruldular, oturdular, yatdılar,
Bir sevincin qoşa qanad sevgisi,
Bir səs gəldi göydən, yerdən, buluddan,
Bir sevincin qoşa qanad sevgisi.

– Min lələkli basar-keçər atına,
Qızçiçəyi qaytar yerin altına,
Getməlidir o, torpağın qatına,
Bir sevincin qoşa qanad sevgisi.

Bacar dedi: – Böyük tanrı, bağışla,
Arxa olub mənə bu qız savaşda,
Gəl, ayırma, tanrım, bizi bu yaşda,
Bir sevincin qoşa qanad sevgisi.

Biz ayrılsaq ikimiz də sınarıq,
Sevgimizin alovunda yanarıq,
Ölgünləşib yeri-göyü danarıq,
Bir sevincin qoşa qanad sevgisi.


– İtiatım, uç göylərə, iti ol,
Deyən deyib göy atadır, yer ana,
Gedək göydən Qızçiçəyə yer alaq,
Deyən deyib göy atadır, yer ana.

İtiatım, götür bizi göyə çap,
Tanrıların tanrısını göydə tap,
Buludların üzərilə tap-tarap,
Deyən deyib göy atadır, yer ana.

Dirrik düşüb, artıb yalan, aldanış,
Bələnibdir qan-qadaya yaranış,
O göylərə özün söylə, sən danış,
Deyən deyib göy atadır, yer ana.

Mən tanrımdan quru dirrik dilərəm,
Əyriliyi yer üzündən silərəm,
Düz yaşayış deyə, ərən ölərəm,
Deyən deyib göy atadır, yer ana.


Tanrı görüb yer oğlunu söylədi:
– Üzüntüdür, sızıltıdır ayrılıq.
On il yolu iki günə gəlibsən,
Üzüntüdür, sıxıntıdır ayrılıq.

Dağıdıbsan yamanları bir kərə,
Küllərini sovurubsan göylərə,
Göylər ilə birləşəsən sən gərək,
Üzüntüdür, sıxıntıdır ayrılıq.

Qan-qadanı yamanlıqlar yaradır,
Bizə qarşı onlar izi qaradır,
Biz yaradır, onlar isə sozardır,
Üzüntüdür, sıxıntıdır ayrılıq.

Bacar, səni böyük ərən görürəm,
Üstünlüyü, gücü sənə verirəm,
Sənə qolu qanadımı gərirəm,
Üzüntüdur, sıxıntıdır ayrılıq.


Acıqandır tanrılarla yamanlar,
Yaxşılıqla yaman birgə doğulub.
Biz yamanı qıraq gərək büsbütün,
Yaxşılıqla yaman birgə doğulub.

Yaman getsə sel-su, yanğın dayanar,
Ölüm, qırğın, vuruş çıxar aradan.
Yaşayanlar uzaq olar qadadan,
Yaxşılıqla yaman birgə doğulub.

Onda yer-göy işıqlığa bürünər,
Yamanlıqlar dizin-dizin sürünər,
Yarananda tanrı qoşa görünər,
Yaxşılıqla yaman birgə doğulub.

Ölməyəcək bu dirriyə gələnlər,
Diriləcək bizi ölməz bilənlər,
Yamanlıqla vuruşaraq ölənlər,
Yaxşılıqla yaman birgə doğulub...


– Böyük tanrı, məni göndər vuruşum,
İgid döyüş düzlərində ad qoyar.
Mən Yamanla bir də gəlim üz-üzə,
İgid döyüş düzlərində ad qoyar.

– Yer üzündə qalsın deyə gül-çiçək,
Üç tanrımla görüşəsən sən gərək,
Onlar sizə çox şeyləri deyəcək,
İgid döyüş düzlərində ad qoyar.

Get, tanış ol Sərtüz adlı adamla,
Birgə vuruş Əhrimənlə, Yamanla,
Dolaşıqla, dolambacla, yalanla,
İgid döyüş düzlərində ad qoyar.

Sərtüz birdir, doğulmuşdur üç eldə,
Mindiyarda, Hindel, İlam-Babildə,
Bir yazını o yazacaq üç dildə,
İgid döyüş düzlərində ad qoyar.


Qoru onu acıqandan, yamandan,
Tanrıların göndərişi uludur.
Vuruşacaq Əhrimənlə, Yamanla,
Tanrıların göndərişi uludur.

– Tanrım, onu necə tapım, nə sayaq,
– Suböləndə onu gözün alacaq.
Mindiyarda bir Subölən var ancaq,
Tanrıların göndərişi uludur.

Böyük Sərtüz üç yerdədir, bir adda,
Həm sudandır, həm bitkidən, həm oddan.
Bir yaranış üç ulusda, elatda,
Tanrıların göndərişi uludur.

– Göstər mənə, tanrım, güzgü üzünü,
Qoy duruldum bir də sənlə özümü,
İşığında yuyum həsrət gözümü,
Tanrıların göndərişi uludur.


Bacar baxdı, birdən hər yan duruldu,
Tanrı sonsuz duruluqdur, işıqdır.
İşıq artdı, bələklədi Bacarı,
Tanrı sonsuz duruluqdur, işıqdır.

Qızçiçəyin lapdan gözü qamaşdı,
Ürəyində göy sevgisi alışdı,
Sevgi, inam bir-birinə calaşdı,
Tanrı sonsuz duruluqdur, işıqdır.

Baş əydilər, sağ ol deyib döndülər,
Ucalıqdan aşağıya endilər,
Hər ikisi bir ağızla dindilər,
Tanrı sonsuz duruluqdur, işıqdır.

Birdən sular parıldadı, oynadı,
Güzgüləşdi, oynaqladı, qaynadı,
Bir ağ bulud gəldi, sanki sonadı,
Tanrı sonsuz duruluqdur, işıqdır.


Su tanrısı dindi dəniz dilində,
– Su olmasa dirrik yoxdur dibindən.
Sudan, oddan, bitkidəndir yaranış,
Su olmasa dirrik yoxdur dibindən.

Su tanrıdır, onu yerdə qoruyun,
Bulaqları, quyuları arıyın,
Çayı sevin, körpu-körpü sarıyın,
Su olmasa dirrik yoxdur dibindən.

Göndərmişəm yerə bulud, qar, külək,
Hər damcısı, hər qurtumu bir dirək,
Sərtiş sizə sudan qatlar deyəcək,
Su olmasa dirrik yoxdur dibindən.

Göstər mənə, tanrım, duru üzünü,
İstəyirəm mən duruldum özümü,
İşığında yuyum həsrət gözümü,
Su olmasa dirrik yoxdur dibindən.


Bacar birdən gördü hər yan duruldu,
Su tanrısı duruluqdur, işıqdır.
Bulud gəldi, bələklədi Bacarı,
Su tanrısı duruluqdur, işıqdır.

Ağ buludlar Qızçiçəyə yanaşdı,
Ürəyində yer sevgisi alışdı.
Sevgi, inam bir-birinə calaşdı,
Su tanrısı duruluqdur, işıqdır,

Baş əydilər, sağ ol deyib, döndülər,
Buludlardan aşağıya endilər,
Hər ikisi bir ağızla dindilər,
Su tanrısı duruluqdur, işıqdır.

Birdən hər şey yaşıllaşdı, göyləşdi,
Udqu, uduq yüngülləşdi, yeyləşdi,
Meşə, ot, gül bütövləşdi, teyləşdi,
Su tanrısı duruluqdur, işıqdır.


Xışıldadı, dindi bitki tanrısı,
– Ot olmasa heç bir varlıq yaşamaz.
Otlaqları, meşələri qoruyun,
Ot olmasa heç bir varlıq yaşamaz.

Gözəllikdir, göyçəklikdir, yeməkdir,
Dadlı-duzlu bardır, süddür, çörəkdir,
Qoşa qanad, dörd ayaqlı deməkdir.
Ot olmasa heç bir varlıq yaşamaz.

Meşələri yandırmasın Əhrimən,
Otu, gülü soldurmasın dibindən.
Tapşırmışam çölü, düzü sizə mən,
Ot olmasa heç bir varlıq yaşamaz.

Bacar dedi: – Göstər, tanrım, üzunü,
Görüm səni, gücləndirim özümü.
İşığında yuyum həsrət gözümü,
Ot olmasa heç bir varlıq yaşamaz.


Birdən hər yer yaşıllığa büründü,
Adam güldür, bitib, solub gedəcək,
Alıb onu bələklədi yaşıllıq,
Adam güldür, bitib, solub, gedəcək.

Baş əydilər, sağ ol deyib döndülər,
Dağ döşündən aşağıya endilər,
Hər ikisi bir ağızla dindilər,
Adam güldür, bitib, solub gedəcək.

Qızçiçəyin üzü oldu yamyaşıl,
Sonra dönüb göyçəkləşdi, qaraşın,
Durdu əri Bacar ilə yanaşı,
Adam güldür, bitib, solub gedəcək.

**nəfəs

Birdən günəş parıldadı sevincək,
Baş qaldırdı gülə-gülə gül-çiçək,
Sevgililər bir ağızla dindilər,
Adam güldür, bitib, solub gedəcək.


Od tanrısı dindi, göylər gurladı,
– Od olmasa varlıq donar, dayanar,
Ovcunuza alın odu, qoruyun,
Od olmasa varlıq donar, dayanar.

Mən dursam da sizdən azca yuxarı,
Məndən alır dirrik axar-baxarı,
Bunca hamı yeyir, içir, otarır,
Od olmasa varlıq donar, dayanar.

Baş əydilər, sağ ol deyib döndülər,
İtiatla dağ döşündən endilər,
Sevgililər bir ağızla dindilər,
Od olmasa varlıq donar, dayanar.

Birdən baxıb ərənləri gördülər,
Çağırışa, haraya səs verdilər,
İtiatı ovlaqlara sürdülər,
Od olmasa varlıq donar, dayanar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love