Ancaq Hindel ər-arvadı ayırdı,
Təklik yeni evlənəni sarsıdar.
Oğurladı Qızçiçəyi gecəykən,
Təklik yeni evlənəni sarsıdar.

Yatan yerdə boğazlandı, tutuldu,
Səyəzidə dustaqlığa atıldı,
Dərin-dərin meşələrə qatıldı.
Təklik yeni evlənəni sarsıdar.

Şah dedi ki;- O ikini ayırın,
Gözlərini göz yaşıyla doyurun,
Qızı ondan, onu qızdan qoruyun,
Təklik yeni evlənəni sarsıdar.

Dedi tanrı Qızçiçəyi aparıb,
Səni ondan, onu səndən qoparıb.
Devlər içrə gizli qalar qapalı.
Təklik yeni evlənəni sarsıdar.


Böyük Bacar acıqana inandı,
Güclüləri inandırmaq nədir ki,
Dedi-Mənə yol göstərin, at çapım,
Güclüləri inandırmaq nədir ki.

Şah dedi ki: – Bir il yoldur Devdağa,
Ora getmək qorxuludur, qadağa.
Getmək olmaz burdan çox-çox uzağa,
Güclüləri inandırmaq nədir ki.

Qal Hindeldə, qulluq elə, önər ol,
Çinel, Hindel arasında çəpər ol.
Başda otur, bizə baş ol, təpər ol,
Güclüləri inandırmaq nədir ki.

Səndən suvay hər şeyi var Hindelin,
Hindel bilir dev danışan çox dili,
Minellilər burda ev-ev sevilir,
Güclüləri inandırmaq nədir ki.


Çox düşündü Bacar, bir gün, iki gün,
"İki daşın arasında dayanma".
Qızçiçəyin səsi gəldi uzaqdan.
"İki daşın arasında dayanma".

Minib atı öz yerindən qopdu o,
Yol götürüb meşə-meşə çapdı o,
Qızçiçəyin səs izini tapdı o.
“İki daşın arasında dayanma".

Dedi: – Gözəl Qızçiçəyim, gəlirəm,
Dev elində olduğunu bilirəm.
Sənsiz qalıb sənsizlikdə ölürəm,
"İki daşın arasında dayanma".

– Meşə yolu, and verirəm tanrına,
Məni çatdır tutuq düşən yavrıma,
Yarpaq yağdır, şeh səpələ ağrıma,
"İki daşın arasında dayanma".


Bir səs gəldi, dağ qayalar titrədi,
Ox çatmayan qayalara səs çatır.
Xallı qaplan yol üstündə göründü,
Ox çatmayan qayalara səs çatır.

Sıçram-sıçram sıçrayırdı, dururdu,
Öz-özünü öz-özüylə yorurdu,
Nəriltisi qayaları yarırdı.
Ox çatmayan qayalara səs çatır.

Zolaqlısı, zolaqsızı, xallısı,
Uzun, toppuz quyruqlusu, yallısı,
Qaplanın qılsızı var, qıllısı,
Ox çatmayan qayalara səs çatır.

Bacar dedi: – İtiatım, ayıq ol,
O xallıdan gözlə məni, duyuq ol,
Basılarsam, sən götürül, qopuq ol,
Ox çatmayan qayalara səs çatır.


Bir-birilə çarpışırdı qaplanlar,
Güclülər də bir-birini qırandır.
Yol bağlıdı, sovrulmuşdu yer göyə.
Güclülər də bir-birini qırandır.

Nəriltidən dağ laxlayır, daş aşır,
Meşələri qorxu gəzir-dolaşır,
Ağ buludlar göydə toza bulaşır,
Güclülər də bir-birini qırandır.

Bacar düşür İtiatdan, dayanır,
Gizli gəzir yavaş-yavaş dörd yanı,
Dığırladır yola iri qayanı,
Güclülər də bir-birini qırandır.

Xallı qaplan sıçraq çıxır irəli,
Bir ox dəyir ona, gözü bərəlir,
Sallaq qalır boğazında göy dili,
Güclülər də bir-birini qırandır.


Yallı qaplan ona daldan yanaşır,
İkisindən biri gərək yox ola,
Bir kişnərti tutur göyü, dağ-daşı,
İkisindən biri gərək yox ola.

At kişnəyir, ayıq salır Bacarı,
Yiyəsini o, ölümdən qurtarır,
Özünüsə ölüm ilə otarır,
İkisindən biri gərək yox ola.

Bacar dönüb boyunlayır qaplanı,
Qorxu alır meşə-meşə talanı,
Yallı qaplan boğazlanır, yallanır,
İkisindən biri gərək yox ola.

Bir qaplan da İtiatı ovlayır,
Meşə-meşə, tala-tala qovlayır,
Gah o bunu, gah bu onu tovlayır,
İkisindən biri gərək yox ola.


Yumruğuyla Bacar vurur qaplanı,
Bel sümüyü xırçıldayır, qırılır,
Qaplan düşür böyrü üstə ağnayır.
Bel sümüyü xırçıldayır, qırılır.

Sürüm-sürüm o sürünür yerində,
Son xırıltı eşidilir dərində,
Səs çıxmayır qaplanların birindən,
Bel sümüyü xırçıldayır, qırılır.


Bacar qaçır İtiatın dalınca,
Yarı gücü itir atsız atlının.
Çox muşqurur, çox çağırır meşədə,
Yarı gücü itir atsız atlının.

– İtiatım, yarı gücüm, çıx üzə,
Çapıb çıxaq meşələrdən bir düzə,
Gələk bir gün Qızçiçəklə üz-üzə,
Yarı gücü itir atsız atlının.


İtiatdan hənirti yox, soraq yox,
Bu meşələr dərinlikdə nağıldır.
Hansı yana gedim onu axtarım,
Bu meşələr dərinlikdə nağıldır.

Dilə gəlin, nağıl-nağıl bulaqlar,
Ağ gövdəli ağaclarla, oylaqlar,
Bacar gəzib İtiatı soraqlar,
Bu meşələr dərinlikdə nağıldır.

Səsi gəldi Qızçiçəyin uzaqdan,
Göydən, yerdən, meşələşən torpaqdan,
– Yol diləmə otdan, koldan, bulaqdan,
Bu meşələr dərinlikdə nağıldır.

Dev idilər öldürdüyün qaplanlar,
Qabaqdadır olay-olay olanlar,
Hələ sağdır məni tutuq salanlar,
Bu meşələr dərinlikdə nağıldır.


Bacar qırx gün yol aradı Devdağa,
Tanımadan yol gedəni yol yorar.
Çaylar keçdi dağ səsində, gücündə,
Tanımadan yol gedəni yol yorar.

Pota ilan üstdən keçdi, bilmədi,
Qayalardan yumalandı, ölmədi,
Dili bağlı yollar yola gəlmədi,
Tanımadan yol gedəni yol yorar.

Yırtıcılar süründülər dalınca,
Didib onu yesin yoldan qalınca,
Dizlik sökük, ayaqları yalınca,
Tanımadan yol gedəni yol yorar.

Unutmuşdu alnındakı lələyi,
Yaralıydı qıçı, qolu, kürəyi.
Qurtarmışdı çoxdan quru çörəyi,
Tanımadan yol gedəni yol yorar.


Bir dağ gördü sərt qayalar içində,
Dağ görəndə dağa dönür ürək də.
Gurlayırdı uçarsular, bulaqlar,
Dağ görəndə dağa dönür ürək də.

Şiş zirvələr diş qıcıdır Bacara,
Ağ buludun baxışları qapqara,
Qayaların köksü yarıq, yapyara,
Dağ görəndə dağa dönür ürək də.

Fil üstündə qoşabuynuz dev baxır,
Gözlərindən, dişlərindən qan yağır.
Qabağında bükülüdür Devdağı,
Dağ görəndə dağa dönür ürək də.

– Ahay, kimsən, bura necə çatıbsan,
Günü-günə, yolu-yola qatıbsan,
Necə olub ölüm yolu tutubsan.
Dağ görəndə dağa dönür ürək də.


– Mən Bacaram, Qızçiçəyi gəzirəm,
Dirrik yoldur, axtarışdır, sevgidir.
Sevgi məni bu yerlərə gətirib,
Dirrik yoldur, axtarışdır, sevgidir.

– Sən Bacarsan, düz yolundan sapıbsan,
Anlamadın dirriyindən qopubsan,
Sevgi deyil, ölümünü tapıbsan.
Dirrik yoldur, axtarışdır, sevgidir.

– Yolu kəsib yekə-yekə danışma,
Sevgi sözü incə sözdür, qarışma,
Bacar belə kobudluqla barışmaz,
Dirrik yoldur, axtarışdır, sevgidir.

– Mən də səni gözləyirəm haçandır,
Dilin acı, sözlərinsə yamandır,
Sən Bacarsan, ancaq sevgi yalandır,
Dirrik yoldur, axtarışdır, sevgidir.


Bacar böyük bir ağacı aşırdı,
İri vurum iriləri aşırar,
Ağac düşdü, fili, devi basdadı,
İri vurum iriləri aşırar.

Yastılandı dev də, fil də bir yerdə,
Qılıncıyla bir də vurdu, o, bir də,
Səs eşitdi, tanış bir səs o, birdən,
İri vurum iriləri aşırar.

– Bacar, mənəm, məni eşit, qaplanım,
Çay boyu gəl, gəl başına dolanım.
Acıqandır burda mənim dörd yanım.
İri vurum iriləri aşırar.

– Qızçiçəyim, qolum, gücüm, biləyim,
Unutmuşam Qızuçarın lələyin.
Gözlə məni, ey istəkli diləyim,
İri vurum iriləri aşırar.


– Yardım elə mənə, ana lələyim,
Son ayaqda sənə arxa anadır,
Məni çatdır Qızçiçəyə çay boyu,
Son ayaqda sənə arxa anadır.

Bacar taxdı lələyini alnına,
Bir uçarlıq düşdü onun qanına,
Uçdu göyə, sevgilisi yanına,
Son ayaqda sənə arxa anadır.

Bir kişnərti eşitdi o, dərindən,
Xarıldayıb Devdağ qopdu yerindən,
At kişnədi çökəklərin birində,
Son ayaqda sənə dayaq anadır.

İtiatım, bu sənmisən, qoçağım,
Qabar töküb, suluq qoyub ayağım,
Döyüşlərdə mənim arxam, dayağım,
Son ayaqda sənə dayaq anadır.


İtiatla Bacar yenə qovuşdu,
Çaylar, qollar birləşəndə güclənir.
Onlar bir də çay boyunca uçdular,
Çaylar, qollar birləşəndə güclənir.

Gör-gör gözəl görünürdü enişdə,
Dağla, dəniz, çaylar isə gümüşdən.
Ovsunlanıb at bu gözəl görüşdən,
Çaylar, qollar birləşəndə güclənir.

İri çaylar, çaycığazlar, axarlar,
Enli qanad, yeddi boya uçarlar.
Dörd ayaqlı, iri, xırda çaparlar,
Çaylar, qollar birləşəndə güclənir.

– Tumar-tumar, pişim-pişim İtiat,
Qızıl yüyən, dəmir dırnaq, yelqanad.
Məni bu sıx meşəlikdən uç qurtar,
Çaylar, qollar birləşəndə güclənir.


Hindel şahı Qızçiçəkdən qorxurdu,
Açılmayan qapı qorxunc görünər,
Başevində saxlayırdı, güdürdü,
Açılmayan qapı qorxunc görünər.

Tanrılığı az-çox hələ qalırdı,
Hərdən qorxunc, həm tutumlu olurdu.
Hər bir sözdən boşalırdı, dolurdu,
Açılmayan qapı qorxunc görünər.

Aparmağa o gəlmişdi Bacarı,
Buna görə yol almışdı yuxarı,
Alt yerdəydi dirriyinin axarı,
Açılmayan qapı qorxunc görünər.

Bacar gərək tezlik ilə öləydi,
Tanrıların tapşırığı beləydi,
Bir varlığı gərək iki böləydi,
Açılmayan qapı qorxunc görünər.


Bəs nə sayaq aparaydı Bacarı,
Sevgi bütün varlıqlardan ucadır.
Bu yaşayış ona ulu gəlirdi.
Sevgi bütün varlıqlardan ucadır.

Ancaq sevgi bağlamışdı əlini,
Bəsləmişdi ürəyində gülünü.
Öyrənmişdi bu varlığın dilini,
Sevgi bütün varlıqlardan ucadır.

Sevgisinə baş əyərək qalmışdı,
O, Bacarda isti yuva salmışdı,
Sevgisindən yeni varlıq almışdı,
Sevgi bütün varlıqlardan ucadır.

– Ey tanrılar, qoyun belə qalım mən,
Bu varlıqdan yeni varlıq alım mən,
Öləndə də Bacarımla ölüm mən,
Sevgi bütün varlıqlardan ucadır.


– Altı bacı yoxa çıxıb bu yolda,
Yox ikinci üzü imiş hər varın.
Mən gələndə anlamırdım, bilmirdim,
Yox ikinci üzü imiş hər varın.

Ora ulu, bura gözəl oradan,
Bu ikini bir yaradıb Yaradan,
Bircə vardır göz qırpımı arada,
Yox ikinci üzü imiş hər varın.

Böyük tanrı, yoxu, varı ver bizə,
Qoşa çıxaq varda, yoxda biz üzə,
İndi onla diz-dizəyik, üz-üzə,
Yox ikinci üzü imiş hər varın.

Oturmuşdu, düşünürdü Qızçiçək,
Qurtuluşu tanrılıqda görərək,
Son gücünü işə salsın o gərək,
Yox ikinci üzü imiş hər varın.


Qurd toplumu bir də gəldi Hindelə,
Qurd Minelin başlanğıcı, soy-kökü,
Bunu bilib Hindel şahı tutuldu,
Qurd Minelin başlanğıcı, soy-kökü.

– Ay Qızçiçək, qoyma bura qurd gələ,
Tanrılıq et, qurda çiçək səpələ,
Bacar mənim əlimdədir, bil, hələ.
Qurd Minelin başlanğıcı, soy-kökü.

Yoxsa səni yem edərəm qaplana,
Desəm bura yüz-yüz qaplan toplanar,
Didib tökər o qurdları yarğana,
Qurd Minelin başlanğıcı, soy-kökü.

– Hindel şahı, məni alınc saxlama,
Qurddan qorxub mənə çox bel bağlama,
Qaplanlarla Qızçiçəyi yoxlama,
Qurd Minelin başlanğıcı, soy-kökü.


Şah bağırdı: – Qız yem olsun qaplana,
Qaplanlar da soyu, sayı biləndir.
Onlar baxıb qıza yaxın gəlmədi,
Qaplanlar da soyu, sayı biləndir.

Qız onları tumarladı, dindirdi,
Üzlərini Hindel şaha döndərdi,
Qapı açıb şah ovuna göndərdi.
Qaplanlar da soyu, sayı biləndir.

Onlar diddi şahı, şahlıq soyunu,
Bacar göydən gördü bu şah toyunu,
Alıb getdi hərə qanlı payını.
Qaplanlar da soyu, sayı biləndir.

Hindel şah da ölümünə qovuşdu,
Qurd toplumu qaplanlarla uyuşdu,
Keçib getdi sıra-sıra, sovuşdu,
Qaplanlar da soyu, sayı biləndir.


Bacar gəldi İtiatın belində,
Ağ lələklə uçan igid uludur.
Yaxın, uzaq öz yerinə çəkildi,
Ağ lələklə uçan igid uludur.

Hamı onun qabağına yüyürdü,
Onu görən, sönən gözlər səyirdi,
Hamı ona, sağ ol, igid, deyirdi,
Ağ lələklə uçan igid uludur.

Qızçiçəklə qucaqlaşıb, öpüşdü,
İki yanğı ürək, həsrət qovuşdu.
Bu görüşə baxan ellər irişdi.
Ağ lələklə uçan igid uludur.

Bu sevgini, bu həsrəti görüncə,
Toylar qurdu Hindel, üç gün, üç gecə,
Şahsız qalan el büründü sevincə,
Ağ lələklə uçan igid uludur.


– Yer altından olan gözəl Qızçiçək,
Alt, Üst, var, yox sayılmayır sevgidə.
Sevgi öyrət mənə, mən də güllənim,
Alt, Üst, var, yox sayılmayır sevgidə.

Səni gördüm, Alta, Üstə uyuşdum,
Kallığımı ayıqlıqla dəyişdim,
Sənin kimi bir gözəllə sevişdim,
Alt, Üst, var, yox sayılmayır sevgidə.

Gör-gör, dirrik sənsən indi gözümdə,
Hər sevginin şahlığı var özündə,
Güc duyuram dirsəyimdə, dizimdə,
Alt, Üst, var, yox sayılmayır sevgidə.

Görməmişəm gözlə ata, ananı,
Sən o yanın, mən bu yanın adamı,
Alım iki yanının da qadanı.
Alt, Üst, var, yox sayılmayır sevgidə.


– Tanrılığım alınc qaldı yamanda,
Bir yenilməz tanrılıq var sevgidə,
Mən sevgimlə ucalmışam Üst yerdə,
Bir yenilməz tanrılıq var sevgidə.

Mənim tanrım indi sənsən, basarım,
Yerdə arxam, göydə iti çaparım,
Al məni də, burdan qoşa ucalım,
Bir yenilməz tanrılıq var sevgidə.

Qobuçölə, Uğurelə uçaq biz,
Yolsuzluqdan yeni yollar açaq biz,
Bir yer tapaq, sevgimizi qucaq biz,
Bir yenilməz tanrılıq var sevgidə.

Sənsən mənim ucalığım, güvəncim,
Sənsən böyük Üstüağın yerinci,
Adam sevgim, uca sevgi sevincim,
Bir yenilməz tanrılıq var sevgidə.


Səndən uzaq məndə dözüm qalmayır,
Sevgi çəkib yeyir ürək yağını,
Ürəyini tapşır mənə, qoruyum,
Sevgi çəkib yeyir ürək yağını.

Səndən uzaq yaşamaram mən daha,
Baş əymərəm hər yerincə, hər şaha.
Bu sevgidə Var ucuzdur, Yox baha,
Sevgi çəkib yeyir ürək yağını.

Ver əlini, gedək daha bir olaq,
İki könül istəyində yer salaq,
Əkdiyimiz bu sevgidən gül alaq,
Sevgi çəkib yeyir ürək yağını.

Ey yamanlıq, ey yaxşılıq, barışın,
Çalxalanın, bir-birinə qarışın,
Sevgi nədir, gəlin bizdən soruşun,
Sevgi çəkib yeyir ürək yağını.


Unqa çayı aşıb, daşıb axırdı,
Hər şey gəlib öz yerini tapacaq.
Toplum gəlir Unqa çayı boyunca,
Hər şey gəlib öz yerini tapacaq.

Hind toplumu Uğureldən dönürdü,
O özünü şahsız basıq sanırdı,
Keçdiyi yurd talanırdı, yanırdı,
Hər şey gəlib öz yerini tapacaq.

Bu gedişlə çatmış idi sonları,
Qurd toplumu gecə basdı onları.
Bir-birinə calaq oldu qanları.
Hər şey gəlib öz yerini tapacaq.

Qızçiçəklə Bacar durub baxırdı,
Bu toplumun son günləri ağırdı,
Bu toplumdur, yoxsa sürü, naxırdır,
Hər şey gəlib öz yerini tapacaq.


Hind toplumu Uğureldən köçürdü,
Özgə yurdu öz yurduna calama.
Beş gün çapıb Uğurelə çatdılar.
Özgə yurdu öz yurduna calama.

Toplum yolda sınıq-salxaq gedirdi,
Biri dağda, biri çayda itirdi,
Acıqanın sonu sona çatırdı.
Özgə yurdu öz yurduna calama.

Mindiyarın torpaqları uluydu,
Uğurellə, Minelliylə doluydu.
Ana dili Minellinin diliydi,
Özgə yurdu öz yurduna calama.

Baş əydilər, şah etdilər Bacarı,
Şah olmağı burda igid bacarır.
Bacardadır uğurların açarı,
Özgə yurdu öz yurduna calama.


Üstüağa Bacar yazı yazdırdı,
Öz yerində olmalıdır hər oğul.
Uğureldən köçüb getdi acıqan,
Öz yerində olmalıdır hər oğul.

Mindiyarın bir boyudur Uğurel,
Hindel şahı daha burda şah deyil.
Bizi bunca Mindiyarın özü bil,
Öz yerində olmalıdır hər oğul.

Bundan sonra səni şahım bilərəm,
Sənə hər gün böyük uğur dilərəm,
Qızçiçəklə yazda qonaq gələrəm,
Öz yerində olmalıdır hər oğul.

Buyuruq ver, sənə yerinc olum mən,
Mindiyarı mən qoruyum Çineldən.
Verincini göndərərəm hər ildə,
Öz yerində olmalıdır hər oğul.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets