Hindellə döyüş söylənci
Çapdı Bacar Hindel üstə inamla,
İnam olsa, adam işdə yorulmaz.
O, Hindelə təkbaşına gedirdi,
İnam olsa adam işdə yorulmaz.
Üçüncü gün yolda bir qurd uladı,
Takım-takım boz qurdları hayladı,
Boz Qurd gəldi, o başını buladı.
İnam olsa adam işdə yorulmaz.
Qurd dilində dedi ona Qızçiçək:
– Üstüağın yavrısısan sən gərək,
Gəl qoşulaq bu savaşa bir gedək,
İnam olsa adam işdə yorulmaz.
Biz ikiyik, Hindel isə böyükdür,
Yollar, yallar dolambacdır, itikdir,
Biz bir atda, onlar min-min minikdir,
İnam olsa adam işdə yorulmaz.
Bunu bilcək qurd yüyürdü irəli,
Qurd istəsə fili beldən gəmirər.
Qurd takımı qopdu birgə yerindən,
Qurd istəsə fili beldən gəmirər.
Qorxusundan susdu meşə, döş, tala,
Bu yürüşdən dağ titrədi az qala.
Dırmaşdılar hər yoxuşa, hər yala,
Qurd istəsə fili beldən gəmirər.
Hindel şahı görcək bunca Bacarı,
Sərpdi sanki gözlərinin damarı.
Qoyub qaçdı toplumların çaparı,
Qurd istəsə fili beldən gəmirər.
Çapdı Bacar, şahı tutdu arxadan,
Şah titrədi, həm göyərdi qorxudan,
Qurdlar iti sıçrayırdı qırğıdan,
Qurd istəsə fili beldən gəmirər.
Tövşəyirdi Hindel şahı Maharac,
Göz doymasa doymaz qarın yeməkdən.
Uğureli tutub, basıb soymuşdu,
Göz doymasa doymaz qarın yeməkdən.
Var-yoxunu tapşırmışdı yel-selə,
Sürüsünü sürdürmüşdü Çinelə,
Təbiətlə o vermişdi əl-ələ,
Göz doymasa doymaz qarın yeməkdən.
Tövşəyirdi körük kimi Maharac,
Toplumları fil üstündə qaçhaqaç,
Durub özü göz döyürdü gözü ac,
Göz doymasa doymaz qarın yeməkdən.
Çırpınırdı dörd qat ipək ipində,
Yaş var idi gözlərinin dibində,
Geyinmişdi o odsevər dəbində,
Göz doymasa doymaz qarın yeməkdən.
– Hindel şahı, niyə belə tutuqsan,
Tanrı sevmir düz yolundan sapanı.
Uğureli aldın, çapıb, dağıtdın,
Tanrı sevmir düz yolundan sapanı.
Satın aldın Mindiyarla Qaraşı,
Vuruşdurdun qardaş ilə qardaşı.
Məniş oldu Başevində qızbaşı,
Tanrı sevmir düz yolundan sapanı.
Arieli qovdun beş yüz minəcən,
Yer tapmayıb onlar bu say günəcən,
Qoy göstərsin tanrı gücün sənəcə,
Tanrı sevmir düz yolundan sapanı.
Arieli qaytar yenə yerinə,
Bacarırsan al Çineli böyrünə,
Yoxsa saman təpdirərəm dərinə,
Tanrı sevmir düz yolundan sapanı.
– Mən qarşında Gücər oğlu Bacaram,
Hər oğulda nəsə vardır atadan.
Güləşməyə, vuruşmağa gəlmişəm,
Hər oğulda nəsə vardır atadan.
Gücər alıb, Düzər alıb Xançunu,
Qurtuluşa çatdırıbdır qonşunu,
Minib göylər şahı Qaya Quşunu,
Hər oğulda nəsə vardır atadan.
– Bacar, məni burax gedim ölkəmə,
Vuruşqanlar qabağında şah nədir.
Uğureldən elə bu gün çıxaram,
Vuruşqanlar qabağında şah nədir.
Bilirəm ki, Gücər oğlu Bacarsan,
Bilirəm ki, istəyəndə uçarsan,
Həm də bağlı qapılara açarsan,
Vuruşqanlar qabağında şah nədir.
Qurd toplumu dalğa vurub keçirdi,
Fil böyükdür, güclü deyil döyüşdə.
Gəmirirdi qurdlar iri filləri,
Fil böyükdür, güclü deyil, döyüşdə.
Bu vuruşun indiyəcən tayı yox,
Hənirtinin, çığırtının sayı yox,
Hindellinin qorxusundan heyi yox,
Fil böyükdür, güclü deyil döyüşdə.
Bacar baxıb bu vuruşa gülürdü,
Qurd toplumu hələ daldan gəlirdi,
Bacar bunu tanrı işi bilirdi,
Fil böyükdür, güclü deyil döyüşdə.
Bacar dedi: – Qurd soy-köküm, dayanın,
Qanla qorxu bürüyübdür hər yanı.
Yerlər, çöllər fil qanına boyanıb,
Fil böyükdür, güclü deyil döyüşdə.
– Qurd əlbirim, dala çəkil,
Bağışlamaq böyüklükdür.
Şah usandı vuruşlardan,
Bağışlamaq böyüklükdür.
Siz tanrının göndərişi,
Tanrı gəlib bu gedişi.
Dayandırın ta yürüşü,
Bağışlamaq böyüklükdür.
Üstüağın son güvənci,
Mindiyarın son öyüncü,
Sərt döyüncü, dağ döyüncü,
Bağışlamaq böyüklükdür.
Tək deyildir Bacar daha,
Sizsiz mənə böyük arxa,
Hamı qaçır qorxa-qorxa,
Bağışlamaq böyüklükdür.
Qurd toplumu yerə çökdü,
Axar çaylar geri dönməz.
Eşitdilər, səngidilər.
Axar çaylar geri dönməz.
Bacar dedi: – Boz qaplanım,
Yox ayaqda var olanım,
Dur, başına mən dolanım,
Axar çaylar geri dönməz.
Girələnin yaxınlarda,
Söz almışam azğınlardan,
Üz döndərsin qırğınlardan,
Axar çaylar geri dönməz.
Hindel daha bura dönməz,
Qan-qadaya yerikləməz,
Mindiyara daha gəlməz.
Axar çaylar dönməz geri.
Şah qılıncı atdı yerə,
Bu da ölüm demək idi,
Toplumları diz qatdadı.
Bu da ölüm demək idi.
Ölü fillər qaya-qaya,
Gəlməz dilə, gəlməz saya.
Qan dönübdür axar çaya,
Bu da ölüm demək idi.
Hindel şahın beli bükük,
Paltarları sökük-sökük,
Yan-yörəsi qırıq, tökük,
Bu da ölüm demək idi.
Hindel şahı qurcalanır,
Qıvrılaraq sancılanır.
Könlü-başı parçalanır,
Bu da ölüm demək idi.
Gecə düşdü, soyuq gecə,
Gecə dinc-dinc düşünməkdir,
Bacar dedi Qızçiçəyə:
– Gecə dinc-dinc düşünməkdir.
Bacar döndü bal istəyə,
Dil-dodağa, söz dilçəyə,
İstək sap-sap Qızçiçəyə,
Gecə dinc-dinc düşünməkdir.
Ağ ulduzlar alışdılar,
Həsrətlilər tapışdılar,
Küsülülər barışdılar,
Gecə dinc-dinc düşünməkdir.
Sevgi, sevinc pıçıldadı,
Bal dodaqlar marçıldadı,
Əl, bel, boyun xırçıldadı,
Gecə dinc-dinc düşünməkdir.
– Qızçiçəyim, qurtulqapım,
Dirrik düzlük götürməyir,
Kim düz oldu düzdə qalır,
Dirrik düzlük götürməyir.
Mən inandım çoxlarına,
Yalanların yoxlarına,
Yandım keçmiş çağlarıma,
Dirrik düzlük götürməyir.
Bu dirrikdən bezəcəksən,
Öz-özündən küsəcəksən,
İlk yurdunu gəzəcəksən,
Dirrik düzlük götürməyir.
O Qaraşı, o Mehcəsi,
O, qaplanı, bu sərçəsi,
Yumaq-yumaq düyünçəsi
Dirrik düzlük götürməyir.
– Düzlük dedin, düzlük hanı,
Adı vardır, özü yoxdur.
Mən gəldim ki, düzlük görüm,
Adı vardır, özü yoxdur.
Alt yer özü özgə diyar,
Düzü, çölü cadar-cadar,
Düzlük dedin, ərim Bacar,
Adı vardır, özü yoxdur.
Mən, sən deyib yol gəlmişəm,
Sevgi deyib sevilmişəm,
Təkcə səni düz bilmişəm,
Adı vardır, özü yoxdur.
Sən incimə məndən, ərim,
Dağları var bu dağ yerin,
Gəldim onun üzün görüm,
Adı vardır, özü yoxdur.
– Bilə-bilə niyə gəldin,
Yerə vurar pis yer səni.
Tanrıların qarğışıdır,
Yerə vurar pis yer səni.
Mənlə yüz il çalışarsan,
Eli yurd-yurd dolaşarsan,
Vuruşarsan, dalaşarsan,
Yerə vurar pis yer səni.
Öz yer-yurdun, tanrılığın,
Yeddi bacı yarılığın,
Üzü dönüb ayrılığın.
Yerə vurar pis yer səni.
Öz sevginlə öyündün sən,
Toxumalar geyindin sən.
Bu yerləri bəyəndin sən,
Yerə vurar pis yer səni.
– Orda yer var, özün yoxsan,
Özlük varsa, dirrik də var.
Özlüyümü səndə tapdım,
Özlük varsa dirrik də var.
– Orda sanki uyğu idim,
Kal düşüncə, duyğu idim,
Sanki şirin yuxu idim.
Özlük varsa dirrik də var.
Mən sənləşdim səni görcək,
Çiçək açdım dilək-dilək.
Dönüb oldum mən Qızçiçək,
Özlük varsa dirrik də var.
Sevgi necə dadlı olur,
Yanğıları odlu olur.
Ev-eşikli, yurdlu olur.
Özlük varsa dirrik də var.
Keçmişləri qoydum yerin altında,
Gələcəklər keçmişlərdən yoğrulur.
Gələcəyi girov qoydum sevgimə.
Gələcəklər keçmişlərdən yoğrulur.
Yaranışı qana çəkən sevgidir,
Adam yeyən, adam əkən sevgidir,
Yeri-göyü yurd-yurd tikən sevgidir,
Gələcəklər keçmişlərdən yoğrulur.
Göylər məndən indi uzaq durubdur,
Yer önümdə uçurumlar qurubdur.
Sevgi məni qızıl oxla vurubdur,
Gələcəklər keçmişlərdən yoğrulur.
Anam sevgi, dədəm tanrı işığı,
Açılmayır qaşlarımın çatığı,
Qızçiçəyəm, Yer Altının atığı,
Gələcəklər keçmişlərdən yoğrulur.
Tanrı bizi yaradıbdır sevgidən,
Sevgi uşaq, biz oyuncaq kimiyik.
Keçə min il, o yaşayır, yaşadır,
Sevgi uşaq, biz oyuncaq kimiyik.
O, tanrıdır, tanrıdan da arıdır,
Körpələrin gözü kimi durudur.
Tanrılıqla sevgi düz tən yarıdır,
Sevgi uşaq, biz oyuncaq kimiyik.
İki gözün işığından yoğrulur,
Göz yaşında çimə-çimə doğulur.
Bir-birinə yetişəndə dağılır.
Sevgi uşaq, biz oyuncaq kimiyik.
O aparır bizi tanrı yanına,
O boyayır bizi könül qanına.
Tanrı deyil, tanrı kimi tanınar,
Sevgi uşaq, biz oyuncaq kimiyik.
Bacar ölməz, qılınc batmaz bir ərdir,
Ölməzlərin ağır olur sonluğu.
Dirrik sapı Qızçiçəyin əlində,
Ölməzlərin ağır olur sonluğu.
Uçarlığı anasından qalandır,
Dəniz kimi boşalandır, dolandır,
Qarşısında çox güclülər yalandır,
Ölməzlərin ağır olur sonluğu.
Toplumu yox arxasını qoruya,
Əli çatmır bir buğdaya, darıya,
Yaşayışı çatıb artıq yarıya,
Ölməzlərin ağır olur sonluğu.
İlki, sonu Qızçiçəkdir yardımı,
Onsuz atmaz heç bir yerə addımı,
Sevir deyən bu sarsılmaz qadını,
Ölməzlərin ağır olur sonluğu.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-hindelle-doyus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil