Başı qarlı sıra dağlar
Nə ucadır, nə qorxulu.
Qayalarda quş yuvası
Nə ucadır, nə qorxulu.

Qıjıldayıb çaylar keçir,
Boz buludlar pərçim-pərçim.
Qapqaranlıq meşə içi
Nə ucadır, nə qorxulu.

Göydə quşlar enli, iri,
Qartal udur diri-diri,
Kölgələri örtür yeri,
Nə ucadır, nə qorxulu.


– Doğdum, bunlar dağdı, nədi,
Bu boyda quş görməmişəm.
Hər qanadı boylu ağac
Bu boyda quş görməmişəm.

Kəl ovuna çıxdıq, ancaq
Quşlar bizi ovlayacaq,
Əyri dimdik, dəmir caynaq,
Bu boyda quş görməmişəm.

Bəs eləyər bizə biri,
Qoyun udur diri-diri,
Quş görmüşəm kəldən iri,
Bu boyda quş görməmişəm.


– Gücər, bunlar dilbiləndir,
Gündüz quşdur, gecə adam.
Min illərdir bu yerlərdə
Gündüz quşdur, gecə adam.

Çay daşıdır darıları,
Lüt qayalıq Tanrıları,
Qaraları, sarıları
Gündüz quşdur, gecə adam.

Bizdən neçə qız qapıblar,
Oba yıxıb, ev çapıblar,
O qızları dul tapıblar
Gündüz quşdur, gecə adam.


Nə güclüsən, Görgör baba,
Qapalısan, dolambacsan.
Döşün dolu, daşın susqun,
Qapalısan, dolambacsan.

Sözlü qalıb çayın, gölün,
Açılmayıb hələ dilin,
Dağın, daşın, suyun, yelin,
Qapalısan, dolambacsan.

Quşlarından qanad qapım,
Ocağında dinclik tapım,
Buludunu minib çapım,
Qapalısan, dolambacsan.


– Hara uçub gedirsiniz,
Yer sonevdir quşlara da.
Enin, gəlin döşləşməyə
Yer sonevdir quşlara da.

Ucalıqlar sizə qalsın,
Yer-yurdunuz geniş olsun,
Bulud keçsin, çən yarılsın,
Yer sonevdir quşlara da.

Mənə bir cüt qanad verin,
Uçum sizlə sizdən bəri,
Görüm harda qalıb yerim,
Yer sonevdir quşlara da.


– Doğmalarım görünürmü,
Adam dili bilən quşlar?
Yoldadırlar yoxsa darda,
Adam dili bilən quşlar?

Qanad çalın, gəlib keçin,
Yolda tükü tükdən seçin,
Qayalıqdan uçun, keçin
Adam dili bilən quşlar.

Biri doğdu, biri bığlı,
Dallarında körpə bağlı
Onlar üçün könlüm dağlı,
Adam dili bilən quşlar.


– Adam yeyən qanadlıyam,
Gündüz quşam, gecə adam.
Yırtıb yedim çox ovçunu,
Gündüz quşam, gecə adam.

Parçalaram ikinizi,
Yuxanızı, bərkinizi,
Dağıdaram tükünüzü,
Gündüz quşam, gecə adam.

Gəmirərəm qayanı da,
Əlindəki payanı da,
O yanı da, bu yanı da
Gündüz quşam, gecə adam.


Ovçu vurdu payasını
Enən quşun gövdəsinə.
İti paya yara atdı
Enən quşun gövdəsinə.

O yıxıldı, yenə durdu,
Çəngələşmə quşu yordu,
Bir də çəkdi, bir də vurdu
Enən quşun gövdəsinə.

Quşun döşü dərin yara,
O çırpıldı qayalara,
Qalxıb mindi o bu ara
Enən quşun gövdəsinə.


O görmədi başqa quşu,
Quş şığıyıb aldı onu.
Qanadıyla vurdu yıxdı.
Quş şığıyıb aldı onu.

Boz buludlar paralandı,
Gücər aşdı yaralandı,
Doğdu qaçıb aralandı,
Quş şığıyıb aldı onu.

Ovçu ovun caynağında,
Qanlı ölüm ayağında,
Son sözləri dodağında
Quş şığıyıb aldı onu.


– Üzuyolam, quş olaram,
Qayıdaram yuvamıza.
Səni burda tək qoymaram,
Qayıdaram yuvamıza.

Ölsəm, quşa yem olaram,
Qalsam, burda yurd salaram,
Son günümdən gün alaram,
Qayıdaram yuvamıza.

Balamızı doğub böyüt,
Südün dadlı, sözün öyüd,
De, gözləsin məni iyid,
Qayıdaram yuvamıza.


Quş baş vurdu buludlara,
– Nə deyirdin ovçu oğlan?
Dartışdırdı, sıxışdırdı,
– Nə deyirdin, ovçu oğlan?

– Quş olsam da dil bilənəm,
Çağırsalar, mən gələnəm,
Öl desələr, mən ölənəm,
Nə deyirdin ovçu oğlan?

Hər adamın bir olmuşu,
Yerimizdən qovulmuşuq,
Gəzə-gəzə quş olmuşuq,
Nə deyirdin ovçu oğlan?


Öldürdüyün o quş ki var,
O quşların başçısıydı,
Bizi didib dağıdırdı,
O quşların başçısıydı.

Caynağında qaya gücü,
Dimdiyinin iti ucu,
Gözü qızğın, dili acı,
O quşların başçısıydı.

Nə yaxşı ki, onu vurdun,
Vurub qaya döşün yardın,
Ölümünü gendən gördüm,
O quşların başçısıydı.


İnnən belə mən arxanam,
Sənsən mənim başbilənim.
Nə istəsən eləyərəm,
Sənsən mənim başbılənim.

Hara getsəm, harda olsam,
Hansı yerdə yuva salsam,
Dara düşsəm, darda qalsam,
Sənsən mənim başbilənim.

Yuvam sənə yuva olsun,
Döşün arxam, qayam olsun,
Sözün mənə hayan olsun,
Sənsən mənim başbilənim.


Ovçu oğlan inanmadı,
Bu, quş ola, yoxsa adam.
Ha qışqırdı, ha vurnuxdu,
Bu, quş ola, yoxsa adam.

Quş az getdi, quş çox getdi,
Yerdəkilər gözdən itdi,
Buludları dəlib ötdü
Bu, quş ola, yoxsa adam.

Çaylar qıvrım, yollar yorğun,
Ağ buludlar səpik, dalğın,
Uçub keçdi neçə dağı,
Bu, quş ola, yoxsa adam.


Doğdu yerdən haraylandı,
– Quşlar, bizi ayırmayın,
Biz bir yerdə iki yoluq,
Quşlar, bizi ayırmayın.

Yollar onu atıb, tutub,
İçimizə istək qatıb,
Mənə çağa yükü çatıb,
Quşlar bizi ayırmayın,

O, ərimdir, iyid, ərən,
O olmasa neynəyərəm,
Yanıb-yanıb göynəyərəm,
Quşlar bizi ayırmayın.


– Gözlə, gözlə, ayrılanım
Könül vermə ayrılığa.
Dözərliyə bir sınaq ol,
Könül vermə ayrılığa.

Dediyinə uyma onun,
Toy tutsa da sayma onu,
Yaxınına qoyma onu
Könül vermə ayrılığa.

Sarısını üzündə gör,
Ölümünü dözümdə gör,
Üstünlüyü özündə gör,
Könül vermə ayrılığa.


– Məni gözlə, gələcəyəm,
Hər gedişin gəlişi var.
Ötsə min il getməyimdən,
Hər gedişin gəlişi var.

– Ovçu, qalma burda qışa,
Yoxsa dəyər oxun daşa,
O qız duldur ölən quşa,
Hər gedişin gəlişi var.

– İnanmaram sənə, qancıl,
Burax məni əl-qol açım,
Belə demə acı-acı,
Hər gedişin gəlişi var.


Söz çatmadı Qayaquşa
Caynağında yem apardı.
Qaplan kimi nərildədi,
Caynağında yem apardı.

Hər yarğanın dibi yuva,
Yad quşları qova-qova
Ovçunu döndərdi ova,
Caynağında yem apardı.

"Bu quş görən hara qonar,
Məni çəkər qızıl qana",
Yox, dəymədi ovçu ona,
Caynağında yem apardı.


Zil qaranlıq gecə düşdü,
Quş çevrilib bir qız oldu.
Ulduzların işığında,
Quş çevrilib bir qız oldu.

Beli incə, boyu uca
Bu nə işdir, nə oyuncaq,
Gözgörəki bir tapmaca,
Quş çevrilib bir qız oldu.

Tük qalmışdı quş belində
Pipiyində, kəkilində.
Danışırdı öz dilində
Quş çevrilib bir qız oldu.


– Ey qanadı qayalarca,
Sən hayana hara belə?
Gəldim ovda ova döndüm,
Sən haraya hara belə?

Bu dağların qanadı mən,
Qayaqanad inadı mən,
Zirvələrin Qaf adı mən,
Sən haraya hara belə?

Burda quşdur hamı bizdə,
Dağlar bizim kölgəmizdə,
Gəlib keçib ölkəmizdən
Sən haraya hara belə?


– Mən Güneydən yol gəlirəm,
Öz dillimi axtarıram.
Düzən, meşə, dağ yolunda,
Öz dillimi axtarıram.

Üstlərində dəri geyim,
Bir az teztov, bir az yeyin,
Barmaq sayda, ta nə deyim,
Öz dillimi axtarıram.

Bu dağların yolu dardır,
Ucalıqlar buzdur, qardır,
Hələ çox-çox yolum vardır,
Öz dillimi axtarıram.


– Biz də doğma itirmişik,
Min ildir ki, axtarırıq.
Belimizdə tük göyərib,
Min ildir ki, axtarırıq.

Yelçəkəndən, yeləsənə,
Su qızandan buz kəsənə,
Yol düzünə, yol tərsinə
Min ildir ki, axtarırıq.

Qanad aldıq qartallardan,
Uçar olduq sərt yallarda,
Dik yollarda, düz yollarda
Min ildir ki, axtarırıq,


– Qancılımız adamlaradır,
Bizdən qorxub qaçır onlar.
Doğduları gözəl-göyçək,
Bizdən qorxub qaçır onlar.

Daş atırlar, ov vururlar,
İlişgənli ip qururlar,
Usanırlar, yorulurlar,
Bizdən qorxub qaçır onlar.

Adamıydıq, quşlaşmışıq,
Daşa qonub daşlaşmışıq,
Adamlarla tuşlaşmışıq,
Bizdən qorxub qaçır onlar.


– Gedək mənlə, adamcıl quş,
Tapaq itkin doğmaları.
Mənimkilər, səninkilər,
Tapaq itkin doğmaları.

Mən də dönüb bir quş olum,
Qanadlansın qoşa qolum,
Araşdıraq yalı-yolu,
Tapaq tkin doğmaları.

Qolumdan tut quş qardaşım,
Biz üz tutaq yelə qarşı,
Gedək, gəzək cüt-yanaşı,
Tapaq tkin doğmaları.


Daşlar qopub zirvələrdən,
Qanadlanıb uçar olub.
Dilək, istək, qoşa bacı,
Qanadlanıb uçar olub.

Bir az sevgi, bir az duyğu,
Bir az danlaq, bir az qayğı,
Olub qartal, çalı, qırğı,
Qanadlanıb uçar olub.

O ürəkdir, göydə uçar,
O uyğudur, qanad açar,
Düşəncədə uçarlıq var,
Qanadlanıb uçar olub.


– Qurd döşünü əmmişəm mən,
Süd dirriyin anasıdır.
Döşüm vurumbatmaz, olub,
Süd dirriyin anasıdır.

Məni doğan ana ölüb,
Bir qurd mənə ana olub,
Gücüm ondan dözüm alıb,
Süd dirriyin anasıdır.

Dartımlarım qatdam-qatdam,
Qollarımda dəri xalta,
Məni tutmur biçaq, balta,
Süd dirriyin anasıdır.


Qurd dərisi oxbatmazdır,
Dəmirdözdü qurd dərisi:
Mən də ondan guç almışam,
Dəmirdözdü qurd dərisi.

Həm yüngüldur, həm də isti,
Sudan oynaq, oddan iti,
Yaralanmır dərim, ətim,
Dəmirdözdü qurd dərisi.

Vurumları ötürür o,
Güc, qorxmazlıq gətirir o,
Hər çəkimi götürür o,
Dəmirdözdü qurd dərisi.


Üç ay qaldı zirvələrdə,
Lələklənər burda daş da.
Qol yelləndi, qanad açdı,
Lələklənər burda daş da.

Daşlar boylan-boylan baxır,
Yerə yol yox, göyə cığır,
Göydən bura ulduz yağır,
Lələklənər burda daş da.

Haradadır Qayaquşum,
Quş boyuna mahnı qoşum,
Adam kimi gözü-qaşı,
Lələklənər burda daş da.


– Gözəl, məni yerə endir,
Sevgi səndən, sevmək məndən,
Gedək tapaq doğmamızı,
Sevgi səndən, sevmək məndən.

Gündüz quşsan gecə qadın,
Heç bilmirəm nədir, adın,
Uçaq, gedək burdan, haydı,
Sevgi səndən, sevmək məndən.

Gəl, bağlaşaq, biz and içək,
Birgə uçub bir yol keçək,
Yeri alın yolu seçək,
Sevgi səndən, sevmək məndən.


Uzaq yollar yol göstərdi,
Qayaquşa yolyorana,
Qalan quşlar baş əydilər
Qayaquşa, yolyorana.

Quş onu tərkinə aldı,
Dağlar üstən qanad çaldı,
Göllər, çaylar güzgü oldu,
Qayaquşa, yolyorana.

Oba, meşə, dağ, uçurum,
Cığır yollar burum-burum,
Bulud dedi, bəsdir, durun
Qayaquşa, yolyorana.


Çox getdilər, az getdilər,
Göydə, yerdə bağlaşanlar.
Dolaq yolu düz keçdilər
Göydə, yerdə bağlaşanlar.

Bir yol qanad gərmədilər,
Hər obaya girmədilər,
Bir tərpəniş görmədilər
Göydə, yerdə bağlaşanlar.

Üşüdülər ayazlardan,
Yaz qışlarda, qış yazlarda,
Dənizləşən axmazlarda,
Göydə, yerdə bağlaşanlar.


Yumaq bulud, çəkil yoldan,
Gözü yolda qalanım var.
Ulu Tanrı, yardım elə
Gözü yolda qalanım var.

Qayaquşum, uç, yorulma,
Gündən isti, al, qovrulma,
Məndən daha sən ayrılma,
Gözü yolda qalanım var.

Ucalıqlar əlçatmazdır,
Quşqonmaz yer daştutmazdır,
Gedək, əynim oxbatmazdır,
Gözü yolda qalanım var.


– Bərk-bərk otur qu tərkimdə,
Bərkə çəkib bizi yollar.
Yorulmayaq dağda-daşda
Bərkə çəkib bizi yollar.

Uçaq, bir də yorulmayaq,
Buza dönüb qırılmayaq,
Yerə-göyə sovrulmayaq,
Bərkə çəkib bizi yollar.

Biz taparıq itənləri,
Baş götürüb gedənləri,
Bu yollardan ötənləri,
Bərkə çəkib bizi yollar.


– Uç Qayaquş, qadan mənə,
Mən yorulsam, sən yorulma.
Məni çatdır itginlərə
Mən yorulsam, sən yorulma.

Dən götürüm, su götürum,
Göydə sənə yem yetirim,
Qu belində ot bitirim,
Mən yorulsam, sən yorulma.

Keç gölləri, keç çayları,
Burum-burum dolayları,
Ötüb getsin qış ayları,
Mən yorulsam, sən yorulma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets