– Yol üstündə duran gözəl,
Ovumu qaytar bu yana.
Yaralıyam, qanım axır,
Ovumu qaytar bu yana.

Ucarsudan az aralı
Vurmuşam erkək maralı,
O yaralı, mən yaralı,
Ovumu qaytar bu yana.

Apararam, sevinərlər,
Ocaq çatıb öyünərlər,
Boş qayıtsam deyinərlər,
Ovumu qaytar bu yana.


– Qurd dərisi geyən oğlan,
Üzünü döndər bu yana.
Sən də mənim ovum oldun,
Üzünü döndər bu yana.

Qoşul mənə ov ərəni,
Aparım doydurum səni.
Ovun mənim, özün mənim,
Üzünü döndər bu yana.

Hər yaranı sağaldaram,
Sancısını yoxaldaram,
Doğub səni çoxaldaram,
Üzünü döndər bu yana.


Ovçu çoxlu qan itirdi,
Dirrik nədir, qızıl qandır.
O yıxılıb heysiz qaldı,
Dirrik nədir, qızıl qandır.

O, kim idi, nəçi idi,
Qonşu elin gənci idi,
Bir keyəlmiş sancı idi,
Dirrik nədir, qızıl qandır.

Gözəl, əl tut, qanı saxla,
Yarasını yandır, dağla,
Tanıq otla sarı, bağla,
Dirrik nədir, qızıl qandır.


Üç il qaldı qayalıqda,
Qurd dərisi geyən oğlan.
Yuvalandı, obalandı,
Qurd dərisi geyən oğlan.

Qızı oldu, sevinmədi,
Oğlu oldu, öyünmədi,
Duruqızı bəyənmədi
Qurd dərisi geyən oğlan.

"Qayıt" dedi könlü ona,
Yada düşdü ata, ana,
Qaldı belə yana-yana
Qurd dərisi geyən oğlan.


Çəkimində kövrək uduq
Doğma yerlər, doğma ellər.
Hopar gözüm bəbəyinə
Doğma yerlər, doğma ellər.

İtkinlikdə tapıntıdır,
İçdən qopan çırpıntıdır,
Göz yaşıdır, yağıntıdır
Doğma yerlər, doğma ellər.

Yaxın dursan obalaşar,
Uzaq düşsən, doğmalaşar,
Gözlərində qorqalaşar
Doğma yerlər, doğma ellər.


– Mənim yerim-yurdum durur
O dağdan azca o yana.
Çayı, gölü, isti suyu,
Odağdan azca o yana.

Ağacları barlı-dolu,
Diklərinin yaşıl yalı,
Gedim ora kəsi olum,
O dağdan azca o yana.

Otu südlü, gölü dərin,
Yaylaqları sulu, sərin,
Adamları diri-diri,
O dağdan azca o yana.


– Ay dağlardan o yanlarım,
Məni anın, unutmayın.
Atam, anam, bacılarım,
Məni anın, unutmayın.

Ay bulaqlar, ay yamaclar,
Qaqqıldaşan çil turaclar,
Dağ gövdəli göy ağaclar,
Məni anın, unutmayın.

Külək, çap get çapa-çapa,
Göz yaşımı götür apar,
Göyərçinim, quşum, çolpam,
Məni anın, unutmayın.


– Burda sərtdir qayalıqlar,
Qaya kimi sərt ol, ərim,
Hər bir qaya bir gəmidir,
Qaya kimi sərt ol, ərim.

Çıx zirvəyə, bax dənizə,
Durub su dağla üz-üzə,
Tanrı bunu verib bizə,
Qaya kimi sərt ol, ərim.

Get gəmiylə balıq ovla,
Dalğaları yar, qır, tovla,
Üzüntünü uzaq qovla,
Qaya kimi sərt ol, ərim.


– Mən yal-yamac vurğunuyam,
Su çölüdür duzlu dəniz,
Hanı meşə göz oxşasın,
Su çölüdür duzlu dəniz.

Gülüm, sular məni yordu,
Sərt qayalar yıxdı, qırdı,
Hanı mənim yaşıl yurdum,
Su çölüdür duzlu dəniz.

Harda qaldı o oymaqlar,
Diş donduran buz bulaqlar,
At çapdığım göy oylaqlar,
Su çölüdür duzlu dəniz.


– O yerlərdən gələn ərim,
Sən ağlama, mən ağlayım.
Niyə könlün toxdamadı,
Sən ağlama, mən ağlayım.

Bu yerlərə uyuşmadın,
Öz evinə qovuşmadın,
Bura sənə yapışmadı,
Sən ağlama, mən ağlayım.

Getmə, Qobu sənsiz qalar,
Getsən üzüm-gözüm solar,
Mən yanında ola-ola
Sən ağlama, mən ağlayım.


Gücər qaldı çırpım-çırpım
İki yolun ayrıcında.
Hey danışdı öz-özüylə,
İki yolun ayrıcında.

Gecə ayıq, gündüz sayıq
Doğmalara üzü soyuq,
Ürək oldu ovuq-ovuq
İki yolun ayrıcında.

Mən doğmayam, yoxsa atıq,
Çağırmaqdan səsim batıq,
Dözmək olmur bundan artıq
İki yolun ayrıcında.


Gördüklərin çəkir səni
Hər görümün çəkimi var.
Günün, Ayın, Yerin, yurdun,
Hər görümün çəkimi var.

Biri dağdır, biri bulaq,
Yadda qalan yaşıl oylaq,
Bir cüt baxış, bir cüt dodaq
Hər görümün çəkimi var.

Çəkir səs də, dil də, üz də,
Bəyəndiyin incə söz də,
Qonur istək gözə gözdən
Hər görümün çəkimi var.


Çox yalvardı Duru ona
Gedərini söz saxlamaz.
Getmə, dedi, ovçu ərim,
Gedərini söz saxlamaz.

Çox gedənlər qayıtmayıb,
Göz yaşını qurutmayıb,
Heç bir işə yarıtmayıb,
Gedərini söz saxlamaz.

Getmə, ağlar uşaqların,
Yanar Qobu torpaqları,
Yaxın qoyma uzaqları
Gedərini söz saxlamaz.


Yolun təkcə bir dili var.
Yola çıxdın dala baxma.
Yolu dindir, dilini bil,
Yola çıxdın dala baxma.

Dayanarsan, yol uzanar,
Sinəsindən toz qovzanar,
Dal çevirər yolazana,
Yola çıxdın dala baxma.

Yol dirriyi öyrənməkdir,
Yerə-göyə dirənməkdir,
Yollaşmaqdır, törənməkdir
Yola çıxdın dala baxma.


Yola düşdü qıvraq, iti,
İp cığırlar yola döndü.
Dağ boylandı, qaya busdu,
İp cığırlar yola döndü.

Açdı yollar düyünunü
Çöl mehini, dağ çənini,
O göstərdi düz yönünü.
İp cığırlar yola döndü.

Gücər gücü yola verdi,
Cığırlardan sap əyirdi,
Neçə-neçə oba gördü
İp cığırlar yola döndü.


Yola düşdü, qanadlandı,
"- Ata, ana, bacı, qardaş".
Qulağına bir səs gəldi,
"Ata, ana. bacı qardaş.,."

Gəldi gördü yurdu itib;
Yerində ot, tikan bitib,
Baş götürüb burdan gedib
Ata, ana, bacı, qardaş!

Necə oldu yurdun yeri,
Sizi bir də necə görum,
Hardasınız bir səs verin,
Ata, ana, bacı, qardaş!


Səs gəlmədi dağdan, daşdan,
Meşə susdu, tala susdu.
Çox soruşdu, soraqlaşdı,
Meşə susdu, tala susdu.

Gəzdi eli diyar-diyar,
Danışmadı uçar, çapar,
Dilsiz qaldı uzaq yollar
Meşə susdu, tala susdu.

"Doğmalarım mənim harda,
Ovdadırlar, yoxsa darda,
Dilə gəlin dilsiz yollar"
Meşə susdu, tala susdu.


– Dilibirim, sözübirim,
Burdan gəlib kimlər keçib?
Mən gəzirəm itginləri,
Burdan gəlib kimlər keçib.

Burda hər yer göl-battaqdır,
Göz gördükçə göy otlaqdır,
Bizdən sizə kim qonaqdır,
Burdan gəlib kimlər keçib?

Yağışında ipək yatım,
Sisi seyrək, çəni qatı,
Bir dilə gəl el-elatım,
Burdan gəlib kimlər keçib?


Gücər döndü evə gəldi,
Hərənin bir yolu vardır.
– Bağışlayın balalarım,
Hərənin bir yolu vardır.

Sil gözünü gül sevgilim,
Qobuyerin qız gözəli,
Bu nə işdir, mən nə bilim,
Hərənin bir yolu vardır.

Duman ollam, bulud ollam,
Sürünərəm yolla, yalla,
Dönüb gəlləm mən bu yolla,
Hərənin bir yolu vardır.


– Balalarım,-Turum, Baxım,
Ata gərək yolda olsun.
Siz böyüyün, yola çıxın,
Ata gərək yolda olsun.

Yollar dolaşdı boynuma,
Baş vuraram dörd bir yana,
Hardasınız, ata, ana,
Ata gərək yolda olsun.

Qayıtmasam, məni tapın,
Soraq alın qapı-qapı,
Atla, itlə, qurdla çapın
Ata gərək yolda olsun.


– Mənim yerim yelçəkəndir,
Yelçəkənin suyu isti.
Burda sular diştökəndir,
Yelçəkənin suyu isti.

Mənim yerim oymaqlaradı,
Yaşıl-yaşıl oylaqlardır,
Gül-çiçəkli torpaqlardır,
Yelçəkənin suyu isti.

O dağların başı iti,
Buludlara girib, itib,
Salxım buzlar daşda bitib,
Yelçəkənin suyu isti.


Qurd dərisi oxbatmazdır,
Dəmirdözdür qurd dərisi.
Gücər ondan güc almışdı,
Dəmirdözdür qurd dərisi.

Həm burdayam, həm də itkin,
Həm yaşlıyam, həm də yetkin,
Bircə sizə çatır ərkim,
Dəmirdözdür qurd dərisi.

Vurumları ötürəcək,
Güc, qorxmazlıq gətirəcək,
Hər çəkimi götürəcək,
Dəmirdözdür qurd dərisi.


Qurd döşünu əmmişəm mən,
Süd dirriyin anasıdır.
Döşüm vurumbatmaz olub
Süd dirriyin anasıdır.

Məni doğan ana ölüb
Mənə bir qurd ana olub,
Qolum qurtdan güc-hey alıb,
Süd dirriyin anasıdır.

Dartımlarım qatdam-qatdam,
Hər bir yanım dəri xalta,
Məni tutmur bıçaq, balta,
Süd dirriyin anasıdır.


Yollar yordu, çarıq yırtdı,
Qurd dərisi geyən oğlan.
Gəlib çıxdı dağ yerinə
Qurd dərisi geyən oğlan.

Doğduları göyçək gördü.
Bığlıları kövrək gördü,
Çağaları seyrək gördü
Qurd dərisi geyən oğlan.

Gözləmədi, düz atdadı,
Önlərində diz qatdadı,
Boğazını arıtdadı
Qurd dərisi geyən oğlan.


– Ovuq-ovuq qayalarım,
Mənimkilər hayandadır?
Qazıq-qazma obalarım,
Mənimkilər hayandadır?

Üstlərində dəri geyim,
Bir az teztov, bir az yeyin,
Görübsünüz mənə deyin,
Mənimkilər hayandadır?

**Qadın
Yorub məni uzaq yollar,
Sıx meşələr, uca yallar,
Əl yetirin, ay oğullar.
Mənimkilər hayandadır?


– Burdan gəlib keçən çoxdur,
Qal bizimlə yorğun ovçu.
Üzulürsən ayaq üstə
Qal bizimlə yorğun ovçu.

Bu yerlərin gül bitimi,
Üz oxşayan yel ötümü,
Bal havası, su qurtumu,
Qal bizimlə yorğun ovçu.

Doğmaların tapılınca,
Doğma olluq sənə bunca.
Dincələrsən lap doyunca,
Qal bizimlə yorğun ovçu.


Yorğun ovçu diz qatdadı,
Baş söykədi qayalığa.
Ürəyindən bir ah qopdu,
Baş söykədi qayalığa.

Qurşağını beldən açdı.
Payasını yerə sancdı,
Həm yorğundu, həm də acdı,
Baş söykədi qayalığa.

Bir qız gəldi yüngülayaq,
Pöhrədodaq, almayanaq,
Diz qatdadı ovçusayaq
Baş söykədi qayalığa.


– Gözəl, baxma üst-başıma,
Dəmirdözdü qurd dərisi.
Bu geyimdən güc alıram,
Dəmirdözdü qurd dərisi.

Həm yüngüldür, həm də isti,
Sudan sərin, oddan iti,
Yaralanmır dərim, ətim
Dəmirdözdü qurd dərisi.

Vurumları ötürəcək.
Güc, qorxmazlıq gətirəcək,
Hər çəkimi götürəcək,
Dəmirdözdü qurd dərisi.


Qurd döşünü əmmişəm mən,
Süd dirriyin anasıdır.
Döşüm vurumbatmaz olub
Süd dirriyin anasıdır.

Balaları lapdan ölüb,
Gəlib mənə ana olub,
Qolum qurtdan güc-hey alıb
Süd dirriyin anasıdır.

Dartımlarım qatdam-qatdam,
Qollarımda dəri xalta.
Məni tutmur bıçaq, balta
Süd dirriyin anasıdır.


– Söylə, kimsən, kimlərdənsən
Məni yoldan qoyan gözəl.
Üzüyola, başaşağı,
Məni yoldan qoyan gözəl.

Bir az küsgün, bir az solğun,
Sözü ipək, dili çılğın,
Baxış quzu, gözü dalğın
Məni yoldan qoyan gözəl.

Gəl bir yerdə yola çıxaq,
Bu dağlardan uzaqlaşaq,
Sən bir çiçək, mən bir bulaq
Məni yoldan qoyan gözəl.


– Mən bir qızam, güclü, göyçək
Ancaq üzüm gülməmişdir.
Atam, anam olub, nəsə
Ancaq üzüm gülməmişdir.

Quş ovunda başbilənəm,
Öz ovumu dörd bölənəm,
Öl desələr mən ölənəm
Ancaq üzüm gülməmişdir.

Bu yaz günü səni gördüm
İsinmişdim, könül verdim,
Kölgən mənə qanad gərdi
Ancaq üzüm gülməmişdir.


– Ay tutqunum, ay solğunum,
Mənim kimi dalqın olma.
Mən də səni istəyirəm
Mənim kimi dalğın olma.

Çıxaq çayın o tayına,
Qarışaq qurd-quş hayına.
Baxım o bəstə boyuna,
Mənim kimi dalğın olma.

Bəyənmişəm qulluğunu,
Hər qayğını, qılığını,
Yama mənim sınığımı,
Mənim kimi dalğın olma.


Qışı qaldı bu yerlərdə,
Doğdu ona doğmalaşdı.
Ürəyini açdı ona,
Doğdu ona doğmalaşdı.

Çox danışdı hərdən-birdən,
Orda qalan o yerlərdən.
Gülüşdülər onlar hərdən,
Doğdu ona doğmalaşdı.

İsinişdi qayğılara,
Qartallara, qırğılara.
Sorğu oldu sorğulara,
Doğdu ona doğmalaşdı.


İki könlü bir eyləyir,
Hərdən-birdən isinişmək.
Sevgidən də güclü olur,
Hərdən-birdən isinişmək.

Sevgi odsa, o, işıqdır,
Ondan, bundan qarışıqdır.
Evdə, çöldə yaraşıqdır,
Hərdən-birdən isinişmək.

İsinişdi, gözəl olur,
İlk sevgiyə özəl olur.
Hərdən yaşı yüz il olur,
Hərdən-birdən isinişmək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets