Alçiçək-Samdi söylənci
Hindel şaha soraq çatdı gizlicə,
Girəvədə acıqandan öc al sən.
Turq KörfəzdəAfo ilə görüşür,
Girəvədə acıqandan öc al sən.
Uğurelə yola saldı yaraqlı,
Ərən seçdi, ərən qollu-budaqlı,
Filli, atlı, atsız, iti ayaqlı,
Girəvədə acıqandan öc al sən.
Dedi: – Samdi, Uğureli tutarsan,
Eli qılınc qabağına qatarsan,
Alçiçəyi öldür, gücün çatarsa,
Girəvədə acıqandan öc al sən.
Sən özünü doğruldarsan bu sayaq,
Uğureli qan-qılıncla basaraq,
Qatılacaq bu Hindelə o torpaq,
Girəvədə acıqandan öc al sən.
Samdi dedi: – Şahım, bunu yaxşı bil,
Tuncər məni ovsunladı elə bil,
Bu döyüşdə qırılacaq Tuncərgil,
Girəvədə acıqandan öc al sən.
Şah qızılı çuxasını soyundu,
Verdi ona, Samdi bunca sevindi,
O, gedərkən bu çuxanı geyindi,
Girəvədə acıqandan öc al sən.
Dalda qaldı qalın-qalın meşələr,
Yox, igidlik deyil qanlı öc hələ,
İlk basqını Yaşıldaşlar ovuğu,
Yox, igidlik deyil qanlı öc hələ.
Samdi üç gün onlar ilə vuruşdu,
Qanla qarğış bir-birinə qarışdı,
Son andaca Alçiçəyi soruşdu,
Yox, igidlik deyil qanlı öc hələ.
Dedi:-gedin ona deyin, durmasın,
Qaçsın getsin, çox özünü yormasın,
Turq dalınca ağlaşmalar qurmasın,
Yox, igidlik deyil qanlı öc hələ.
Bu yürüşdən soraq tutdu Alçiçək,
Toplumunu meşəliyə çəkərək,
Dedi, biz də vuruşarıq təkbətək,
Yox, igidlik deyil qanlı öc hələ.
Atlı çapdı Turqa soraq yetirsin,
Onu döyüş yerlərinə gətirsin,
Turq Samdini yol üstündən götürsün,
Yox, igidlik deyil qanlı öc hələ.
Uğurelli busqulara qısılıb,
Hindellilər fildən, otdan asılı,
Sıx meşədə atlı, filli basılıb,
Yox, igidlik deyil qanlı öc hələ.
Oxla bizuc burda yüngül yaraqdır,
Hər yarağın döyüş, vuruş yeri var.
Samdigili bunca oxa tutdular,
Hər yarağın döyüş, vuruş yeri var.
Samdi meşə cığırıyla keçirdi,
Ox onları oraq kimi biçirdi,
Su yerinə ağac al qan içirdi,
Hər yarağın döyüş, vuruş yeri var.
Gedə bilmir at, fil meşə arası,
Nə boydadır atın, filin sağrısı,
Üç gün içrə qırılmışdı yarısı,
Hər yarağın döyüş, vuruş yeri var.
Samdi dedi: – Atı, fili buraxın,
Alın ələ iti, yüngül yarağı,
Yoluz olsun meşələrin qırağı,
Hər yarağın döyüş, vuruş yeri var.
Uğurelli qıvraq tutdu yolları,
Acıqandan sağ qalmışdı yapyarı,
Tutub mindi buraxılmış atları,
Hər yarağın döyüş, vuruş yeri var.
Kəsdi yolu neçə yandan Alçiçək,
Samdi dedi: – Gəl ər kimi görüşək,
Mən aslanam, sənsə rəngli kəpənək,
Hər yarağın döyüş, vuruş yeri var.
Bu toxundu Alçiçəyə nədənsə,
Öyüd nədir, hərdən qılınc olur söz.
Samdi gördü təkqolludur Alçiçək,
Öyüd nədir, hərdən qılınc olur söz.
Alçiçəyin atı yerdən dəbərdi,
Tək qolu var, o da qılınctəhərdir,
Dedi: – Görək kim aslandır, kim ərdir,
Öyüd nədir, hərdən qılınc olur söz.
Qılıncını çəkdi birdən qınından,
Qıvraq keçdi o, Samdinin yanından,
Samdi aşdı, çabaladı qanında,
Öyüd nədir, hərdən qılınc olur söz.
Sonra atdan düşdü, yerə oturdu,
Dedi: – Samdi! Samdi isə yatırdı,
Axşam idi, günəş enib batırdı,
Öyüd nədir, hərdən qılınc olur söz.
Bir ay keçdi, vuruşdular təkbətək,
Bir alıcı qartal imiş “kəpənək”,
Tək qoluyla basar oldu Alçiçək,
Öyüd nədir, hərdən qılınc olur söz.
Dağ döşündə kişnəyəndə Şimşəkat,
Turq çağırdı igidləri adbaad,
Çıxdı onun qabağına el, elat,
Öyüd nədir, hərdən qılınc olur söz.
Şimşəkatın kişnərtisi qorxulu,
Səs səs olsa göyə dəyib qayıdar.
Titrəyərək bulud yerə ələndi,
Səs səs olsa göyə dəyib qayıdar.
Hindellilər dağ döşünə baxdılar,
Göydən gələn səsdən sanki qorxdular,
Təm-tələsik meşəlikdən çıxdılar,
Səs səs olsa göyə dəyib qayıdar.
Qan sıçrağı Alçiçəyin üzündə,
Qoşa damcı yaş parladı gözündə,
Bir basarlıq sevinci var sözündə,
Səs səs olsa göyə dəyib qayıdar.
Dedi: – Doğma, basılmaz Turq sağ olsun,
Onun bunca basarlığı çox olsun,
Hər bir işdə onun üzü ağ olsun,
Səs səs olsa göyə dəyib qayıdar.
Turq baş əydi Alçiçəyə, söylədi,
– Mənim igid Alçiçəyim, elədi,
Qadın evdir, həm döyüşkən lələdi,
Səs səs olsa göyə dəyib qayıdar.
Atdan düşüb Turq baş əydi anaya,
Sonra durdu gözəlliklə yan-yana,
Görən dedi, bir aslandır bu ana,
Səs səs olsa göyə dəyib qayıdar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-alcicek-samdi-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Küsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,
Buzər söylənciBuzər idi başev adı axsaqın,Basar olar kim özünə inansa.
Qurdağız söylənciOn il keçdi, yaşa doldu Qurdağız,Ana südü dib daşıdır körpəyə.
Muğdiyar söylənciƏkbətəndən Buzboğaza bir ay yol,Əl çatmazdır ölkə böyük olanda.