On il keçdi, yaşa doldu Qurdağız,
Ana südü dib daşıdır körpəyə.
Ana qurdun südəməri Qurdağız,
Ana südü dib daşıdır körpəyə.

Uşaq ikən anasıtək uladı,
Anasının ağzın, burnun yaladı,
Ana qulaq, bu da əl-qul salladı,
Ana qurdu mindi, çapdı, yalladı,
Ana südü dib daşıdır körpəyə.

Qurdlar kimi bu da qurdla əyləşdi,
Nərildədi, onlar ilə dilləşdi,
Qurdlar ilə ova çıxdı, əlləşdi,
Böyüdükcə adamlığı bəlləşdi,
Ana südü dib daşıdır körpəyə.

Ulartısı yalda, yolda yayıldı,
Kənd evləri diksinərək ayıldı,
Onu görən qız, gəlinlər bayıldı,
Adam idi, o, Qurdağız sayıldı,
Ana südü dib daşıdır körpəyə.
Qurdağızı sən böyütdün, ana qurd,
Hərdən onu yanlayaraq sən ovut,
Dincliyini itiribdir, elat, yurd,
Ana südü dib daşıdır körpəyə.

Qurd olsa da ağaclara dırmaşır,
İlan kimi gülə, kola sarmaşır,
Çaqqallarla ağızlaşır, qarmaşır,
Ana südü dib daşıdır körpəyə.

Atılırdı dağdan Ayıgölünə,
Ağacdan da boz ayının belinə,
Döş gərirdi qışın qarlı yelinə,
Ana südü dib daşıdır körpəyə.

Çiyni, qolu, boynu, köksü iriydi,
Armud, alma, tut yeməklə diriydi,
Qaldığı yer ana qurdun yeriydi,
Ana südü dib daşıdır körpəyə.

Bir gün Turqun yolu düşdü bu yerdən.
Kənndə biri baxdı ona çəpərdən,
Dedi: – Qardaş, görürəm ki, önərsən,
Bizi qurtar lüm-lüt gəzən bir ərdən,
Ana südü dib daşıdır körpəyə.

– Kimdir - dedi: – Turq, o adam yeyəndir,
Yoxsa durub ana, bacı söyəndir,
Ya dəlidir, onu, bunu döyəndir,
Ya lüt gəzib öz-özünü öyəndir,
Ana südü dib daşıdır körpəyə.

Qoca dedi: – Qurddur, üzdə adamdır,
Çaparlıqda qurd yanında yalandır,
Qız, gəlini qorxutmaqda yamandır,
Ana südü dib daşıdır körpəyə.

Turqər gəzdi onu yolda çaylaqda,
Gördü bir qız su götürür bulaqdan,
Qız çəkinir, qorxur bir az uzaqda,
Durub ona baxan lüm-lüt çılpaqdan,
Ana südü dib daşıdır körpəyə.

– Adamdır o, adı qalıb Qurdağız,
Qurdlar ilə gəzir çöldə o yalnız,
Ulayaraq qalıb yurdsuz, yuvasız,
Ana südü dib daşıdır körpəyə.


Qurdağıza yaxınlaşdı Turq bir az,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.
Balasını güdür gendən ana qurd,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Qurd iy bilir, gəlir, birdən ulayır,
Yaxınlaşır Turqa, quyruq bulayır,
Çökür, onun ayağını yalayır,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Turq tanıyır onu, qaçır dodağı,
On il qabaq qaçırmışdı uşağı,
Uşaq indi gəzir igid sayağı,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Qurdağızı, qurdu bir-bir öyür o,
– Qoca, buna paltar gətir-deyir o,
Əldən alıb çörək, bişmiş yeyir o,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Turq gəzdirir kənddə ana, balanı,
Tumarlayır hərdən dilsiz ananı,
Gələn onun dörd yanına dolanır,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Deyir:- hərdən dilsizləri haqlayın,
Geyindirin, onu kənddə saxlayın,
İşdə-gücdə, kənddə, çöldə yoxlayın,
İsinişin, ona könül bağlayın,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Ana qurda »ana« deyin görəndə,
Tumarlayın ona çörək verəndə,
Siz qorxmayın, durun onun böyründə.
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Mənim iki anam vardır, qoşadır,
Biri qurddur, ikincisi anamdır,
Ata arxa, anam isə inamdır,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Evdə, çöldə onun yerin gözləyin,
Onu yarıtanrı sayın, bəsləyin,
Sevin onu, »ana« deyib səsləyin,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.

Baxıb hərdən bərk gülürdü Qurdağız,
Sanki artıq dil bilirdi Qurdağız,
Gah qaçırdı, gah gəlirdi Qurdağız,
Qurd dilsizdir, dil bilməsə, iy bilir.


Bir ay qaldı, toy düyünü gördü Turq,
Çətin işdən yapış ər ol, düyün aç.
Ayrılanlar, sevişənlər görüşdü,
Çətin işdən yapış ər ol, düyün aç.

Pisdir düyün düyün üstə düşəndə,
Ağlar ağlar qalan gözlər şişəndə,
Acı sözlə eşənəyi eşəndə,
Çətin işdən yapış ər ol, düyün aç.

Var qudurğan, zəngin, varlı, var yoxsul,
Sən yoxsulun əlindən tut, ay oğul,
Onlarilə qal yenidən sən doğul,
Çətin işdən yapış ər ol, düyün aç.
Sağ olsunlar dolanışa gələnlər,
Var olsunlar el yolunda ölənlər,
Çörəyini yoxsul ilə bölənlər,
Ac gözlərə acı-acı gülənlər,
Çətin işdən yapış ər ol, düyün aç.

Istəyirsən sağ olasan, çox əlləş,
Dolanışı gözəlləşdir, gözəlləş,
Gözəlliyin özlüyündə özəlləş,
Çətin işdən yapış ər ol, düyün aç.

Tanrı baxdı, çalhaçala, çatçata,
Dedi, sağ ol, yarıtanrı Turq ata,
Dedi: – Oğul, sən çox tuşsan bu ada,
Çətin işdən yapış ər ol, düyün aç.

Sən pislərin burunların ovursan,
Sən Alpisi o yerlərdən qovursan,
Yer üzündə sən olubsan Ər Alpan,
Çətin işdən yapış ər ol, düyün aç.

Alpis tərsdir, səni görcək şaşır o,
Cızığını keçib tez-tez aşır o.
Kimsəsizə qarşı qalxır coşur o,
Yanğın salır, köpüklənib daşır o,
Çətin işdən yapış ər ol, düyün aç.

Yer üzündə hələ çoxdur qan- qada,
Yenə at çap, gir çovğuna, gir oda,
Gözlər səni dara düşmüş çox adam,
Sən hər şeyi yoluna qoy Turqata,
Çətin işdən yapış ər ol, düyün aç.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets