Çox çəkmədi, qaçqın üzə dirəndi,
Çox üz vermə çox-çox üzlü qaçqına.
Qovar, səni öz evindən çıxarar,
Çox üz vermə çox-çox üzlü qaçqına.

Böyük Turel qurumunu pozdular,
Tanı şahın düz yolundan azdılar,
Darvidelə neçə yazı yazdılar,
Çox üz vermə çox-çox üzlü qaçqına.

Yazdılar ki, dillərimiz ayrıdır,
Ulusumuz, düşüncəmiz aridir,
Üzümüz də Hindelliyə sarıdır,
Çox üz vermə çox-çox üzlü qaçqına.

Darvidelli bizi adam saymayır,
Vergiləri yığır, yeyir, doymayır,
Heç bir işə bizi yaxın qoymayır,
Çox üz vermə çox-çox üzlü qaçqına.


Turqız gəldi yerinc kimi Turelə,
Boş yeri də qoymaq olmaz yiyəsiz.
Didişirdi Darvidellə Ariel,
Boş yeri də qoymaq olmaz yiyəsiz.

Darvidelli – qol-budaqlı Karaka,
Arielli – yeniyetmə arıq Karş,
Naxır götür, suyu döndər, yer qopart,
Boş yeri də qoymaq olmaz yiyəsiz.

– Mən də Karşam, yer mənimdir, deyirəm,
Öz qarşımda Karakanı görürəm,
Bu vuruşa var gücümlə girirəm,
Boş yeri də qoymaq olmaz yiyəsiz.

Nə deməkdir Darvidellə Mindiyar,
Arieldən hər il vergi yığarlar,
Bu qurumu dağıtmağa gücüm var,
Boş yeri də qoymaq olmaz yiyəsiz.


– Burda mənəm, Abaş oğlu Karaka,
Qamarlamaq qalır yersiz qalana,
Gec gəlsəz də hər bir yeri tutursuz,
Qamarlamaq qalır yersiz qalana.

Baxmayırsız heç ağına, bozuna,
Təpilirsiz danışanın ağzına,
Söz atırsız Darvidelin qızına,
Qamarlamaq qalır yersiz qalana.

– Mən də Karşam, ölüm-itim, çovğunam,
Mən döyüşdə, mən sevgidə çılğınam,
Darvidelli bir gözələ vurğunam,
Qamarlamaq qalır yersiz qalana.

Torpaq böyük tanrınındır, sənin yox,
Sənin olar üzündəki o çapıq,
Sən kimsən ki, böyüklərdən bir qırıq,
Qamarlamaq qalır yersiz qalana.


İpləşdilər, hörgü iplər qırıldı,
Gücdür iti yaraq edən yarağı,
Tutaşdılar, geyimləri didildi,
Gücdür iti yaraq edən yarağı.

Toppuzlaşdı, toppuzları əyildi,
Qılınclaşdı, qılıncları büküldü,
Bizuclaşdı, yerə bizuc əkildi,
Gücdür iti yaraq edən yarağı.

Qurşaqlaşıb bələşdilər palçığa,
Helləndilər dönüb dolu yastığa,
Yoruldular, uzandılar otluğa,
Gücdür iti yaraq edən yarağı.

– Mənəm yerli, sənin adın qaçqındır,
– Torpaq mənə səndən daha yaxındır,
Hər bir yerdə yer üstündə qırğındır,
Gücdür iti yaraq edən yarağı.


Turqız gəldi, acıqlandı onlara,
Çətinliyi dincə qoyma, çoxalar.
Dedi: – Durun, qulaq asın siz mənə,
Çətinliyi dincə qoyma, çoxalar.

Kim desə ki, biz ayrıyıq, siz ayrı,
Dağılacaq, sovrulacaq ev-varı.
Quruyacaq susuzluqda bağları,
Çətinliyi dincə qoyma, çoxalar.

Bir yaşamaq, tanrı belə buyurub,
Kimdir bizi dilə görə ayırıb?!
Dil yox, qarnı torpaq işi doyurur,
Çətinliyi dincə qoyma, çoxalar.

Bir alayı iki eldən yaradaq,
Əlimizdə bir başraqla bir yaraq,
O başraqla Mindiyarda bir olaq,
Çətinliyi dincə qoyma, çoxalar.


– Biz bu yerdən köçək,-dedi Karaka,
Yer üzündə yeri vardır hərənin.
Yeri tutub eli kölə eləmə,
Yer üzündə yeri vardır hərənin.

Biz də bura uzaqlardan gəlmişik,
Mindiyarı öz yurdumuz bilmişik,
Minel ilə göynəmişik, gülmüşük,
Yer üzündə yeri vardır hərənin.

Daldan gəlib bizə ağız əyənlər,
Özlərini, dillərini öyənlər,
Burda ya biz, ya da bizi söyənlər,
Yer üzündə yeri vardır hərənin.

Turqız dedi: – Heç kəs burdan köçməsin,
Nə o, nə bu, özünə yer seçməsin,
Bir-birinə bunca əl-qol ölçməsin,
Yer üzündə yeri vardır hərənin.


Karş söylədi: – Biz Hindeldən gəlmişik,
Yerlilərdən üstün olur gəlmələr.
– Biz çoxdandır gəlib, düşüb burdayıq,
Yerlilərdən üstün olur gəlmələr.

– Tarla salıb biz burda ev tikmişik,
– Biz də dağdan buraya su çəkmişik,
– Bağ salmışıq, min-min ağac əkmişik,
Yerlilərdən üstün olur gəlmələr.

Turqız dedi: – Kim neyləyib, bəllidir,
Çox ölkə var, eli neçə dillidir,
Sizin isə başlarınız yellidir,
Yerlilərdən üstün olur gəlmələr.

Qılıncları atın yerə, barışın,
İş görəndə bir bizdən də soruşun.
Turelləşib qardaşlaşın, barışın,
Yerlilərdən üstün olur gəlmələr.


Karş əl atdı bir də qanlı qılınca,
Ya siz, ya biz, ikinciyə yer yoxdur.
Karaka da bizuc aldı əlinə,
Ya siz, ya biz, ikinciyə yer yoxdur.

Qanlı vuruş bir də, bir də başladı,
El üz-üzə bir-birini daşladı,
Oxu, yayı bir-birinə tuşladı,
Ya siz, ya biz, ikinciyə yer yoxdur.

Turqız haray-həşirləri kiritdi,
Ağqurd Alpan üç min atlı yeritdi,
Qan-qan deyən çox qanlını seyrəltdi,
Ya siz, ya biz, ikinciyə yer yoxdur.

Üç gün keçdi, Turqtay gəldi haraya,
Soraq gedib çatdı igid Tuncaya,
Beş min atlı gəlib girdi araya,
Ya siz, ya biz, ikinciyə yer yoxdur.


Karş üz tutdu əski yurdu Hindelə,
Dilibirlər yeribirdir, yad deyil.
Hindel şahı özü Karşa söylədi,
Dilibirlər yeribirdir, yad deyil.

– Darvideli sıxışdırın, qovlayın,
Minellini siz aldadın, tovlayın,
Ordan, burdan boylananı ovlayın,
Dilibirlər yeribirdir, yad deyil.

Biz gizlində sizə yardım verərik,
Pis ayaqda lap döyüşə girərik,
İstəsəniz özgə işlər görərik,
Dilibirlər yeribirdir, yad deyil.

Karş dedi ki, bizə yaraq göndərin,
Darvideli sonevinə döndərin,
Dik başlara qılınc, toppuz endərin,
Dilibirlər yeribirdir, yad deyil.


Karş nə qədər qancıl idi, əzazil,
Sevgi varsa, yumuşaldar kobudu.
Karş sevirdi Karakanın qızını,
Sevgi varsa, yumuşaldar kobudu.

Dəyirmi üz, alma yanaq, qara göz,
Qaralığı arxasında dadlı duz,
Baxışında dalğa vurur göy dəniz,
Sevgi varsa, yumuşaldar kobudu.

Buruq-buruq qara saçlar gur idi,
Baxışları səpələnən qor idi,
Ev yolları gənc Karş ilə bir idi,
Sevgi varsa, yumuşaldar kobudu.

Baxışlaşıb, sevgiləşib yananlar,
İlk sevgini ilk baxışdan qananlar,
Sonra onu oxşayaraq ananlar,
Sevgi varsa, yumuşaldar kobudu.


Gümüş idi onun adı bu eldə,
Gün görəndə gümüş azca qaralır.
Qarayanız, ağtəhərdi Gümüşqız,
Gün görəndə gümüş azca qaralır.

Üzləşmişdi onlar bir gün ovlaqda,
Danışmışdı onlar çox-çox yovuqdan,
Su içmişdi ikisi bir bulaqdan,
Gün görəndə gümüş azca qaralır.

– Nə gözəlsən, qancıl qızı, Gümüşqız,
Niyə belə sən soyuqsan, a qansız?
– Mən Gümüşəm, gümüş soyuq, oxşarsız,
Gün görəndə gümüş azca qaralır.

– Gəl, Gümüşüm, səni çoxdan sevmişəm,
Vurulmuşam o baxışa, yerişə,
Qorxmuşam ki, atan görə, eşidə,
Gün görəndə gümüş azca qaralır.


– Sevirsənsə, elçi göndər, barışaq,
Sevgi, elçi çox acığı söndürür,
Vuruşlarda görüb səni sevmişəm,
Sevgi, elçi çox acığı söndürür.

– Sevirsənsə, sən atamla vuruşma,
Darvidelin işlərinə qarışma,
Ondan, bundan məni tez-tez soruşma,
Sevgi, elçi çox acığı söndürür.

Qılıncı at, yapış doğma sevgidən,
Sənə yardım kəsilərəm onda mən,
Sənin üçün çəkinmərəm heç nədən,
Sevgi, elçi çox acığı söndürür.

– Vuruşmaram Darvidellə, Gümüşüm,
Mənə hər şey verdi sənin görüşün,
Gedim daha mən sevgidən yapışım,
Sevgi, elçi çox acığı söndürür.


Unutmuşdu bu sözləri sonra Karş,
Yerə, yurda yiyələnmək daha yey,
Karakayla vuruşmuşdu neçə yol,
Yerə, yurda yiyələnmək daha yey.

Gümüş ona çatdırmışdı sözünü:
– Sənə kəsi eləyərəm özümü,
Mən tuturam sənə, Karşım, üzümü,
Yerə, yurda yiyələnmək daha yey.

Ata evi məni sıxır, öldürür,
Məni sonsuz düşüncələr soldurur,
Atam mənə acığını bildirir,
Yerə, yurda yiyələnmək daha yey.

Götür apar, qaçır məni buradan,
Ayırıram bunca ağı qaradan,
Məni sənçin yaradıbdır yaradan,
Yerə, yurda yiyələnmək daha yey.


Karş Gümüşə yazı yazdı, yolladı,
Ya o yanlıq, ya bu yanlıq, orta yox!
Atan getsə biz ikimiz şah olluq,
Ya o yanlıq, ya bu yanlıq, orta yox!

Sevgi üstün hər atadan, anadan,
Çağırıram, çıx yöndəmsiz ortadan,
Öldür onu, qurtar o qart qabadan,
Ya o yanlıq, ya bu yanlıq, orta yox!

Arielin vardır kökü, budağı,
Bu yerlərdə bərkiyibdir ayağı,
Hindel kimi var yenilməz dayağım,
Ya o yanlıq, ya bu yanlıq, orta yox!

«-Mən qorxuram, qoymur ürək gəlməyə,
Mən qorxuram öldürməyə, ölməyə,
Mən dönmüşəm burda bir boş çölməyə,
Ya o yanlıq, ya bu yanlıq, orta yox!»


«-Mən Gümüşəm, nə dəmirəm, nə qızıl,
Gümüş bunca elə ortaq deməkdir.
Dəmir, qızıl arasında qalmışam,
Gümüş bunca elə ortaq deməkdir.

Öz atama, Karşım, əlim qalxmayır,
Sevən ürək sözlərimə baxmayır,
Ata-bala, ölüm bura sığmayır,
Gümüş bunca elə ortaq deməkdir.

– Onda söz ver, qulluqçunu dilə tut,
Qoy atanı daldan vursun qara qurd,
Qulluqçunu sonevinə sən oturt,
Gümüş bunca elə ortaq deməkdir.

Bacarmasan, gəlləm özüm vuraram,
Hər bir yandan çəpərləri qıraram,
Onda gözəl sevgilimə vararam,
Gümüş bunca elə ortaq deməkdir.


Bir ay keçdi, acı soraq yayıldı,
Çox yozulur böyüklərin ölümü.
Öldürülüb, özü ölüb deyəsən,
Çox yozulur böyüklərin ölümü.

Vurulmuşdu qılınc ilə arxadan,
Başı, boynu aralanıb ortadan,
Qulluqçusu onla ölüb yanbayan,
Çox yozulur böyüklərin ölümü.

Qızı Gümüş qara geyib ağlayır,
Bu ağlamaq ürəkləri dağlayır,
Gələnlərlə o, çox ara saxlayır,
Çox yozulur böyüklərin ölümü.

Qırxı çıxdı, Gümüş dedi hamıya,
Gərək hamı məni yerinc tanıya,
Bundan sonra bölünməyək yarıya,
Çox yozulur böyüklərin ölümü.


Bir il keçir, Karş Gümüşlə bağlaşır,
Sevgi həm də göz yaşıdır çoxuna.
Üz-üzəydi bağlaşmayla ağlaşma,
Sevgi həm də göz yaşıdır çoxuna.

Şah dedi ki, burda öc var çox üstün,
Bu, sevgi yox, aldatmaqdır büsbütün,
Güdükçülər bu olayı qoy güdsün,
Sevgi həm də göz yaşıdır çoxuna.

Yerincləri şah çağırdı hər yandan,
Dedi: – Bu Karş yoğrulubdur yalandan,
Gümüşqızı aldatmışdır o, yaman,
Sevgi həm də göz yaşıdır çoxuna.

Ağqurd Alpan başçı olsun Tureldə,
Görək necə səs çıxacaq tək əldən,
Həm də eli o anlayır bu dildə,
Sevgi həm də göz yaşıdır çoxuna.


Şah min atlı verdi yeni yerincə,
Buyuruqsuz qulluq kimə gərəkdir?
Ağqurd Alpan yola düşdü boş əllə,
Buyuruqsuz qulluq kimə gərəkdir?

Onu sayıb qarşılayan olmadı,
Karş yerinci heç də saya salmadı,
Osa gəzdi, heç bir işdən qalmadı,
Buyuruqsuz qulluq kimə gərəkdir?

Gah Gümüşü, gah da Karşı dindirdi,
El arası öc odunu söndürdü,
Tanı şaha yeni soraq göndərdi,
Buyuruqsuz qulluq kimə gərəkdir?

Karş gizlində öz işini görürdü,
Arieldə hər bir evə girirdi,
Öclə bağlı hamıya and verirdi,
Buyuruqsuz qulluq kimə gərəkdir?


Karakanı tapşırdılar torpağa,
Torpaqdadır ölənlərin sonevi.
Darvidelli sızıldadı, inlədi,
Torpaqdadır ölənlərin sonevi.

Ata yeri Gümüşqıza çatırdı,
İkililik eldə, yurdda artırdı,
Karş ardınca Gümüşqızı dartırdı,
Torpaqdadır ölənlərin sonevi.

Oturdular, danışdılar yaxından,
«Bir də necə biz qurtaraq qırğından?»,
«Necə qopub uzaqlaşaq qaçqından?»,
Torpaqdadır ölənlərin sonevi.

Biri dedi, sona kimi vuruşaq,
Biri dedi, yaxınlaşaq, qarışaq,
Biri dedi, önlərində duruşaq,
Torpaqdadır ölənlərin sonevi.


Gəldi Karşın Gümüşqıza elçisi,
Acıqana qız vermək də barışdır.
Biri dedi, verək, biri, verməyək,
Acıqana qız vermək də barışdır.

Çək-çevirlər, götür-qoylar uzandı,
Düşünməkdən Darvidelli usandı,
Sonda yenə Karş-Gümüşqız qazandı,
Acıqana qız vermək də barışdır.

Karş söylədi: – Gümüşqızı sevirəm,
O olmasa Darvideli çevirrəm,
Lap istəsəm Mindiyarı devirrəm,
Acıqana qız vermək də barışdır.

Vuruşlarda yorulmuşdu Darvidel,
Dedilər ki, vuruş daha düz deyil,
Ariellə çəkişmişik üç yüz il,
Acıqana qız vermək də barışdır.


Çoxu dedi, biz köçərik Əbəşə,
Kök hardadır, budaq orda göyərər.
Qızlar dedi, Gümüşqızdır kökümüz,
Kök hardadır, budaq orda göyərər.

Gedən getdi, qalan qaldı ürküdə,
Toy çalındı adam boğan bürküdə,
Toy elləri barışdırar, bərkidər,
Kök hardadır, budaq orda göyərər.

Karş evləndi yeniyetmə yaşında,
Yerinc oldu Turellinin başında,
Dedi, vuruş çoxdur hələ qarşıda,
Kök hardadır, budaq orda göyərər.

Karş Turqıza göz bərəltdi, pay umdu,
Qan-qan deyən Karşdan Turqız qorundu,
Uca-uca yarğan oldu uçuntu,
Kök hardadır, budaq orda göyərər.


Əbəş bildi, toplum çəkdi Turelə,
Kök budağı, budaq kökü saxlayır.
Körfəz oldu vuruşların düzəni,
Kök budağı, budaq kökü saxlayır.

Ağqurd Alpan döyüşlərə girəli,
Əbəşlilər çox gəlmişdi irəli,
Qovmaq olmaz acıqanı tək əlli,
Kök budağı, budaq kökü saxlayır.

Tanı dedi: – Göz bərəldir Karş bizə,
Qoyun qatsın Əbəş Karşı dənizə,
Qoy onlarla tək Karş dursun üz-üzə,
Kök budağı, budaq kökü saxlayır.

Ağqurd Alpan ilk vuruşda tək qaldı,
Yaralandı, qan itirdi, saraldı,
Başev onun gözlərində daraldı,
Kök budağı, budaq kökü saxlayır.


Ağqurd Alpan uzanmışdı ölümcül,
Günəş altda qalan yanar, qaralmaz.
Bir ay qaldı günəş altda yaralı,
Günəş altda qalan yanar, qaralmaz.

– Ulu günəş, məni yandır, kül elə,
Qaytar yurda, kül qarışıq yel elə,
Sümüyümdən körpü elə, yol elə,
Günəş altda qalan yanar, qaralmaz.

Ulu günəş, qoy böyüsün Mindiyar,
Böyüklüyün uca-uca gücü var,
Külüm olsun Manayıma isti qar,
Günəş altda qalan yanar, qaralmaz.

Ulu günəş, kimsəsizəm, ağla sən,
Ovlaqlarda qurdlarımı saxla sən,
Manayımla məni daha bağla sən,
Günəş altda qalan yanar, qaralmaz.


– Uçan quşlar, əsən yellər, buludlar,
Tək ölənin sonevini qazan yox.
Gedin, deyin Əkbitənə, Tanıya,
Tək ölənin sonevini qazan yox.

Gedin, deyin, Ağqurd Alpan yaralı,
Qan itirib, kimsəsizdir, saralıb,
Günəş altda gözü sönüb, qaralıb,
Tək ölənin sonevini qazan yox.

Gedin, deyin, gəlsin igid qurdlarım,
Ağlamasın Ağüzelin yurdları,
Qara yaylıq yellətdirsin atlarım,
Tək ölənin sonevini qazan yox.

Gedin, deyin, Ağqurd Alpan qalmadı,
Çox əlləşdi, elə doğma olmadı.
Başım üstə Tuncər balam olmadı,
Tək ölənin sonevini qazan yox.


Əbəşelin toplumları Tureldə,
Duruş, yoxsa quduzlaşar acıqan.
Başçıları Nilad idi onların,
Duruş, yoxsa quduzlaşar acıqan.

Karş Niladla durdu qarşı-qarşıya,
Kimdir burda ilk döyüşü başlayan,
Qaçanlardır Arieli boşlayan,
Duruş, yoxsa quduzlaşar acıqan.

Nilad vurdu qılıncını, aşdı Karş,
Dedi: – Uşaq, uşaqlarla get savaş.
Get Hindeli, Mindiyarı sən dolaş,
Duruş, yoxsa quduzlaşar acıqan.

Karşın atı götürüldü geriyə,
O qarışdı otlaqlarda sürüyə,
O baxmadı yolda ölü, diriyə,
Duruş, yoxsa quduzlaşar acıqan.


Nilad dedi: – İndi Turel bizimdir,
Var çapılar, el yiyəsiz olanda.
Nə Darvidel, nə Ariel görünür,
Var çapılar, el yiyəsiz olanda.

At çapırdı quduz Nilad dörd yana,
Qarışmışdı çöldə, kənddə qan qana.
Od vururdu Arieldən qalana,
Var çapılar, el yiyəsiz olanda.

Beş min atlı, öndə Turqız göründü,
Qabağına kim çıxdısa, küründü,
Qanlı gözlər bir-birinə dirəndi,
Var çapılar, el yiyəsiz olanda.


Görümlüydü Turqız dəmir geyimdə,
Qadın dəmir geyimdə də gözəldir.
Qılınc endi, tutaq iki bölündü,
Qadın dəmir geyimdə də gözəldir.

Nilad qapdı toppuzunu, dikəldi,
O, Turqızdan bir az yana çəkildi,
Bizuc dəydi, içi çölə töküldü,
Qadın dəmir geyimdə də gözəldir.

Nilad aşdı, düşdü soyuq torpağa,
Daha bir də o durmadı ayağa,
İki toplum əl atdılar yarağa,
Qadın dəmir geyimdə də gözəldir.

Əbəşelin toplumları qırıldı,
Sıraları neçə yerdən yarıldı,
Vuruş deyil, qaçhaqaçda yoruldu,
Qadın dəmir geyimdə də gözəldir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets