– Ana, mənim atam hanı, hardadır,
Yollan, oğlum, get, atanı tapginən.
Harda itib, hara gedib bilmirəm,
Yollan, oğlum, get, atanı tapginən.

– Atan getdi doğmaları dalınca,
Gözləmişəm siz bu yaşa çatınca,
Gözləyincə, ondan soraq alınca,
Yollan, oğlum, get, atanı tapginən.

– Söylə, onun başı-gözü nə sayaq,
Boy-buxunu, əli, üzü nə sayaq,
Səsi, sözü, bir də özü nə sayaq,
Yollan, oğlum, get, atanı tapginən.

– Atan hündür, qol-budaqlı Gücərdir,
O bu yerdən, sən də ondan cücərdin,
Gedib tapsan, mən də burdan köçərdim,
Yollan, oğlum, get, atanı tapginən.


– Mən gedirəm, ana mənə uğur de,
Atam məni uzaqlardan səsləyir.
Hər oylağı, hər oymağı gəzərəm,
Atam məni uzaqlardan səsləyir.

– Oğul, getsəm, mən gedərəm, bax, belə,
Bir il yolla çatacaqsan cüt gölə,
Bu gedişlə qayıdarsan üç ilə,
Atan səni uzaqlardan səsləyir.

– Ox qabını, oxatanı götürrəm,
Yorğa atı, tunc baltanı götürrəm,
İp qayışı, ip xaltanı götürrəm,
Atam məni uzaqlardan səsləyir.

– Bu yelçəkən, o biri yan Yeləsən,
Qoy çıxmasın qabağına yolkəsən,
Kim soruşsa, hara belə, deyərsən
Atam məni uzaqlardan səsləyir.


Tur çox getdi, yollar yordu, yoruldu,
Bir səs onu çağırırdı uzağa.
O Tanrıydı, ya da Gücər ataydı,
Bir səs onu çağırırdı uzağa.

Yol dinmirdi, dili bağlı, uzanaq,
Çay daşları yol üstündə sızanaq,
Nə yel vardı, nə toz, nə də tozanaq,
Bir səs onu çağırırdı uzağa.

Tur çapırdı, atı yollar yorğunu,
Diskindirir leyi, qurdu, quzğunu,
Keçib çayı, yağıntını, çovğunu,
Bir səs onu çağırırdı uzağa.

– Ay səslənən qapalı səs, danış, din,
Öz doğmanla, doğmancanla qarış bir,
Alın yazın, əl yazınla barış bir,
Bir səs onu çağırırdı uzağa.


Gecə düşdü, Tur dayandı yolüstü,
Öz yolunu göstər mənə, a Tanrı.
Qaynaşırdı göydə qızıl ulduzlar,
Öz yolunu göstər mənə, a Tanrı.

Öz atamı tapım öpüm, bəsləyim,
Tapıntıya öz anamı səsləyim,
Ata kimi sayın-soyun gözləyim,
Öz yolunu göstər mənə, a Tanrı.

Qırğı atım məni yolda qoymasın,
Muşquruğa, marçıltıya uymasın,
Özgə evi doğma pəyə saymasın,
Öz yolunu göstər mənə, a Tanrı.

Qabaqlarda nə çox yol var, cığır var,
Hardan gəlir, hara gedir bu yollar,
Məni özün öz yolunla sən apar,
Öz yolunu göstər mənə, a Tanrı.


Tanrı özü göz qoymuşdu yollara,
Çapar atsız, yol Tanrısız olmayır.
At kişnəyir, yol uzanır, gün batır,
Çapar atsız, yol Tanrısız olmayır.

Bir az yey ol, bir az iti çap atım,
Bir daxmaya, bir obaya mən çatım,
Bulud dolu, duman qalın, çən qatı,
Çapar atsız, yol Tanrısız olmayır.

Çapa-çapa çəni, sisi yardılar,
Kolu-kosu yastıladıb qırdılar.
Dağ döşünün ətəyində durdular,
Çapar atsız, yol Tanrısız olmayır.


Bir quş gəlib qondu ağac başına,
– Qırğı atım göyərçindən qanad al.
Muncuq gözlər nəsə deyir Turərə,
– Qırğı atım, göyərçindən qanad al.

Gözəl quşu yəhər qaşı dindirir,
Turu alıb səs yönünə döndərir,
Ola bilər onu Tanrı göndərib,
Qırğı atım, göyərçindən qanad al.

– Danış quşum, ağ döşünə baş qoyum,
Danış, səni mən dinləyim yol boyu,
Hansı göydən enib sənin quş soyun,
– Qırğı atım, göyərçindən qanad al.


– Quş deyiləm, Qayaquşun hoyuyam,
Tanrı məni sənə əltut göndərib.
Bundan belə məni dinlə, yola çıx,
Tanrı məni sənə əltut göndərib.

Atan ölüb, önəm-öncül bir adda,
Bacar, Uçar qardaşların elatda,
Sən mənimlə ölkələr gəz bu atda,
Tanrı məni sənə əltut göndərib.

Əl tut, qaldır kimsəsizi, yazığı,
Yaxın qoyma içi ovuq qırığı,
Qoyma, əldə, eldə artsın artığı,
Tanrı məni sənə əltut göndərib.


– Ağ göyərçin, toxda, məni dinlə sən,
Bu səs nədir, bu sözləri kim deyir?
Harda görüb tanımısan atamı?
Bu səs nədir, bu sözləri kim deyir.

Deyirsən ki, Qayaquşun hoyusan,
Mənim böyük dibdaşımın soyusan,
Tanrımızın göydəngəlmə hayısan,
Bu səs nədir, bu sözləri kim deyir.

Hər şey mənə aydın olsa, iç olsa,
Bu yer üzü başdan-başa köç olsa,
Mən atamı görməliyəm nec olsa,
Bu səs nədir, bu sözləri kim deyir?


– Get bir az yat, gör yuxular nə deyir,
Məndən daha hər bir şeyi soruşma.
Tanrı məni sənə yoldaş göndərib,
Məndən daha hər bir şeyi soruşma.

Yer üzünü gəzib-gəzib dolaşsan,
Döyüşlərdə öz qanına bulaşsan,
Azğınlarla, qızğınlarla dalaşsan,
Məndən daha heç bir şeyi soruşma.

Mən Şamanam, Qayaquşam, atanam,
Kimsəsizin harayına çatanam,
Pisi atıb doğru-düzü tutanam,
Məndən daha hər bir şeyi soruşma.


Tur yuxladı, yuxu gördü atadan,
Qol-budaqlı bir kişiydi atası,
Dönüb gəlib axtarırdı evini,
Qol-budaqlı bir kişiydi atası.

Göz tutulub, qulaq batıb, bənz atıb,
Dayanmışdı qardan, buzdan ağ atı,
O baxırdı öz oğluna gözaltı,
Qol-budaqlı bir kişiydi atası.

– Ata, ata, xoş gəlibsən, düş atdan,
Hamı səni gözləyirdi elatda,
Bir bacım var odur gəlir, Bax adda,
Qol-budaqlı bir kişiydi atası.


– Mən atanam, ancaq əldən düşmüşəm,
Evimizə bir də dönə bilmərəm,
Doğmaların arxasınca gedəndən
Evimizə bir də dönə bilmərəm.

Hara getdim, doğmaları soruşdum,
Sonda gəlib Qobuçölə qovuşdum,
Çox yerlərdə çoxları ilə vuruşdum,
Evimizə bir də dönə bilmərəm.

Qobuçöldə çox genişdir çöl-meşə,
Qobuyerə yuxularda gəlmişəm,
Doğmalardan sizi doğma bilmişəm,
Evimizə bir də dönə bilmərəm.


Səhər oldu qanadlandı göyərçin,
Turər çapıb getdi onun dalınca,
Yollar, yallar, çöllər, göllər, meşələr
Turər çapıb getdi onun dalınca.

Çox səslədi, Göyərçini, quş hanı,
O axtardı, gəzdi o yan, bu yanı,
Quş nə durdu, nə bir yerdə dayandı,
Turər çapıb getdi onun dalınca.

– Ay atamın hoyu-soyu Göyərçin,
Hara belə sən uçursan, danış, din,
O durmadı qanad çaldı neçə gün,
Turər çapıb getdi onun dalınca.


Neçə adam dayanmışdı yol üstdə,
Əllərində sapand, bizuc var idi,
Birisini döyürdülər, ölümcül,
Əllərində sapand, bizuc var idi.

O oğlanın cırılmışdı üst-başı,
Uçulmuşdu yurd-yuvası dam-daşı,
Neçə dəli onun ilə yanaşı,
Əllərində sapand, bizuc var idi.

Əl uzatdı Tura sarı, durdular,
"Yardım" dedi, döş-başını yardılar,
Vurub-vurub yoruldular, durdular,
Əllərində sapand, bizuc var idi.


– Ay səkkizi bir yazığı döyənlər,
Niyə belə urəyidaş olubsuz.
Kişiliyi, iyidliyi unudub
Niyə belə ürəyidaş olubsuz?

Tur oğlanı alıb çəkdi tərkinə,
Bu yerlərdə hərki-hərki, kim-kimə,
– Pis baxmayın mənim belə ərkimə,
Niyə belə ürəyidaş olubsuz?

Mən gəlirəm, yaxın Qobu elindən,
Düzlük, Tanrı düşməz mənim dilimdən,
Qurtarammaz heç biriniz əlimdən,
Niyə belə ürəyidaş olubsuz?


At səyirtdi üstlərinə onların,
Qan-qan deyən qanlı gözlər bərəldi.
Axdı yerə neçəsinin al qanı,
Qan-qan deyən qanlı gözlər bərəldi.

Bir çoxları bu vuruşdan çəkindi,
Adamları, güclüləri tükəndi,
Tur döyüşdə döşü, başı sökəndi,
Qan-qan deyən qanlı gözlər bərəldi,

Vuruşaraq onlar düşdü ayaqdan.
Sapand daşı yağdırdılar qıraqdan,
Oxa tutdu Tur onları uzaqdan,
Qan-qan deyən qanlı gözlər bərəldi.


– Tur qardaşım, mənim adım Qoşardır,
Ürəyimdə qoşmalarım var sənə.
Sən qurtardın məni qancıl əlindən,
Ürəyimdə qoşmalarım var sənə.

Qolu güclü, səsi ötkəm balasan,
Qansızlardan qanı belə alasan,
Görüm belə yüz-yüz yaşa dolasan,
Ürəyimdə qoşmalarım var sənə.

Qabaqda sən, qoşmada mən yol boyu,
Dağlar ilə, daşlar ilə qolboyun,
Hara getsən ayağına baş qoyum,
Ürəyimdə qoşmalarım var sənə.


Tanrı mənə düz yol göstər, yolunu,
Bu tellərdə dınqır-dınqır çalaram.
Soy-sayını, hay-hoyunu götürüb
Bu tellərdə dınqır-dınqır çalaram.

Mən qoymaram el çapıla, soyula,
Haraylaram yatanları ayılar,
Söz deyərəm quzeylərə yayılar,
Bu tellərdə dınqır-dınqır çalaram.

Bundan sonra mənim Tanrım Tur olsun,
Qansızlara yer-göy, var-yox dar olsun,
Kim əl tutdu, tutan əli var olsun,
Bu tellərdə dınqır-dınqır çalaram.


Bulud qara, göyün qaşı qızılı,
Yol getdilər, yal aşdılar yolçular.
Göy gurladı, yağış yağdı, sel axdı,
Yol getdilər, yal aşdılar yolçular.

Bir az keçdi yer-göy susub qaraldı,
Qaranlıqda göz önləri daraldı,
Dağ başını, dağ döşünü qar aldı,
Yol getdilər, yal aşdılar yolçular.

At fınxırdı, Qoşar mahnı bəslədi,
Tur muşqurub Göyərçini səslədi,
Uzaq-uzaq yorğun yollar əsnədi,
Yol getdilər, yal aşdılar yolçular.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets