Göz oxşayır, bir də ürək oynadır
Gözəllərin beli, gözü, dodağı.
Sözəgəlim, gözəyatım olanda
Gözəllərin beli, gözü, dodağı.

Dil üstəlik dad artırır gözələ,
Üz də, saç da, qıç da, göz də var hələ,
Nə ola ki qalanlar da düz gələ,
Gözəllərin beli, gözü, dodağı.

Bilə gərək sevən sevgi işini.
Gülə, ancaq ağartmaya dişini,
Ürək çəkə, yoldan qoya kişini,
Gözəllərin beli, gözü, dodağı.


Manay belə gözəl idi, apaydın,
Üz güzgüdür, gözlər dildir gözəldə.
Düşüncəsi görünürdü üzündən,
Üz güzgüdür, gözlər dildir gözəldə.

Ağ üzünü yalayırdı ipək tel,
Utanırdı bu öpüşdən qızıl gül,
Qısqanırdı, qıvrılırdı dəli yel,
Üz güzgüdür, gözlər dildir gözəldə,

Çiyinləri ağ göyərçin döşü tək.
Ağ əlləri mavi dəniz quşu tək,
Mindiyarda durub aya qarşı tək,
Üz güzgüdür gözlər dildir gözəldə,


Ay dişləyir barmağının uçunu,
Belə gözəl görməyibdir Mindiyar.
Günəş gedib, durub bulud dalında,
Belə gözəl görməyibdir Mindiyar.

İncə səsi səs deyildir, yuxadır,
Yerişi də, duruşu da dalğadır,
Ayla günəş onda bir cüt sırğadır,
Belə gözəl görməyibdir Mindiyar.

Günəş çıxıb, odu yeri bürüyüb,
Buz ürəklər damcı-damcı əriyib,
Qabağında qızlar durub, kiriyib,
Belə gözəl görməyibdir Mindiyar.


O, Qaraşla oynayanda deyirlər,
Ayla günəş bir-birinə sarmaşıb.
Üstüağa qovuşanda elə bil
Ayla günəş bir-birinə sarmaşıb.

Hamı yanır bu gözəllik odunda,
Gözəl olan gözəl qız da, qadın da.
Manay deyib bu gözəllik adında
Ayla günəş bir-birinə sarmaşıb.

Yüz-yüz, elçi qonaq gəlir bu toya,
Gəlir baxsın lap yaxından bu aya,
Baş əyməyə Üstüaqla Manaya,
Ayla günəş bir-birinə sarmaşıb.


Gözəl Manay yatımlıydı çoxuna,
Gözəlliyi sevməyənin gözü dar.
Sevməyən də az deyildi gəlini,
Gözəlliyi sevməyənin gözü dar.

Yozmaçılar yozub gendən baxırdı,
Gözlərindən açıq göz-göz yağırdı,
Doğruluqdan yeni yalan saqırdı,
Gözəlliyi sevməyənin gözü dar.

Mindon tez-tez atılırdı araya,
Belə sevgi yad gəlirdi anaya,
Üstüağı qısqanırdı Manaya,
Gözəlliyi sevməyənin gözü dar.


– Ana, danış, niyə belə tutqunsan,
– Gəlin gərək dil-ağıza düşməyə,
– Burda axı Manay kimə neynəyib,
– Gəlin gərək dil-ağıza düşməyə.

– Manay sənin qanındandır soyundan,
Ancaq könlün açılmadı toyunda,
Sən küsübsən öz analıq sayından.
– Gəlin gərək dil-ağıza düşməyə.

– Yozmaçılar onu sevmir deyəsən,
Onlar yüz iş çıxarırlar bu işdən,
Sən bunları məndən yaxşı bilirsən,
– Gəlin gərək dil-ağıza düşməyə.


– İndi, oğlum, öz anana qulaq as,
Çəkər əri dağa-daşa gözəlçə.
– Şah işinə Manay heç də qarışmır,
Çəkər əri dağa-daşa gözəlçə.

– Düzdür, məni yazıq etdi yozmalar,
Oldu on il yerim, yurdum qazmalar,
İndi səni çəkir ora azmalar,
Çəkər əri dağa-daşa gözəlçə.

– Axı nədir, nə olubdur, de ana,
Çox da uyma yozmalanmış yalana,
– Mən görürəm sən gedirsən haraya,
Çəkər əri dağa-daşa gözəlçə.


Acıqlandı anasına Üstüağ,
Yanan ana, yaman ana, deyiblər.
Falçıları o qovdurdu Başevdən,
Yanan ana, yaman ana, deyiblər.

Yozmaçılar düşüb eli dolandı,
Ağızları köpükləndi, sulandı,
Yalanları yalan üstə qalandı,
Yanan ana, yaman ana, deyiblər.

Manay isə eşitmədi bunları,
Gəlin qaldı o Başevdə il yarım.
Doğmamışdı hələ Manay bir qarın,
Yanan ana, yaman ana, - deyiblər,


Nə çox idi, nə az idi,-il yarım,
Gəlin gərək ana olsun bir ildə.
Şah özunə yerinc yeri gəzirdi.
Gəlin gərək ana olsun bir ildə.

Doğmasaydı Qaraş yerinc olurdu,
Bu sevgidən qan qoxusu gəlirdi,
Bilicilər olanları bilirdi,
Gəlin gərək ana olsun bir ildə.

Artarsızlıq düşündürür Mindonu,
Atmayacaq Manay şahı, şah onu,
Sevgidədi uğursuzun hər sonu,
Gəlin gərək ana ola bir ildə.


Sevənləri tanrı üçə çevirmir.
Sevən cütü ayrı salar uçüncü.
Uşaq deyən eşidirdi bunları,
Sevən cütü ayrı salar üçuncü.

Dəli sevgi od vurmuşdu onlara,
Gözlərində bir olmuşdu ağ, qara,
Ana, baxma dallarınca sən ora,
Sevən cütü ayrı salar üçüncü.

Başlanğıçdan gör-gör belə yaranıb
Bu sevgidir, vurma sən də aranı,
Sevgi heç də düşünməyir sonranı,
Sevən cütü ayrı salar üçüncü.


Ana açıq deyənmirdi oğluna,
Oğul, gərək şah artarsız olmasın,
Bir ölkənin gələçəyi bundadır.
Oğul, gərək şah artarsız olmasın.

Mehcə buna sevinirdi bəlkə də,
Manay qalsın gəlin kimi kölgədə,
Qaraş qalxsın şah yerinə ölkədə,
Oğul, gərək şah artarsız olmasın.

Mindon bunca gəmirirdi içini,
Sevgisində şah ötmüşdü ölçünü,
Sarsıltmışdı sevgi onun gücünü,
Oğul, gərək şah artarsız olmasın.


Ana sözü Üstüağa çatmırdı,
Anası yox, atası yox sevginin.
Ana ona yalvarırdı gizlicə,
Anası yox, atası yox sevginin.

Ova gedir, ovdan gəlir ikisi,
Üzlərində yanıq sevgi cizgisi,
Tanrılaşıb gedib tanrı sevgisi,
Anası yox, atası yox sevginin.

Şaman deyir, toxda, ana, darıxma,
Odər deyir, döz bir az da, karıxma,
Tanrı deyir, göz bərəldib duruxma,
Anası yox, atası yox sevginin.


Ova çıxıb at çapdılar neçə gün.
Dəli sevgi "gəl" deyirdi dalınca.
Yal-yüyəni buraxılmış atlara.
Dəli sevgi "gəl" deyirdi dalınca.

Hər yer sevgi boyasına düşmüşdü,
Baxışları sevgi ilə daşmışdı.
Bunu görüb sevgi özü çaşmışdı.
Dəli seəki gəl, deyirdi dalınca.

Ərimişdi gözlərində dağ, qaya
Hər yan sevgi boyasında-al boya.
Deyən yoxdu, hara belə, haraya,
Dəli sevgi "gəl" deyirdi dalınca.


Yeddi boya quşlar baxıb səkirdi,
Dəli sevgi nə eşidər, nə görər,
Dallarınca çaylar qaçıb, gülürdü.
Dəli sevgi nə eşidər, nə görər.

Meşə baxıb yaşıl yaşmaq tutanda
Bal sözlərə-güllər qoxu qatanda,
Üstlərinə duman örtük atanda,
Dəli sevgi nə eşidər, nə görər.

Güzgü olub gümüş çaylar üzlərə,
Yağış səpir qara bulud düzlərə,
Qulaq asın, çaylar, şirin sözlərə,
Dəli sevgi nə eşidər, nə görər.


Bu yerlərin gözəlliyi meşədir,
Bulaq ola, meşə ola, döş ola,
İynəyarpaq ağaç bitib qayada,
Bulaq ola, meşə ola, döş ola.

Atlar ürkür uçurumda dayanır,
Düşüb çənə süd rənginə boyanıb,
Gül-çiçəklər bürüyübdur hər yanı,
Bulaq ola, meşə ola, döş ola.

Göydə bulud neçə görkəm alarmış,
Bir damla su neçə yüz gül olarmış
Deyən, tanrı özü burda qalarmış,
Bulaq ola, meşə ola, döş ola.


Dırmaşıbdır meşə dağın döşünə,
Meşə dağa dırmaşarsa diridir.
O, dağları alıb basıb qoynuna,
Meşə dağa dırmaşarsa diridir.

Bu çökəkdə, o yamaçda, o döşdə.
Ağac kimi göyər, ucal hər işdə,
Kövdən qızıl, yarpaqların gümüşdən,
Meşə dağa dırmaşarsa diridir.

Yaşıl dəniz dalğalanır yarpaqdan,
Neçə yüz min bitki çıxar torpaqdan,
Bir öpüşlə yüz damla al bulaqdan,
Meşə dağa dırmaşarsa diridir.


Ala gözlər aldı məni,
Ala nə göy, nə qaradır.
Çox dərindir baxışları
Ala nə göy, nə qaradır.

Çəkib sap-sap ürəyimi,
Bağlayıbdır biləyimi,
Yerə vurub kürəyimi
Ala nə göy, nə qaradır.

Gözüm batıb, çalalaşıb,
Dağ ətəyi lalalaşıb.
Nə var, hər şey alalaşıb
Ala nə göy, nə qaradır.


Göy dənizə yetişəndə durdular,
Su ayıldan, duruldandır adamı,
Dəvə-dəvə boylanırdı dalğalar,
Su ayıldan, duruldandır adamı,

Aç idilər, yorğun, əzgin, tökülü,
Susuz qalmış atlar, beli bükülü,
Gözlər qalıb su düzünə tikili.
Su ayıldan, duruldandır adamı.

Şah Manayın qucaqlayıb belini,
Öpür onun incə, mərmər əlini,
Dərib alır öpüşlərin gülünü
Su ayıldan, duruldandır adamı.


Dəniz baxır bu qovuşan gənclərə
Qovuşmaqdır, yovuşmaqdır bu dirrik.
Şah Manayla, su torpaqla qovuşur,
Qovuşmaqdır, yovuşmaqdır bu dirrik.

Göy yorğandı, dəniz yelpic, yer döşək,
Tanrılaşdı sevgiləri təkbətək,
Sevgi varsa, qalan şeylər nə demək,
Qovuşmaqdır, yovuşmaqdır bu dirrik.

Hər öpüşdən bayıldılar, qaldılar,
Su yanında sevgi evi saldılar.
Sarmaşaraq bərk qol-boyun oldular,
Qovuşmaqdır, yovuşmaqdır bu dirrik.


Dalğaların xarıltısı içində,
Üzü güldü qaraqabaq sevginin.
Pıçıltılar, yalvarışlar, öpüşlər
Üzü güldü qaraqabaq sevginin.

Tanrılıqdan adamlığa endilər,
Alov çəkib yavaş-yavaş söndülər,
Birləşdilər, gül-çiçəyə döndülər
Üzü güldü qaraqabaq sevginin.

Şah Manayı qucaqlayıb yatanda,
İki ürək istəyinə çatanda,
Yuxuları qızılgülə batanda
Üzü güldü qaraqabaq sevginin.


Sevinirdi göydə sevgi tanrısı,
Hər istəyin tanrısı var, göydədir.
Dəniz hərdən pıçıltıyla deyirdi;
Hər istəyin tanrısı var, göydədir.

Göy əl tutsa, yer muraza çatacaq,
Göy istəsə yer bolluğa batacaq.
Onsuz hər şey tez solacaq, qartacaq.
Hər istəyin tanrısı var, göydədir.

Göy ilə yer iki qardaş olublar,
Ayrı düşüb sonra ayrı qalıblar,
Güclərini bir tanrıdan alıblar
Hər istəyin tanrısı var, göydədir.


Gözəl Manay güllənmişdi öpüşdən,
Yanağında gül açmışdı öpüşlər.
Şah öpürdü, danışırdı, gülürdü,
Yanağında gül açmışdı öpüşlər.

Gözlər iri, ağız-burun balaca,
Gül dodağın ləçəkləri allıca,
Bel yoğundur biləyindən bir azca,
Yanağında gül açmışdı öpüşlər.

Ağ göyərçin qoşa-qoşa əlləri,
Qapqaradır hörükləri, telləri,
Bal dadırdı sözlərinin dilləri,
Yanağında gül açmışdı öpüşlər.


– Nə olacaq, şahım, yazıq sevgimiz,
– Hər şey bitər, birçə sevgi qalandır.
– Bu Başevdən mən qorxuram yamanca,
Hər şey bitər, bircə sevgi qalanlır.

– Şahım, sevgi sevincini qanandan,
Bircə doğmaq istəyilə yanandan,
Niyə, niyə utanıram anandan,
Hər şey bitər, bircə sevgi qalandır.

Şahım, mənə bir ev tikdir qıraqda.
Qalım bir az bu sevgidən uzaqda,
Onda bizdən doğulacaq uşaq da,
Hər şey bitər, bircə sevgi qalandır.


– Niyə belə darıxırsan uşaqçın,
Sevgi özü bir bələksiz uşaqdır.
Uşaq deyib, gülüm, çox da sızlama,
Sevgi özü bir bələksiz uşaqdır.

Al qoynuna, sevgimizi bələklə.
Onu bəslə, onu böyüt ürəklə.
Uşaq olmaz uşaq-uşaq deməklə,
Sevgi özü bir bələksiz uşaqdır.

Ev deyirsən, tikdirərəm, qoy olsun,
Təki qorxu ürəyindən qovulsun,
Yeni Başev deyə daşı qoyulsun,
Sevgi özü bir bələksiz uşaqdır.


– Ah, nə yaxşı başa düşdün məni sən,
Sevgi küsər hər gün onla görüşsən.
Mən sevgimi götürürəm, qaçıram,
Sevgi küsər hər gün onla görüşsən.

Başev baxır mənə əyri, qıyqacı,
Söz acıdır, baxış acı, dil acı,
Doğmaq üçün gərək ordan mən qaçım,
Sevgi küsər, hər gün onla görüşsən.

O Başevdə mən Qaraşdan qorxuram,
Hər görəndə mən özümdən çıxıram,
O uşağa acıqantək baxıram,
Sevgi küsər hər gün onla görüşsən.


Kənd üstündə danışırdı Qam ata,
Üstüağla Manay durub baxırdı.
Sözlərinə qulaq asan çox idi,
Üstüağla Manay durub baxırdı.

Göy qurşağı boyasında çəliyi.
Çəkimliydi danışığı, biliyi.
Papağında qaz qanadı lələyi,
Üstüağla Manay durub baxırdı.

Gah gəzirdi, gah dururdu ortada,
Danışırdı ulu ata, anadan.
Tanrılaşan oddan, sudan, şaxtadan,
Üstüağla Manay durub baxırdı.


– Nə durubsan göyə, yerə baxırsan,
Göy atadır, yer anadır bizlərə.
Göy çiləyir, yer gül açıb bar verir,
Göy atadır, yer anadır bizlərə.

Ayağını yerə dirə, qolay dur,
Qaldır qoşa əllərini göyə vur,
Kim olsa da get, onlarla otur, dur.
Göy atadır, yer anadır bizlərə.

Göy, ay-günəş, yer su ilə çörəkdir,
Yerdə qalan nə vardırsa diləkdir,
İkisini ulu tutmaq gərəkdir.
Göy atadır, yer anadır bizlərə.


– Başlanğıçda yer büsbütün su olub.
Belə görüb söyləyiblər ulular.
Su üstünda iki qardaş qu olub
Belə görüb söyləyiblər ulular.

Biri batıb dibdən torpaq çıxarıb,
O biri də alıb səpib yuxarı.
Bu torpaqla yer yaranıb, çoxalıb.
Belə görüb söyləyiblər ulular.

Od tanrısı yerə bircə köz salıb,
Ondan bizə ocaq qalıb, od qalıb,
Suyla oddan gül, ot, ağaç ucalıb
Belə görüb söyləyiblər ulular.


– Sonra gəlib neçə-neçə tanrılar,
Su tanrısı, od tanrısı olublar,
Tanrısı var gözəlliyin, sevginin,
Su tanrısı, od tanrısı olublar.

Tanrısı var yazın, qışın, verimin,
Əyriliyin düzün, ölüm-dirimin,
Tanrısı var gücün, sözün, görümün,
Su tanrısı, od tanrısı olublar.

Minellilər, tanrıları tanıyın.
Harın gəzən tanrısızı qınayın.
Özünüzü tanrılarda sınayın.
Su tanrısı, od tanrısı olublar.


– Bizim ulu atamızdır Ağoğlan,
Ağ uludur bizim ulu inamda.
Yaranıbdır gör-gör ağac suyundan,
Ağ uludur, bizim ulu inamda.

Ağ anadır onu doğub bəsləyən,
Doğub iki bəbəyində gözləyən,
Yeləsəndir Ağoğlanı səsləyən,
Ağ uludur, bizim ulu inamda.

Odur bizi qadalardan qurtaran,
Odur bizi qarın-qarın artıran.
Ağoğlanı gizlədibdir ağ-toran,
Ağ uludur, bizim ulu inamda.


– Dedilər ki, su gör-görü bürüyüb,
Sudur bütün heyliləri yaşadan.
Son ovuq da dolub dağda su ilə,
Sudur bütün heyliləri yaşadan.

O ovuğu gün qurudub arada.
Ayta ilə Ayva çıxıb oradan,
Onlardılar bizi doğub yaradan,
Sudur bütün heyliləri yaşadan.

Ayta, Ayva, baş əyirik sizlərə,
Biz çıxmışıq indi geniş düzlərə,
Siz hopdunuz bizim görən gözlərə,
Sudur bütün heyliləri yaşadan.


– Bir gün dedim, Umay, niyə quş oldun,
– Quş oluram,-dedi-uzaq uçanda.
Qurtarıram çoxlarını ölümdən.
– Quş oluram,-dedi-uzaq uçanda.

Qaf dağından mən hər yeri görürəm.
Yazıqlara qızıl qanad gərirəm.
Ac qalana odumdan qan verirəm.
Quş oluram,-dedi-uzaq uçanda.

Öz yerimə ildə bir yol dönürəm,
Sevgilimi qucaqlayıb öpürəm,
Onda mən də adam olub dinirəm.
Quş oluram,-dedi-uzaq uçanda.


– Bir-birinə dal çevirib gülməyin,
Bizdə Umay, Ağoğlan, Al yaşayır,
Uca tutun istək ilə dözümü,
Bizdə Umay, Ağoğlan, Al yaşayır.

Yan keçməyin gözü qanlı olaydan.
Qırğı olun, qartal olun olayda,
Yaşamağı siz öyrənin Umaydan,
Bizdə Umay, Ağoğlan, Al yaşayır.

Əkin, biçin, burda çörək bol olsun,
Vurun keçin, dağda-daşda yol olsun.
Ağzınızda ilan deyil, dil olsun.
Bizdə Umay, Ağoğlan, Al yaşayır.


– Göydəngəlmə başlanğıcdır, uludur,
Söz anlayır, baxış duyur ana qurd.
Balamıza ana olub çətində,
Söz anlayır, baxış duyur ana qurd.

Deyirlər ki, hələ min-min il qabaq,
At otarıb, maral, qoyun bu qoçaq.
Uşaqlıqda qurd böyüdüb Üstüağ.
Söz anlayır, baxış duyur ana qurd.

Ulu tutun ana qurdu hər yanda,
Ucalırıq kökümüzü sayanda,
Şahımıza qurd hayandır son anda,
Söz anlayır, baxış duyur ana qurd.


"…Səni qızıl qan içindən tapmışam
Böyü bala, get ananı tapginən.
Üç il yer-yer gəzdirmişəm dişimda.
Böyü bala, get ananı tapginən.

Qan qurumu sallanmışdı saçından,
Aldım səni, ta düşmədin qucumdan,
Mənimkilər ölüb getdi acından,
Böyü bala, get ananı tapginən.

O döyüşlər, min-min ölü, yaralı,
Düşünəndə qanlı gözüm qaralır,
Gəzmə sən öz süd anandan aralı,
Böyü bala, get ananı tapginən".


Ay qurd, keçib o günlərdən min-min il,
Təmiz südün çox iyidi yaşatdı.
O Minelin damarında qaynayır,
Təmiz südün çox iyidi yaşatdı.

Səni yurda arxa bilir bu diyar,
Sənin olsun apardığın nə ki var,
Balaların ac qalanda gəl, apar.
Təmiz südün çox iyidi yaşatdı.

Baxma belə yazıq-yazıq bizlərə,
Qorxma, Qurdum, çıx yenə də düzlərə,
Saq ol, sağ ol, qurdum, sənə yüz kərə,
Təmiz südün çox iyidi yaşatdı.


– Qurdum, sənsiz qoy olmasın evimiz,
Sağlam olub dişin, başın, caynağın.
Çox-çox gizli görünməzi qovursan,
Sağlam olub dişin, başın, caynağın.

Güc istəyir səndən doğan, doğulan,
Səni deyir sağ olmayan, sağ olan.
Səndən qorxan dağıdarlar dağılar,
Sağlam olub dişin, başın, caynağın.

Gecələrə öyrət göyün dilini,
Ulartında var iyidlik bilimi.
Hara getsən sən unutma elini,
Sağlam olub dişin, başın, caynağın.


"…Gözəl Manay inanırdı Şamana.
Şaman göydə, yerdə nə var, görürdü.
Qız baxırdı Şaman kimi hər yerə
Şaman göylə, yerdə nə var görürdü.

O görurdü adamların içini,
Yaxşısını, pisdikləşən bicini,
İçindəki görünməyən biçimi,
Şaman göydə, yerdə nə var görürdü.

Göydən gələn səsi, sözü tutandı,
Səslə gedib tanrılara çatandı,
Hərdən beş gün səssiz çöldə yatandı,
Şaman göydə, yerdə nə var görürdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love