Toplantı söylənci
Əkbitənə yığıldılar qırx önər,
Düz danışıq işdə düyün açandı.
Turqər, Tunqər, Ağüz, Qurdər, Dəmirqız,
Düz danışıq işdə düyün açandı.
Danışdılar, deyişdilər birbəbir,
Elçiçəklə Yekta, Dota, Eldəbir,
Balaşq, Sanna, Sona, Muğər, Gücdəbir,
Hərə qalxıb öz yerindən söz deyir,
Danışanlar tək-tək, ancaq yüzdəbir,
Düz danışıq işdə düyün açandı.
Gəlmişdilər çox yaxınla, çox uzaq,
Danışdılar, çox acıqlı, yumuşaq,
Danışanlar, başçı, öndər, çox qonaq,
Cırmaqlaşdı varyeyliklə sərt qınaq,
Toplum, savaş, buğda, arpa, ot, otlaq,
Əkin-biçin, yağış, şaxta, çay, bulaq,
Satal, sürü, ilxı, naxır, yal-yaraq,
Yazı, oxu, ipək, göy daş, qarayağ,
Düz danışıq işdə düyün açandı.
Dedilər ki, ölkə artıb, böyükdür,
Səpələnib, el-el, bölük-bölükdür,
Çatmaq olmur, çoxu bizdən incikdir,
Parsel, Muğel Mindiyardan dönükdür,
Acıqanlar acdır, toxdan çevikdir,
Arpa, buğda çörək olmur, çürükdür,
Yollarımız eniş-yoxuş, sökükdür,
Başev uçur, çox yerləri tökükdür,
Kənddə işçi bir dəri, bir sümükdür,
Qadınların işdən beli bükükdür,
Bolluq yorğa, qıtlıq isə yürükdür,
Düz danışıq işdə düyün açandı.
Ağüz dedi: – Qocalmışam, gücüm yox,
Gövdəm vardır, pota, ancaq içim yox,
Öz başına olub çoxu, biçim yox,
Şahla yerinc üzə durur ölçü yox,
Şah qocalıb yeni şaha seçim yox,
Düz danışıq işdə düyün açandı.
Tunqər Alpan burdan çox söz anladı,
Bunca onun dağ ürəyi qanadı,
Ağüz şahı ata kimi qınadı,
Artdı onun burda şahlıq inadı,
Üç dördündən sındı uçar qanadı,
Şah olmağa neçə adı sanadı,
Düz danışıq işdə düyün açandı.
Sonda dedi toplantıya Turq ata,
– Gözlənilməz günü durub gözləmə.
Çıx irəli, çətinliyi qabaqla,
Gözlənilməz günü durub gözləmə.
Böyük olan adınızdan qorxmayın,
Düyün düşmüş çətinliyə baxmayın,
Ağır işdə özünüzdən çıxmayın,
Dörd yanıza xırdalığı, yığmayın,
Bulud-bulud yağış olub yağmayın,
Bacarığı, dili, sözü boğmayın,
Hər olana şimşək olub çaxmayın,
Tikin, hörün, siz ev, daxma yıxmayın,
Gözlənilməz günü durub gözləmə.
Mindiyardır Fərat, Dəclə, Buzboğaz,
O boyuyur, böyükülükdən usanmaz,
Yeniseydir, Ceyhun, Seyhun, Kür, Araz,
Çinçay vardır, Qobu çöl də var bir az,
Ölkə boyu ağ başraq var, al qotaz,
Gözlənilməz günü durub gözləmə.
Çox danışdı, öyüd verdi Turq belə,
Diyar adı verin- dedi hər elə,
Sayğı olsun hər elata, hər dilə,
Günə görə ad-san verin hər ilə,
Gözlənilməz günü durub gözləmə.
Hər söz üstə döyüş - vuruş olmasın,
Su saxlayın qıtlıq yurdu almasın,
Ürəyizdə öclə acıq qalmasın,
Gözlənilməz günü durub gözləmə.
Döyüş - vuruş tanrıları incidir,
Tanrıların könlü tükdən incədir,
Acıqan bir, yaxşı adam mincədir,
Gözlənilməz günü durub gözləmə.
Qardaş olun, bacı olun qonşuya,
Qan-qadağa qoy çıxmasın qarşıya,
Ölkə gərək acıqansız yaşaya,
Oğul odur çətin yükü daşıya,
Gözlənilməz günü durub gözləmə.
Turq ataya hamı durub baş əydi,
Gələn öydü- gedən, qalan çox öydü,
Ağüz, Tunqər onu böyük şah saydı,
Gözlənilməz günü durub gözləmə.
Dedilər ki, sözü el-el yayılsın,
Mindiyarda qoy Turq yenə şah olsun,
Dedilər ki, bir-bir saya sayılsın,
Hər bir şeyə, işə ölçü qoyulsun,
Gözlənilməz günü durub gözləmə.
Ancaq Turqər ata idi hamıya,
Baş vururdu hər ölkəyə, qapıya,
O dönmüşdü böyük yarı tanrıya.
Gözlənilməz günü durub gözləmə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-toplanti-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Gəldi qoça başbilənlər Başevə,El diridir, uman yeri vardırsa.
Öc söylənciBoş bilərək Mehcə bir gün BaşeviDüşüncəsi yumaqlandı, qarışdı.
Buynuz şah söylənciBaşevə dönmədi Qaraş neçə ay,Doğmalar uzaqkən sevimli olur.
Oddan keçmə söylənciBurda şax-şax şaqqıldayır bulaqlar,Bulaq idi duru-duru adamlar,