Yol yoldaşı söylənci
Baxıb Manay çox şeyləri duyurdu.
Duyulmayan duyğuları qız duyar.
Şah çırpıntı içindəydi dünəndən,
Duyulmayan duyğuları qız duyar.
Dəniz, düzən, yol arxada qalınca,
Sanki kimsə gəlir şahın dalınca,
Manay tez-tez əl atırdı qılınca,
Duyulmayan duyğuları qız duyar.
Kimsə baxır, tez də gözdən yayınır,
Kim olsa da alacaqdır payını,
O oynayır gizdilinpaç oyunu,
Duyulmayan duyğuları qız duyar.
– Şahım, bizim arxamızca gələn var,
– Tanrılardır, gülüm, sənə baxırlar,
– Mən uzaqdan hənirtini duyuram,
– Tanrılardır gülüm, sənə baxırlar.
– Gəl, gizlənək, görək kimdir bu gələn,
– Açıqandır, güdür bizi, mən bilən.
Bunu duydum on gün qabaq mən hələ,
– Tanrılardır gülüm, sənə baxırlar.
– Atlı deyil, yaraqlı da deyildir,
Biz duranda o qırağa çəkildi,
Deyən bizim qorxumuzu o bildi, -
Tanrılardır gülüm, sənə baxırlar.
Şah duymurdu hənirtini arxada.
Var sevənin ancaq sevgi duyğusu.
Olacağı daha yaxşı görürdü,
Var sevənin ancaq sevgi duyğusu.
Qırx gün idi sevgisinə köləydi.
Başev gərək bunu önçə biləydi.
Onun şahlıq yönü-yolu beləydi,
Var sevənin ancaq sevgi duyğusu.
İndi onu axtarırlar, gəzirlər,
Qırx gün gəzib axtarmaqdan beziblər,
Yozmaçılar yalan-palan düzüblər
Var sevənin ancaq sevgi duyğusu.
Birdən atlar ürküb, ürküb dayandı,
At yanılmaz, o, hənirti duyandır,
İkisi də əl atdılar qılınca,
At yanılmaz, o, hənirti duyandır.
Nə arxaya, nə qabağa getdilər,
Dayandılar yerlərində bitdilər,
Sevgililər pusqu qurub güddülər
At yanılmaz, o, hənirti duyandır.
Yüz yaraqlı yol üstündə göründü,
Başçıları gəlib şaha dirəndi,
Üzü-gözü özgəliyə büründü,
At yanılmaz, o, hənirti duyandır.
– Ey, sən kimsən, qoşalaşıb durubsan,
Bu yerlərə quş qorxudan qonmayır.
Bu yerlərdə Mehcə, Qammad başçıdır,
Bu yerlərə quş qorxudan qonmayır.
De, nəçisən, o gözəl qız haradan,
Bizə verib bu yerləri yaradan,
Minel şahı itib gedib aradan,
Bu yerlərə quş qorxudan qonmayır.
Çox bahadır geyiminin dəyəri,
O atları geyimləri ver bəri.
Mənəm Minel, Darvidelin önəri.
Bu yerlərə quş qorxudan qonmayır.
Üstüağın qan sağıldı gözünə.
– Belə yerdə ancaq qılınc danışar.
O sıçradı Ötəratın belinə,
Belə yerdə ancaq qılınc danışar.
Manay ox tək qopdu sanki yerindən,
Ancaq qaldı o aralı ərindən.
Atlar ürküb kişnədilər dərindən,
Belə yerdə ancaq qılınc danışar.
Yolkəsənlər öncə qorxub çaşdılar,
Qılınc çəkib sonra coşub daşdılar,
Yara alıb at üstündən aşdılar.
Belə yerdə ancaq qılınc danışar.
Nərildədi şah hər qılınc vuranda,
Acıqana qorxu salar nərilti.
Hər qılıncı bir baş biçdi dibindən,
Acıqana qorxu salar nərilti.
– Ay alçaqlar, Minel şahı itməyib,
O, ölkədən uzaq yerə getməyib,
Döyüş hələ qabaqdadır bitməyib,
Acıqana qorxu salar nərilti.
Mən bu yerin bir balaca oğluyam,
Böyük Minel torpağına bağlıyam.
O Mehcədən, o Qammaddan dağlıyam.
Acıqana qorxu salar nərilti.
Yolkəsənlar qırıldılar, birbəbir,
Bu, Mindiyar şahı ola, olmaya.
Çox önəmdir, çox güclüdür, çox hündür,
Bu, Mindiyar şahı ola, olmaya.
Yolkəsənlər karıxdılar, bu kimdir,
Hər vurumu neçə-neçə ölumdür.
Əynindəki şahsayağı geyimdir,
Bu, Minldiyar şahı ola, olmaya.
Bir neçəsi cumub daldan dolayı,
Qılınc vurub yaraladı Manayı
Çatdı şaha qızın qorxunc harayı,
Bu, Mindiyar şahı ola, olmaya.
Bu an Boz Qurd dikin üstə göründü,
Ulartısı, hənirtisi qorxulu.
Yolkəsənlər onu görüb durdular
Ulartısı, hənirtisi qorxulu.
Qurddan böyük, atdan azca kiçikdi,
Qaplan kimi sıçraq, iti, yürükdü,
Qanlı gözlər acıqlıydı, sönükdü,
Ulartısı, hənirtisi qorxulu.
Yaraqlılar qaçıb düzə yayıldı,
Gözəl Manay qorxusundan bayıldı,
Boz Qurd ona hayan oldu, hay oldu,
Ulartısı, hənirtisi qorxulu.
Boz Qurd didib parçaladı, dağıtdı
Boz Qurd yerdə göyün tanrı səsidir.
Qan apardı çoxusunu bu düzdə
Boz Qurd yerdə göyün tanrı səsidir.
Gəlib çatdı Manayına Üstüağ,
Boz Qurd onun arxasında bir dayaq,
Görüşdülər onlar qucaqlaşaraq
Boz Qurd yerdə göyün tanrı səsidir.
Yalaşdılar, güləşdilər, doldular.
Sarmaşdılar, qarmaşdılar, qaldılar,
Bir-birindən sevinc payı aldılar,
Boz Qurd yerdə göyün tanrı səsidir.
Qurdun gözü soraq verdi anadan,
"-O ağlayır, "balam hanı" çağırır.
Udağıdır bala yazıq ananın,
O ağlayır, "balam hanı" çağırır.
Şeşələnib Mehcə onu qorxudur,
Qaraş üçün bunlar yeni qurğudur.
Hamı üçün şahlıq dadlı yuxudur-
O ağlayır "balam hanı" çağırır.
– Hind yerinə gedən yoldur bu yollar,
Əkbitənə burdan kəsə yol da var,
Bu yol ilə çatmağımız tez olar,
O ağlayır "balam hanı" çağırır".
Qırx gün oldu şahın yoxa çıxması,
Qara geydi, yas saxladı Mindiyar.
Acıqanlar şeşələnib durdular,
Qara geydi, yas saxladı Mindiyar.
Təkcə Mindon qara paltar geymədi,
Ağlamsınıb gözlərini döymədi,
Yozmaçını, yalançını saymadı
Qara geydi, yas saxladı Mindiyar.
Qırx gün Başev Üstüağsız qalınca,
Mehcə gəldi Qaraşının dalınca,
Çox işiləri öz əlinə alınca.
Qara geydi, yas saxladı Mindiyar.
Qırxı çıxdı, Mehcə toplum gətirdi,
– Şahlıq nəvəm Qaraşındır, söylədi,
Oğlum Qaraş öldürsə də özünü
Şahlıq nəvəm Qaraşındır, söylədi.
Bizə çatar şahlıq mənim ərimdən,
Mindon gəlib oturubdur yerimdə,
Şah dönməsə təzə ayın birindən
Şahlıq nəvəm Qaraşındır, söylədi.
Qarbaş qaldı ağzı-dili tutulu,
Mehcə gəlib ortalığa atılıb,
Göz bərəlib, qara qaşı çatılıb,
Şahlıq nəvəm Qaraşındır, söylədi.
Dışar ölkə elçiləri gəldilər.
"Qala bilməz başsız böyük Mindiyar"
Onlar Minel ağrısına baş əydi,
Qala bilməz başsız böyük Mindiyar.
Qammad, Mehcə yer üstündə söyüşür,
Başevdəki işçiləri dəyişir.
Mindon ilə ağızlaşır, deyişir,
Qala bilməz başsız böyük Mindiyar.
Ancaq Başev başçısını gözləyir.
Üstüağa sevgisini gizləyir.
El sussa da, Mehcəgili pisləyir,
Qala bilməz başsız böyük Mindiyar,
Mindon yolub yerə tökür saçını,
– Mənim balam hələ sağdır, ölməyib,
O Manayla ova çıxıb bilirəm,
Mənim balam hələ sağdır, ölməyib.
Satqın Mehcə, səni görüm öləsən,
Nəvən ölsün, bala nədir biləsən,
Gün olsun ki, qara çora gələsən,
Mənim balam hələ sağdır, ölməyib.
Bala, gəl, çıx, yurdun ağır çağıdır,
Özümüzü özümüzki dağıdır,
Doğma deyil Mehcə, ürək dağıdır,
Mənim balam hələ sağdır, ölməyib.
Mehcə ərə getmiş idi Qammada;
İlk ərindən ona heç nə çatmazdı.
İtirmişdi Başevdəki yerini,
İlk ərindən ona heç nə çatmazdı.
Boylu idi Mehcə təzə ərindən.
Doğaçaqdı son ayların birində,
Gərək gedib oturaydı yerində,
İlk ərindən ona heç nə çatmazdı.
Mindiyarda el doğrulu beləydi,
Mehcə gərək bunu yaxşı biləydi,
Bir də ora getməsəydi, gələydi,
İlk ərindən ona heç nə çatmazdı.
Günortaydı, yazın qızmar istisi,
Qobuyerin yazı yaydan istidir.
Yazda su da, çöl də, dağ da buğlanır,
Qobuyerin yazı yaydan istidir.
Yazda nə var baş qaldırır torpaqdan
Yayda isə ot saralır saplaqdan,
Mal-qara da yazda düşür ayaqdan,
Qobuyerin yazı yaydan istidir.
Yazın sərin yaylaqları genişdir,
Yazın ağac kölkəsi var, nəmişdir,
Bir də gördün yay yaz ilə dəyişdi,
Qobuyerin yazı yaydan istidir.
Bu istidə şah dönürdü Başevə,
Sevinc ilə bir soydandır muştuluq.
Hər muştuluq qanad idi anaya,
Sevinc ilə bir soydandır muştuluq.
Yasa batan Başev sildi gözünü,
– O dəyişdi bir də yeni üzünü,
Tox tutsa da boylu Mehcə özunü,
Sevinc ilə bir soydandır muştuluq.
Qammad çəkdi toplumunu qırağa,
Yol üstündə əl atdılar yarağa,
Üstüağı qoymadılar qabağa,
Sevinc ilə bir soydandır muştuluq.
Mehcə dedi: – Üstüağı öldürün!
Qan üstündə üzməlidir bu şahlıq!
Alın, yaxın, kəsin gözəl Manayı,
Qan üstündə üzməlidir bu şahlıq!
Mehcə Manay, şahla Qammad üz-üzə,
Tutuşdular, yer qalmadı bir sözə,
Qılıncların səsi düşdü dağ, düzə,
Qan üstündə üzməlidir bu şahlıq.
Şahlıq bizim, Başev bizim, yer bizim,
Üstüağı kəsəcəyəm mən özüm.
Manay gəlsin qabağıma diz-dizi.
Qan üstündə üzməlidir bu şahlıq.
Sıçrayaraq Boz Qurd çıxdı ortaya,
Qorxdu bütün cızığından çixanlar.
Diş qıcadıb tüklərini qabartdı,
Qorxdu bütün cızığından çıxanlar.
Alıb Qammad oxu qurda tuşladı.
Çəkib, çəkib lapdan onu boşladı.
Qurd sıçradı yüyürməyə başladı,
Qorxdu bütün cızığından çıxanlar.
Dişlərini şaqqıldatdı bir kərə,
Qammad aşdı at üstündən düz yerə,
Sonra döndü çeynəm-çeynəm ətlərə,
Qorxdu bütun cizığından çıxanlar.
Görüb bunu gözəl Mehcə bayıldı,
Nə bir azdan, nə də sonra ayıldı,
Qorxu tonlum sırasına yayıldı,
Qorxdu bütün cızığından çıxanlar.
Yaraqlılar üz tutdular, getdilər,
Çölə, düzə səpələnib itdilər,
Tikan olub çöldə kol-kol bitdilər,
Qorxdu bütün cızığından çıxanlar.
Başev, Qarbaş, Odər tir-tir əsimdə
Mindonunsa çırmaq yeri üzündə,
Qurdla gələn şahın uca səsindən
Qorxdu bütün cızığından çıxanlar.
– Mən Üstüağ, Mindiyarın şahıyam,
Bir ölkədə bir şah olar, iki yox.
Bundan sonra mən də qancıllaşaram,
Bir ölkədə bir şah olar, iki yox.
Turər bizə qoyub getdi bu yurdu,
Mən də onun şah yerini qorudum,
Ölsün gərək kim ki, cayıb, qudurub
Bir ölkədə bir şah olar, iki yox.
Qaraş mənim qardaşımdır, qanla bir.
Daha onun şah olmağı çətindir.
Yığışılsın bu oyunlar, səs-səmir,.
Bir ölkədə bir şah olar, iki yox.
– Mindiyarın bölgəsidir Darvidel
Göz dağıdır özgəsinə bu birlik.
Əkbitənə vergi versin o gərək,
Göz dağıdır özgəsinə bu birlik.
Bu birlikdən üz döndərsə Qaraş da
Yanacaqdır içimdəki günəşdə,
Qoy bir olsun hamı, hamı hər işdə,
Göz dağıdır özgəsinə bu birlik.
Mən Üstüağ, Mindiyarın yiyəsi,
Oddan iti qılıncımın tiyəsi,
Qoy yayılsın yer üzünə var səsim,
Göz dağıdır özgəsinə bu birlik.
Mehcə, Qammad ölgün döndü bir daha,
Umu çəkər gözüacı ölümə.
Şah ölmağın yanğısında yandılar,
Umu çəkər gözüacı ölümə.
Darvideldən yerinc yeri alındı,
Parçalandı, neçə yerə bölündü.
Öncülləri yurddan uzaq salındı,
Umu çəkər gözüacı ölümə.
Çoxu qaçdı, getdi, Çinə, Misirə.
Uzaq yerdə döndü yetim-yesirə,
Adam belə adamlığı itirər,
Umu çəkər gözüacı ölumə.
Manay doğdu ilk oğlunu Başevdə.
İyid oğul el-obaya dayaqdır.
Yürüş qoydu ata onun adını,
İyid oğul el-obaya dayaqdır.
Mindon qara geyimini soyundu,
Yozmaçılar yozumlardan yayındı,
Şah Yürüşü qucaqlayıb sevindi
İyid oğul el-obaya gərəkdir.
Manay güldü, dil-dodağı bal oldu.
Çiçəkləndi, yanaqları al oldu,
Gül idisə, güldən gözəl gül oldu
İyid oğul el-obaya gərəkdir.
Çox umular öz içinə çəkildi.
Umu-küsü olan yerdə var olmaz.
Hər gəlişin ilk addımı gedişdir.
Umu-küsü olan yerdə var olmaz.
Yer göy ilə, qara ağla uyuşdu.
Neçə qorxu üstlərindən sovuşdu.
Neçə ürək bir-birinə qovuşdu.
Umu-küsü olan yerdə var olmaz.
Odər gəldi, Şaman gəldi, Qam ata,
Bu sevinçdən hər ataya pay çatar,
Körpə səsi dadlı sözə dad qatar,
Umu-küsü olan yerdə var olmaz.
Toy çalındı, ölkələri səs aldı,
Ölkələrdə ad qoymuşdur Mindiyar,
Bağış yük-yük gətirirdi elçilər.
Ölkələrdə ad qoymuşdu Mindiyar.
Toy çalındı, bütün ölkə sevindi.
Mindiyarla, Minel şahla öyündü,
Min-min ürək bir sevinclə döyündü,
Ölkələrdə ad qoymuşdu Mindiyar.
Səsi yastı, sözü dadlı deyimlər,
At ətindən bişirilmiş yeyimlər,
Sayrışırdı al, boz, göy, ağ geyimlər.
Ölkələrdə ad qoymuşdu Mindiyar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-yol-yoldasi-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Alpis gəldi Parsdiyara bir günə,Bir yol sevər sevə bilsə qız, oğlan.
Dəmirqızla Daryaş söylənciDuzdağ elin toplumları yürüşdə,Yer dəyişmə yaranışda yasadır.
Altyer söylənciAlpis yenə küsüb dönür Altyerə,Özözüzdən küsmə çaşqın qalarsan.
Yuxu söylənciGecə yatdı Qurdər yorğun, duyğulu,Düz yozulsa yuxu yarı doğrudur.
Poems by other poets
Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,