Alpis gəldi Parsdiyara bir günə,
Bir yol sevər sevə bilsə qız, oğlan.
Daryaş gördü, o da sevdi Sonanı,
Bir yol sevər sevə bilsə qız, oğlan.

Dedi:- daryaş – bu gözəli ver mənə,
Bağışlaram mən də neçə qız sənə,
Pırtlayıbdır alma kimi döş önə,
Bir yol sevər sevə bilsə qız, oğlan.

Məntək şaha çatar belə gözəllik,
Mənim olsun bu gənc gülər gözəllik,
İt-bat olar yoxsa kölə gözəllik,
Bir yol sevər sevə bilsə qız, oğlan.

Alpis dedi: – O incədir çiçəkdən,
Mən sevmişəm onu hələ bələkdə,
Ilk sevgidir məndə doğub ürəkdən,
Bir yol sevər sevə bilsə qız, oğlan.

Sən şor gözsən şah deyilsən, çalağan,
Onu bunu yaralayan qapağan,
Bir yol sevər sevə bilsə qız, oğlan.

Sona dedi: – Mən Turparı sevirəm,
Nə şahlığı, nə də varı sevirəm,
Nə qarqarı, nə qurquru süvirəm,
Mən sizi də yarıyarı sevirəm,
Bir yol sevər sevə bilsə qız, oğlan.


Sona gördü, baş-başadır iki qoç,
Nə üstəsə qoç qoç ilə vuruşar.
Məni sevən qoçlar gərək vuruşsun,
Nə üstəsə qoç, qoç ilə vuruşar.

Basar gərək sonra mənlə döyüşə,
Mənlə qılınc döyüşünə girişə,
Mən basılsam onda sevgim dəyişər,
Nə üstəsə qoç, qoç ilə vuruşar.

Daryaş dedi: – Çox bilmişsən, ay gözəl,
Səni allam, çaldıraram toy, gözəl,
Yoxdur sənə bu ölkədə tay, gözəl,
Nə üstəsə qoç, qoç ilə vuruşar.

Alpis dedi: – Qız da bizi aldadır,
Turpar gəlib lap yaxında, yoldadır,
Yorğun - arğın çox - çox düşər haldadır,
Nə üstəsə qoç qoç ilə vuruşar.

Alpis dedi: – “Öldürərəm Daryaşı,
Turpar olar onun sevgi başdaşı,
Sevgi üstə atmaz qardaş qardaşı,”
Nə üstəsə qoç, qoç ilə vuruşar.

Vuruşdular, boğuşdular, durdular,
Qılınc qalxan, toppuz, bizuc qırdılar,
Bir-birini yaralayıb yordular,
Nə üstəsə qoç, qoç ilə vuruşar.

Sona gördü ikisi də tökülüb,
Pal-paltarı, döşü-başı sökülüb,
Yavaş- yavaş o qırağa çəkilir,
Nə üstəsə qoç, qoç ilə vuruşar.

O sıçradı qaşqa atın belinə,
Dönür çovğun küləyinə yelinə,
Çapır Parsel otlağına çölünə,
Nə üstəsə qoç, qoç ilə vuruşar.


Sona çatdı yorğun düşmüş Turpara,
Güclü olur qızın gizli sevgisi.
Dedi: – Turpar, gəl, min ata qaçaq biz,
Güclü olur qızın gizli sevgisi.

Mən sevmişdim səni neçə il qabaq,
Bu sevgini anlamışdı o bulaq,
Gecə-gündüz mən oyaqdım, o oyaq,
Güclü olur qızın gizli sevgisi.

Olmuşları Sona bir-bir danışdı,
Iki sevgi bir-birinə qatışdı,
Güclü əllər bir birindən yapışdı,
Güclü olur qızın gizli sevgisi.

Turpar baxdı, gördü Şimşəkquyruğu,
Budur dedi, bu Alpisin qoruğu,
Budur dedi o Altyerin yoluğu,
Qızıldandır atın nalı topuğu,
Bu Alpisin minigidir, tutuğu,
Güclü olur qızın gizli sevgisi.

Burax onu- dedi - Turpar çöllərə,
Getsin çatsın o qabarlı əllərə,
O atlaşıb qulluq etsin ellərə,
Güclü olur qızın gizli sevgisi.

Sona, Turpar Əkbitənə yol aldı,
Atsız qaldı Alpis, gücü azaldı.
Şimşəkquyruq çapdı, yelkən yal oldu,
Güclü olur qızın gizli sevgisi.


Tunq getmişdi Uğurelə bir aydı,
Döyüş, barış çağı qoru yerini.
Sorağ aldı ağılanıb toplumu,
Döyüş, barış çağı qoru yerini.
Acıqanlar Əkbitənə gəliblər,
Kim, nə, harda sorağlaşıb biliblər,
Yaraqlılar yemək üstə ölüblər,
Döyüş, barış çağı qoru yerini.

Ancaq Daryaş Gücdəbirlə üzləşib,
Iki ərən vuruşaraq sözləşib,
Qılınc, toppuz gumbuldayıb, səsləşib,
Döyüş, barış çağı qoru yerini.

Deyirlər ki, burda Turpar əli var,
Ağılanıb düşüb ölü adamlar,
Başsız qalıb, tək qalıbdir Mindiyar,
Döyüş, barış çağı qoru yerini.

Tunq özünü yetirincə gec olub,
Daryaş alıb, vurub yıxıb qoç olub,
Bu gedişdə başbaşı yox, bic olub,
Döyüş, barış çağı qoru yerini.

El susmayıb, qanlı bayraq qaldırıb,
Əldə paya, yağışlarda ildırım,
Harda kimi kim görübdür öldürüb,
Döyüş, barış çağı qoru yerini.

Alıbdılar aralığa Turparı,
Deyiblər ki, sən edibsən bunları,
Acığından Turpar olub sapsarı,
Döyüş, barış çağı qoru yerini.


Birdən Tunqər Əkbitəndə göründü,
Ölkə, Başev qala bilməz yiyəsiz.
Çil-çil atı qovub çatdı üç günə,
Ölkə, Başev qala bilməz yiyəsiz.

Sorağ çatdı yazıq ana Besyara,
Dedi, «Tanrım, ağı hara, o hara,
Çirk atırlar mənim oğlum Turpara»
Ölkə, Başev qala bilməz yiyəsiz.
Tunq bağırdı: – Çəkin bura qonağı,
Od qalansın, odun tanrı sınağı,
Turpar keçsin alovlanan ocağı,
Ölkə, Başev qala bilməz yiyəsiz.

Oddan keçsə, inanarıq biz ona,
Bu göstəriş qoy yayılsın hər yana,
O, Besyarla qoyulmasın yan-yana,
Ölkə, Başev qala bilməz yiyəsiz.

Turpar bildi bu, Daryaşın işidir,
Daryaş ona, anasına qarşıdır,
Dedi, «ata, atalıqda naşıdır,
Belə ata qandır, həm göz yaşıdır»
Ölkə, Başev qala bilməz yiyəsiz.


Od qalandı, uzunluğu on addım,
Tanrı özü güc-öc verir qancıla.
Turparı da güclə qancıl etdilər,
Tanrı özü güc-öc verir qancıla.

Turpar dedi: – İstəyirəm yanam mən,
Qopub gedim belə ata əlindən,
Şah olsan da, ata, ata deyilsən,
Tanrı özü güc-öc verir qancıla.

Mən bu işi görməmişəm, görmərəm,
Oda girrəm, mən bu işə girmərəm,
Mindiyarı tanrıya da vermərəm,
Tanrı özü güc-öc verir qancıla.

Dedi: – Anam, atam böyük Mindiyar,
Məndən, səndən qanlı öc-güc alırlar,
Mənim burda bircə qalan anam var,
Qoyma onu qarqışlayıb vuralar,
Tanrı özü güc-öc verir qancıla.

Məndən sonra deyin məni anana,
Yansın məntək alovlanıb yanana,
Ata olsun, oğul olsun anama,
Tanrı özü güc-öc verir qancıla.

Mindiyarı »yurdum« deyib bəsləsin,
Pis ayaqda Turqu, Tunqu səsləsin,
Alpisləri, Daryaşları pisləsin,
Tanrı özü güc-öc verir qancıla.

Od içindən eşidildi bu sözlər,
Yandı sanki yaşıl çöllər, göy düzlər,
Alovlandı elə bil ki, dənizlər,
Tanrı özü güc- öc verir qancıla.

Tunq qışqırdı: – Turpar, girmə oraya,
Alpis girib, oğlum, yenə araya,
Çıx bizimlə sən də dayan sıraya,
Tanrı özü güc- öc verir qancıla.

Turpar susdu, o çıxmadı sınaqdan,
Turpar yandı, səs gəlmədi ocaqdan,
Ancaq bir səs eşidildi uzaqdan,
Tanrı özü güc- öc verir qancıla.

«Sən hardasan südlü çörək Turparım,
Dağ ürəyi çiçək-çiçək Turparım,
Danışığı güllü baltək Turparım,
Tanrı özü güc- öc verir qancıla».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets