Bir gün Turpar getdi bulaq başına,
Bulaq başı gizli görüş yeridir.
O gözlədi qızı bir az qıraqda,
Bulaq başı gizli görüş yeridir.

Axşam oldu, o gözlədi, baxmadı,
Gecə quşu səslərindən qorxmadı,
Çox gözlədi Sona gəlib çıxmadı,
Bulaq başı gizli görüş yeridir.

Güzgü kimi duru bulaq gözləri,
Güzgüdən də gözəl parlaq gözləri,
Körpə uşaq baxışları, gözləri,
Uşaqdan da oynaq şıltaq gözləri,
Bulaq başı gizli görüş yeridir.

Küsgünlük var deyən solğun üzündə,
Gülər dodağında, yorğun üzündə,
Sanki gəzir səssiz çovğun üzündə,
Bulaq başı gizli görüş yeridir.

Bir biləydim bu sıxıntı nədəndir,
Kirpiyində o yağıntı nədəndir,
Səsində ki, o boğuntu nədəndir,
Dörd bir yanda bu uğuntu nədəndir,
Bulaq başı gizli görüş yeridir.

Bir biləydim bu qız kimin qızıdır,
Bu ceyrandır, bu marallıq quzudu,
Yoxsa sevgi tanrısının özüdür,
Bulaq başı gizli görüş yeridir.

Bütün günü pıçıldayan buz bulaq,
Gecə boyu xışıldayan göy budaq,
Harda qaldı o bal dodaq, gül yanaq,
Bulaq başı gizli görüş yeridir.

Yola düşdü getdi Turpar cığırla,
Nəyə gərək göl, çay, bulaq Sonasız.
Dedi, gedim, tapım qızın evini,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Dedi, gedib, görüm onun özünü,
Açım ona ürəyimin sözünü,
Deyim ona düz sözümün düzünü,
Nəyə gərək göl, çay, bulaq sonasız.

Qız anama olar gözəl bir gəlin,
Bu sevgimə sağdış olar toy, kəbin,
Sona bizdə gülü olar güllərin,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Bunu bilib atam gələr toyuma,
Hamı bundan sonra qalar hayıma,
Qatar qızı öz Parselli soyuna,
Qızıl, göy daş biçər qızın boyuna,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Bunca hamı bir-birilə yarışar,
Minel Parsel bir-birinə qarışar,
Yoxsul, zəngin bir-birindən yapışar,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Burulurdu cığır ilan sayağı,
Sürü, ilxı, naxır tutub ovlağı,
Otlayırdı biçilməmiş otlağı,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Bu andaca bir səs gəldi meşədən,
Qorxub durdu səsi bunca eşidən,
Bu qorxulu səs haradan, səs nədən,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Bu səs yaxın ev-daxmadan gəlirdi,
Kimsə sanki boğulurdu, ölürdü,
Bu səsə də bir başqa səs gülürdü,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Turpar qaçdı evə sarı, səs artdı,
Qapıları silkələyib o dartdı.
Acıqlı səs bir də səs-küy qopartdı,
Nəyə gərək göl, çay, bulaq Sonasız.

Kimsə kimə qışqırırdı acıqlı,
Bir qız isə ağlayırdı yanıqlı,
Acıqlı səs söyləyirdi qılıqlı,
Nəyə gərək göl, çay, bulaq Sonasız.


Qulaq asdı Turpar belə eşitdi:
– Mən Alpisəm, tanrısıyam Altyerin.
Səni gözəl, yaxşı üzlə sevirəm,
Mən Alpisəm tanrısıyam Altyerin.

Bu ilk sevgim son sevgimdir biləsən,
Yığışasan, gərək mənə gələsən,
Aralıqda qan-qadanı siləsən,
Yox gəlməsən, onda gərək öləsən,
Mən Alpisəm tanrısıyam Altyerin.

Mənə gəlsən, məndə sənlə quş ollam,
Gedib mən də yaxşılara qoşullam,
Böyük Hörmüz tanrımızdan güc allam,
Onun kimi mən Üstyerdə ucalllam,
Mən Alpisəm tanrısıyam Altyerin.

Gedək, sənə mən göstərim Altyeri,
Görüb daha bəyənməzsən Üstyeri,
Sən tanrı ol, mən də sənin ilk ərin,
Mən Alpisəm tanrısıyam Altyerin.

Sən Altyerin qız çiçəyi olarsan,
Cicək-çopur tanrılığı alarsan,
Uşaqları ot tək yerdən yolarsan,
Mən Alpisəm tanrısıyam alt yerin.

Tanrı olsan hamı səndən qorxacaq,
Səninkilər sənə şah tək baxacaq,
Qabağına tutuq kimi çıxacaq,
Üzərinə qızıl, gümüş yağacaq,
Adın yerə şimşək kimi çaxacaq,
Mən Alpisəm tanrısıyam alt yerin.

– Yox getmərəm mən səninlə heç yerə,
Yox getmərəm sənə, Alpis, mən ərə,
Adam sevər, yavurular bir kərə,
Ola bilməz sevgiliyə ər hərə,
Mən Alpisəm, tanrısıyam Altyerin.
– Mən Sonayam, sevməyirəm pisliyi,
Mən sevirəm yaxşılığı, düzlüyü,
Tanrı qırsın, görüm sizi, sizliyi,
– Mən Alpisəm tanrısıyam Altyerin.

– Sən Altyerin tanrısısan çəkil, get,
Bura sənin yerin deyil, əyil, get,
Sökülərək öz içində tökül, get,
– Mən Alpisəm tanrısıyam Altyerin.

– Mən Sonayam, mən sevirəm Turparı,
Turpar mənim ürəyimi aparıb,
Turpar mənim qızıl sevgi çaparım,
– Mən Alpisəm tanrısıyam Altyerin.


Bu sözləri Turpar çöldən eçitdi,
Tanrı gücü, sevgi gücü deməkdir.
O bağırdı: – Mən burdayam, sevgilim,
Sevgi gücü, tanrı gücü deməkdir.

Bu andaca qapı tay-tay açıldı,
Onun çölə yanıq iyi saçıldı,
Çovğun düşdü,ev yurd, dam - daş uçuldu,
Yer qabardı, yerdəkilər kiçildi,
Sevgi gücü, tanrı gücü deməkdir.

Turparı da külək atdı uzağa,
Yarı ölü Sona qalxdı ayağa,
O qabartdı qız köksünü qabağa,
Sevgi gücü, tanrı gücü deməkdir.

Dedi: – Burax məni, qancıl, qan içən,
Ac ölümdən adamlara don biçən,
Arşin tutub sonevinə yer ölçən,
Sevgi gücü, tanrı gücü deməkdir.

Döyüşməyi öyrənmişəm atamdan,
Düz olmağı pay almışam anamdan,
Mən çıxmaram ata-baba yuvamdan,
Mindiyara böyük andım qafamda,
Sevgi gücü tanrı gücü deməkdir.

Birdən çovğun uğuldadı, gurladı,
Yel qarışıq şimşək bulud qarladı,
Şimşəkquyruq gəldi, gözlər parladı,
Sevgi gücü, tanrı gücü, deməkdir.

At Sonanı aldı getdi, qor oldu.
Yerdə yağış, külək, şaxta, qar oldu,
Üstyer susdu, Altyer ona dar oldu,
Sevgi gücü, tanrı gücü deməkdir.

Gölə düşdü Turpar, birdən ayıldı,
Üzdü çıxdı, şaxta vurdu, bayıldı,
Çovğun səsi hər bir yerə yayıldı,
Sevgi gücü, tanrı gücü deməkdir.


Külək önə çapdı getdi yüyürək,
Dillilər tək dilsilər də sevişir.
Gördü quş da, qurd da. At da oxuyur,
Dillilərtək, dilsilərdə sevişir.

Turpar keçdi aşırımı, uçqunu,
Alpis qoyub gedən qarı, çovğunu,
O dindirdi göyərçini. Quzğunu,
Dillilərtək, dilsilər də sevişir.

Dedi: – Bulud, Sona burdan ötübdür,
Yol üstündə güllər bunca bitibdir.
Ötməyibsə o qız harda itibdir,
Dillilərtək, dilsilər də sevişir.

Gördü qartal göy üzünə millənib.
Qanadları qılınc kimi yellənir,
O qıy vurur dilsiz, dilli dillənir,
Dillilərtək, dilsilər də sevişir.
Dedi: – Qartal bax, gör, Sona görünür?
Qana, yoxsa-göz yaşına bürünüb,
Yanınca da qancıl Alpis sürünür,
Dillilərtək, dilsilər də sevişir.

Gördü günəş çıxır, göylər qızarmış,
Dimdiyində çöp tutaraq qaranquş,
Yuva tikir, qılınc qanad yumru quş,
Dillilərtək, dilsilər də sevişir.

Dedi: – Quşum, qon aşağı, yerə düş,
Sarı dimdik, qılınc qanad, yumru döş,
Bir dilə gəl, mənim ilə bir görüş,
De, buradan dünən, bu gün, kim ötmüş,
Sona, beli sancılardan bükülmüş,
Yanağından uçub getmiş, bal gümüş,
Saç qaraşın, üz qızılı, əl gümüş,
Dillilərtək, dilsilər də sevişir.

Dedi: – Ayı, onu yoxsa görübsən,
Axtarıram o sevgili qızı mən,
Öz sevginə çox güvənmə, çox da sən,
Gör bu sevgi niyə çökür, gör nədən,
Dillilərtək, dilsilər də sevişir.

Bir gül gördü dalğa, dalğa əsirdi,
Bir qu quşu su üstündə üzürdü,
O da sanki Sonasını gəzirdi,
Dillilərtək, dilsilər də sevişir.

Dedi: – Ağ quş Sonam, keçib buradan,
Hardan tapım onu, söylə, haradan,
Yardım olsun səni, məni yaradan,
Dillilərtək, dilsilər də sevişir.

Turpar getdi, dağı-daşı dindirdi,
Sonasına quş inancı göndərdi,
Buludları yel yönünə döndərdi,
Küləkləri mindi yerə endərdi,
Dillilərtək, dilsilər də sevişir.


Dedi: – Tanrım, o nə idi eşitdim,
Yaxşı tanrı pis tanrını yaradıb.
Gedim tapım onu, mənə yardım et,
Yaxşı tanrı pis tanrını yaradıb.

Hara getsəm, hansı yana yaxşıdır,
Məni igid qiz sevgisi ağrıdır,
Bu Alpisdir, qan içəndir, oğrudur,
Yaxşı tanrı pis tanrını yaradıb.

Ancaq yenə səs gəlmədi tanrıdan,
İncik qaldı Turpar tanrı sarıdan,
Yol hayana bu dənizdən, qurudan,
Hara gedim, gün də keçib yarıdan,
Yaxşı tanrı pis tanrını yaradıb.

Dedi: – Gedim Gücdəbirdən soruşum,
Gördüyümü ona bir-bir danışım,
Altyer, Üstyer, düşüncəmdə qarışır,
Yenə bunlar bir-birilə çarpışır,
Yaxşı tanrı pis tanrını yaradıb.

Bir ağsaqqal ona yolda söz atır,
Deyir: – Külək çapan yönə çap atı,
Yoxsa, oğul, sınar qolun qanadın,
Sevgi evdir ata, arta anadır,
Yaxşı tanrı pis tanrını yaradıb.

Külək üç gün əsdi, çay- sel köpürdü,
Nə var idi yolu üstə süpürdü,
Kolu, kosu, ağacları qopardı,
Nə var idi, yüngül idi apardı,
Yaxşı tanrı pis tanrını yaradıb.

Beş gün getdi, Parsdiyara çatdı o,
Yorğunluqdan bir kolluqda yatdı o,
Sonra durub yavaş-yavaş yortdu o,
Yaxşı tanrı pis tanrını yaradıb.
Dedi: – Tanrım, haradayam, burada,
Bu çöllüklər nədir bizim arada,
Seçmək olmur burda ağı qaradan,
Yardım elə mənə böyük yaradan,
Yaxşı tanrı pis tanrını yaradıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love