Qızçiçək söylənci
Bacar çıxıb yolda düşüb qalmışdı,
İlan ödü yeməkdəydi içini.
İtiatı qaçırmışdı qaçanlar,
İlan ödü yeməkdəydi içini.
Qızçiçəyin səsi hardan gəlirdi,
Altındakı sulu qardan gəlirdi,
Altyerdəki yoxdan, vardan gəlirdi.
İlan ödü yeməkdəydi içini.
– Qar ye, qar ud, mənim igid Bacarım,
Məni çağır, sənə kəsi hər varım,
Mənim sevgim, ey ikinci diyarım,
İlan ödü yeməkdəydi içini.
Məni çağır, mən o "çiçək" deyiləm,
Gərək gəlib hər ağrını mən biləm,
Mənim şahım, qurtuluşum, ər lələm,
İlan ödü yeməkdəydi içini.
Bacar alıb lopa-lopa qar uddu,
Qar yerinə ağı qusdu o tez-tez.
İlan ödü seyrəkləşdi qanında,
Qar yerinə ağı qusdu o tez-tez.
O soyundu, döş söykədi ağ qara,
Su səpirdi qar tüstüsüz odlara,
Yavaş-yavaş hey gəlirdi Bacara,
Qar yerinə ağı qusdu o tez-tez.
Qar əridi, dörd bir yanda öd oldu,
Bacar qarda yanar-yanmaz od oldu.
Qar qarışdı ödə, sarı su oldu,
Qar qarışıq ağı qusdu o tez-tez.
Qızçiçək də ağlayırdı uzaqda,
Var olmağa çalışırdı o, yoxdan,
Bacar ona qucaq açmış bayaqdan,
Qar qarışıq ağı qusdu o tez-tez.
– Qızçiçəyim, gəl üstümə, ölürəm,
Onda sən də ölüm idin, qayğılım.
Məni qurtar bu ölümün əlindən.
Onda sən də ölüm idin, qayğılım.
Gəl üstümə, qollarımı açmışam,
Qaya idim, öz dibimdən uçmuşam,
İndiyəcən niyə səndən qaçmışam,
Onda sən də ölüm idin, qayğılım.
– Niyə mənə inanmırdın, Bacarım,
– Sevmək üçün məndə inam yox idi.
– Niyə məni saymayırdın, igidim,
– Sevmək üçün məndə inam yox idi.
– Yüz il idi mən yox idim varlıqda,
Dolanırdım dağda-daşda, qoruqda,
Çox ağırdır təklik çəkib darıxmaq,
– Sevmək üçün məndə inam yox idi.
– O Altyerdə görüşümüz olandan,
Sənin sevgin ürəyimə dolandan,
Adamlaşdım tanrı ikən yalandan,
– Sevmək üçün məndə inam yox idi.
– Altyerdən də məni qovdu tanrılar,
Dedilər ki, sənlik deyil bu diyar,
Get, Bacara qovuş, səndə sevgi var,
– Sevmək üçün məndə inam yox idi.
– Qızçiçəyim, yeni doğma varlığım,
Sevgi aldı məni ölüm əlindən.
Mən qar yedim, ağı qusdum, sağaldım,
Sevgi aldı məni ölüm əlindən.
Nə gözəlsən, yatımlısan, uyarsan,
Qoy qan qusum, bir gün səndən doyarsam,
Qoy yox olsun səndən gözəl nə varsa,
Sevgi aldı məni ölüm əlindən.
– Sev məni sən, a yenilməz Bacarım,
Sevgi bütün tanrılara tanrıdır.
Sevdim səni, tanrılıqdan qovuldum,
Sevgi bütün tanrılara tanrıdır.
Baxma, sevmək, sevilməkdə naşıyam,
İndi qanlı düşərliyə qarşıyam,
Yaman deyil, yamanlığa qonşuyam,
Sevgi bütün tanrılara tanrıdır.
Tək getmişdi Bacar, qoşa qayıtdı,
Hər adamda qoşa varlıq yaşayır.
Acı-dadlı, ağrı-sevinc, suyla od,
Hər adamda qoşa varlıq yaşayır.
Alt gör-gör də, üst gör-gör də qoşadır,
Onlar bunu, bunlar onu yaşadır.
Qoşa varlıq ikibaşdır, haçadır,
Hər adamda qoşa varlıq yaşayır.
Yoxu vardan yaradanlar bilirlər,
İkisi də tanrılıqdan gəlirlər,
Sevənlər var gülə-gülə ölürlər.
Hər adamda qoşa varlıq yaşayır.
Varı yoxdan, yoxu vardan yaradan,
Bir var, bir yox, var oldular arada,
Tanrı özü seçir ağı qaradan,
Hər adamda qoşa varlıq yaşayır.
Tək getmişdi, Bacar qoşa qayıtdı,
Dedilər ki, bunlar qoşa tanrıdır,
Üstüağ şah az qalmışdı bayılsın,
Dedilər ki, bunlar qoşa tanrıdır.
Yaraşıqlı boy-buxunda, əyində,
Birisi ağ, birisi boz geyimdə,
Gözəl, gözəl danışıqda, deyimdə,
Dedilər ki, bunlar qoşa tanrıdır.
Hamı qaldı gözü, ağzı açıla,
Az qaldı ki, Başev dibdən uçula,
Şimşək isti-soyuq yerdə saçılar.
Dedilər ki, bunlar qoşa tanrıdır.
Üstüağ şah özü çıxdı qabağa,
Bir də dedi göz aydınlıq qonağa,
Qızlar baxdı o gül, yumru yanağa,
Dedilər ki, bunlar qoşa tanrıdır.
İtiatı qaçırıblar,
At kişinin güvəncidir,
Ata, ana, bala yeysə,
At kişinin güvəncidir.
Bacar bir at minsin gərək,
Öz miniyi sansın gərək.
İtiatı ansın gərək,
At kişinin güvəncidir.
İtiatı görən varmı,
Ondan soraq verən varmı.
Gedib tapan ərən varmı,
At kişinin güvəncidir.
Niyə Bacar düşüb belə,
Üstü-başı tökük belə,
İri gözlər çökək belə,
At kişinin güvəncidir.
– Harda itdi bu İtiat,
Qızıl itmir, oğurlanır.
İtənləri kim tapacaq,
Qızıl itmir, oğurlanır.
Kim gətirdi, kim götürdü,
Kimi hara at ötürdü,
Kim onu gözdən itirdi,
Qızıl itmir, oğurlanır.
Duruşu bənzər marala,
Görsə məni o yan alar,
Yalı ağdır, özü ala,
Qızıl itmir, oğurlanır.
Kişnə maralım İtiat,
Qayıt geri, qan-tərə bat.
Üstündəki qancılı at,
Qızıl itmir, oğurlanır.
Şah söylədi: – Toplum getsin,
Oğru uzaq gedə bilməz,
Qarbaş, Qaraş, Məniş qaçıb,
Oğru uzaq gedə bilməz.
Aldadıbdır Qarbaş bizi,
Ayrı-ayrı hərəmizi.
Qara olsun qara üzü,
Oğru uzaq gedə bilməz.
Gedin, tutun, kəsin, qırın,
Ox yağdırın, qılınc vurun,
At səyirdin, sıra yarın,
Oğru uzaq gedə bilməz.
Gəzin yalı, yolu, döşü,
Yaxın köçkün quruluşu,
Qoymayın daş üstə daşı,
Oğru uzaq gedə bilməz.
Bacar dedi: – Üstüağ şah,
Gözəl qadın göz aldadır.
Aldatmışdı Məniş məni,
Gözəl qadın göz aldadır.
Mənə dedi, ey igid ər,
Hindel ilə vuruşma gəl,
Mən yazığam, Məniş gözəl,
Gözəl qadın göz aldadır.
Məni basma - dedi-Bacar,
Şah əlində sevgilim var,
Məniş gözü yaşlı qalar,
Gözəl qadın göz aldadır.
Aldadıblar onlar məni,
Böyük şahım, həm də səni,
Tovlayırlar hər yetəni,
Gözəl qadın göz aldadır.
– Qoy mən gedim dallarınca, Üstüağ,
Qorxar oğru arxasınca gələndən.
Mən onları tutacağam arxadan,
Qorxar oğru arxasınca gələndən.
Mən deməsəm uçan deyil İtiat,
İstəyirsən bizlə onu, deş, qanat,
Lap ağacla döş-başına vur, qanat,
Qorxur oğru arxasınca gələndən.
Mən gedirəm, qardaş oğlu, arxayın,
Önlərinə çıxacağam dolayı,
Acıqana bəsdir bircə harayım,
Qorxur oğru arxasınca gələndən.
Qızçiçəyim, ürəkli ol hələ sən,
Hər bir şeyi Üstüağa söylə sən,
Ürəyini sevgi üstə köklə sən.
Qorxur oğru arxasınca gələndən.
Bacar getdi, birdən uçdu yerindən,
Adam uçub quşa dönə bilərmiş,
Qızuçardan uçarlığı var idi,
Adam uçub quşa dönə bilərmiş.
Göz yaşını silib baxdı Qızçiçək,
– Yardım elə Bacarıma, ey külək.
Bir azdan o, Qayaquşa dönəcək,
Adam uçub quşa dönə bilərmiş.
Qız hər şeyi Üstüağa danışdı,
Ağlamaqdan üzü-gözü qırışdı,
Sorğuçular bir-birinə qarışdı,
Adam uçub quşa dönə bilərmiş.
Sonda dedi: – Quşdur onun anası,
Gəlsin mənə bütün qada-balası,
Mənəm onun ilkin sevgi sonası,
Adam uçub quşa dönə bilərmiş.
Üstüağ şah toy çaldırdı Başevdə,
Hamı dedi, sağ ol, Bacar, Qızçiçək.
Kövrəltmişdir bizi sınıq sevginiz,
Hamı dedi, sağ ol, Bacar, Qızçiçək.
Başev bildi Bacar Gücər oğludur,
Bu soy-köklə Üstüağa bağlıdır,
Dibdaşları Qobuludur, dağlıdır,
Hamı dedi, sağ ol, Bacar, Qızçiçək.
Ellər kənd-kənd soraqlaşıb gəldilər,
Bacar kimin qanındandır bildilər,
Qucaqlayıb öpüşdülər, güldülər,
Hamı dedi, sağ ol, Bacar, Qızçiçək.
Gözlədilər Bacar gəlsin, ər olsun,
Bu toy səsi Çinə, Hində yayılsın,
Qızçiçəklə Bacar bir ev sayılsın,
Hamı dedi, sağ ol, Bacar, Qızçiçək.
Bacar gəldi, daldan çatdı oğruya,
At təngiyər, ağır yüklə yüyürməz.
O çağırdı İtiatı arxadan,
At təngiyər, ağır yüklə yüyürməz.
İtiata yüklənmişdi üçü də,
Yazıq atın tükənmişdi gücü də,
Tərləmişdi başı, döşü, içi də,
At təngiyər, ağır yüklə yüyürməz.
Eşidincə at Bacarın səsini,
Çırpdı yerə birdən-birə özünü,
Bitdi onun yenilməyən dözümü,
At təngiyər, ağır yüklə yüyürməz.
– İçirmisən ağı mənə, qoy olsun,
Məniş, səni bağışladım bu ata,
Aldatmısan məni Hindel düzündə,
Qaraş, səni bağışladım bu ata.
Oğurladın sən atımı, qoy olsun,
Qarbaş, qayıt sən mənimlə bu atla,
Üstüağ şah səni məndən istəyib,
Qarbaş, qayıt sən mənimlə bu atla.
Yaralıdır Qaraş, hələ ölgündür,
Məniş hələ utancaqdır, üzgündür,
Sevənləri bağışlamaq düzgündür,
Qaraş, qayıt sən mənimlə bu atla.
Nə durubsan, min tərkimə, ay yoluq,
Daha keçməz bu yaltaqlıq, bu qılıq,
Düz danışsan əgər şaha biryolluq,
Qarbaş, qayıt sən mənimlə bu atla.
Bacar gəlib Əkbitənə yetişir,
– Tanrım, niyə bu yer belə doğmadır.
O, toy-düyün görür hər bir bucaqda,
Tanrım, niyə bu yer belə doğmadır.
Başev çıxır qabağına birbəbir,
Qarbaş baxır Üstüağa, təntiyir.
Görək Qarbaş bu gəlişdə nə deyir,
Tanrım, bu yer niyə belə doğmadır.
– Bacar, yaxşı gətirmisən Qarbaşı,
Mənə heç nə ağır deyil yalandan.
Yalançını keçirərik biz oddan,
Mənə heç nə ağır deyil yalandan.
Baş bu gündən sənsən döyüş-vuruşa,
Sənsən öyrənc mənim oğlum Yürüşə,
Siz bir yerdə gedəcəksiz döyüşə,
Mənə heç nə ağır deyil yalandan.
– Şahım, məni şahlığına bağışla,
– Yalançını bağışlamaz tanrı da.
Sən şahını aldatmısan Başevdə,
Yalançını bağışlamaz tanrı da.
– Şahım, mənim söyləməyə sözüm var,
– Danışmağa hələ yenə üzün var,
Deyən, sənin bu Başevdə gözün var,
Yalançını bağışlamaz tanrı da.
– Şahım, burax, qoy özümü öldürüm,
– Yox, ölümü oddan keçmə bildirər.
Od təmizdir, o, satqını öldürər,
Yalançını bağışlamaz tanrı da.
– Şahım, məndə suç olmayıb bu işdə,
– Sən nə etdin Bacar ilə görüşdə,
Sən açıldın, satqın, bu son gedişdə,
Yalançını bağışlamaz tanrı da.
Od qalandı, alov gur-gur ucaldı,
Odda yanan arı gedər sonevə,
Qarbaş dedi: – Mən bu oddan keçərəm,
Odda yanan arı gedər sonevə.
Addımladı, qorxaq idi, ürkülü,
Domba gözlər qorxuluydu, görgülü,
Göydən baxan ağ buludlar güzgülü,
Odda yanan arı gedər sonevə.
Bir bağırtı düşdü dağa, ormana,
Birdən hamı bələkləndi dumana,
Satqın adam oddan çıxmaz o yana,
Odda yanan arı gedər sonevə.
Qarbaş yandı, bir də, bir də bağırdı,
Qorxusundan Üstüağı çağırdı,
Od yandırıb, tüstü onu boğurdu,
Odda yanan arı gedər sonevə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-qizcicek-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Tus dedi ki: – Çıxaq ova bu gecə,Səhər tezdən ovu axtar yuvada.
Turqla Tusun döyüş söylənciTusər açdı Pişikgözə qəlbini,Ürək şişər söz qalarsa ürəkdə.
Ağdanağ söylənciÇoxu getdi üzdən görsün Besyarı,Yaxşı baxsan içdə nə var üzdədir.
Anakarın ölüm söylənciBalasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,