XV
Şükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.
– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!
– At daşqalağıdır, – deyə soruşan adama cavab verən də olardı.
– Necə at daşqalağı, balam? Heç atı da daşqalaq edən olarmı? təəccüblə söylənərdilər. – Olsa-olsa günahkar insanı namənşir iş tutan arvadı daşqalaq edərlər!
Bilənlər məlumat verərdilər:
– Bir el də yox, bütün ellər bu atı daşqalaq ediblər!
– Haçan, nə zaman?
– Rəvayətə görə sahibini dəfn edən gün!
– Belə bir atın sahibi kim imiş, nə iş-peşənin sahibi imiş?
– Dünyalara dəyən biriminci minici oğlan imiş!
– Yəqin ki, bu at həmən igid oğlanı öldürübdür!
– Rəvayətə görə bu at çox yamanca xəyanətə gedib onu bəsləyən sahibini məhv edib, Sevgili adlı gözaltısına qara libas geydirib, toyunu da yasa döndəribdir!
– Onda nəinki bu atı belə daş-qaya ilə qalaqlamaq lazımmış, lap Ziyarət dağının o iri-iri qayalarından, sallarından, sıldırımlarından birtəhər gətirib bu atın üstünə yıxmaq lazımmış ki, nəinki buradan ötən, Göyənin harasından keçən görəydi, lap uzaq-uzaq yanlardan baxanda belə bu hərami bilinəydi. Yoxsa sən atı saxla, at da dönüb ömrünün çiçəkləyən çağında səni torpağa göndərsin!
– Görünür bütün dünyada at daşqalağı ancaq Göyəndə əmələ gəlibdir!
– Haradan bilirsiniz belə at daşqalağı ancaq Göyəndə əmələ gəlibdir?
– Bu qalağın tamaşasına gələnlər söyləyirlər. Tarix kitablarını vərəqləyənlər sübut edirlər ki, belə at daşqalağı ancaq Göyəndədir!
Bu sözləri sanki duyan, hər kəsdən də qabaq özünü günahkar sayan, hər kəsdən də artıq qara yasa batan Ulduz titrəyirdi, ağlayırdı. Onda niyə Ulduz dinmirdi, susurdu, kişnəmirdi? Heyrətamiz tərəfi də bu idi ki, Ulduz qara yasa batandan sonra susurdu.
Şükranın susan, nitqi tutulan anasının susduğunu, ilk haray-həşirdən sonra səsinin çıxmadığını duyub alan Ulduz da susurdu. Demək, Ulduza da ağır zərbə dəymişdir. Bəli, burada hər kəsə dəyən zərbədən qat-qat artıq zərbə Ulduza dəymişdi. Burada zərbə alanların hər birisini ayrı-ayrı tanımaq, bilmək mümkün olsa da, qara don geyən, qara yasa batan Ulduz tanınmaz, bilinməz olmuşdu. Ən dəhşətlisi də bu idi ki, heç bir kəs Şükranın qətlində günahkar sayılmadığı bu rəhmsiz, amansız qətli törədən qara mozalan gözə görünmədiyi, bilinmədiyi halda hər kəs və hamı tərəfindən Ulduz günahkar sayılırdı, qara don geyən Ulduz göz qabağında görünə-görünə heç kəsə də görünmürdü. Bəlkə Ulduz axın-axın Ziyarət dağına doğru axan, Şükranı əl üstündə aparan izdihamın qəzəbindən qorxurdu? Bu qədər adamdan, yüz minə çatan insandan böyüyündən kiçiyinə qədər heç bir kəsin ürəyində Ulduza qarşı rəhm yox idi. Hamıda, hər kəsdə Ulduza qarşı hədsiz nifrət var idi.
Qara at da asta-asta, yavaş-yavaş qara örtülü ulduz atların arxasınca gəlirdi. Üzü örtülməyən, üstünə qara yaylıq salınmayan Şükran sınaqdan çıxan sərkərdələr kimi əldən-ələ aparılırdı. Hər kəs Şükranın tabutundan yapışmağı, onun cənazəsindən tutmağı özünə borc bilirdi. “Belə də qəşəng oğlana qıyılarmı?” – Sanki Şükranı Ziyarət dağına doğru aparmaqla ulu Tanrıdan cavab istəyirdilər. Bu izdihamın qətiyyəti qarşısında inanan da, inanmayan da ulu Tanrını çağırmaq, demək istəyirdi ki, çıx qənşərə kəhkəşanlı səltənətindən, en Ziyarət dağının kəlləsinə, cavab ver bizə, niyə öz verdiyin Şükranı öz amanında saxlamamısan? Niyə sən Ulduzun qol-qılçasını dərhal qırmamısan? Atı dərhal çərlədib gəbərtməmisən? Qatili qarğa-quzğuna qismət eləməmisən? Əgər bütün xoşbəxtlik, ya bədbəxtlik sənin iradənləsə, niyə yelqanadlı, ağçuxalı gözəl cavana qıymısan, bunca adamları yaxıbyandırmağa, abi-leysan kimi ağlatmağa razı olmusan?
Qara torpaq öz qara ağzını açmışdı. Heç kəs Şükranı torpağın qara ağzına atmaq istəməsə də, yenə də qəti qərara əməl olundu, Şükranın tabutu yerə qoyuldu. Daha bu tabut buradan başqa yana götürülməyəcəkdi. Bu hökm əzəli idi. Bu məzar tərpənməyəcək, bu türbə sökülməyəcəkdi. Ziyarət dağının tuş qabağında başdaşları o yan-bu yana əyilən, yıxılan köhnə qəbiristanda Şükran üçün xüsusi yer ayrılmışdı. Şükrana qanad verən, şöhrət gətirən at necə? Bu at da qalacaqdımı? Nə dərəcədə günahkar sayılsın-sayılmasın, at da unudulmayacaqdı. Ancaq necə, nə təhər? Bir divan olsaydı, günahkar aydın edilərdi. Ancaq hər necə divan olsa, kim Ulduza bəraət verə bilər, kim Ulduzun xətasından keçə bilər, kim onu sevib oxşaya bilər, kim Ulduzu qara donundan çıxarıb öz əvvəlki ulduzluğuna qaytara bilərdi? Olsa-olsa bircə Şükran! Şükran isə ağzını açan qara torpağa təslim olacaqdı. Dostun biri gedəcək, biri qalacaqdı. Özü də qatil kimi qalacaqdı...
Bir azdan Şükran öz qohum-əqrəbasının, bacı-qardaşının, uzağın, yaxının hönkürtüləri, bir də qara libaslı Sevgili qızın hıçqırtıları içində, “yaranan torpağa gedəcəkdir” məfhumilə məzara gedəcəkdi!
Belə də oldu, Şükran məzara qoyuldu. Tələm-tələsik bel-kürək götürüldü... Şükranın üstü torpaqlandı, torpaqla qalaqlandı. Üstünə daş da qoyuldu, qara tikan da. Bir də, bir də onun üstü örtüldü, örtüldü. Çox bərkcə-bərkcə örtüldü. Hər kəs bir də bir-birinə qarışdı, qara örtülü ulduzlar da səs-səsə verib kişnəşdi. Yalnız Şükranın bir qıraqda dayanan Ulduzu susdu, qaradinməzcə durdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xv
Use ← → keys to move, R for a random poem
More by this author
Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
XIVBəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.
XVIAxşamüstü yeddi bacanağın yeddisi də Göyalının qapısında ocaqlama qurub baş-başa verdi. Onlar öz ömür yoldaşlarının tək qardaşını boy atıb qalxan, tez-tez “Şükran dayının canı haqqı” – deyib and içən uşaqlarının sevdiyi, qürrələndiyi misilsiz adamı itirmişdilər. Xüsusən Göyalının oğlan nəvələrinin dilindən Şükran dayı düşmürdü. Demək, Şükranın ölümü bütün elə-obaya təsir edib hönkür-hönkür ağlatdığından da artıq bu irili-xırdalı Göyalı ailəsini ağlatmışdı. Ağlatmışdı da az idi, bünövrədən sarsıtmışdı. Elə bil ki, Göyalı ailəsi yer zəlzələsinin mərkəzinə düşmüşdü. Burada hamı yara almışdı, hamı sınıq-sınıq, şilşikəst olmuşdu. Göyalının sarsıntısı dəhşətli, Qaratelin sarsıntısı olmazın dərəcədə fəlakətli idi. Qaratelin gümüş saçları pırtdaşmışdı. Öz qanından, oğlu Şükranın qanından onun qar kimi ağ saçlarında uzun müddətdə izi itməyən talalar qalmışdı. Baxanda Qaratelin gözləri genişlənmişdi. Bu gözlərdə başaçılmaz vahimə yaranmışdı. Qaratel danışmırdı, danışa bilmirdi, heç bir işə qarışmırdı, qarışa bilmirdi. Ancaq Qaratelin gözləri də, işarələri də Şükranı həlak edən Ulduzu çox tezcə tapmağı, çox tezcə onu oxa tutub tələf etməyi israr edirdi. Bu at tapılsa belə, onu saxlamaq çətin, saxlamamaq da çətindi. Belə bir vəziyyətdə istər-istəməz dost dönüb düşmən olmuşdu. Ən dəhşətlisi də öz dostunun düşmən olması deyildimi? Ən ağırı da öz dostunla düşmən düşmək deyilmi?Qara mozalan öz qara niyyətini çox yamanca qaralıqla yerinə yetirmişdi. Bu qara Mozalan hər iki dostun – Ulduzun da, Şükranın da qanını içmişdi. Qara mozalan öz qara mozalanlarına qarışıb haradasa kefə başlamışdı. Dönə-dönə dönüb baxan, diqqət yetirən olsaydı, görərdi, yəqin edərdi, bütün şəkk-şübhədən, hər hansı bir iştibahdan çıxardı, necə də qara paxıllıq, qara iblislik, qara şərəşürlük, qara qatillik öz qaradan qara işini görmüşdü, elə bil ki, qara şeytan geniş Göyən düzənində ürəyindən xəbər verən belə bir uçqunu açmaqla öz kinli ürəyini güldürmüşdü. Öz qara qəhqəhəsilə Göyən düzənini dönə-dönə doldurmuşdu. Bu şər-şeytan çox yamanca qələbə çalmışdı. Azdan çox törəmişdi. Bir damcı zəhər bir sərkərdəni yerə sərmişdi. Belə idi!..
Poems by other poets
Əynindəki donun bəyaz,Örpəyin bəyaz,
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
OlmuşamMən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.