XII
Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.
Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
Ancaq baxanda Ulduz yox idi. O, gözə dəymirdi, görünmürdü. Bəlkə öz böyük cinayətini duyan Ulduz aradan çıxıb başqa bir yana qaçmışdı? Bəlkə Ulduz hələlik Göyən dərələrinin dərinlərində gizlənmişdi? Yox, Ulduz nə qaçmışdı, nə heç bir yanda gizlənmişdi, Ulduz matəm içində sarsılıb dəyişmiş, öz Ulduzluğunu qeyb edib qara don geymişdi. Nəinki Ulduzu tanıyan, hətta onu tanımayan-bilən diqqətlə baxsa, çətin ki, onu tanıyardı. Ulduz hara, qulaqları sallanan, ortası ortasından keçən, ürəyin yandığı halda çeşmədən bir qurtum su içməyən, kömür kimi qaralan bu qarqara at hara?! Görən deyərdi bəs görəsən kimin əl çəkib Göyən düzənlərinə buraxdığı hər əfəl yabıdır ki, milçəklənə-milçəklənə gəlib bu araya çıxıbdır? Qovsan da bu qara at getmir, uşaqlar daşa bassalar da, bu qara at qaçmır. Elə bil ki, bu qara at dilə gəlib deyir: daha daşlayın məni, daşqalaq eləyin məni, qurtarın canımı. Diqqətlə baxan, zəndlə yoxlayan olsa idi, yenə də Ulduzdan heç bir Ulduz qaldığını görə bilməzdi. Şükransız Ulduzun hər bir dəqiqəsi acı ilcən keçmişdi. Bu vəziyyətdə belə yenə də Ulduz özünə bəraət axtarmırdı. O özünü günahkar, müqəssir bilirdi. Ulduz duyurdu ki, onun ağ günü Şükranla getmişdir.
Belə olduğu halda yenə də Ulduz barədə söz-söhbət kəsilmək bilmirdi. Güman ki, o atı Göyalının yeznələrindən birisi tələf edibdir, deyirdilər. Maraqlanırdılar, görəsən o atı nə ilə öldürüblər? Gərək belə bir xəyanətkar qatili ağqoyunluların gözləri qabağında oxa tutaydılar, bir an içində onun canından üst-üstə yüz ox keçirəydilər. Sən gör bu necə nankor atmış ki, onu kişmişlə bəsləyən, üfürə-üfürə tumarlayan adama dönük çıxmışdır. Yox, gərək bu qatil atın divanı Ağqoyunlu elinin gözləri qabağında tutulsun. Bacardıqca tez olsun, Şükran torpağa təslim edilməmiş bu at gəbərdilsin, obanın it-pişiyinə, dərənin qarğaquzğununa qismət edilsin. Başqaları da başqa cür yozurdular. Onlar da deyirdilər ki, Göyalı özü günahkardır ki, gəzib-dolanıb, arayıb-axtarıb, nəhayət, bu uğursuz atı qanı qiymətinə uzaq-uzaq eldən alıb gətiribdir. Görünür bu atın nəsli-nəcabəti belə imiş. Mazarat at nəslindən imiş, sahibini öldürən, yaxşılıq itirən nəsil! Yoxsa o qaçıraqda atı hər nə qiymətə də olsa, heç başdan elərdilərmi? Gərək biz elə Şükranın qanını bu atı başından eləyən adamın elindən alaq ki, bizim sevincimizi, gözümüzün işığını, elimizin yaraşığını, yeddi bacının bir qardaşını, Ziyarət dağının, ulu Tanrının verdiyi oğlanı əlimizdən aldı, yüzdən yuxarı ağçuxalı, doğruçu Ulduz atlı oğlanı öncülsüz, başçısız qoydu. Bizim haylı-küylü səsimiz yatdı, duma qatarı kimi cərgələnən yallımız qırıq-qırıq olub, bir-birindən qopdu, toy-mağarımız susdu. Yox, Ulduz deyilən atı satan mazarat günahkardır. O mazarat bilə-bilə ev yıxandır. Gərək hər necə olsa, onu tapıb yaxalayaq, qanımızı ondan alaq. Onların başdan elədiyi Ulduz heç Şükranın çölə atılan dırnağına da dəyməzdi. Sən hiyləgər, xatakar at, dur öz minicini dəmir nallı təpiyində həlak elə! “Yox, bu Ulduzu sağ-sağ oda qalasan da azdır. Gərək bu Ulduzu daşqalaq eləyəsən! Ya da bu Ulduzu yüz arşın dərinlikdə elə bir xəndəyin altında qoyasan, özünü də sağ-sağ qoyasan ki, bəlkə az-az da olsa ürəyin soyuya.
Matəm mərasiminə gələnlərin içində Ulduzu belə təhdid edənlər, atəşə tutanlar, onu cinayətkar, qatil sayanlar az deyildi. Bir Bəyalı oğlu Göyalıdan, bir də Göyəm qızı Qarateldən savayı heç kəs heç nə bilmirdi. Bilmirdilər ki, burada şər-şeytanın üfürüb, doldurub, qara qəsd üçün göndərdikləri qara mozalanın necə qara qəsdi olubdur! Lakin göz qabağında olanı bu idi ki, oğlanı at vurubdur. Özü də bu at qorxusundan qaçıb aradan çıxıbdır. Bəlkə də öz əvvəlki elinə, ilxısının içinə giribdir. Gedib öz doğulduğu mazarat ilxısının içinə ki, orada gizlənsin, kənar kəsə tutduruq verməsin. Bütünlükdə bu ilxı dağlarda, dərələrdə törəsin, artsın, çölün-çəmənin ruzisindən bəsdir deyincə yesin, bu mazarat atlar kökəlsinlər, şişsinlər, heç bir düz-əməlli insan oğlunu da bellərinə mindirməsinlər, heç kəsə qulluq edib xidmətində durmaq istəməsinlər. Desinlər: biz yaşayaq özümüz üçün, yaşamayaq insanlara xidmət üçün. Siz görün Şükran nəyə görə isə bu ata acıqlanıb, ya acıqlanmayıb, vurub, ya vurmayıb, at da dönüb hər nəvazişini unudub belə namərdliklə, görünməzin kəmfürsətliklə allahsız-tanrısız bir xəta işlədibdir. Yox, bu düşmənləşən atın cəzası böyükdür. Gərək yerin təkində də olsa, bu qatil at tapıla, onun cəzası verilə, özü də at satan Ərdəhan elinə sifariş göndərilə ki, siz bizim qanlımızsınız, sizdən kim harada əlimizə düşsə, biz Şükranın qanının hər bir qətrəsinə qədər sizin hər bir adamınızın canından alacağıq. Lap dəstə bağlayıb yüzyüz Ağqoyunlu ox atanlarıyla üstünüzə gələcəyik. Sizin ev-eşiyinizi oda-alova verəcəyik, sizdən qırdığımızı qıracağıq, qırmadığımızı əsir edib, yesir gətirəcəyik. Şükranın qəbrinin dövrəsinə dolandıracağıq, Ziyarət dağının ətəyində qurbanlıq kimi bircə-bircə kəsib, çölün vəhşilərinə qismət edəcəyik!
Şükranın qəfil ölümü üçün yanıb-yaxılan ağqoyunlular Ulduzun kölgəsini qılınclayır, bu növlə Ulduzu satan adamın özünü də, elini də hədələyir, onların hamısını vayqanlı tuturdular, “elin qanını eldən alarlar” – deyə dururdular. Sanki atı qəsdən uzağa satan, elindən uzaqlaşdıran həmin adam bu işi görmüşdü, bilə-bilə ağqoyunlulara qəsd etmişdi. Həmin adam qəsd etmişdi ki, ağqoyunlularda Şükran kimi gözqamaşdıran oğlan olmasın, ağqoyunluların ağçuxalıları piyadalaşsın, onlar sınıq düşsünlər və biz də bir gün köç-külfətlə yer-yurdumuzdan tərpənək, qumsallıqdan qurtaraq, qədim Göyən torpağını ağqoyunluların ucsuz-bucaqsız otlağını əlimizə keçirək!..
– Yox, burada qəsd vardır, özü də qara qəsd! – deyə ağqoyunluların qabağından yeməyən ağzıötkəmləri qabağa qaçırdılar. Sonra da onlar buzda saxlanan bədbəxt Şükranın üstünə qayıdırdılar. Görünür onlar Ulduzu satan tərəfin adamlarına daha da dərin nifrət oyatmaq üçün belə edirdilər. Ancaq başqa yandan da ağqoyunluların qalan adamları, arvad-kişiləri, qarı-qocaları, qız-gəlinləri at-dəvə üstündə hey uzaqlardan tökülüb gəlirdilər, axın-axın özlərini matəm yerinə yetirirdilər. Xəbər çatan yerdən, Arazın o tayı Qaradağdan, bu tayı Qarabağdan ağsaqqallar, ağbirçəklər də at-dəvə belində gəlirdilər. Onlar ağqoyunlulara başsağlığı vermək üçün gəlirdilər. Hər bir gələn də müvafiq bildiyi ağqoyunlunu danışdırır, hadisənin necə olduğunu aydınlaşdırır, onlar uğursuz ata necə divan tutulduğunu və ya tutulacağını öyrənib bilmək istəyirdilər... Ancaq nə bilən, nə də tanıyan var idi ki, Ulduz gizlənməyibdir, heç yana qaçıb uzaqlaşmayıbdır. Ulduz öz ulduzluğunu qeyb edib, qara yasa batıb, rəngini-ruhunu itirib qara kömür geyiminə giribdir. Özü də heç bir divandan aman istəmək qəsdində deyildir. Əksinə, Şükransız Ulduz üçün nəinki yaşamaq çətindir, bəlkə də qeyri-mümkündür. Axı Ulduz heç kəsdən də az kədərli deyildir. O öz gözlərindən gilə-gilə qanlı yaş axıtmaqdadır.
Göyalı ilə Qaratelin tək oğlu, yeddi bacının bir qardaşı göyalılar, ağqoyunlular bir ağçuxalı qəhrəmanı itirmişdilərsə, Ulduz öz misilsiz minicisini itirmişdir, öz açılan şəhpərini itirmişdir. Axı Ulduz Şükrana qanad verdiyi kimi, Şükran da Ulduzun üstündə öz ağ qanadlarını açaaça Ulduza qanad vermişdi... Ulduz öz igidini itirmişdi, öldürmüşdü. Özü öz qol-qanadını sındırmışdı. Qara mozalan hər necə qara qəsd üçün çalışsa da, yenə də Ulduz özünü günahkar sayırdı, özü də heç kəsdən özünə əfv olunmaq diləmirdi. Əksinə, Ulduz özünə divan istəyirdi, divan tutulmaq istəyirdi, bəlkə də ağqoyunluların ürəyindən keçən kimi yüz-yüz oxun birdən öz canından, ciyərindən keçirilməyini istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xii
Use ← → keys to move, R for a random poem
More by this author
Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..