XXXIV
Page 1 of 2
Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.
– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
– Necə quyruğu qapı arasında, qardaş? – deyə Yavər bu sirri öyrənmək istəmişdi. Qaloşlu adam yenə üstüörtülü cavab vermişdi:
– Yəni əlləri daşımızın altındadır, alt-üst olsa əzim-əzim edərik! Ancaq sən mən deyən kimi danış, qalanı borcuna deyil!
– Yaxşı-yaxşı! – deyə Yavər razılıq vermişdi. Buna görə, Yavər bayaqdan bəriyə, mətbəxdə işləyə-işləyə bu söhbəti öz beynində dolandırıb sözləri sapa düzmüş kimi hazırladı. Necə deyər onun söz kasası dolub daşırdı:
– Vallah, Şəhla xanım, – deyə Yavər, yayxana-yayxana yaxınlaşdı, əzbərlədiyi sözləri itirib batırmamaq üçün mətləbə girişdi. – O yazıq Məmmədxanın, düzünə baxsan, heç bir günahı yoxdur... – Bu halda pusquya dayanan, vaxt gözləyən Qaloşlu adam ayaq pəncələri üstündə dərhal gəlib çıxdı. Yavər isə Qaloşlu adamdan gözlərini çəkmədən öz dəlil, sübutlarına keçdi. – Axı yerli bizimdir, biz də əcəbini bilirik!..
Qaloşlu adam başı ilə təsdiq edib, elə bu qayda ilə başlamaq işarəsini verdi.
– Hə, o Balış ki vardı, – deyə Yavər gözlərini dolandırdı, – yüz cürə pinti işlərdən çıxmışın biri idi!
– Hə, elə! – Qaloş işarə ilə danışır, onun sifətində tərpənən minbir qırış mətləbi çatdırırdı.
– Hə, klubda qol götürüb süzən, ağzında min cürə diringi çalan!..
– Bəli, belə, Yavər!
– Hə, indi düşmən tərsinə söz yayır ki, guya yazıq Məmmədxanın o Balışın yanında pis-pis işləri, əməlləri varmış – deyə Yavər yenə də kirpiklərini qaldırıb Qaloşlu adama baxdı. Qaloşlu adamın təsdiqedici him-cimini görüb sözlərini tez-tez üyüdüb tökməyə başladı.
– Hə, bəli!.. Düşmən belə şayiə yayır ki, guya ki, Məmmədxan qorxub ki, arvadı Balış, guya onun hansı pisliklərininsə üstünü açacaqdır!
– Bax belə!
– Hə, belə olan zaman, güya Məmmədxan Balışı boğubdur... Sonra da asıbdır... Heç belə də şey olarmı? Kişi də heç öz arvadını boğarmı?.. Dünya dağıla, o Murtuzov heç mənim boğazıma əl atarmı?
– Bax belə!.. Döşə getsin! – İndi Qaloşlu adamın qırışıq içində itən gözləri gülür, qaranlıqda xırdaca qanadları parıldayan böcək kimi işıldayırdı.
– Hə, düşmən adama qara yaxar da!.. – deyə Qaloşdan qüvvət alan Yavər uzada-uzada davam edirdi. – Hə, bir siz allah, bu dünyada hansı ağzıgöyçəyin ağzına pambıq tıxayıb, bağlamaq olar? Onda gərək ağ bez karxanaları dayana, hamısı pambıq tıxanca gedə!.. Bir də deyirlər ki, guya kişi arvadını qısqanıb güdüb, pusa-pusa gedib klubun dalısı o qalın-qalın ardıclıqda pis-pis işlərdə tutub!.. Hə, guya arvad da öz eyiblərinə kor olmaqdansa, dönüb Məmmədxanı barmağıynan hədələyib ki, sənin kooperativ kələklərini, fırıldaqlarının üstünü birbəbir açacağam!.. Heç belə də şey olarmı, siz allah, hə? Kooperativ verir malın, alır pulun, daha burada nə çək-çövür ola bilər, hə?.. Yanı bir sübut-filan olar, yoxsa adam yıxılana bu qədər də balta vurar?.. Bu qədər də cürbəcür nağıl yayarmı? Yoxsa mən başıbatmış sabahdan durub özümü asım, daha bunda yazıq Murtuz niyə müqəssir olsun! Birdən beynimin qurdu tərpəndi, elədim elədim, hə? Olmazmı?.. Vallah lap belə də ola bilər! Deyərlər, adamın haqqında söz deyərlər, lap pambıq çatmasa kimin ağzını tutub bu əsgi-üsgü ilə bağlamaq olar?.. Lap bəzi para təzə gələn aydan arı, gündən duru adamlar barəsində də... – Burada Qaloşlu adam Yavərin daha cızıqdan çıxdığını görüb böcək gözlərini ağartdı. Yavərin döşü qalxıb endi, ancaq o istəsə də mətləbi qırıb sözünü kəsə bilmədi.
Bu dəfə Qaloşlu adam Yavərin ayağını bərkdən basdı. Yavər ufuldayıb:
– Uyyy! – deyə çəmkirdi, – sən niyə ayağımı, Qaloş?..
– Ay qız, axı!
– Əşi, sən niyə ayağımı əzirsən, – deyə Yavər canının ağrısından Qaloşlu adamın üzünə qabardı. – Sən də, görünür, hökumət qulluğundasan? Özünü çəkib belə tutursan, hə? Düşmən istəyir gədəni selə-suya versin, – deyə Yavər Qaloşlu adamın işıltılı baxışları altında yenə də dəyişməyə cəhd etdi. – Hə, bəli, sən də durub baxırsan?.. Sən Allah, heç quru ağaca qan sürtmək olarmı? Qadam o Balışın ləçər ürəyinə, bizim Murtuzov deyir: – “Həkimin sözündən Məmmədxana heç bir ləkə yapışmır”. Şəhla xanım, sən bizim özümüzünkü olmusan... – Yavər dinməyib susan Şəhla xanımın yaxasından yalvarıcı tərzdə yapışdı. – Bax daha bir evli olmuşuq, Mehman da öz qardaşımız!.. Sən allah, o niyə belə iki ayağını bir başmağa qoyub ki, gərək mən qatığa qara deyəm?.. Yazıq Məmmədxan nə qədər bu evin qulluğunda durardı, hə? Züleyxanın xətri üçün lap dünyadan keçərdi, vallah o yazıq, evi yıxılmış... Özü də bir dirək kimi kara gələn oğlandı.
Qaloşlu adam Şəhla xanımın dilini açıb, onu dindirmək üçün işarəli hərəkətlərindən vaz keçib yenə də Yavərin üstünə acıqlandı:
– Ay qız, bir kiri!.. Dilotu-zad yeməmisən, ha?!
– Əşi, adam alışıb yananda nəinki dilotu yeyər, lap daşı da gəmirər!
– Ay Yavər, sən allah bir Şəhla bacıya əngəl olma! Hey quru dən kimi üyüdüb tökürsən, qoymursan, bir başqası da öz dənini başlıya!.. – Bu sözləri ilə Qaloşlu adam Şəhla xanıma açıqca müraciət etdi.
– Doğru deyir, ay Yavər, bəlkə qazanlar daşdı, ya da maşınkalar his verməyə başladı. Sən bir mətbəxə get, – deyə dünyagörmüş Şəhla xanım, ağzının gözəyi olmayan Yavəri başından əkmək istədi.
Yavər bu dəfə iki adamın amir baxışları qarşısında aciz qalıb nəfəsini dərə-dərə tələsik mətbəxə getdi. Qaloşlu adam başını yırğalayıb:
– Bir belə ağıllı, ağzı göyçək olsa, daha iş qurtarar, – dedi. – Səfeh dostun olan yerdə daha düşmənə nə ehtiyac?
Beləliklə, Qaloşlu adam əlini yelləyib, Yavəri əbəs yerə öyrətməyinə heyifsiləndi: “Yoğun, ətli-canlı arvaddır, ancaq kəlləsi balqabaqdır”, – deyə özlüyündə içəridə söyləndi və bu dəfə özü Şəhla xanıma üz tutub onun bu işə qarışmasını xahiş etdi.
Şəhla xanım Qaloşlu adamı sakit elədi. Mehman evə gələndə bu barədə ondan təvəqqe edəcəyinə söz verdi. Qaloşlu adam Şəhla xanımın qabağında boynunu büküb:
– Əlbət, biz də bir adamıq, – deyib eyvandan aşağı düşdü. Şəhla xanım çox dərin bir fikrə getdi.
– Mən bu kişini harada görmüş olaram?..
Şəhla xanım mətbəxə baş vurub Yavərə qab-qacağı təmizləyib yumağı tapşırdı. Yavər Məmmədxanın işi üçün qayıdıb yenə də qapının ağzını kəsdi:
– Vallah, Şəhla xanım, heç bilmirəm, bu Mehman qağa axı niyə belə cin atına minibdir?.. O yazığın xalısı, gəbəsi, ev-eşiyi, bir parça çörəyi var ki, iki göz gərək tamaşa eliyə... Qazamatdan sifariş göndərib ki, var-yoxun hamısını bu yolda odlayın, təki məni bu ağzıbirdən çıxarın! Deyir, yazıq igid yaman darıxır, lap divarları gəmirir. Bilirsən, Şəhla bacı, belə anbardar hələ dünyaya gəlməyibdir! Bakıdan mal gələndə böyüklərin arvadları deyərdi, ondan ver, bundan ver... Daha nə başını ağrıdım, bir-bir daşlanıb dolardılar anbara!.. Pay-püşk olardı. Adamın insafı var, amma Məmmədxan, necə olsa, bizim kimi ikiminci-üçümüncü dərəcəli fəqir-füqəranı unutmazdı. Məmmədxan olmasaydı, sizi inandırıram ki, bizim kimi üçümüncü dərəcəyə göz-giləsi qədər bir şey də düşməzdi! Düzü, Şəhla xanım, canadəyən, yeyən-içən, dost yolunda dağıdıb-tökən bir oğlan idi! Hə, siz allah, elə sən də, Züleyxa bacı da Mehman qağa evə gələndə, bu işə dil bulayın, o yazıq qurtarsın getsin! Öz aramızda qalsın, vallah, Murtuzov deyir ki, işdə heç sübut deyilən bir-zad yoxdur... Siz allah, bir klub lotusunun birisi özünə qəsd eləyəndən sonra, o birisini də təzədən tutub əbəs yerə heç ağzıbirə salmaq olarmı?
– Sən bu Qaloşlu kişini yaxşı tanıyırsanmı? – deyə fikrə gedən Şəhla xanım Yavər Murtuzovadan soruşdu.
– Vallah, on ildir ki... – deyə Yavər qaşlarını dartdı. – Tamam on ildir ki, o kişi, bizdən o tərəfə böyük şəhərdən bu xırda şəhərə gəlib!.. Əvvəlləri o, bazara baxır, bu xırda şəhərin küçələrini süpürərdi. Sonra altı-yeddi il olar ki, prokuror idarəsinin süpürgəçisi olub!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xxxiv
Use ← → keys to move, R for a random poem
More by this author
Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.
Məhtaban 12Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu ilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:– Xanım, oğlunuz olubdur, – deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir! Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi. Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:
Poems by other poets
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi