Cəfəri yad edərkən
Bu torpağın gözü acdır, nə versələr yeyəcək,
O hər zaman dil açıb mən acam, acam deyəcək.
Bu iki sətri əziz dostum Cəfərin ölüm xəbərini eşidəndə demişdim. Onun ölümü biz dostlarını dərindən sarsıtdı. Cəfəri xalqa sevdirən onun yaratdığı ölməz əsərlər oldu.
İlk gənclik illərində biz onun əsərlərinə teatrda təkrar-təkrar tamaşa edər və sonra məktəbimizin dram dərnəyində hazırlayıb tələbələr qarşısında nümayiş etdirərdik. O zaman hər yerdə, hər evdə Cəfərin səhnə əsərlərindən qızğın, şirin söhbətlər gedərdi. Ailələr də təzə doğulan körpələrə təntənəylə, böyük iftixarla Cəfərin əsərlərindəki qəhrəmanların adlarını qoyurdular. O dövrdə mən Nəriman Nərimanov adına sənaye məktəbində oxuyarkən onun “Aydın” pyesində Surxay rolunda çıxış etmişdim. Bu tamaşanın rejissoru Cəfərin yaxın dostu, xalqımızın böyük sənətkarlarından biri olan mərhum İsmayıl Hidayətzadə idi. Cəfərlə yaxından tanışlığım 1925-ci ildə Azərbaycan Dövlət Darülfünunun Şərq fakültəsində oxuyarkən oldu. O yuxarı kursda olduğuna baxmayaraq bizimlə dostluq eləyirdi.
Onun sadəliyi, səmimiliyi, təvazökarlığı bizi özünə ürək dostu eləmişdi.
O, 1926-cı ildə darülfünun nəzdində dram və ədəbiyyat dərnəyinin təşkilində bizə çox yaxından kömək etdi. Cəfər, bu dərnəklərə tez-tez gəlib bizə gözəl məsləhətlər verirdi.
Yadımdadır, biz Hüseyn Cavidin mənzum “iblis” faciəsini böyük bir həvəslə tamaşaya hazırlayırdıq. Məşqlərimizdə o da iştirak edirdi. Əfrasiyab Bədəlbəyli İblis, mən isə Arif rolunda çıxış etməli idik. Yaman həyəcan keçirirdik... Cəfər bizə ürək-dirək verib tamaşanın yaxşı keçəcəyindən danışdıqca biz özümüzdə qüvvət, cəsarət hiss eləyirdik. Doğrudan da o zaman Mirzə Fətəli Axundov teatrında verdiyimiz tamaşa müvəffəqiyyətlə keçdi. Hətta “Kommunist” qəzetində bu tamaşa haqqında yaxşı bir məqalə də çıxdı.
Biz darülfünunda dərslərimizə yaxşı hazırlaşan tələbələrdən idik. Bir dəfə təhsil ilinin sonunda fars dilindən imtahana hazır olmadığımızı başa düşdük. Bir neçə nəfərdən başqa tələbələrin hamısı imtahan verib qurtarmışdı. Bu dəfə də Cəfər köməyimizə yetişdi. O bizə müəllimin evinə gedib orda imtahan verməyi məsləhət gördü. Cəfər də imtahana gecikənlər sırasında idi.
Fars ədəbiyyatı müəllimi Mirzə Möhsün içəri şəhərdə yaşayırdı. Cəfər, Əfrasiyab Bədəlbəyli və mən qərara gəlib onun evinə tərəf yollandıq. Müəllimimiz kiçik, qaranlıq bir otaqda yaşayırdı. O, bizi görüb təəccübləndi. Cəfər dedi ki, sizə imtahan verməyə gəlmişik. Müəllimimiz otağın pərakəndəliyindənmi, ya nədənsə yaman tutulmuşdu.
İlk söhbətə Cəfər başladı. Vəziyyət elə oldu ki, müəllimimiz yox, biz müəllimimizi imtahana, sorğu-suala çəkdik. Ona yeni fars ədəbiyyatı haqqında suallar yağdırırdıq. O da bizə hərarətlə cavab verirdi.
Nəhayət, Mirzə Möhsün gülümsəyərək kitabçamızı alıb fars ədəbiyyatından bizə qiymət yazdı. Biz Mirzə Möhsünün yanından çıxıb qələbəni təntənəylə qeyd elədik.
Cəfər Cabbarlı “Gənc qızıl qələmlər ittifaqının” üzvü olmasa da o bu təşkilatın yaranmasında yaxından iştirak edənlərdən biri idi. İttifaq yaranmamışdan əvvəl “Kommunist” qəzeti yanında ədəbiyyat dərnəyi vardı. Bu dərnəkdə gənclərin yeni əsərləri təhlil və müzakirə olunurdu. Cəfər Cabbarlı bu dərnəyə demək olar ki, rəhbərlik eləyirdi. Cəfər o zaman “Kommunist” qəzetinin əməkdaşı idi. Müəyyən illərdə qəzetə rəhbərlik edən Həbib Cəbiyev, Ruhulla Axundov, Cəfərə böyük hörmət bəsləyirdilər. Qəribə burasıdır ki, Cəfər kimi sənətkar, istedadlı, şöhrətli dramaturq həmişə gənclərin arasında görünürdü...
Dostu səfərdə daha yaxşı, daha dərindən tanımaq olur.
Cəfər Cabbarlı ilə bir neçə dəfə səfərdə olmuşuq. İlk səfərimiz 1929-cu ildə Gürcüstana, Ermənistana getməyimizdir. Heyətimizin sədri Haqverdiyev, katibi isə mən idim. Bizi çox böyük hörmət və məhəbbətlə qarşıladılar.
Bütün səfər boyu Cəfər biz gənclərin arasında idi. Cəfərin məzəli, duzlu söhbətləri, hazırcavablığı biz gəncləri ona daha yaxın eləmişdi.
Bir gün Tbilisidən Msxetiyə yola düşərkən, Cəfər, Şaiq və mən bir maşına minməli olduq. Qabaqda qocaların – Haqverdiyevin, Qalaktion Tabidzenin mindiyi maşın gedirdi. Birdən Cəfər sürücünün qulağına gülə-gülə nə isə pıçıldadı. Sürücü maşının sürətini artırdı. Yoldan toz qaldıran maşınımız mənzilə hamıdan əvvəl yetişdi. Qocaların maşını bizdən sonra gəlib çıxdı.
Haqverdiyev çox pərt idi. Mən ondan belə bir töhmət aldım: “Bu dəfəlik günahından keçirəm... Adam sədrin maşınını keçməz, cavan oğlan!..”
Mən onun sözlərini təsdiq edərkən Cəfər bığaltı gülürdü. Tbilisidə, Yerevanda və başqa şəhərlərdə keçirdiyimiz xoş saatlar, günlər unudulmazdır.
Cəfər Cabbarlı da bu səfərin ən qaynar, fəal nümayəndələrindən biri kimi bizi ruhlandırırdı. İllər keçdikcə Cəfərlə dostluğumuz get-gedə bərkiyirdi. O yeni yaranan hər yaxşı əsərə ürəkdən sevinən sənətkardı. Hacıbaba Nəzərli ilə yazdığımız və işçi teatrında tamaşaya qoyulmuş “Yanğın” komediyası münasibətilə o məni səmimi təbrik etdi, alqışladı. Dövlət dram teatrı üçün əsər yazmağı məsləhət gördü.
Ədəbiyyata xaltur əsərlərlə soxulmaq istəyən təsadüfi adamlara qarşı Cəfər amansızdı. Bəziləri ağzına gələni yazıb dövlət dram teatrında zorla oynatmaq xəyalına düşmüşdü. Bunlar rədd cavabı aldıqda böhtanlara, iftiralara əl atmaqdan çəkinmirdilər. Bəziləri isə dövlət dram teatrında Cəfərin vəzifəsinə, lojasına belə göz dikmişdilər.
Bir dəfə Cəfər mənə bu adamların əlindən zinhara gəldiyini söylədi. Mən bu məsələylə əlaqədar “Kommunist” qəzetində çıxış etmək istədim. O buna razı olmadı. Mən öz fikrimi ayrı şəkildə qələmə aldım. “Dramaturq Səfdər Əmi oğlu” adlı hekayəmdə Cəfərə qarşı olan xalturaçılara, böhtançılara qarşı çıxdım.
Cəfərin üzünə tərif sözləri deyiləndə heç xoşlanmazdı. O, həmişə: “mən həvəskaram, yazırıq, görək axırımız hara çıxacaq” – deyərdi.
Biz Cəfərlə hər görüşəndə ürəkdən sevinərdik. O, həmişə yazıb yaratmaq eşqilə yaşayırdı.
1934-cü ildə Moskvadan sovet yazıçıları qurultayından qayıdandan sonra Cəfər xəstələndi. Xəstəykən bir gün məni evinə çağırtdırdı. Yanında yalnız Əlili vardı. Quzu kəsmişdilər. Sona bacı gözəl süfrə açdı. Söhbətimiz uzun çəkdi...
Bir neçə ay sonra bir gün onun aramızdan getdiyini eşidəndə gözlərimdən ixtiyarsız yaşlar axdı. O, aramızdan gənc ikən getdi. Cəfər xalqımız üçün hələ bir çox qiymətli əsərlər yarada bilərdi. O, böyük, coşqun istedadın aramızdan vaxtsız getməsinə inana bilmirdik. Heyhat, bu itki ədəbiyyatımız üçün böyük, çox ağır bir itki oldu. Təsəllimiz budur ki, Cəfərin əsərləri yaşayır və həmişə yaşayacaqdır.
Demək, dostumuz Cəfər də yaşayır və yaşayacaq!
Fevral 1960
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ceferi-yad-ederken
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,Hər ikisi bir vüsalın həsrətilə çırpınar.
LeylaBu ellər göz yaşında qərq olub boğulanda,Sevindi evdəkilər o dilbər doğulanda.
Dəyişməzsə kökündənQəlbimdə dəniz var yenə kindən,Qan-yaş tökəcək el gecə-gündüz,
Ürəyimin qulağı var, gözü varMən ürəyi atəş dolu şairəm,Hələ yaram sağalmayıb, gözü var.
Poems by other poets
Əzizinəm oy dərdim,Oy dərmanım, oy dərdim.
AyılmazQəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,