Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.

Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

– Annəciyim, həmşirəmizi mütləq bir qocaya verməliyiz.

Ana – Ay oğul, sən nə danışırsan, bacına yazığın gəlmir. O bədbəxti niyə həmşərəyə, özü də qoca həmşirəyə verək axı?

Peterburqda təhsil almış oğlunun rolunu oynayan Ağasadıq Gəraybəyli isə anasına belə müraciət etdi:

– Mama, sestramızın əsl ərə çıxan vaxtıdır, ya ne vozrajayu.

Salonda şiddətli gülüşlər oldu. Bu dəmdə Mirzə Cəlil üzünü mənə tutub dedi:

– Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?

Bu sual məni heyrətə saldı. Cürətlənib dedim:

– Mirzə bu əsər sizindir axı.

O:

– Bəli, bəli, hər kim yazıbsa bəd yazmayıb, deyib başını buladı və fikrə qərq oldu.

Mirzə Cəlil artistlərin atdığı şarjlara etirazını yalnız bu iki cümlə ilə bildirdi. Tamaşa çox gözəl idi. Lakin sənətkarlarımızın bəzi sərbəst hərəkətləri Mirzə Cəlili narahat etmişdi.

Yadımdadır. Bakıda qonaq olmuş gürcü yazıçıları vətənlərinə qayıdarkən bizi Gürcüstana dəvət etdilər.

Biz 1929-cu ilin may ayında Tiflisə yola düşməli olduq.

Nümayəndə heyətində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Hacı Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Xəlil İbrahim, Əminbəyli, gənclərdən Mikayıl Müşfiq, Məmməd Rahim və mən vardıq. Onu da deməliyəm ki, böyük ədibimiz Cəfər Cabbarlı ilk dəfə idi ki, Biləcəri sərhədini keçirdi. Heyətin sədri Haqverdiyev, katibi mən idim. Haqverdiyev mənə daha çox öz şəxsi katibi kimi baxırdı. İki həftəyə qədər sürən bu səfərdə xeyli söhbətlər oldu, xeyli nitqlər söyləndi. Mirzə Cəlil isə demək olar ki, cümlətanı iki-üç varağa qədər söz deyə bilmişdi. O hər məsələyə ya bir sual ya bir cavab ilə müdaxilə edərdi.

Səfərə çıxmaq üçün bizə maarif komissarlığından bilet əvəzinə tələbə bileti (pulsuz bilet) verdilər. Bakı vağzalının bufetində canlı heykələ bənzəyən sədrimiz Əbdürrəhim bəy Haqverdiyev şirin-şirin söhbət edirdi. Mən biletləri qeyd etdirməyə gedərkən Mirzə Cəlilə müraciət etdim.

– Mirzə, siz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin namizədisiniz. Sizə yumşaq vaqona pulsuz bir yer ala bilərəm.

O qoltuq cibindən vəsiqəsini çıxarıb mənə uzatdı...

– Xeyr, elə məni də yoldaşlar gedən vaqona qeyd etdir.

Mən getmək istərkən əlavə etdi.

– Xob, deyirsiniz ki, mənim bu namizədlik kitabçamla pulsuz-parasız bilet almaq olar?

– Bəli, Mirzə.

– Bəs onda niyə belə?

Mən əvvəl bu sualın mənasını başa düşmədim. Bunu sonra dərk etdim. Molla Nəsrəddin demək istəyirdi ki, bala, indiki İcraiyyə Komitəsinin üzvü də, namizədi də qatarla pulsuz səfərə çıxa bilər, bəs onda niyə məni üzv yox, namizəd seçiblər?! Elə üzv seçəydilər də.

Vaqonumuz bir qədər qaranlıqdı. Gürcü dostlarımızın bizi hansı vaqon qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə qərara aldıq ki, böyük yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib ordan düşsünlər.

Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox maraqlı səhnələr söyləyirdi.

Molla əmi isə əsasını çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək sakitcə dinləyir və nə haqdasa düşünürdü.

Artıq səhər açılırdı. Vaqonumuz da işıqlandı. Qatar Tbilisi vağzalına yaxınlaşırdı. Heç kəs yerindən qalxmaq istəmirdi. Haqverdiyevlə Mirzə Cəlil hamıdan tez durub əl-üzlərini yuyub geyinmişdilər. Haqverdiyev bir sədr kimi bizə müraciət etdi:

– Uşaqlar, Tbilisiyə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun!

Yoldaşlarda bir hərəkət əlaməti görünmədi. Hamı kal oyanmışdı. Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Haqverdiyevin dadına çatdı.

– Əbdürrəhim, uşaqlar əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tbilisi camaatı görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu, Bakıdan.

Bu sözlər hədəfə dəydi. Hamı əsgərsayağı qalxıb cəld əl-üzünü yumağa getdi.


Tbilisidə Azərbaycan yazıçılarının şərəfinə verilən qonaqlıqların birində Gürcüstan Yazıçılar İttifaqında çalışan bir qız oturmuşdu. Mirzə Cəlil qızın sol tərəfindəydi. Mirzə Cəlil hərdənbir əlindəki “Zarya Vostoka” qəzetilə qızın üzünü yelləyir və qulağına nə isə pıçıldayırdı.

Birdən gürcü qızı mənə donuz əti təklif etdi. Mən yeməkdən imtina etdikdə qız pərt olub dedi:

– Yeməsəniz durub yanınızdan getməyə məcburam. Qonağa nə versələr, yeməlidir.

Molla əmi də ona havadar çıxdı.

– Bala, niyə yemirsən? Ye, halalın olsun.

Mən çıxılmaz vəziyyətdə qalıb naçar... ilk və son dəfə o məclisdə donuz əti yedim.

Molla əmi gülümsəyərək dedi:

– Bala, daha sən müsəlmanlıqdan çıxdın, mübarək olsun!

Mən Molla əminin məclisdə qızla pıçhapıçının mənasını sonra başa düşdüm.

Tbilisidə xoş günlər keçirdik. Oradan gürcü yazıçılarıyla birlikdə Ermənistan yola düşdük.

Yollarda sədrimiz Haqverdiyev bolluca nitqlər deyirdi. Sevanda Mirzə Cəlil buz kimi suda çimərkən mahir üzgüçü olduğunu nümayiş etdirdi.

Ermənistanın paytaxtı Yerevan şüarlarla bəzənmişdi. Məclislərdən dostluq sədaları yüksəlirdi.

Bir gün Ermənistan torpaq komissarlığının həyətində toplaşmışdıq. Tut təzəcə yetişirdi. Bağçada qocaman bir tut ağacı vardı. Mirzə Cəlil ağaran tutları nəzərdən keçirib dedi: “Niyə, bəd deyil”. Mən ağacın bir qoluna dırmandım. Budaqları silkələdim. Yaşıl otların üstü qar kimi ağardı. Mirzə Cəlil və digər yazıçılarımız tut yeməyə girişdilər. Elə bu vaxt gözü qara eynəkli, əli əsalı, uzun çənə, mıx burun, arıq bir adam Molla əmini ağac altında yaxaladı. Mən tez ağacdan endim. Mirzə Cəlil ağac altında dövrə vurduqca, həmin adam da onu qarabaqara izləyib dəftərçəsindən ona öz şerini ucadan oxuyurdu. Həmin şerin bir bəndi yadımdadır.

İravan şəhərinə diqqət elə gör kimlər gəlib.
Bakıdan bizə qonaq hörmətli cimlər gəlib.

Bu adam gözlərini Molla əmiyə zilləyərək, öz şeri haqqında, onun fikrini bilmək istəyirdi. Mirzə Cəlil ona dedi: “Bəli, cimlər gəlib, cimlər, bəd deyil”. Eynəkli adam ikiqat olub təşəkkür edəndən sonra hansı qəzet redaksiyasına isə daban aldı. Eynəkli adam “cimlər gəlib” deyəndə adları, familiyaları cimlə başlayan Mirzə Cəlili, Cəfər Cabbarlını, Əhməd Cavadı və Cabbar Əfəndizadəni nəzərdə tutmuşdu.

Bir gün Mirzə Cəlilin könlünə Naxçıvanı görmək düşdü. Bu barədə Haqverdiyevlə danışdı və onun boynuna qoydu ki, bu səfər getmək üçün heyətimizin baş rəhbəri Əminbəylidən icazə istəsin. Əminbəylini tanıyanlar bilir ki, o necə qanunbaz bir adamdı. Mirzə Cəlil və Haqverdiyev Əminbəylinin yanına getdi. Özünü qabağa verib Haqverdiyev bu xahişi Əminbəyliyə dedi. Əminbəyli özündən çıxdı.

– Bu nə oyundur, canım? Bu axmaq fikir kimin başına gəlib? Dəstədən bir dəqiqə də ayrılmağa ixtiyarınız yoxdur... vəssalam.

Haqverdiyev dediyinə peşman olub başını aşağı saldı.

Mirzə Cəlil acı təbəssümlə ona dedi:

– Əbdürrəhim, mən səni ağıllı adam bilirdim. Bu axmaq fikir sənin başına hardan gəldi?..

O gün Haqverdiyevin üzü gülmədi.

Səfəri başa vurub erməni yazıçılarıyla birlikdə Yerevandan Azərbaycana yola düşdük. Yolüstü qonaqları bir neçə rayon və şəhərlərimizə apardıq. Bu zaman Azərbaycan diviziyası həmin şəhərlərin birində təlim keçməkdəydi. Ordu hissələri musiqi müşayiətilə qarşımızdan keçirdi. Haqverdiyevlə Şirvanzadə bir təpədə yan-yana durub nümayişi qəbul edirdilər. Şirvanzadə də tez-tez deyirdi:

– Salam, yoldaşlar!

– Əleyk salam.

Şirvanzadə:

– Yaşasın Şura Edirbecan.

Əsgərlər:

– Urra! – deyə cavab verirdi.

Haqverdiyev və Şirvanzadə yaman yorulmuşdu. Nümayişin sonunda diviziya komandiri zabit və əsgərlərə nə barədə isə əmr verdi. Birdən polad biləkli əsgərlər Haqverdiyevlə Şirvanzadəni atıb tutmağa başladılar.

Şirvanzadənin və Haqverdiyevin göylərə ucalan nalə və fəryadları əsgərlərin urra sədaları altında batıb gedirdi. İki ətli-canlı qocaman ədibin halı çox pisdi. Hamımız özümüzü itirdik. Tez diviziya komandirinə müraciət etdik. Komandirin əmrilə əsgərlər nəhayət, bihal olmuş Şirvanzadədən və Haqverdiyevdən əl çəkdilər. Artıq iki möhtərəm yazıçı otların üstündə arxası üstə zorla ağır nəfəs alırdı. Onlar ancaq bir neçə dəqiqədən sonra özlərinə gələ bildilər. Bu mənzərəni seyr edən Mirzə Cəlil gülümsəyərək dedi:

– Döşünü qabağa verənin, çox danışanın aqibəti bax belə olar. Niyə, bəd deyil.


Mirzə Cəlilin böyüklüyü, necə qüdrətli qələm sahibi olduğundan, alimlərimiz, ədəbiyyatşünaslarımız öz ürək sözlərini demişlər və bundan sonra da deyəcəklər. Mənim payıma isə onun həyatında baş vermiş bəzi hadisələr düşmüşdür. Mirzə Cəlil aramızdan gedəndən sonra hər yerdə onun adını eşidirdim.

1941-ci ildə ordu sıralarında Təbrizdə olduğum zaman “Molla Nəsrəddin” məcmuəsinin orada nə kimi mühüm rol oynadığının şahidi oldum.

Bir gün Təbrizli professor Fəxri Ədhəm bizi evinə qonaq çağırdı.

O böyük məhəbbətlə Mirzə Cəlildən canlı, maraqlı xatirələr danışırdı.

Vaxtilə Mirzə Cəlil İran səfərində Təbrizdə Fəxri Ədhəmin evində çox əziz qonaq kimi yaşamışdı. Professor Fəxri Ədhəm bizə divardan asılmış bir şəkil göstərdi. Bu ailəvi şəkildə Mirzə Cəlil də vardı.

Cəlil Məmmədquluzadə öz “Ölülər” əsəri kimi ölməzdir. Onun əsərləri hərəkətdədir, yaşayır və yaşayacaqdır. Mənə elə gəlir ki, Cəlil Məmmədquluzadə xalq tərəfindən sevilə-sevilə oxunmasına öz vətənindən uzaqlarda belə şöhrət tapmasına belə qiymət verər: “Niyə, bəd deyil”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets