Xəyalımda Mirzə Fətəli canlandı
Vətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.
İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Bir neçə gün əvvəl qeydlər dəftərçəmi nəzərdən keçirdim. Dəftərçənin bir yerində Mirzə Fətəlinin beş il uşaqlıq çağlarını keçirdiyi Xamnə kəndi haqqında qeydlərə rast gəldim. Mən bu qeydləri 1941-ci ilin 30 oktyabrında yazmışdım. Onları buraya köçürməyi lazım bildim. Mirzə Fətəlinin uşaqlıq illərini keçirdiyi Xamnə kəndinə gedirik. Təbrizə qastrola gəlmiş opera və balet teatrının artistlərindən bir neçəsi bizimlədir. Niyazi, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov və qeyriləri Xamnədə konsert verəcəklər. Alimlərimizdən Yunis Hacıyev, Səmədzadə və mən bir maşındayıq.
Şəxsən məndə elə bir əhvali-ruhiyyə, elə bir inam vardı ki, guya Xamnədə Mirzə Fətəlini uşaqlıq çağlarında görəcəyəm.
Payızdır, lakin təbiətdə solğunluqdan əsər-əlamət yoxdur. Təbrizdən Xamnəyə 80 kilometrlik yol var. Sofyana qədər şose yoludur. Sofyandan o yana yol daş-kəsəkli, dərəli, təpəlidir. Maşınlarımız havaya toz buludları qaldıraraq gedir. Maşınların pəncərələrini örtdüyümüzdən istidən tərləmişik.
Sofyan dəmir yolunun kənarında bağlı, bağatlı böyük bir kənddir. Sofyandan keçərkən kənd əhalisi qarşımıza çıxdı. Kəndlilər bizi çox səmimi, mehribancasına qarşıladılar. İlk dəfəydi ki, Sovet Azərbaycanından gələnlərlə görüşürdülər. Bizimlə qucaqlaşıb öpüşdülər. Onların gözləri yaşarmışdı. Bəziləri əllərilə, bəziləri donlarının ətəyilə gözlərinin yaşını silirdi.
Bizi şirin dillə öz yoxsul daxmalarına qonaq aparmaq istədilər.
Tələsdiyimizə görə onlardan üzr istəyib yolumuza davam etdik. Maşınlarımızın arxasınca alqış səsləri ucaldı. Hava çox gözəldi. Ətraf aydın görünürdü. Yol boyu qan qardaşlarımızın taleyini düşünürdük. Uçan quşları, ötən quşları gördükcə cənublu qardaşlarımızın da belə xoşbəxt pərvazlanmasını arzulayırdıq. Yol üstündə kiçik bir kəndin meydançasında maşınlarımızı yoxlamaqçın dayanmalı olduq.
Burada da kənd adamları pişvazımıza çıxdı. Nimçələrdə bizə üzüm verdilər. Kəndin ağsaqqalı bizə:
– Buyurun, xanəmizdə dincəlin, çay için, – dedi. Biz də təşəkkürümüzü bildirdik. Qocalardan biri gülümsəyərək: “Qorxmayın biz xəsis deyilik. Bizdən ehtiyat eləməyin. Biz sizinlə qardaşıq. Sağ olun, var olun. Nə qədər ki, siz burdasınız, kölgəniz üstümüzdədir, kəndin zalım ərbabından qorxumuz yoxdur. Evimiz sizin evinizdir. Kasıbın olduğundan bir şey taparıq. Bu yerin ən xəsis adamı ərbabdır. Hazırda keşiyini həyətindəki əli silahlı sadiq nökərləri çəkir. Ondan çəkdiyimizi Allah özü yaxşı bilir. Ərbabımız bizdən yumurta vergisi alanda görsəydiniz özünüzü gülməkdən saxlaya bilməzdiniz. Onun xüsusi bir ölçü daşı var. Vergi vaxtı tərəzinin bir gözünə daşı, bir gözünə isə yumurtanı qoyur, yumurta daşdan bir misqal belə yüngül vəzndə olsa qəbul etmir ki, etmir. Amma siz bu torpağa ayaq basandan sonra ərbabın tərəzisi, daşı bekar qalıb, danışdığım həqiqətdir”. Hamımız güldük.
Mən qocaya dedim ki, yəqin uşaqlıq illərini sizə qonşu Xamnə kəndində keçirmiş Mirzə Fətəlinin Hacı Qarası ilə ərbabınız qohumdur.
Kəndlilərlə səmimi, şirin söhbətdən sonra üzü dağlara sarı hərəkət etdik. Şəbüstər qəsəbəsinə çatdıq. Burada Sabiri özünə ustad seçmiş Mahmud ağa Şəbüstərinin qəbrini ziyarət etdik. Mən çöl çiçəklərindən dərib qəbirdaşı üstünə qoydum. Kəndin qocaları, cavanları heyrət içindəydi. Şəbüstərini tanıdığımıza ona hörmət əlaməti olaraq qəbrini ziyarət etdiyimizə məəttəl qalmışdılar.
Kənd uşaqlarıyla, bu haqda söhbət etdim. Onlar məni başa düşdülər. Söz verdilər ki, bayramlarda mütləq Şəbüstərinin qəbrini güllərlə, çiçəklərlə ziyarət edəcəklər.
Şəbüstər daş, kərpic, palçıq evlərdən ibarət yaşıllıqlar içində qərq olmuş gözəl bir kənddir. Uca barılardan göylərə baş qaldırmış meyvə ağacları, nəzərləri oxşayırdı. Şəbüstərdən Xamnəyə doğru yola düşdük. Budur, ədəbiyyat tarixində adı çəkilən Xamnə görünür. Maşınlarımız, kəndin ortasında dayandı. Bir təbii axınla əhali bizə doğru gəlirdi. Biz kənd əhalisinin əhatəsində yarımörtülü bazar içiylə kənd məktəbinə tərəf gedirik. Hamı sevinirdi. Onlar ilk dəfə öz qardaşlarını, sovet adamlarını görürdülər. Məktəb həyətinə girdik. Cümə günü olduğundan məktəbdə dərs yoxdu. Məktəb müdirinin dalınca adam göndərdik. Beş-altı dəqiqə içində məktəb həyəti adamlarla doldu. Bir azdan məktəb və qonşu damlarda qadınlar, qızlar, uşaqlar göründü. Damlara bir anda ensiz, uzun nərdivanlar söykəndi, qadınlar əvvəlcə qucaqlarındakı qundaqlı körpələrini odun tullar kimi damdakı qızların üstünə tullayıb sonra isə özləri nərdivanla dama çıxırdılar. Bir azdan Axundzadə adlı, orta yaşlı məktəb müdiri gəlib çıxdı. Ona gəlişimizin səbəbini dedik. O bizə “Xoş gəlmisiniz, çox şadam” dedi.
Axundzadə Mirzə Fətəli yaradıcılığa yaxşı bələddi. Söhbət əsnasında nədənsə özünün Mirzə Fətəli familiyası ilə yaxınlığı olmadığını söylədi. Bu söhbətdən nə səbəbə isə bir az çəkinirdi də. Lakin Təbrizdə mötəbər adamlar mənə demişdilər ki, Xamnə məktəbinin müdiri Mirzə Fətəli Axundov nəslindəndir.
Biz Xamnə əhalisi ilə danışmaq istərkən birdən əmniyyə rəisi öz əmniyyələrilə həyətə girdi. Camaat arasında bir uğultu oldu. Onlar dörd nəfərdi. Bizimlə salamlaşmadan, görüşmədən, əmniyyə rəis əlindəki gümüş dəstəkli qamçısıyla kəndlilərin üstünə cumdu və “Pədər süxtə” deyib onları şallaqla dağıtmağa çalışdı. Kəndlilərin etiraz sədaları ucaldı. Mən buna dözə bilmədim. Cəld əmniyyə rəisinin qarşısına gəlib əlindəki qamçısından yapışdım.
– Ayıb deyilmi. Bunların günahı nədir ki, söyüb qamçılayırsan – dedim. Yunis Hacıyev ikimizin arasına girib bizi sakit etməyə çalışdı, demə mən qeyri-ixtiyari tapançanı atmışam. Əmniyyə rəisi “yumşalıb” mənə hərbi qaydayla salam verdi. (Mən o zaman batalyon komissarı idim.)
Dedi ki: – Mən bu bişərəfləri sizin rahatlığınız üçün qovmaq istəyirdim.
Mən dedim ki, kəndlilərdən mütləq üzr istəməlisiniz. O cavabında gülərək dedi: “Bunlardan ha. Xeyr, ağa”.
Əmniyyə rəisi bir azdan dil tökərək bu axşam məni Təbriz restoranlarından birinə qonaq dəvət etdi. Mən məşğul olduğumu bəhanə gətirib onun bu təklifini rədd etdim.
Biz Təbrizə qayıdandan sonra öyrəndim ki, əmniyyə rəisi Təbriz polis rəisinə xəbər verib ki, guya Xamnədə mən onun üstünə silah çəkmişəm. Bu, mənim yadıma gəlmir.
Xamnədə məktəb həyətində böyük şənlik başlandı. Həyətdəkilər, damdakı qızlar, qucaqları körpəli qadınlar bir ağızdan sovet ordusuna xeyir-dua dedilər. Məhəbbətlərini yetirdilər.
Axırda mən ilk olaraq “Durnalar” şerimi oxudum. Dinləyənlər bu şeirdə öz dərdlərini, arzularını gördü. Ədəbiyyatşünas Həbib Səmədzadə toplaşanlara Mirzə Fətəli yaradıcılığından danışdı. Artistlərimiz opera əsərlərindən ariyalar və xalq havaları oxuduqca alqış səsləri ucalırdı. Konsert zamanı kütlə artistlərimizə qoşuldu. Mahnılar, rəqslər birləşdi. Hətta damlardakı al-əlvan paltar geymiş qızlar bu mahnılara, rəqslərə qoşuldu. Xamnə başdan-başa bağ-bağatdır. Burada badam, qoz, ərik, alça ağacları müxtəlif üzüm növləri kəndə başqa bir gözəllik verir.
Barıları aşıb küçələrə sallanan meynələrin iri, şəffaf gilələri adama gəl-gəl deyirdi. Təbrizdə olduğu kimi burada küçələrdən keçərkən, həyətdəki gözəllikləri təsəvvür edə bilmirsən.
Ən yoxsul adamın qapısından içəri girdikdə gözlərinin önündə gözəl, könüloxşayan bir mənzərə canlanır. Hər həyətdə müxtəlif meyvə ağacları və güllər, çiçəklər vardır. Mən meydançalardakı qocaman ağacları gördükdə düşünürdüm. Bəlkə bir vaxt balaca Mirzə Fətəli bu ağaca dırmanıbmış, bəlkə balaca Mirzə Fətəli bu keçdiyimiz küçədən keçibmiş. Bəlkə balaca Mirzə Fətəli bu meydanda uşaqlarla kosaldıqaç oynayıbmış və s.
Xamnədə bizim müəyyən vaxtımız yarımörtülü bazarda keçdi. Bazardakı bir neçə dükan adlanan gözdə ancaq daş çapı kitablar və əlyazmalar satılırdı. Səmədzadə buradan bir neçə qiymətli kitab aldı.
– Xamnəlilər hər yerdə bizimlə idi.
Bizi evlərə qonaq çağırırdılar. Biz ancaq Xamnənin dadlı, ətirli meyvələrindən yeyə bildik.
Axşam düşdüyündən Xamnəli qardaşlarımızdan həsrətlə ayrıldıq. Yol boyu düşünürdüm, xəyalımda Xamnə meydançasında gah balaca Mirzə Fətəlini uşaqlarla oynayan görürdüm, gah böyük, dahi ədibin ucalan heykəlini seyr edirdim.
Oktyabr 1962
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-xeyalimda-mirze-feteli-canlandi
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəllərin arasında gözəl nigarım itib,Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib.
Vəfalı qalıbYenə könlüm quşu xəyala dalıbBaşımın üstünü dumanlar alıb.
Süleymanlı yollaraÇoxdandır bələdəm mən o tufanlı yollara,O dil bilməz yollara, o hicranlı yollara.
İki anaHəyatımın mənasıdır qəlbimdəki iki anam,Mən onların nəfəsilə nəfəs alıb yaşayıram.
Poems by other poets
ای گشته خجل پری و حور از رویتخورشید گرفته وام نور از رویت
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Tarizən, çaldıqca qurtarmır yenəTarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!