Əzim Əzimzadə
Əzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.
Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.
Şəxsən mən Əzim Əzimzadəni Molla Nəsrəddin və digər gülgü məcmuələrimizdəki əsərlərilə tanıyırdım.
O zaman bir ailə tapmazdın ki, Əzimzadənin çəkdiyi rəsmlərə baxıb dərindən, ürəkdən gülməsin. Keçmiş dövrdəki fırıldaqçı din nümayəndələri, bəylər, mülkədarlar, qolçomaqlar, qoçular, canilər, xalqın həyatını zəhərləyən bu müzürr insanlar onun fırçasından çıxan əsərlərlə şiddəti zərbəyə, atəşə tutulurdular. O zaman Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və Sabirlə yanaşı Əzim Əzimzadənin adı da hörmətlə və məhəbbətlə çəkilirdi. Xalqın gözünü həqiqətə açmaqda, əzablara dözmüş zəhmətkeşlərdə qanlarını soranlara qarşı qəzəb, nifrət oyandırmaqda Əzimzadə də çox mühüm bir rol oynamışdır, O dövrdə bu, sənətkar üçün böyük qəhrəmanlıqdı, fədakarlıqdı.
Əzimzadə ilə əyani 1925-ci ildə “Kommunist” qəzeti redaksiyasında tanış oldum.
Əzimzadə qəzetin növbəti nömrələri üçün beynəlxalq məsələlərə, məişətimizdəki kəsirlərə aid karikaturalar, şarjlar çəkirdi.
Bizim “Gənc qızıl qələmlər ittifaqı” həmin vaxtda kommunist qəzetinin klubunda fəaliyyət göstərirdi. Əzimzadəni ilk dəfə Nəriman Nərimanov adına Sənaye Texnikumunda oxuduğum zaman filarmoniyada Sabirin xatirəsinə həsr edilmiş ədəbi, bədii gecədə səhnədə gördüm.
Bu gecədən toplanan pullar Sabir kitabxanasının zənginləşdirilməsi üçündü.
Budur, Əzimzadə səhnədə göründü. Gurultulu alqışlar altında salondakılara hörmətlə baş əydi. Kiçik taxta lövhəyə kağızlar yapışdırıb bir göz qırpımında kömürlə sovet hökumətinin düşmənlərinin Makdonaldın, Petenin, Çemberlenin, Qolçaqın, Kerenskinin, qeyrilərinin eybəcər şəkillərini çəkir və salondakıların gülüşləri altında qızğın alqışlanırdı.
Əzim Əzimzadənin mədəniyyətimizin hər sahəsindən yaxşı dostları vardı. Yazıçılardan və jurnalistlərdən Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Seyid Hüseyn Sadiq, Əli Nəzmi, Nemət Bəsir, Məmmədəli Sidqi, Xəlil İbrahim, Əsəd Tahir, artistlərdən Hacıağa Abbasov, Mirzəğa Əliyev, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, partiya və dövlət xadimlərindən Ruhulla Axundov, Həbib Cəbiyev və başqaları onun sənətinə çox yüksək qiymət verirdilər.
Əzimzadəni tez-tez nəşriyyatlarımızda, qəzet və jurnal redaksiyalarında görmək olardı.
Onun fırçası bir gün də bikar qalmırdı. O illərin kitablarında, qəzet və jurnallarında Əzimzadə fırçasından çıxmış əsərlərə rast gəlirdik.
Əzimzadənin gənc yazıçıların iclaslarında iştirakı da yadımdadır.
O vaxt Əzimzadə mənim şarjımı çəkmişdi. O, gülərək deyirdi ki, “səndə nə isə var, şarja yaman çətin gəlirsən”.
Həmin illərdə Əzimzadə mənə öz əksini bağışladı. Şəklin altında ərəb əlifbasilə bu sözlər yazılmışdır: “Gələcəyimizin parlaq örnəyi, kommunizm quruluşumuzda böyük ümidlər verəcək Süleyman yoldaşa xatirə. Bakı, 5 may 1927-ci il”.
Bu mənim üçün Əzimzadədən ən gözəl, əziz xatirədir. Mən onunla “Maarif və mədəniyyət” jurnalının katibi olduğum zaman da tez-tez yaxından görüşərdim.
Yadımdadır, Seyid Hüseyn Sadiq jurnalımız üçün “Bir küçənin tarixi” adlı bir hekayə yazmışdı. Hekayədə Bakı varlısı, qoçusu Hacı Aslandan bəhs edilirdi.
Məcmuənin redaktoru Ruhulla Axundov mənə dedi ki, “Hekayə mütləq rəsmlərlə getməlidir. Bakının köhnə tiplərini Əzimzadə kimi gözəl bilən ikinci rəssamımız yoxdur. Əzimzadəni tap, hekayəni ver oxusun. Adımdan ona de ki, bundan sonra jurnalımızda fəal iştirak etməlidir”.
Əzimzadə Ruhulla Axundovun xahişini sevinclə qəbul etdi. Hekayə üçün çox orijinal, tutarlı rəsmlər çəkdi.
Bundan sonra o jurnalımızın fəal iştirakçılarından biri oldu. Biz gənclər bir neçə dəfə Əzimzadənin evində qonaq da olmuşuq.
Bir dəfə rəssam Rüstəm Mustafayev, Şəmsi Bədəlbəyli və mən Əzimzadəgilə getdik. Süfrə arxasında xeyli söhbətdən, gülməkdən sonra Əzimzadə yorğun olduğundan mürgüləməyə başladı.
Rüstəm Mustafayevin təhrikiylə Əzimzadənin otağındakı bir albomu götürüb aradan çıxdıq. Bu albom Parijdə çox az tirajla çap olunmuşdu.
Əzimzadə albomun aparıldığını o günün səhəri bilmişdi. O bizi tapdı. Nadir albomu geri qaytarmağımızı xahiş etdi. Bir də əlavə etdi ki, cavansınız elə əsərlərə baxmağı sizə məsləhət görmürəm. Üzr istəyib albomu ona qaytardıq.
Hazırda Şüvəlandakı bağ evimdə Əzimzadənin mənə bağışladığı rəngli bir rəsm var. Mən hər zaman o əsərə baxarkən ürəkdən gülməyə bilmirəm. Gənclik illərində mən Əzimzadəyə bir şeir ithaf etmişdim.
Əzim Əzimzadə Azərbaycan xalqının böyük rəssam oğludur. Əzimzadə yaratdığı əsərlərlə mədəniyyətimizin tarixində şərəfli yerlərdən birini tutur.
Fevral 1970
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ezim-ezimzade
Use ← → keys to move, R for a random poem
More by this author
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Süleymanam, dəyişmərəmKönül necə sevinməsin, bahar gəlib, bahar gəlib,Gəzib diyar-diyar gəlib.
MənsizBir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Dost kimi, qardaş kimiMeşədə quşlar artıq oxumur kef-damaqlı,Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Poems by other poets
Bunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,