Molla Qasım
Page 1 of 2
Molla Qasım öz arvadı Zeynəb ilə Küllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Küllücədə görmüşdülər.
Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Küllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.
Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir çığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Küllücə kəndi bina olunmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq, həkimsiz, dərmansız yaşayırdılar.
Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri-vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı. Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək səhv etmərik, çünki bu dünyada əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi.
Molla Qasımın bu «məta» mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib, döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, çolu-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.
Küllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə, borcluları deyərdilər:
– A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.
– Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır. Arvadlarınız da çorab, şal, palaz toxuyurlar. Bunlardan götürüb borclarınıza hesab edək, – deyə Molla Qasım onları məzəmmət edərdi.
Molla Qasım Küllücə kəndinə kim tərəfindən molla tə’yin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq mə’lumatı yox idi. Onun məqsədi yenə də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi:
– Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız öz əkinçilik sənətini atıb şəhərlərə qaçardılar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın.
Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi əcəli yetən adam öləcəkdir, istər həkim loqman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz.
Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcamət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya «həcamət» Zeynəb ləqəbini vermişdi. Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcamət kimi beli əyilmiş, dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Küllücə kəndini inək kimi sağıb yeyərdi.
Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dişarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Bil’əks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi:
– Bilməyirəm, mən olmasaydım sən bu vəhşi camaatın içində necə yaşaya bilərdin?
Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Əlalxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə e’tiqadını möhkəmləşdirmişdi.
– Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb, özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. «Cinli» dağdan və çox qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vəhimə götürmüşdü. Birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yə’qin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:
– Zeynal kişi, sən çox xoş gəlmisən, buyur burada toyumuz var, bir az rahat ol, ye, iç, sonra gedərsən.
Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə də’vət etdi.
Qonaqlar:
– Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, deyə salamladılar. Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən bir şey vardı, o da hamı məni tanıdığı halda mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi:
– Zeynal kişi, təama şuru edin, ancaq ürəyinizdəki sözü deməyin. Bunu eşitcək, Molla Qasım, sənin sözün yadıma düşdü. Yə’ni hər bir şeyin başladıqda bismillah deməli. Mən bismillah deçək, hamı yox oldu. Gördüm boz qatırın üstündəyəm. Heyvan bir kolun qabağında dayanıb dişini alır. Bunu gördükdə qan-tər məni basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.
Molla Qasım:
– Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək allahdan uzaqlaşmayasan, onda heç şey edə bilməzlər – deyərdi.
Hekayəmizin qəhrəmanları belə ömür sürməkdə ikən Azərbaycanda Şura höküməti quruldu. Sair kəndlər kimi Küllücə kəndində də kənd şurası düzəlib yeni şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək üçün və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və mə’ruzələr oxuyurdular.
Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa getmişdi. Natiq din və məzhəbdən bəhs etdi.
Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır.
Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb, oyanmaqlarına mane olmuşdur. Ruhanilər hökmranların, sərvətdarların min dürlü zülmünü davam etdirmək üçün, «yoxsullar, səbir edin, böyüklərin ehtiramını saxlayın, onların itaətində olun ki axirətdə allahın behiştinə nail olasınız, yoxsa əbədilik cəhənnəmin oduna yanarsınız» – deyə yoxsul sinfə bu dünyada cəhənnəm çəkdirib onların zəhmətilə özlərinə behişt qurmuşlar...
Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha məsciddə qala bilməyib evinə gəldi.
Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi. Hey tas qururdu ki, Şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib gün-gündən möhkəmləşirdilər. Küllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı küçələri düzəlib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib olunmuşdu. Qadınlar üçün klub açılmışdı.
El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. Zeynəb qarı da kilas və ərik qaxı qurudurdu. Bu halda darvaza döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında durmuşdu.
Zeynəb qarı soruşdu:
– Nə istəyirsən?
– Zeynəb nənə, molla əmi evdədirmi?
– Bəli, evdədir, içəri gəl.
Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu:
– Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?
– Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də qazıyıb hazır etmişik.
Molla Qasım istehza ilə dedi:
– Siz bolşeviklər allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın çıxsın getsin.
– Molla Qasım, mənə qalsa elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə meyit namazı qılsan da, qılmasan da təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-molla-qasim
Use ← → keys to move, R for a random poem
More by this author
Pinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?