Pinəci Qafarın evi.

Mirzə Fərəc. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.

Qafar. Yaqşı get. (Mirzə Fərəc çıqır.) Baq burada teatro deyil. And olsun atamın ərvahinə, bir balaca o yan-bu yan eləsəniz elə bir silə səkərəm ki, yerinizdə qalarsınız.

Şahsənəm. Allah vurub səni, hünərindir əlini qaldır.

Gülpəri. Yaqşı, siz bizi boşadırsınız, biz də o siz bəyənmədiyiniz kişilərə ərə gedirik. Onlar da tez-tez bizi teatroya aparırlar.

Qafar. Allahü əkbər, lə’nət sənə kor şeytan. İndi durub ikisini də boğub öldürəcəyəm ha.

Şahsənəm. Allah vurub səni. Durub səni o qədər dəyərik ki, arvad boşamaq da yadından çıqar.

Qafar. Arvadın hünəri nədir ki, kişiyə əl atsın.

Şahsənəm. Baq hünəri belədir. (Durub onunla dutaşır. Gülpəri də köməyə gəlir. Qafarın ayağından çəkir, Qafar yıqılır, onu yumruqlayırlar. Bu halda Mirzə Fərəc və onun dalınca molla Qasım daxil olurlar.)

Qafar. Adə Mirzə Fərəc, qoyma arvadlar heyimi kəsdilər. (Arvadlar Qafarı buraqıb Mirzə Fərəcin üstə düşürlər, yumruqlayırlar. Molla aralaşdırır, ona da bir iki yumruq dəyir.)

Molla Qasım. Ay bacılar, bir toqdayın. (Arvadlar dayanırlar.) Bəs mollaya belə ehtiram edərlər?

Şahsənəm. Bir molla ki, gecə yarısı bu iki səfihin sözünə baqıb biz biçarələrin talaqını verməyə gələ, elə axundun ehtiramını saqlamazlar.

Qafar. Arvad bəsdir, bizi biyabır etdin.

Molla Qasım. Usta Qafar, bir arvad ki, biz ruhanilərə, biz şəriət ərlərinə biehtiramlıq elədi, onu boşa getsin. Şəriət də belə buyurub.

Qafar. Düz buyurursan ağa.

Şahsənəm. Kül sənin başına, a belə ər. A qanmaz kişi, görmürsən bu molla nə deyir. Mən sənin arvadınam yoqsa bu şorgöz molla?

Molla Qasım. Usta Qafar, bu sözdən sonra bu arvadın nikahı pozuldu. İndi canın azaddır.

Şahsənəm. Belə kül molla başına.

Molla Qasım. İndi bu arvaddan sual cavab edin. A bacı sən bilirsən ki, biz ruhanilər müsəlman arvadlarına teatroya getməyi haram buyurmuşuq.

Gülpəri. Bilmirəm.

Molla Qasım. Bilmirsən indi bil.

Gülpəri. Bəs kişilərə necə?

Molla Qasım. Onlara da nəhy etmişik.

Gülpəri. Bəs neyə gedirlər?

Molla Qasım. Gərək getməsinlər. Günah da etməsinlər. Lakin arvad ilə kişidə fərq vardır. Şeytan həzrət Adəmi aldada bilmədi. Amma Həvvanı aldatdı. Behiştdən hər ikisini çıqartdı. Kişini o oyun çıqardanlar yoldan çıqa da bilməzlər. Arvad isə naqisyl’əql olar. Tez aldadarlar.

Gülpəri. Ay molla, bilirəm sən bizim nikahımızı geri oqumağa gəlmişsən. Sən heç zəhmət çəkmə. Mən kəbinimi həlal edib canımı azad edirəm. Elə rəhmətlik atam məni gözləri yaşlı bu qoca kaftara vermişdi.

Mirzə Fərəc. Nəmənə? Qoca kaftar? İndi ki belə oldu, daha səni boşamıram.

Gülpəri. Ölsən də boşanacağam.

Mirzə Fərəc. Mən də boşamayacağam.

Qafar. İndi ki iş bu məqama çatdı, Şahsənəm mən də səni boşamalı olmadım.

Şahsənəm. Ölsən də boşanacağam.

Molla Qasım. Bir mənə də qulaq asın. Görürəm siz arvad boşayan deyilsiniz. Mənim zəhmət haqqımı veriniz çıqım gedim.

Qafar. Nəmənə? Sən nə qayırdın ki, zəhmət haqqı da istəyirsən?

Mirzə Fərəc. Rəhmətliyin oğlu bu gecə yarısı gəlib arvadlarımızı əlimizdən almaq istədiyi bəs deyil, bir də zəhmət haqqı istəyir.

Qafar. Biz arvadlarımızı boşamaq istəmirik.

Molla Qasım. Cəhənnəmə boşayınız. Mənim zəhmət həqqimə nə deyirsiniz?

Mirzə Fərəc. Uzun müşərrəf eləmə. Dur rədd ol.

Qafar. Bas bayıra.

Molla Qasım. Allah sizin bərəkətinizi kəssin. Bu gecə vaqtı məni avara etdiniz.

Mirzə Fərəc. Sənə deyirəm uzun müşərrəf etmə. Dur rədd ol. (Molla söylənə-söylənə gedir.)

Şahsənəm. Ay qız Gülpəri, dur biz də bunların açığına dəniz kənarına gəzməyə gedək.

Gülpəri. Dur gedək. (Qapıya tərəf gedirlər Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.)

Mirzə Fərəc və Qafar. Hara gedirsiniz?

Gülpəri və Şahsənəm. Bulvara, gəzməyə. (Vuruşurlar.)

Mirzə Fərəc və Qafar. Biz də gedirik! (Onlara qoşulub gedirlər.)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nurəddin

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:– Qızım, nə fikrə getmisən?

56 min
Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:

52 min
Əşrəf

Sevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:

26 min
Şahsənəm və Gülpəri

Bir pərdədə üç şəkilli piyes*1921*

1 min

Poems by other poets