Qaraca qız
Page 1 of 8
Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.
Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:
– Qaraca qızı su batırmaz, od yandırmaz.
Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi.
Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı.
Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı xalq şirin yuxuda ikən ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külünk uçuqları qazmağa başladılar Ata oğulu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar. Bir dəstə də Usta Zeynalın evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyiti çıxdı. Bir az da qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu qız həmin Qaraca qız idi.
O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi.
Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib, ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb, qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.
Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad, ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadardı.
Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sifəti, hələ qara və pırtlaq gözləri həinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət verəcəyini söylədi.
– Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə oynadacağam, sənin üçün pul yığacağam.
Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.
Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə yerdə, çay qırağında, meşə kənarında mənzil edib, çadır qurmaq, nağıl söyləmək — bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin ayısından qorxurdu. Amma sonralar öyrəşib, onunla çox dost olmuşdu. Ayı da onunla oynamağı sevirdi.
Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi yaxşı geyindirib oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf tutanda dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər ikisini çox incidərdi.
Qaraca qızın təbiətində inadçıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin sözündən çıxmazdı, çünki Yasəmən onunla məhriban dolanırdı. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi:
– Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam.
Yasəmən ona belə cavab verərdi:
– Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən rəftar insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana məhriban rəftar, mülayim söz lazımdır.
Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdi:
– Yox, bu səbəb deyildir, sən olmasan, mən onu iki günün ərzində mum kimi edərəm.
Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç vəchlə imkan tapa bilməmişdi.
İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub deyərdi:
– Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır tənkə gəlib qaçar və sənin də əlin belə böyük mənfəətdən çıxar.
Bu sözlər həmişə Yusifə tə’sir edib, Qaraca qızı döyməkdən bir müddət çəkinərdi.
Yayın orta ayı idi. Günün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi.
Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. Yusif ayısını götürüb yaxın kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu. Qaraca qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldaya-xarıldaya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.
Yasəmən paltarı yuyub kolların üstünə qurumaq üçün sərmişdi. Özü də başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb başına su tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın uçalıqdan tökülən şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarını döşündən yığıb belinə atdı. Bu halda qulağına çay tərəfindən sel kurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, kurultu və nərilti ilə gələn seli görüb, var gücü ilə qışqırdı:
– Qızım, tez ol qaç, sel gəlir.
Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir neçə addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı götürüb və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu itiaxan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar Yasəmənin qışqırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı. Amma Yasəməni sel götürüb üzüaşağı axıtdı. Qaraçılar çaya tökülüb hər ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaralmışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-qaraca-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
Poems by other poets
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
KüləklərHər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər