Qaraca qız
Page 2 of 8 · 13%
– Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.
Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisini yerə salıb rahat etdilər.
Axşama çağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi:
– Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla gətirəcəkdir.
Qaraçılar Yusifi sakit edib dedilər:
– Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durun bayıra çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona qulluq edər.
Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə qaldı.
Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.
Yazıq Yasəmən qızdırmanın tə’sirindən tora düşmüş quş kimi yerində çapalayırdı. Onun gözləri həmişə yumulu idi.
Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevkili şəlaləsi günəşin qırmızı şə’ləsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi yanaqları solub zanbaq rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə ona dedi:
– Hüsniyyə, Yusif haradadır?
– Bayırdadır, bacım, çağırımmı?
– Çağır, hamını çağır... ölürəm...
– Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa sənin üçün həkim tapıb gətirəcəyəm.
Bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər, Yasəmən dedi:
– Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq as... Əmələ gətirməyə söz ver...
Bir az dayanıb yenə təzədən başladı:
– Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq sən də mənə söz ver ki, bundan sonra Qaraca qızla məhriban rəftar edib, onu incitməyəcəksən...
Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:
– Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ gətirməyə söz verirəm.
Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi:
– Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan müğayat ol. Ah, gözlərimə qaranlıq çökür... Məni boğurlar... Yusif... Hüsniyyə... Qaraca qız... — deyə Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.
Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başladı. Hüsniyyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün səhər mənzildən çıxıb bir də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin üzünə baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər çəkir.
Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib olmuşdu: belə ki, əlinə düşən pulu içkiyə verib tez-tez mast olurdu.
Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.
Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı cavanlara çox xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular.
– Sağ ol, çox yaşa, Qaraca qız, — deyə cavanlar atlarını sürdülər.
Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:
– Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi, oraya içməyə gedir. Amma bununla belə bir söz demədi.
Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi:
– Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.
Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.
Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə qızı elə bərk vurdu ki, biçarə dik atıldı.
– De görüm, ayı hanı? Mürtəd qızı mürtəd.
Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.
– Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.
Yusif kola diqqətlə baxıb gördü ki, ayının bağladığı budaq qopub və özü də yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır.
– Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.
Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu kah Qaraca qızı söyüb qorxudurdu, kah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi.
– Eşidirsənmi; əmi, bu tərəfdən ayının bağırtısı gəlir.
– Heç zad eşitmirəm, yalan deyirsən.
– Bax, bax, yenə bağırır.
Bu dəfə Yusifin özü də eşitdi:
– Doğru deyirsən, bağıran ayıdır.
Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə ayının yeri yaxın göründü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciri ilə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb, Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrətmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxuşu isə asan dırmaşa bilir. Ayı axtarıb mağaranı taparaq içəriyə soxuldu. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı.
Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun qorxusu nahaq idi, çünki indi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də onun orada olmasına şad olardı.
İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vəhiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-hürə mağaranın ağzını aldılar ancaq cür’ət edib içəri girə bilmədilər. Bir azdan sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının nəriltisini eşidib, tüfənklərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin bir neçəsi cür’ətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan biri-ikisi yaralanmışdı. Bu halda ovçular bayırdan:
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-qaraca-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
Poems by other poets
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
KüləklərHər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər