Qaraca qız
Page 4 of 8 · 38%
Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.
Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın.
Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı.
Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi. Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi bir yeni şəxs ilə tanış olanda. Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə imtahan etdiyi üçün belə deyərdi:
– Dost-düşmənimi Qara köpəklə tanıyıram.
Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bə’zi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu geri qaytarmaq üçün Piri kişi özü gələrdi, yoxsa kimsəyə qulaq asmazdı.
Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı. Əlini yalamağa başladı. Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara köpəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:
– Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?
– Baba, burada ayı var.
– Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? — Sonra Qara köpəyə: — Çəkil, — deyib onu bayıra qovladı.
– Yat, qızım, hələ tezdir.
– Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.
– Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam ola.
Qaraca qız paltarını geyib dedi:
– Baba, əl-üzümü harada yuyum?
– Budur, daxmamızın yanından su axır, get orada yu.
Qaraca qız üzünü yumağa getdi. Piri kişi də sufrəni salıb pendir, çörək və yağ qoydu, sonra çaydandan iki fincan çay töküb sufrəyə qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi.
– Al, qızım, üzünü sil, otur çay içək.
Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub, sufrəyə oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular.
Çaydan sonra Piri kişi Qaraca qıza dedi:
– Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək.
Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir çəvərən verdi. Evdən bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb çəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb çəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna keçirdi. Qara köpək bu dəfə də başını əyib çəvərəni yerə saldı. Piri kişi dedi:
– Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, tə’limə yatmaz.
– Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.
Bunu deyib Qaraca qız Qara köpəyin qabağında çöməldi və onun gözlərinə baxarkən dedi:
– Qaraca köpəyim, ağıllı köpəyim, çəvərəni götür.
Qara köpək çəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:
– Afərin, Qaraca köpəyim! Baba, gördünmü?
– Görürəm, qızım və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta çəvərəni də aparır.
– Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq, baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa döymək ilə bir şey olmaz. Amma qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını döydü, o da onu parçaladı.
Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.
İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmkin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.
Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zəvq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun yetmiş yaşında olduğuna inanmırdı.
Onlar gəlib almalığa çatdılar. Qırmızı, ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı.
– Baba, nə gözəl almalardır.
– Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyə qadağan etmirəm, ancaq aç qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə yığım.
Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yerə tökməyə başladı. Ağzını da bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:
– Qızım, daha bəsdir, düş gedək, bir qədər armud, üzüm və hulu yığaq.
Qaraca qız düşdü. Almalardan çəvərəninə qoyub, yenə Qara köpəyin boynuna asdı. Armudluğa gedərkən birdən Qara köpək çəvərəni yerə atıb ildırım kimi götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik qaçır, Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb yüyürə-yüyürə Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa o, pişikdən əl çəkmədi. Qara köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə vura-vura qaqqıltı ilə gülməyə başladı.
– Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, — deyə Qara köpəyə yanıq verdi.
Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki, sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yazıq pişik hərçəndi hündürdə idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki, xallıca gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını çəvərənə doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit olmuşdu. Amma yenə də gözləri ağacda idi.
– Baba, bax, nə gözəl pişik balasıdır, bunu aparıb evimizdə saxlayacağam.
– Çox yaxşı, qızım, apar. İndi o armudları da dər, sonra düş.
Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü. Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın sə’yilə bilmərrə sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. Meyvələr hazır olduqda Piri baba dedi:
– İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi kömək et, sonra mən özüm apararam.
– Baba, məgər mən ağalığa gedə bilmərəm?
– Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun əmrindən çıxırıq.
Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağça xanım da müərrəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki, Ağça xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl kəpənək gəlib Ağça xanım oturduğu skamyanın üstünə qondu. Ağça xanım gizlinçə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu müərrəbbiyə görüb çox acığı tutdu və hirsli Ağça xanımın əlindən tutub evə apardı.
Qaraca qız bir müddət dayandı ki, görsün Ağça xanım yenə bağçaya çıxacaqmı. Bir azdan sonra müərrəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağça xanımı evə salıb dustaq etdi. Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağça xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də müərrəbbiyəyə düşmənçiliyi artdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-qaraca-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
Poems by other poets
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
KüləklərHər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər