Page 6 of 8 · 63%

– Hə, qızım, dustaqlıqdan qaçmısan. Çox da yaxşı etmisən. O dəli ananın sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək.

Ağça xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına atıldı. Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseyngulu ağa soruşdu:

– Qızım, nə üçün mat qalmısan? Söhbət elə gərək nə var, nə yox.

Ağça xanım soruşdu:

– Ata, sən çoxdanmı buradasan?

– Nahardan sonra gəldim, qızım.

– Sən gələndə qapı açıq idimi?

– Yox, mən özüm açdım.

– İçəridə kim vardı?

– İçəridə, bax, bu xallı pişik vardı, – bunu deyə-deyə Hüseyngulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. – Qızım, bundan ötrümü soruşdun?

Ağça xanım pişiyi alıb dedi:

– Yox, ata, bundan ötrü soruşmuram.

– Bəs kimdən ötrü soruşursan?

Ağça xanım cavab verməyib fikrə getdi.

– Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz.

Ağça xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona izin verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi:

– Ata, anama deməzsən ki, söyləyim.

– Demərəm, qızım, söylə.

Ağça xanım əhvalatı ona söyləyib soruşdu:

– Ata, bəs Qaraca qız buradan necə çıxmışdır.

– İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynayarsan və həm də onun buradan necə çıxmasını özündən soruşarsan.

– Bunu deyən Hüseyngulu ağa divanın üstündən qalxdı. Ağça xanım şadlığından bilmirdi ki, nə etsin.

Hüseyngulu ağa qızı ilə bağı gəzirkən gəlib Piri kişinin dəhməsinə çatdı. O vaxt Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, dəhməyə girirdi. Qaraca qız Hüseyngulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək gətirib yaşıl otların üstündə saldı. Hüseyngulu ağa oturdu və üzünü qızlara tutub dedi:

– Siz də gedin bağda oynayın.

Qaraca qız qavalını götürüb Ağça xanım ilə gəzməyə və oynamağa getdilər. Ağça xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağça xanım başına gələni Qaraca qıza nağıl etdi, o da Baba otağından necə çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba otağında görüşsünlər. Qaraca qız Ağça xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda hər ikisi köy otun üstündə oturub söhbət etməyə başladılar. Ağça xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra qayıtması yadına düşdükcə ürəyi sıxılırdı.

Bir azdan sonra Hüseyngulu ağa Piri kişi ilə gəlib, qızlar oturduğu yerə çıxdılar. Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdığda dedi:

– Bu pətəyin arıları çox vuraqandılar, qızlarım, bunlardan özünüzü gözləyin.

Bir başqa pətəyə çatdığda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:

– Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. – Sonra üzünü Qaraca qıza tərəf tutub dedi. – Qızım, qaçarağ get, evimizdən o gün sənə göstərdiyim ağ torbanı götür gəl.

Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda arılar bir kilas ağacının budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi Ağça xanıma dedi:

– Ağça xanım, hər yuvada birçə dişi arı olar, ona şah deyərlər. Bir yuvada iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da onun başına cəm olacaqlar.

Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi:

– Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz.

Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağça xanım Piri kişidən soruşdu:

– Baba, o arılar Qaraca qızı sancmazlarmı?

– Yox, xanım, arını incitməsən və onlardan qorxmasan, adamı sancmazlar.

Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:

– İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sındır, torbanın içində qalsın.

Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı aralığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.

– Ağça xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istəsə, gələrsən, kəsib verərəm.

Bundan Ağça xanım çox şad oldu. Hüseyngulu ağa dedi:

– Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.

Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı. Pəricahan xanım Ağça xanımı çox şad və yanaqları qızarmış görüb dedi:

– Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.

Ağça xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərinə və şirin yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağça xanımın arzu etdiyi bir şey vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq Baba otağında mümkün idi.

Ağça xanımın təbiəti çox həlim idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, müərrəbbiyəsinin əmrindən qəsdən çıxıb tez-tez özünü Baba otağına saldırırdı.

Ağça xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o qədər də müərrəbbiyəsinin əmrindən çıxıb, özünə tənbeh etdirməyi onu qəmkin edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseyngulu ağa rişxəndlə deyirdi:

– İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.

Bu kimi hallarda Hüseyngulu ağa qızına açıqlanıb Baba otağına göndərərdi və gizlin Qaraca qıza xəbər verərdi.

Piri kişi Qaraca qızın Ağça xanım ilə gizlin görüşüb dostluq etməsinə əsla razı deyildi. O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə qoymayan Hüseyngulu ağa bu yetim qızı arvadının acığına Ağça xanımın yanına buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldığda Pəricahan xanım Qaraca qızı qovacaq. Piri kişinin bir də narazılığı onda idi ki, Hüseyngulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında oynadırdı. Bunun üstündə Piri kişinin Hüseyngulu ağaya çox acığı tuturdu. Lakin qızı onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi. Belə ki, bir dəfə Hüseyngulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub çalan dəstəsi də vardı. Hüseyngulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız qaldıqda, Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.

Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca sevərdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstə çökərək əlinin birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.

Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən qurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca qız qəbul etmədi. Hətta Hüseyngulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsilmişdi ki, birdən Ağça xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağça xanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən mə’lum edirdi ki, bu Qaraca qızın şakirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı. Onlar dəstə ilə yüyürüb qapının ağzında tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla şad olmayıb acığından bilmirdi ki, nə etsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets