Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.

Qafar. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?

Şahsənəm. Bəli, mənəm.

Qafar. Burada nə qayırırsan?

Şahsənəm. Tratira gəlmişəm.

Qafar. Çoq qələt etmisən, səfeh qızı səfeh. Əl ayaqın qırılmamış qalq, qabağıma düş.

Şahsənəm. Öləsən də getməyəcəyəm. Bəs bir belə arvad burada nə qayırırlar.

Qafar. Canına dərd qayırırlar. Düş qabağıma.

Gülpəri. A Qafar, Şahsənəm doğru deyir, bəs bu qədər arvadların ərləri yoqdur. Yoqsa elə qeyrətli bir tək siz çıqmısınız.

Qafar. Allahü əkbər, bu papaqdır, yoqsa sizin başınızdakı yaylıq. (Papaqını yerə vurur.) Adə bura baq. Müsəlman arvadı teatr? Bəs bizim namusumuz, qeyrətimiz harada qaldı?

Mirzə Fərəc. Adə Qafar, Qafar buradayam.

Qafar. A kişi buraya gəl.

Mirzə Fərəc. Adə yerimiz burdadır. Sənin bilitin də məndədir.

Qafar. Adə bilit cəhənnəmə arvadlar burdadır.

Mirzə Fərəc. Adə hansı arvadlar?

Qafar. Şahsənəm ilə Gülpəri.

Mirzə Fərəc. Gülpəri də.

Qafar. Hə, hə, tez ol gəl.

Mirzə Fərəc (onlara tərəf gələrkən). Ey dad bidad Ərdəbil. Gülpəri nadürüst qızı, nadürüst, hərgah sabah açılar, səni paraxoda qoyub bir baş Ərdəbilə göndərməsəm mənim atam, babam yeddi qat əcdadımın ərvahinə lə’nət olsun. Qalq köpəyin qızı köpək.

Gülpəri. Ölsən də getməyəcəm. Bəs bir belə arvadların ərləri yoqdur. Yoqsa kişi təkcə siz çıqmısınız?

Mirzə Fərəc. Bəli, müsəlman ancaq bizik. Arvad nədir teatr nədir? (Arvadların əllərindən dutub dartırlar, sıradan qırağa çıqardırlar. Onlar da dartınıb əllərindən çıqırlar. Zalda qaçırlar. Qafar ilə Mirzə Fərəc onları qovurlar.)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets