Page 1 of 4

Sevimli şakirdim Əşrəf Babayeva ithaf

Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:

– Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: «İnsan olan vətəninin quludur!.. «Bu mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı.

Uşaqlar atalarından bunu eşitcək cəld dedilər:

– Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!..

– Yaxşı, övladlarım, söyləyərəm, çünki söyləməli bir hekayədir. – Hacı Səmədin arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd də çaydan bir neçə qurtum içib başladı: – Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir şəhərdə Hacı Qazım namında bir tacir sakin idi. Bu tacir İstanbul ilə güclü xalça alış-verişi edirdi. Hacı Qazımın çox övladı təvəllüd etmiş idisə də, cümləsi qırılıb, tək bircə on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl oğlan idi. Ancaq alış-veriş etməyi sevmirdi və bir də çox pul tələf edərdi. Atası ha istəyirdi ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdı. Atası çox tə’kid edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan öləndən sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün...

– Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:

– Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli, oxumuş ola, hərgah şəhərimizdə belə qız varsa bu saat nikahını oxut.

Bunu dedikdə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq bu cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı Qazım özü də bilirdi ki, bu söz oğlu tərəfindən bir bəhanədir, çünki Əlimərdanın özü elmsiz bir cavan idi. Üç-dörd il məktəbdə oxuyub, ancaq ana dilində bir az savad qazanmış idi. Hacı Qazım oğlunun bu barədə də sözünü kəsmək üçün oxumuş qız arayırdı. Həmin şəhərdə Hacı Qazım ilə həmsinn Cəmaləddin ismində bir mülkədar yaşayırdı. Cəmaləddin nəcib şəxslərin biri idi. Onun ata-babası öz zamanlarında böyük bir mülkə sahib olmuşdular, ancaq knyaz Cəmaləddinin vaxtında o böyük mülk tələf olub, bir cüz’i hissəsi qalmışdı ki, onun ilə də knyaz özünü və övrətini bir tövr ilə saxlayırdı. Knyazın övrəti Kamilə xanım anatollu Tofiq Paşanın qızı idi. Kamilə xanımın, ana tərəfindən Cəmaləddinə qohumluğu çatırdı.

Hacı Qazım ilə knyaz Cəmaləddin cavanlıqdan bir-birilə dost idilər. İndi isə dostluqları daha da möhkəmlənmişdi. Hacı Qazım oğlunun quya tərbiyəli qız tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi. O da Əlimərdan istədiyi qızı tapmağa söz vermişdi. Amma buna Hacı Qazımın ümidi yox idi, çünki uşaqdan böyüyə kimi şəhərlərinin hamı adamlarını tanıyırdı: oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən başqa Tofiq paşanın üç oğlu və iki qızı da var idi. Bu böyük külfəti ancaq öz təqaüdü ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi.

Kamilə xanım atasının qocalığını və qardaşlarının körpəliyini mülahizə edib Əlimərdana getməyini Nəcibəyə təklif etdi, o da bu təklifi qəbul etdi. Atasının razılığına Kamilənin şübhəsi yox idi. Məktub vasitəsilə yazıb, Nəcibənin izinini istədi.

Hacı Qazım bu işə artıq dərəcədə şad idi və oğlunun da belə nəcib şəxslər ilə qohum olmağa razı olmasına şübhəsi yox idi. Bu səfər Hacının zənni düz oldu: Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq məktubu gəldi. Hacı Qazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi.

Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsincə də elm və tərbiyə almışdı.

Namı qoyulmuş «Nəcibə»liyi, hər bir əsərindən aşkar olurdu. Əlimərdan Nəcibəni ürəkdən sevib onun tə’sir göstərməsi ilə bir az müddətdə cəmi fəna əməllərini bilmərrə tərk etdi. Bu iki cavanın bir-biri ilə olan gözəl rəftarı və dolanacaqları şəhər cavanları üçün dərs olmuşdu.

Tarix hicrinin 1303-də, baharın əvvəlində, Nəcibədən hekayəmizin qəhrəmanı Əşrəf təvəllüd etdi.

Əşrəfin dünyaya gəlməsi babası Hacı Qazımın qəflətən vəfat etməsinə səbəb oldu. Belə ki, Hacı Qazımın Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi Əlimərdana lələlik etməyinə görə hamı ona lələ namı verib çağırardı. Həsən lələ Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə almayıb, yenə də lələlik vəzifəsindən əl götürməyirdi. Hacı Qazım Həsən lələyə demişdi ki, hərgah Əlimərdanın oğlu olsa, ona da lələ olacaqsan. Bu da Həsən lələni nəhayət dərəcədə şad etmişdi. O idi ki, həsən lələ hamıdan tez Nəcibə xanımın oğlan doğmasını bilib Hacı Qazıma müjdə verməyə qaçdı. O zaman Hacı Qazım bazardan evə gəlirdi. Qapıya çatdıqda Həsən lələ tənknəfəs bu xəbəri ona verdi. Hacı Qazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi nəvəsini görmədi. Bu ittifaq cümləni, ələlxüsus Həsən lələni mə’yus edib, şadlıqdan qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi:

– Hərgah, mən bu şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi.

Atasının vəfatından sonra Əlimərdan ticarət işini baş xadimi Əzimə tapşırıb, özü gününün çoxunu evdə keçirməyə başladı.

Əşrəf böyüyüb, yaşı altıya yaxınlaşdı. Bu çox gözəl, sağlam və sevimli bir uşaq idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl vurmazdı, söyüş kimi fəna xasiyyətlər əsla onda yox idi. Dili qayət şirin idi. Sağ yanağında böyük bir xalı var idi; gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona xeyli məlahət verirdi. Ata-anası Əşrəfi çox istəyirdi. Hər gün ona çür-bəçür libas geyindirib gəzdirirdilər. Atası onun üçün balaca ikitəkərli fayton və bir eşşək almışdı. Həsən lələ eşşəyi faytona qoşub, gündə Əşrəfi şəhərdə gəzdirərdi. Şəhər əhlinin əksəri onu tanıyıb əzizlərdi. Əlimərdan tanışlarına gülə-gülə deyərdi:

– Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam; onlar harada məni görsələr, «Odur Əşrəfin atası gedir» deyib, bir-birlərinə göstərirlər.

Həsən lələyə gəldikdə xalqın Əşrəfə böylə diqqətlə baxıb nəzər yetirdiyinə və tə’rif edib, «Nə gözəl uşaqdır!» dediklərinə çox açığı tutardı.

– Axırda birininin uşağa gözü dəyəcəkdir, deyib Nəcibə xanıma şikayət edərdi. O da gülüb deyərdi:

– Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi fəna xasiyyətli uşaqların yoldaşlığından, tərk ədəb əsərlərindən mühafizə et.

– Yox, xanım, siz bəd gözün tə’sirinə inanın. Mən çox ittifaqlar bilirəm, – deyə Həsən lələ cavab verərdi.

Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını nəzərə alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun boynunda parçaya tikilmiş bir heykəl görüb dedi:

– Oğlum, bunu kim sənin boynundan asmışdır?

Əşrəf dodaqlarında təbəssüm, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli nəzakətlə dedi:

– Heç kəsə deməsən ki?

– Yox, oğlum, heç kəsə demərəm, de!

– Bunu Həsən lələ asmışdır, demişdir ki, heç kəsə demə, bunu assan sənə göz dəyməz.

Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir idisə də, bir tərəfdən lələnin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun «belə olmasa ona göz dəyər!» dediyi ilə istirabda olduğunu nəzərdə tutub, duanı oğlunun boynundan çıxartmadı.

Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevmirdi. Onun cavan təbiəti həmişə hərəkətdə olmaq istəyirdi. Uşaqlıqda dənizi çox sevib, gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini irəli aparmaq üçün tez-tez İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini daha da artırardı. İndi işi belə görəndə, əsla sevmədiyi xalça alış-verişindən bilmərrə əl çəkib, arzusunu çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanın bütün malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox şad idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda vaxt keçirmək Nəcibə xanıma tə’sir edib, onu gündən-günə arıqladırdı. Nə qədər ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd edirdi və deyirdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*

13 min
İkinci pərdə

Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.

11 min
Üçüncü pərdə

Səhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.

17 min
Dördüncü pərdə

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.

5 min

Poems by other poets