Page 3 of 4 · 50%

– Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz gedib stansiya nazirinə mə’lum edin ki, bu barədə o biri stansiya telegram vursun. Qoy uşaq da bizim yanımızda qalsın. Buyur, bu da mənim «Kart vizitim»dir!

Jandarm «Kart viziti» alıb oxudu: – «Nikolay İvanoviç Barsov Samara edadi məktəbinin ümumi təbiyyət müəllimi». Jandarm buna razı olub getdi. Adamlar da dağılışdılar.

İki rəhmdil qocanın sə’yi ilə Əşrəf ağlamağını kəsib könlü açıldı. Nikolay İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını göstərib dedi: «Sofiya», sonra özünü göstərib dedi: «Nikolay». Əşrəf onun fikrini anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: «Əşrəf». Ər və arvad Əşrəfin böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə əhvalatı deməsinə görə o da telegraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki, ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu stansiyadan kömək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt uşağın ata-anası çıxsa, öz xarçi ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna razı olub, iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb, özü ilə Samaraya apardı.

Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə övrət, oylə zəif düşmüş idi ki, üzvlərini də tərpətməyə qüdrəti yox idi: iki gün idi ki, bihuşluğu davam edirdi. Nəcibə xanımın özünə gəlməyinə Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun qapısı açıldı. Nəcibə xanımın gözləri silahlı əskərə sataşdı. Əlimərdan durub qapını örtdü. Nəcibə zəif səslə dedi:

– Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış..

Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını yuxu bildiyini görüb

– Əzizim, azarlı olmağına görə həkim bir müddət danışmayıb, rahat olmağını əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç!

Əlimərdan Nəcibə xanıma bir qədər südlə bulka yedirtdi. Bir azdan sonra Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanında qəmgin və mə’yus əyləşib fikrə getdi. «Bir müddətdən sonra Nəcibə yaxşı özünə gələrsə və Əşrəfim hanı deyib sorrarsa, nə cavab verəcəyəm, xudaya?».

O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da axırda Nikolay İvanoviçin sə’yi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən gəmiləri görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi:

– Bax, bizim də böylə gəmimiz var idi. Mənim özümün «lodka»mda var idi. Həsən lələmlə minib gəzirdik.

Sofiya Aleksandrovna «lodka» sözündən başqa bu danışıqdan heç bir şey anlaya bilmədi. Əşrəfi qucağına alıb dedi:

– Gözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka alacağam. Çarhovuzumuzda oynadacaqsan. Ondan başqa çoxlu oyun şeyləri də alacağam. – Əşrəf də bu danışıqdan ancaq «lodka» sözünü başa düşdü.

Barsov aldığı ev, Volqa çayının kənarında tikilmişdi. Bu evin eyvanından çox gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi çürbəçür gəmilər Volqa çayının üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.

Bir tərəfdən yolun əziyyətindən, bir tərəfdən də lazımınca müqəyyəd olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə, o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi. Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. Əlimərdan Həsən lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilmirdi; bir şey lazım olanda məəttəl qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökumət tərəfindən tə’yin olunan Sibirdə Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad olundular. Həsən lələ ilə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı hökumət, mütərcim vasitəsilə, Əlimərdana təklif etdi; ancaq bunu Əlimərdan qəbul etmədi və mütərcim müsəlmandan təvəqqə etdi ki, onun ilə bərabər şəhərdə mənzil axtarsınlar; o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi ki, polisdə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə verməklə arvadı Gülsüm ilə bərabər mənişət edirdi.

Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə xanıma ürəkdən qulluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı kimi sevirdi. Əlimərdan şəhərə bələd olduqda, orada qafqazlılardan tapıb onlar ilə tanış oldu. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmədilər. Bunlardan bə’zilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib, daha öz yerlərinə qayıtmaq istəmirdilər.

Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı; bacanın qurultusu Nəcibə xanımın qəmini daha da artırırdı.

Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl mənzərələrində idi.

Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün qurultu və şaqqıltısına tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu:

– Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi?

Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş tökülürdü. Əlimərdan arvadına dedi:

– Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni mə’yus etdin? Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.

– Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum. Yuxumda gördüm ki, Əşrəf mənə deyir: «Ana, qara çuxamı çıxart, ağ çuxamı geydir».

Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi; lakin özünü saxlayıb, yenə başını aşağı saldı.

Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə dağılmasını və Əşrəfin meyitinin tapılmasını, ona söyləmişdi. Həsən lələ bir tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü xəbəri ilə sakit olmasına nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı.

Nikolay İvanoviç və ələlxüsus Sofiya Aleksandrovnanın sə’yi ilə Əşrəf yavaş-yavaş rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə soyuqlaşır, Volqa nəhri donmağa başlayırdı. Cənub havasından pərvəriş tapmış Əşrəfə bu soyuq çox tə’sir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib, hər gün gəzməyə aparırdı. Əşrəf gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya Aleksandrovnadan təvəqqe edirdi ki, ona da oylə kirşə alsın. Sofiya Aleksandrovna onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tə’tili münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi gəzməli yerlərə aparırdı. Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qazetdə oxuyub, arvadına dedi:

– Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə Əşrəfi aparaq, kefi açılsın?

– Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq olar.

Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasının yadına saldı; ona görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub həzin-həzin ağlamağa başladı. Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: «Nə üçün ağlayırsan, əzizim? Dayan, bu saat başlayacaqlar; görəcəksən nə qəribə şeylər göstərəcəklər!.. Bu halda oyun başlandı. Yalançı pəhləvan məzhəkəni başlayıb çürbəçür oyunlar çıxarmağa şuru etdikcə, Əşrəf qəmini yaddan çıxarıb, qaqqıltı ilə külürdü. Əşrəfin kefinin açılması qocaları şad etdi. Oyun qurtardı. Bunlar evlərinə qayıtdılar. Əşrəf evlərində sirkdə gördükləri oyunları çox məharətlə təqlid edirdi. On beş gün qış tə’tilini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay İvanoviç və Sofiya Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tə’tili qurtardı. Nikolay İvanoviç birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda Sofiya Aleksandrovna onun qəmli olduğunu görüb bunun səbəbini soruşdu. Nikolay İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu kağızda da onun Samara edadi məktəbindən Qazan məktəbinə tə’yin olunması yazılmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*

13 min
İkinci pərdə

Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.

11 min
Üçüncü pərdə

Səhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.

17 min
Dördüncü pərdə

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.

5 min

Poems by other poets