İkinci pərdə
Page 1 of 2
Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.
İmran. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Gülzar. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki, xərc çıxmasın, daha ondan nə ummaq olar?
İmran. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.
Gülzar. Necə, atam sənə nə deyib?
İmran. Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı, oğlumsan və qızım da səninindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların hamısını satıb pul elədi və sandıqları doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.
Gülzar. Yə’ni bu sözləri özü dedi?
İmran. Xeyr, sən azarlı olan vaxtı bazarda Hacı Qəhrəmanın dükanında oturubmuş. Hacı Qəhrəman məni tə’rif edirmiş: deyirmiş ki, Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. O vaxtı, o da həmin cavabı vermişdi. Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm.
Gülzar. Xudaya, ata-anaya ehtiram edib, sevməyi övlada vacib etmisən. Mən belə atanı necə sevim?
İmran. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.
Gülzar. İmran, səhv edirsən. Belə iş ola bilməz. Cəmi şəhər bilir ki, mən sənə ad olunmuşam, heç kəs cür’ət edib bu qapıya gələ bilməz.
İmran. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni bir dövlətli adama verə ki, ondan nəf’bərdar ola.
Gülzar. İmran, buna heç inana bilmirəm. Yə’ni atamın fikri odur ki, mənlə alış-veriş edib, qazanc eləsin?
İmran. İnanmamağa haqqın var, çünki sən atanla az olmusan. Onu yaxşı tanıya bilməzsən.
Gülzar. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi gəlib, bir-birimizdən ayırmaz.
İmran. Gülzar, özün bilirsən ki, məni burada saxlayan məhz sənə olan məhəbbətimizdir. Amma bunu atana qandırmaq mümkündürmü? Onun mə’şuqəsi puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kə’bəsi müçrüdür ki, gündə yeddi dəfə başına dolansın. Gülzar, çox çəkməz ki, atan səni bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza bilməz. O vaxtı mənim ilə getməyə razısanmı?
Gülzar. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur.
Nabat daxil olur.
Nabat. Xanım, Dürrə xanım gəlib səni görmək istəyir.
Gülzar və Nabat çıxırlar.
İmran (yalqız). Zavallı qız, çox böyük müsibətdir ki, atan ola, özün yetim sayılasan. Dövlətin ola, qasıb kimi hər şeyə möhtac olasan.
Hacı Murad əlində əsa daxil olur.
Hacı Murad. Əhvalın necədir, İmran ağa? Nə qəm dəryasına batmısan?
İmran. Səndən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. Mən ağa olsaydım, sənin üçün nökər, dalandar olmazdım.
Hacı Murad. Acığın niyə tutur, adam özü üçün pul qazanmağa çoban da olar, arabaçı da olar, hətta hambal da olar. Görmürsənmi mən qoca kişi necə çalışıram? İndi bu saat bazardan gəlirəm. Aç-susuz, altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib, borc yığıram. Bunların hamısı sənin işindir. Lakin sən əlini ağdan qaraya vurmaq istəmirsən. Deyirsən, qoy Hacı Murad zəhmət çəkib qazansın, axırda mənimdir. Əlbəttə sənindir. Mənim daha kimim var. Amma yenə də lazımdır ki, özün də çalışıb, qara gün üçün pul qazanasan.
İmran (kənara). Görəsən yenə nə kələyi var. Xeyr, hiyləsinə aldanmam. (Hacı Murada.) Xeyr, məni əfv edəsiniz. İndiyə kimi çalışdığım bəsdir.
Hacı Murad. Oğlum, ağlını başına cəm elə, yenə irəliki kimi işə-küçə get. Yoxsa səni danlayıb nəsihət etdiyimdən inciyirsən. Mən sənin xeyrindən ötrü çalışıram. İstəyirəm ki, ağıllı, kamallı adam olasan ki, mən də öləndə bu dünyadan arxayın gedim.
İmran (kənara). Ay ilan, dilin baldır, dişin zəhər. (Hacı Murada.) Təəccüb edirəm ki, bazarlarda mənə nökər adı verib, dükanlarda danışırsan. Amma evdə olduqda oğlumsan, malım, canım hamısı sənindir deyirsən.
Hacı Murad. Nökərimsən? Əstəğfürulla, belə söz mənim ağzımdan çıxmamış. İnanma, oğlum, bunlar düşmən böhtanıdır. Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb ondan nəf’bərdar olsunlar.
Bu halda Məhərrəm bəy daxil olur.
İmran (kənara). Zalım oğlu nə pis yerdə gəldi.
Məhərrəm bəy. Salaməleykum, Hacı. Kefin necədir? İmran oğlan, xoş gördük.
Hacı Murad. Salaməleykum, Məhərrəm bəy, buyur, buyur, nə əcəb biz tərəflərə də qədəmi-şərifinizi basdınız. Qədim dostunuzu yada saldınız?
Məhərrəm bəy. Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib, evimi dağıdır. Hanı keçən vaxtlar, hanı qədim adamlar? E’tibar, hörmət, izzət, insaniyyət, hamısı onlarnan getdi.
İmran (kənara). Yaxşı tapışmışlar. Xəsislikdə bir-birlərindən qalmazlar.
Hacı Murad. Bəli, bəli, çox yaxşı buyurursan. Zəmanəmiz çox pis zəmanədir. Qocalar ömür çürüdür, pul qazanırlar, cavanlar isə əllərini bellərinə qoyub ver yeyim, ört yatım deyirlər.
Məhərrəm bəy. Ay Hacı, sənin nə dərdin var? İmran kimi işləyən, canyandıran köməkçin var. Dərd mənim dərdimdir ki, heç kəsim yoxdur. Özüm də gün-gündən geri gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm.
Hacı Murad. Doğru buyurursan. İmran çox canyandıran oğlandır. Ancaq bu axır vaxtlarda əlini ağdan-qaraya vurmaq istəmir. İndi sən gələndə onun üstə danışıq edirdik. İmranın atası rəhmətlik Şeyx Əli çox yaxşı, rəhmli adam idi. Ölən zaman Təbrizdə çox pulları batdı. Elə bir şey gəlmədi. Çox adama pulu kağızsız vermişdi. Kağızı olanlar da fağır adı ilə yedilər getdi. Tacirbaşı Hacı Əlinin o zaman bir pirkeşiyi vardı. Məmməd Sadıq adlı, Şeyx Əli vəfat edəndə iki min manatı o şəxsdə qalmışdı; pulu olmadı ki, versin. Ondan bəri, o pul onda qalıbdır. Öldü-qaldısından da xəbərim yoxdur. İndi istəyirəm İmranı onun dalınca İrana göndərəm, həm özü üçün səyahət etsin, həm də o pulları alıb gətirsin.
İmran (kənara). Hə, indi bildim ki, mənə etdiyi bu qılıqlar nə üçün imiş. Məni Gülzardan ayırmaq fikrindədir.
Məhərrəm bəy. Çox yaxşı fikirdir. (Kənara.) Deyəsən işim əvvəldən yaxşı gətirir. (Hacı Murada.) İndi, ay Hacı, evdə sandığı açıb köhnə kağızlara baxırdım. Atamın siyahi dəftəri əlimə düşdü. Baxıb gördüm ki, cümlə borcların üstünə öz xətti ilə qələm çəkilmişdir. Ancaq mərhum atanıza yüz manat borcu var imiş. Onun üstə qələm çəkilməmişdir. Dərhal durub gəldim ki, o borcu sizə verib atamın boynundan saqit edəm. Buyurunuz.
Hacı Murad alıb sayır.
İmran (kənara). Burada bir sirr var. Onsuz deyil, yoxsa xəsislikdə bu ondan qalmaz.
Hacı Murad. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?
Məhərrəm bəy. Ay Hacı, indiki adamlarda halal, haram nədir? Borc vermək nədir?
Hacı Murad. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm, səhərdən o dükanın, bu dükanın qabağını kəsdirib, müamiləsiz-zadsız verdiyim borcları ala bilmirəm. (İmrana.) İmran, qadan alım, zəhmət çək Quluya de, çay gətirsin.
İmran çıxır.
Məhərrəm bəy. İndi de görüm, qardaş, sən nə təvr gün keçirirsən?
Hacı Murad. Heç soruşma, mənim günüm it günü. Adamın bişirib-düşürəni gərəkdir, qulluq edəni gərəkdir, yoxsa nökər-qulluqçudan nə rahatlıq olacaqdır?
Məhərrəm bəy. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün rahatlıq ilə keçsin.
Hacı Murad. Ay sağ olmuş, mənim ömrüm keçmişdir, qocalıqda nə yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha şükür, nəyin əskikdir? Altı-yeddi mədaxil gətirən mülkün var, bənklərdə də pulun. Özün də bəyzadə. Bir gözəl, göyçək qız al, gətir evinə qoy, gecə-gündüz başına dolansın.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-tamahkar-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə bir karvansara qapısını göstərir. Qapının sağ tərəfində Mirzə Fərəc əlləri qoynunda qəmkin oturub, məktub yazdıran gözləyir. Onun qabağında bir balaca masa, üstə kağız qələmdən və bir balaca qasa içində məktub qurulamaq üçün qum. Digər tərəfdə Pinəçi Qafar çust yamayır.*Pinəçi Qafar** (*oxuyur*).
İkinci şəkilSəhnə Quba meydanının bir guşəsini göstərir. Vəli bəy qovrulmuş şabalıd, Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar.*Ağa Saleh**. Halvası, halvası! Silatki halvası! Nastayaşni malmalat!
Üçüncü şəkilSəhnə bir küçə göstərir. Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub, küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.*Molla Nəsrəddin**. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım var.
Dördüncü şəkilSəhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.*Qafar**. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm