Page 2 of 2 · 50%

Məhərrəm bəy. Hacı, doğru buyurursan. Özümün də xahişimdən keçir, ancaq hanı elə qız?

Hacı Murad. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə neçə qız alıram?

Məhərrəm bəy. Mən hazıram və səni də o işdə vəkil edirəm, ancaq bəyzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur.

Hacı Murad. Yaxşı, bəylərə qələm çəkdik. Qaldı sövdəkər sinfi. Onlar da necə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?

Məhərrəm bəy. Sövdəkər qismindən hamıdan artıq həqiqi dostum sənsən. Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı. O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm, nə təvr istəyirsən elə et.

Hacı Murad. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, daxi nə üçün özkə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı.

Məhərrəm bəy. Hacı, hərkah öz qızınızı buyurursunuzsa, mən onu İmrana nişanlı bilirəm.

Hacı Murad. A pir olmuş, aslan meydanına tülkü çıxa bilərmi? Tərlan yerini sar tuta bilərmi? Bir də öz qapımdakı gədəyə qız vermək mənə eyib gətirər.

Məhərrəm bəy (kənara). Kəməndimə yaxşı düşdü, bu gün-sabah təşrif aparar, pulları da mənə qalar. (Hacı Murada.) Ancaq, Hacı bir iş var, bəlkə qız mənə gəlmək istəmədi?

Hacı Murad. Nə danışırsan, a kişi? Atanın xahişi olanda qızın nə ixtiyarı var razı olmaya. (Kənara.) Yaxşı düşdü toruma, bu gün-sabah təşrif aparar, pulları mənə qalar.

Məhərrəm bəy. Hacı əmi, indi işi qət olunmuş hesab edək?

Hacı Murad. Bəli, bəli. Ancaq özünüz bilirsiniz ki, mənim heç zadım yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma.

Məhərrəm bəy. Əlbəttə, hər bir xərci öhdəmə götürürəm və sonra da mənim evimin və geyri şeyimin ixtiyarı sənnən olacaqdır.

Hacı Murad. Çox gözəl, çox yaxşı. Allah bu qohumluğu qayım-qədim etsin. (Qulu padnosda üç stəkan çay gətirir, verəndə birini salıb sındırır.) Ay ayı oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq.

Qulu. Ağa, elə bildim ki, İmran ağa da buradadır.

Hacı Murad. Çox qələt etdin. Adam gəlib əvvəl qonağın hesabını bilər, sonra da ona görə çay gətirər.

Qulu. Vaş üstə, ağa, bundan sonra buraya qonaq gəlsə, çayı qonağın sayına görə gətirərəm.

Hacı Murad. Bəs niyə qənd gətirməmisən?

Qulu. Ağa, qənd salmışam.

Hacı Murad. Yenə də qələt etmisən. Bəlkə biri çayı şirin içməyəcəkdir. Dişləmə içəcəkdir.

Qulu. Ağa, dedim yanında qonaq var, bəlkə salma içəcəksiniz.

Hacı Murad. Zalım oğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get.

Qulu (gedərkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.

Hacı Murad. Görürsən bu zalım uşaqları mənim başıma nə iş gətirir?

Məhərrəm bəy. Bəli, yaxşı nökər adamın canını rahat edər, amma pisi ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür, nökər tutmuşam, bir düzgün, yaxşı qulluq yetirən fağırın biridir. Göndərim gəlsin, pulsuz-zadsız sizə qulluq etsin.

Hacı Murad. Çox sağ olun. Mərhəmətin artıq olsun. Göndər gəlsin, ta Qulunun murdar üzünü görməyim. Məhərrəm bəy, buyur çay iç, ağzını şirin et. Çay özü də şirni kimi bir şeydir. A kişi, deyirlər ki, çayın əsli yerində ki, ibarət olsun Çindən, çayı qəndsiz içirlər. Amma bizim adamlar müəllimlərindən ağıllı çıxmışlar. Qəndi istəkana doldurub, doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yə’ni əslində bir şey deyil. Artıq xərcdir də...

Məhərrəm bəy. Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir. Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi.

Hacı Murad. Yox, onlar da dədə-babadan qalma adətlərdir. Tərk etmək lazım deyil. Ancaq bu kürsü, çənkəl-bıçaq və qeyri izafə şeylər ki, yeniler adət etmişlər, qızın cehizində verilsin, bax bu bir şey deyil. Allah əl veribdir yeməyə, diz veribdir əyləşməyə.

Məhərrəm bəy (kənara). Bəli, işarəsini anladım. (Hacı Murada.) Hacı, indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.

Hacı Murad. Çox əcəb, get mən də vaxtında sənə mə’lum edərəm.

Məhərrəm bəy (qalxır). Hacı, xudahafiz.

Hacı Murad. Xudahafiz. Get, Allah amanında olasan. (Məhərrəm bəy çıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, Məhərrəm bəy özü gəlib qızıma elçi düşdü, amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, quya heç bir zaddan xəbəri yoxdur. İndi qaldı İmranın bir çür başını əkib İrana göndərmək. (Çağırır.) Qulu! Qulu!

Qulu (daxil olur). Nə buyurursan, ağa can?

Hacı Murad. Canına dərd buyururam. Məni Məhərrəm bəyin yanında biyabır etdin.

Qulu. Ağa, mən nə elədim?

Hacı Murad. Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də qabiliyyətin yoxdur.

Qulu. Ağa, adam gərək doğru danışsın, sən soruşursan, mən də düzünü deyirəm. O ki qaldı çayın tökülməyi, onda da təqsirim yoxdur, çünki padnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. İçində istəkan da durmur.

Hacı Murad. Səsini kəs, ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən. Daha məni təngə gətirmisən. Sənə söz kar eləmir. (Ağacı götürür.) Ayını, bax, bunnan öyrədərlər.

Döyür, Qulu da qışqırır.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci şəkil

Səhnə bir karvansara qapısını göstərir. Qapının sağ tərəfində Mirzə Fərəc əlləri qoynunda qəmkin oturub, məktub yazdıran gözləyir. Onun qabağında bir balaca masa, üstə kağız qələmdən və bir balaca qasa içində məktub qurulamaq üçün qum. Digər tərəfdə Pinəçi Qafar çust yamayır.*Pinəçi Qafar** (*oxuyur*).

6 min
İkinci şəkil

Səhnə Quba meydanının bir guşəsini göstərir. Vəli bəy qovrulmuş şabalıd, Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar.*Ağa Saleh**. Halvası, halvası! Silatki halvası! Nastayaşni malmalat!

4 min
Üçüncü şəkil

Səhnə bir küçə göstərir. Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub, küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.*Molla Nəsrəddin**. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım var.

4 min
Dördüncü şəkil

Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.*Qafar**. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?

7 min

Poems by other poets