Bir pərdəli piyes

1921

İştirak edənlər

Oğuz – Qoca bir türk.

Uluğ – Onun oğlu.

Əbdüssəlam – Qoca bir ərəb.

Qasım – Onun oğlu.

Zeynəb – Onun qızı: Uluğun namizdi.

Cəmşid – Qoca bir fars.

Qubad – Onun oğlu.

Firəngiz – Onun qızı.

Bahadir – Qoca bir hindli.

Əkbər – Onun oğlu.

Li-xun-canğ – Qoca bir cinli.

Xun-xuz – Onun oğlu.

Marzavan – Əcinnə zandarması.

Curcan – Əcinnə komandanı, Daxnaşın pəhləvanı.

İki mə’mur.

Bir taqım əcinnə qoşunu.

Birinci pərdə

Səhnə qaranlıq bir mağara içini göstərir. Pərdə qalqdıqda cavanlar ayaq üstə və qocalar oturmuş görünür.

Əbdüssəlam. Ey Oğuz oğlu Uluğ, bizi buraya toplamaqdan məramın nədir? Bilmək istərik.

Cəmşid. Ey Oğuz oğlu, qəlyanımın vaqtıdır, deyəcəyini tez söylə, dözə bilmirəm.

Li-xun-canğ. Ey Oğuz oğlu, tiryakim qaldı. Mətləbini əcələ söylə.

Uluğ. Ey əhli zülmət! Bu qaranlıq dünyada əsrlərcə yatdığın yetər, bu qədər sərxoş olub alçaqlara qul olduğun yetər, həşərat kibi ayaqlar altında süründüyünüz yetər. Qəflət yuxusundan ayıl. Acizliyi, zəifliyi buraq. Kim olduğunu düşün. Səni işıqdan məhrum edib bu qaranlığa salan divləri, cinləri yıq, əz, qır, özünü onların zülmündən xılas et. Bu zülmət aləmindən işıqlı dünyaya çıq!..

Bahadir. Ey Oğuz oğlu, nə söyləyirsən? Məyər bu zülmət aləmindən başqa bir qeyri dünya da var?

Uluğ. Bəli, var. Onun adı işıqlı dünyadır. Onu yüksək intihasız fəzadan günəş işıqlandırır. Işıqlı dünyanın gözəlliyi vəsfə gəlməz. Yaşıl mənzərəli dağlar, üzərindən şaqıltı ilə aqıb mühitlərə tökülən nəhrlər, qayalardan fəvvarələnib uçan şəlalələr, çiçəklərlə bəzənmiş çəmənlər, seyrangahlar, gülşənlər, onlarda ötüşən quşlar, uçuşan rəng-bə-rəng pərvanələr, müxtəlif heyvanlar işıqlı dünyanı ziyanətləndirir...

Əbdüssəlam. Ey Oğuz oğlu, toqda, əcəba əfsanəyi söyləmək üçünmü bizi buraya toplamısan.

Li-xun-canğ. Ey Oğuz oğlu, elə nağılları bu çocuqlara söylə, biz qocaları belə xürafat ilə aldada bilməzsən.

Cəmşid. Ey sükuta getmiş Oğuz! Oğlun dəli olmuş, başına çarə qıl.

Əbdüssəlam. Oğuz, bu gündən əhdimiz pozulur. Mən qızımı Zeynəbi belə sərsəriyə verməm.

Oğuz. Ey Əbdüssəlam, əhdini tez pozursan. Uluğ sərsəm olmuşdur,— bu doğru, fəqət onu əqlə gətirmək asandır.

Uluğ. Ey mənə cünun nami verən əhli-zülmət! Mən söylədiyim əfsanə deyil, həqiqətdir. Mən o işıqlı dünyanı bütün vücudumla hiss edirəm, görürəm, eşidirəm. Sizlər isə—paslanmış, qabarlanmış əqlinizlə qüvvətdən düşmüş, zəyifləşmiş hissinizlə onu dərk edə bilməyirsiniz.

(Səhnə dalından kamança səsi gəlir.)

Ah!.. Yenə qulağıma o dünyanın musiqi sədası gəlir... Dinləyin, dinləyin... Eşidirmisiniz?

Qocalar. Eşitmirik.

Uluğ. Eşitməyirsiniz, çünki karsınız...

(Yuqarıdan aq işıq görünür.)

Baq... baq... o səmadəki nuri görürmüsünüz?

Qocalar. Görmürük.

Uluğ. Görmürsünüz; çünki korsunuz. Ey əhli-zülmət! Mən Oğuz oğluna inanınız. Bu divlər tərəfindən hörülmüş səddləri yıqıb, bu qayaları dəlib deşərəm, sizi bu zülmətdən işıqlığa çıqardaram. Hər kəs mənə inanırsa bu qırmızı inqilab bayrağı altına gəlsin. (Qırmızı bayrağı qaldırır.)

Zeynəb. Sənə inanıb bayrağın altına gəlirəm. (Gəlib bayrağın altında durur.)

Firəngiz və Qubad. Biz də sənə inanırıq. (Onun tərəfinə keçirlər.)

Cavanlar. Sənə inanıb bayrağın altına gəlirik. (Uluğ tərəfə keçirlər.)

Qocalar. Ey divanələr nə edirsiniz?

Oğuz. Məyər Daxnaş divin əcinnə qoşununu unutmuşsunuz?

Uluğ. Xayır, unutmamışıq. Onlarla qovğa etməyə hazırıq. İndiyə kibi bizə mane olduğunuz yetər. Çəkiliniz, daha bəsdir. Səbr kasamız dolub daşmış. Ya hamımız bu yolda öləcəyik, ya da divlərə qalib gəlib işıqlı dünyaya çıqaçayıq. (Marzavan iki nəfər mə’mur ilə daxil olur.)

Marzavan. A! Gizli yığıncaq! Qırmızı bayraq! Oğuz, bu nə işdir? Söylə.

Oğuz. Cənab Marzavan, bu gün bizim bayramımızdır. Cavanlar bir qədər şadlıq etmək istəyirlər.

Cəmşid. Cənab Marzavan bu gün bahar günüdür. Qədim zamandan bəri bu gündə baharı yad edərək, qırmızı libas geyib bayram etmək rəsmdir. Bu qırmızı bayrağa başqa mə’na verməyiniz.

Uluğ. Cəmşid baba doğru deyir. Bu gün bizim üçün tarixi bir gündür. Bu gün biz bu inqilab bayrağını qaldırıb siz zalimlərdən xilas olmaq istəyirik. Baxtıyar, azadə insanlar sırasına girmək istəyirik.

Cavanlar. Bəli, istəyirik!

Marzavan. A!.. İsyan! İnqilab! Bunu alın. (Uluğu göstərir.)

Qasım və Qubad (qılınclarını sıyırıb). Qoymarıq!

Əkbər (qılıncını çəkib). Hər kəs Uluğa əl qaldırarsa, başının boynundan ayıraram.

Xun-xuz. Görünür Xun-xuzun əğri moğol qılıncının gücünü bilmək istəyirsiniz.

Bahadir. Cənab Marzavan, bu əqlsiz cavanların sözlərinə fikir verməyiniz, əfv ediniz. Biz vəlinə’mətimiz olan ali həzrət Daxnaşın ən sadiq, xalis, əməkdar bəndələriyik. Onun mərhəmətləri sayəsində səadətlə yaşayırıq. Ona ita’ət etmək bizim üçün vacib bir əmrdir.

Li-xun-canğ. Tanrı ədalət, səxavət sahibi olan Daxnaş həzrətlərinə ömri-tulani baxş etsin. Bizlərə öz evladı kibi nəzər yetirir. Tiryakimizi bol-bol verir.

Uluğ. Ey azadlığının, izzi-namusunu, istiqbalını tiryəkə, şərabə, qızıla satan qocalar! Daha yetər. Çəkiliniz, yoqsa sizi də bu zalimlərə qatıb inqilabə qurban edərəm. Qubad, Qasım, Xun-xuz bunları dutunuz, həbs ediniz! (Marzavanın və mə’murların üstə hücum edirlər. Çarpışma düşür. Marzavan və bir mə’mur qətlə yetir. O biri mə’mur qaçır. Əkbər onun dalınca gedir).

Qocalar. Vay bizim halımıza!

Cəmşid. Bu saat Daxnaşın qoşunu buraya töküləcəkdir, qaçmaq lazımdır.

Qocalar. Qaçaq, qaçaq. (Gedirlər.)

Uluğ. Yoldaşlar, durmayınız. Divlərin hörmüş olduğu bu dağları uçurdalım. (Balta, külüng, sünbə, çəkic və qeyri götürüb dağı sökməyə başlayırlar. Əkbər daxil olur.)

Əkbər. Daxnaşın qoşunu gəlir.

Uluğ. Yoldaşlar. Hazır olun! Kişilər birinci sırada, qadınlar ikinci sırada durunuz! (Uluğ dəstənin başında durub, Curcan bir taqım əcinnə qoşunu ilə daxil olur).

Curcan. Yahu! Sizsiniz inqilab qaldıran? İsyan edən? Təslim olunuz!

Uluğ. Siz alçaqlara təslim olmarıq! (Qılıncını sıyırıb.) Mübariz istəyirəm. Curça, cür’ətin var isə, meydana çıq!

Curcan. Ha... ha... ha... Ey yazıq çocuq! Gör kimi mübarəzəyə çağırırsan. Daxnaşın birinci pəhləvanı Curcanı!

Uluğ. Qılınc meydanında söz lazım deyil. Buyur. Meydan açıqdır.

Curcan. Ay... ay... belə. Al gəldi! (Uluğ ilə vuruşur. Uluğ Curcanı öldürür, qoşun qaçır.)

Uluğ. Yoldaşlar, indi iş dalınca olmalı. (İki hissə olub dağı uçururlar, dal pərdədə bir sərdabə görünür. Onun üç tərəfində üç böyük hərflə yazılmış: E. L. M.)

Qasım. Uluğ, yenə zülmət. Pəs və’d etdiyin işıqlı dünya hanı?

Firəngiz. Uluğ, o gözəl dünyanı ver.

Əkbər. Uluğ, səndən cavab gözləyirik.

Uluğ. Yoldaşlar, şübhəyə düşməyiniz. Bizi qaranlıqdan işıqlığa üç şey çıqarar. Qüvvət, zəhmət, bilik. İkisini əmələ gətirmişik qalıbdır biri. Zənnimcə bu sərdaba zülmətdən işığa qapıdır. Onu açmaq lazımdır. Xun-xuz üst qarmağı aşağı çək.

Xun-xuz (E. hərfini çəkir). Açılmır.

Uluğ. Qasım, sağ qarmağı çək.

Qasım (L. hərfini çəkir). Açılmır.

Uluğ. Əkbər, sol qarmağı çək.

Əkbər (M. hərfini çəkir). Açılmır.

Uluğ. İndi kənara çəkilin! (Üç hərfi bir-birinə yapışdırır. Sərdaba üzərində qırmızı işıq ilə böyük bir «elm» yazılır. Sərdabadan aq işıq görünür.)

Cümləsi. Ah, açıldı. (Zeynəblə Firəngiz öpüşürlər.)

Uluğ. Xun-xuz, inanmayan babalarımızı çağır, gəlib görsünlər, taki inansınlar. (Xun-xuz gedir)

Zeynəb. Ah, ürəyim dözməyir. İşıqlı dünyanı tez görmək istəyirəm. (Xun-xuz daxil olur.)

Firəngiz. Ah! O dünyanı işıqlı edən günəşi bircə tez görə idim. (Qocalar danışa-danışa gəlirlər.)

Cəmşid. Elə şey ola bilməz.

Li-xun-canğ. Heç vaqtı inanmam.

Bahadir. Elə şey mümkün deyil.

Əbdüssəlam. O müşkül işdir. İnanmam. (İşığı görürlər.)

Cümləsi. Ah! Doğru. İşıq gəlir.

Uluğ. Ey əhli-zülmət, hazır olun, işıqlı dünyaya çıqırıq. (Səhnə qaranlıq olur, həzin-həzin musiqi səsi gəlir. Dal pərdə qalqır. Mənzərəli dağlar, çiçəklərlə bəzənmiş çəmən və sular görünür. Bir taqım qız, çiyinlərində cürdək bulağın başına toplaşıb, kimi su doldurur. Kimi söhbət edir. Bu halda dağın arasından cərgə ilə Uluğ, Əkbər, Zeynəb, Firəngiz, Qasım, Qubad, Xun-xuz çıqırlar.)

Zeynəb. Ah, işıqlı dünya nə gözəldir!

Firəngiz. Ah, nə yüksək, nə işıqlı göylər.

Qasım. Sənə baqdıqca göz doymayır, ey çəşməli, həm yaşıllı dağlar.

Qubad. Nə xoş mənzərən var ey çiçəkli çəmənlər.

Əkbər. Ey göydə süzən azadə şahin! Məni qaynağına alıb da qaldır. O yüksək səmadə bir qədər seyr edim. Bu təzə cahana doyunca baqım.

Xun-xuz. Ötünüz, ey xoş avazlı, qəlbə zevq verən quşlar!

Cümləsi. Əhsən sənə, əhsən sənə ey həqiqət işığı.

Uluğ (al bayrağı qaldırıb). Məhv ol bu cahandan dəxi ey dəhşətli-zülmət!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.*Gövhər xanım** (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

16 min
İkinci pərdə

Birinci pərdənin səhnəsi.*Pəricahan xanım** (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!

18 min
Üçüncü pərdə

İkinci pərdənin səhnəsi.*Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.*

10 min
Molla Nəsrəddin Bakıda

Bir pərdəli, dörd şəkilli pyes*İştirak edənlər

1 min

Poems by other poets