Təbrik
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.
Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Rüşvətxor çar mə’murları seçki zamanı onun tərəfini saxladıqları üçün, məzlum kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cür’ət edə bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.
Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki, onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət, Xankişinin oğlu Qaraoğlana, bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. O idi ki, künüsü ilə yola getməyərək axırda onu boşatmağa müvəffəq olmuşdu.
Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası, Məlahəti çox istərdi və azadə böyüdərdi. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək, onun malına və ixtiyarına sahib oldu, yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızçığazı görməyə belə gözü yox idi. Heç bir şey üstə onu danlardı, deyərdi. Qıvrıcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:
– Gəl başını darayım, – deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı.
Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızçığaza danlanmaqdan, döyülməkdən tə’sir edirdi.
Yavaş-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq, hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu...
Cənnətəli:
– Hümmətəlidən başqa kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.
Hümmətəli özünü bicliyə vurub dedi:
– Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət verkisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, təyçülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir... Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm.
– Doğrudur, doğrudur, – deyə kəndlilər təsdiq etdilər. Qara Hüseyn əlavə etdi:
– Canım, bir sözlə, dinmə, ver.
Bu sözə kəndlilər gülüşdülər, Hümmətəli bu cür tülkülüklə kəndlilərin rə’yini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı, Xankişi adam-ları ilə həyətə daxil oldu, Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı.
– Xoş gəlmisiniz, buyurun, – deyə onlara yuxarı başda yer göstərdi.
Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirin meydana gəldi. Əsil mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngindən qurtarmaq zamanı hələ gəlməmiş.
Qonaqlar dağıldıqdan sonra, Xankişi Hümmətəli ilə otağa daxil oldu.
– Qızımı göstərin, görüm neçə qızdır? – deyə Xankişi soruşdu.
On yaşında gəlin meydana gəldi.
– Pəh, pəh, maşallah nə köyçək qızdır, – deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.
Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:
– Bu nə oyuncaqdır?
Xankişi xudahafiz edərək dedi:
– Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli başı üstə saxlayacaqdır.
Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə, o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:
– Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm.
Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrətmə çökürdü. O saat Qaraoğlanın vəhiməli, pırtlaq gözləri və çapıq surəti gözlərinin önündə dururdu.
Məlahət, Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri, biçarə qız göz yaşı tökərək vəhimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü, gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu.
Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadalar xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadalar deyil, Böyük Oktyabr inqilabı oldu.
Kəndliləri soymağa adət etmiş Hümmətəli, Şura höküməti zamanında quzu çildinə girərək, min hiylə qurdusa da kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət və’d etdiyinin üstü açılaraq, bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Mə’yus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, Şura höküməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququ əlindən alınması idi. Bu iki hərifin Şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:
– Şükürlər olsun ki, zülmkar çar höküməti məhv oldu, indi hökumət biz işçi və kəndlilərindir:
Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı... Onları qabaqlayaraq dinc, farağat oturmalarını əmr etmişdi. Əks surətdə hər ikisinin sürgün olacağını xəbər vermişdi.
Şura höküməti bərpa olunduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki, Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir tə’yin olunmuşdu. İsmət xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən məhrum qalmış uşaq, həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.
İsmət xanım Məlahətin nişanlı olduğunu bilib, bu işi pozmuşdu. Məlahət buna artığca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri ötüb keçmişdi. İsmət xanım uşağın belə zəka və sə’yini görərək, onu darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.
– Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağı çarıqlı kəndliyə ərə getməz, – deyə Hümmətəli şikayətlənərdi.
Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.
Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq düşən Qaraoğlandan qorxaraq heç kəs cür’ət edib Məlahətə elçi düşə bilmirdi. Bir il əvvəl nəşrə başlanmış «Şərq qadını»nı oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan həvəs və məhəbbətini görüb dedi:
– Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə olmursan?
– Qorxuram yazdığımı çap etməsinlər, – deyə Məlahət cavab verdi.
– Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər. Gələcək nömrə, jurnalın iki illiyi münasibəti ilə buraxılacaqdır. Sən də bir şey yaz, göndər...
Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq istəmirdi, çünki fikri məqaləsi çap olunursa sevgili müəlliməsinə göstərərək, onu şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi. İndi öz «Şərq qadını»nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.
Bir gün günəş qüruba enən zaman Məlahət İsmət xanımla cavanlar klubundan evlərinə qayıdırdı. Yol uzunu, İsmət xanım onu gələn il darülmüəlliminə aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmkin idi. Şad idi ki, darülmüəlliminə kirib oxuyacaqdı və axırda müəllimə olacaqdı. Qəmkinliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət onun üzünü gördükdə qışqırdı:
– Qaraoğlan!
Qadınlar bir şey edincə, Qaraoğlan alıcı quş kimi Məlahətin üstünü aldı. At üstündən əyilib onu qucağına çəkdi və ildırım kimi götürüldü.
Xof və heyrətdə qalmış İsmət xanım sanki yuxuda idi, indi ayıldı. Qaçaraq özünü milis müdiri Heydərqulunun idarəsinə saldı, vəqəni ona söylədi.
– Qorxmayın, İsmət xanım, bu saat Məlahəti burda görərsiniz, – deyərək Heydərqulu üç milislə bərabər atlanıb, çaparaq yola düşdü.
Qaraoğlanın fikri dağı aşıb meşədə gizlənmək idi. Kənddən xeyli uzaqlaşaraq atının başını yığdı. O, fikir edirdi ki, bu təzliklə onun arxasına düşən olmayacaqdır. Atını da yormurdu ki, daha çıxa bilsin. Qaraoğlan dağın ətəyinə çatdıqda Heydərqulu və milislər bir güllə fasiləsincə ona yaxınlaşdılar. Atışma başlandı. Qaraoğlan onlara cavab verə bilmirdi, çünki qucağındakı Məlahət ona mane olurdu. Ona görə Məlahəti atdan yerə ataraq tüfəngini boynundan çıxartdı. Məlahət fürsət taparaq milislərə tərəf qaçmağa başladı. Bunu gördükdə Qaraoğlan birinci gülləsini ona boşaltdı. Binəva qız yerə sərildi. Heydərqulunun gülləsi də Qaraoğlanı atdan yerə saldı. Heydərqulu Məlahətə çataraq atdan düşdü. Məlahət zarıldayırdı. Heydərqulu onun yarasını bağladı.
– Qorxma, bacım, yaran ağır yara deyil, bir az zamanda sağalıb ayağa duracaqsan. İntiqamını Qaraoğlandan almışam. Biz onu çoxdan axtarırdıq, axır cəzasını aldı.
Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyidini öz atına sarıdılar. Məlahəti də Heydərqulunun qucağına qoydular, yola düşdülər. Gecədən saat yarım keçmiş milis idarəsinə varid oldular. İsmət xanım Məlahəti belə halda gördükdə nalə etməyə başladı.
– İsmət xanım, qorxmayın, qızın yarası zərərli yara deyil, tez sağalacaqdır.
Doktor da Məlahətin yarasını qorxulu tanımadı. Lakin onu qorxuya salan başqa bir azar idi, belə ki, götürülüb qaçırılan zaman Məlahətə bərk soyuq dəymişdi.
Doktor onda zatülcənb gördü. İsmət xanım Xədicəyə ümid bağlamayaraq, xəstəni öz otağına gətirmişdi. Vaxtının çoxunu Məlahətə sərf edirdi. Vaxtlı-vaxtında dərmanını verib, xörəyini hazır edirdi. Məlahətin azarı getdikcə şiddətlənirdi. Doktor bir gün Məlahətə baxdıqda dedi:
– Əgər xəstə bu gecə azarın zərbinə davam edərsə, sağalmağına böyük ümid vardır.
O idi ki, İsmət xanım hər işini atıb, Məlahətin yanından əl çəkmirdi. Axşam düşdükdə xəstənin qızdırması artmağa başladı. Gecə yarı olduqda qırx dərəcəyə qədər qalxdı.
Məlahət böhran içində sayıqlayırdı:
– «Şərq qadını…» «Nə üçün yox…» «Təbrik edirəm»
Bu sözlərdən İsmət xanım anladı ki, Məlahət «Şərq qadını» jurnalına məqalə yazıb göndərmiş, indi onun intizarını çəkir. İsmət xanımın yadına düşdü ki, bu səhər şö’bəyə qəzetlərlə bərabər «Şərq qadını» jurnalı da gəlmiş, cəld qalxıb onu gətirdi və titrək əlləri ilə vərəqləri kəsdi. Jurnalın son səhifəsində, təbriknamələr sırasında belə bir təbrik oxudu:
– «Şərq qadını» jurnalına!..
«Ey Böyük Oktyabr inqilabının altun qızı, hörmətli «Şərq qadını»! Əsrlərcə yumulan mə’sum gözlərimizi indi iki ildir ki, sən açdın… Mənbəyindən doğan işıqlar Azərbaycanın ən uzaq və ən qaranlıq bucaqlarını belə şö’ləvər edir…: Qaranlıqdan çıxartdığın mənim kimi kəndli qızları, hamı səni alqışlar… Budur mən də qəlbimin saf və səmimiyyətləri ilə ikiilliyini təbrik edirəm. Yaşa və Şərq qızını hürriyyətlə yaşat!
İmza: kəndli qızı Məlahət».
İsmət xanım bunu oxuduqda ixtiyarsız gözlərindən yaş tökürdü.
– Qızım, gözlərini aç, bax budur sevimli «Şərq qadını»nda təbriknamən çap olunmuş.
Məlahət qan ilə dolmuş gözlərini açdı. İsmət xanım jurnalı ona göstərərək təbriki oxudu. İsmət xanım təbriknaməni oxuduqca Məlahətin solğun dodaqları təbəssüm edib ölümün ağır pəncələri altında didilərək dərin bir köks çəkməsi ilə həyatını bitirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-tebrik
Use ← → keys to move, R for a random poem
More by this author
Üçüncü şəkilƏvvəlinci səhnə
Dibdat bəyBir pərdəli, iki şəkilli məzhəkə*İştirak edənlər
Birinci şəkilSəhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart vəqeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür. Pərdə qalxdığda Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.*Nəbi**. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəçib bəylərimiz davam edirlər. Özkə vaxtı «o yana dur» üstə xəncər, tapançaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib, özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, gəlmişdi elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörkdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. «Vot tebe na»dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur). Xoş gördük, a Cəbi lələ. Mənə qulluq.
İkinci şəkilBirinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Poems by other poets
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: