İkinci şəkil
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.
Səfdərqulu bəy (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Nəbi daxil olur.
Nəbi. Nə buyurursan, ağa?
Səfdərqulu bəy. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?
Nəbi. Bəli, vermişəm.
Səfdərqulu bəy. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot tebe na. Get gör nə üçün keçikmişlər.
Nəbi çıxır, sonra Mehdi bəy, Vəli bəy, Rüstəm bəy, Məşədi Səməd, Saşa bəy səs-küylə daxil olurlar.
Hamı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!
Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.
Səfdərqulu bəy. Qospoda! Bir dayanın, vot tebe na, nəfəsimi alım.
Vəli bəy. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?
Rəhim və Kərim daxil olurlar.
Mehdi bəy. Yaxşı vaxtda gəlmisiniz, tez bir «Uzundərə» çalın.
Çalırlar.
Vəli bəy. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.
Mehdi bəy. Vəli bəy, riça edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.
Oynayırlar, geyriləri də çırtıq çalırlar, sonra otururlar.
Rüstəm bəy. Qospoda, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik, oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq, ruslarda bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaço.
Məşədi Səməd. Rüstəm bəy, mə’nasını deyiniz ki, mən də başa düşüm.
Rüstəm bəy. Yə’ni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa düşdünmü?
Məşədi Səməd. Bəli, çox yaxşı başa düşdüm. Siz deyirsiniz ki, Məşədi Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən qırx manat dükan borçunu almaq vaxtı gəlmişdir.
Rüstəm bəy. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borçundan dəm vurursan. Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat seçilməsi yolunda nə qədər çalışmışam. Qospoda, doğrudurmu?
Hamı. Doğrudur.
Rüstəm bəy. Ona-buna mən ölüm demişəm. Çürbəçür hiylə qurmuşam, axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospoda, doğrudurmu?
Hamı. Doğrudur.
Rüstəm bəy. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki görmüsən? — Xeyr, oğlum görməmişəm. Ala bu yumru şeyi özün sal. — Xeyr, əmi onu eləmək olmaz, ancaq sənə kömək edərəm, — onun əlindən tutub qutunun pərdəsini qaldıraraq, — bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar saldırmışam. Bax, imanımı belə satmışam. (Gülüşürlər). Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm.
Mehdi bəy. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?
Rüstəm bəy. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız işləmisiniz. Xüsusən siz, Mehdi bəy.
Saşa bəy. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borçunu de görüm.
Gülüşürlər.
Rüstəm bəy. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki, hesabını itirmişəm, ona görə 80 manat iktifa edirəm.
Vəli bəy. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost, dost yolunda canını da qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar borçunu istəyirəm.
Mehdi bəy. Qospoda, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda hamıdan artıq çalışan kim olmuş?
Hamı. Siz.
Mehdi bəy. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir belə işi götürüb suda udsan necə alardın?
Vəli bəy. İki mindən az almazdım.
Mehdi bəy. Mənçiyəz yüzcə manat istəyirəm.
Səfdərqulu bəy. Qospoda, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır.
Rüstəm bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospoda, belədirmi?
Hamı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol, ver.
Səfdərqulu bəy. Qospoda, bir dayanın, vot tebe na.
Hamı. Tez ol, ver.
Səfdərqulu bəy. Görünür, bir Saşa bəyə borçum yoxdur.
Saşa bəy. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə özün demədinmi, Saşa, bu banki aparsam sənə əlli manat dəsxoş verəcəyəm. Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar.
Gülüşürlər.
Mehdi bəy. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd min manat pul aparmısan.
Səfdərqulu bəy (cibindən portmonetini çıxardır). Ala, bu sənin, bu sənin, bu sənin, bu sənin, bu da sənin.
Nəbi (yemək otağından qaçaraq gəlir). Ağa, mən gəldim.
Səfdərqulu bəy. Ala, bu da sənin.
Hamı. Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat! Urra...
Məşədi Səməd. Rüstəm bəy, ura-ura deməkdən boğazımı qurudu. Yaşlamaq lazımdır.
Saşa bəy. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.
Doktor Azad bəy paltolu, əlində əsa daxil olur.
Azad bəy. Qospoda, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?
Mehdi bəy (kənara). Nə pis vaxtda gəldi.
Səfdərqulu bəy. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi yemək otağından gəlir.) Adə, doktorun paltosunu tut.
Azad bəy. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağıbəyin oğlu gözləyir. Atası ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur.
Səfdərqulu bəy. Mənim sağlığıma bir stəkan şampanski içməyə də vaxtın yoxdur? Vot tebe na!
Mehdi bəy. Yox, yox, mən razı deyiləm. Doktoru yoldan eləməyin. Nağı bəy ölər, cavabdeh biz olarıq.
Rüstəm bəy. Mehdi bəy doğru deyir, qoy Azad bəy gedib naxoşuna baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər.
Azad bəy. Mən özüm Zeynal bəyin qonaqlığından gəlirəm. Orada məni buraxmırdılar. Söz verdim ki, Nağı bəyə baxıb qayıdaram. Səfdərqulu bəy, doğrudan da bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil seçmək münasibəti ilə şampanski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim üçündür?
Səfdərqulu bəy. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat, yoxsa Zeynaldır?
Vəli bəy. Həkim səhv edir, vəkil sənsən.
Rüstəm bəy. A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya oxuyursan.
Mehdi bəy. Azad bəy, Rüstəm bəy doğru deyir, yolunla düz gedə bilmirsən? Sənə nə borcdur ki, burada nə qayırırıq.
Azad bəy. A lotular, bu nə kələkdir? Nə üçün kişini aldadırsınız?
Mehdi bəy. Riça edirik ki, bizlə Səfdərqulu bəyin arasına girməyəsiniz, vəssalam.
Azad bəy. Mən də sizdən riça edirəm ki, sabah Səfdərqulu bəy həqiqəti bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam. (Çıxır.)
Səfdərqulu bəy. Qospoda, bu nə işdir? Vot tebe na!
Məşədi Səməd. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot tebe nadır.
Gülüşürlər.
Mehdi bəy. Dostum, diqqətlə mənə qulaq asmağını riça edirəm. Əgər mən deyən fikrə şərik olmasan, Azad bəy buyurduğu kimi qol-qabırğamızı qır. İndi qulaq as, Zeynal bəy və geyri bəyin bu işə girişməkdə məqsədi nədir? Mənçə birçə şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki, iş bələdir, mən öz tərəfimdən və bu dostlarım tərəfindən sənə söz verirəm ki, elə bir tədbir görüm ki, bu dibdat bəy ləqəbi sən ölənə kimi, xeyr, yüz illərcə, daha doğrusu min illərcə üstündə qalsın. Şübhə edirsən? Qospoda, bu 52 vərəqdən düzəlmiş kart nə vaxt məhv olacaqdır?
Rüstəm bəy. Bütün bəşəriyyət məhv olanda.
Mehdi bəy. Doğru.
Vəli bəy. Kart, bəşəriyyət, dibdat bəy... anlamıram.
Məşədi Səməd. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy, dalını söylə.
Mehdi bəy. Qospoda, bu andan bizim aramızdan valet-saldat ləfzləri götürülür...
Məşədi Səməd. Yerinə bir dibdat bəy qonur.
Rüstəm bəy. Bravo!
Vəli bəy. A... indi başa düşdüm. Mənçə şahın yerinə dibdat bəy qoyaq.
Mehdi bəy. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman olacaqdır.
Saşa bəy. Səfdərqulu bəy, sənin kela, o qarlı şaxtalı Peterburqda nə işin var?
Vəli bəy. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xətalı işdir.
Rüstəm bəy. Doğrudur, birdən artıq-əskik söz söylədin, bəlaya düşdün. Zarafat deyil, həmişə vəzirlər qabağında, bə’zən padşah hüzurunda danışacaqsan.
Mehdi bəy. Ağızdır, bir xətalı söz buraxdı, içindən gəmbərqulu çıxdı.
Məşədi Səməd. Birinciniz soyuqdan dəm vurursunuz, o biriniz danışıq qorxusundan, lakin heç biriniz əsli mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir gün plovsuz olmaz. Hələ bunun turşulu qovurması, dolması var.
Vəli bəy. Küftəsi var.
Rüstəm bəy. Dovğası var.
Saşa bəy. Bozbaşı var.
Səfdərqulu bəy. Sizin deməyinizə görə o yekəlikdə şəhərdə bunları bişirən tapılmayacaqdır?
Gülüşürlər.
Mehdi bəy. Gəlsənə aşpaz Qolubyakin sənə bir pitidə qoysun. Ya şam kababı da bişirsin?!
Səfdərqulu bəy. Zakaz verərəm, bişirər. Vot tebe na.
Mehdi bəy. O da sənə deyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na.
Gülüşürlər.
Vəli bəy. Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır.
Səfdərqulu bəy. Siz öləsiniz, şogəribin adını çəkəndə ürəyim bulanır. Nə yaxşı məni seçmədilər. Vse k çortu. Vot tebe na. Nəbi, aşpaza de, plovu çəksin.
Hamı. Sağ olsun bizim deputat bəy!
Mehdi bəy. Qospoda, cümə axşamı bu günkü kefin mə’bədi bizdədir. Rəhim, Kərim, siz də gələrsiniz.
Rəhim. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rənk (hava) icad edim, orada çalaram, xoşunuza gəlsə adını «Rənki-dibdat bəy» qoyarıq.
Rüstəm bəy. – Ay sağ ol!
Kərim. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz adını «Təsnifi-dibdat bəy» qoyarıq.
Mehdi bəy. Dostum, eşidirsənmi, daha sənin üçün ölüm yoxdur. Zeynal bəy müvəqqəti deputat bəydir, sən isə dünya durunca. Sağ olsun Səfdərqulu bəy!
Hamı. Sağ olsun Səfdərqulu bəy! Ura...
Nəbi. Ağa, süfrə hazırdır.
Səfdərqulu bəy. Qospoda, süfrəyə buyurunuz.
Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-dibdat-bey-ikinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?
Üçüncü şəkilSəhnə Sadıq kişinin kumasını göstərir. Həyətdə Nazpəri corab hörür, Gülpəri paltar və Şahpəri də kömlək tikirlər. Şeytan səyyah libasında qoltuqunda bir qutu həyətə daxil olur. Qızları baş aşaqı işləyən halda gördükdə öz-özünə:Şeytan**. Nə gözəl fürsət! Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra—qızlarınızı düşmanlar aparmış—deyə fitnə salmalı... (Qızlara.) Yarəb, bunlar nə gözəl qızlardır? Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
TamahkarBeş pərdəli məzhəkə*İştirak edənlər
Birinci pərdəHacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
Poems by other poets
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən