Üçüncü şəkil
Səhnə Sadıq kişinin kumasını göstərir. Həyətdə Nazpəri corab hörür, Gülpəri paltar və Şahpəri də kömlək tikirlər. Şeytan səyyah libasında qoltuqunda bir qutu həyətə daxil olur. Qızları baş aşaqı işləyən halda gördükdə öz-özünə:
Şeytan. Nə gözəl fürsət! Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra—qızlarınızı düşmanlar aparmış—deyə fitnə salmalı... (Qızlara.) Yarəb, bunlar nə gözəl qızlardır? Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
Gülpəri. Mənimki Gülpəri.
Nazpəri. Mənimki Nazpəri.
Şahpəri. Mənimki də Şahpəri.
Şeytan. Demədimmi siz pərisiniz? Simalarınız buna sahiddir. Siz kibi pərilərə belə işlər yaraşarmı? Toqda, gözəlim (Nazpərinin əlini əlinə alıb) bu şumşad kibi barmaqlara nə yaraşar gözəlim?
Gülpəri. Həna yaqmaq. (Gülüşürlər.) Ha, ha, ha.
Şeytan. Bunların nə gözəl səsləri var? Sanki səma musiqisidir bu sədalər. (Bir yaqut üzüg Nazpərinin barmağına taqır.) İndi baxınız?
Gülpəri. Ah, nə gözəldir? Necə parlaqdır? Kaş mənim elə bir üzüyüm olaydı!
Şeytan. Səbr et, gözəlim, sənin barmağına başqa bir qaş yaraşar. Baq, oda bu! (Almas üzüyü onun barmağına taqır.)
Şahpəri. Doğrudan da nə yaraşıqlıdır?
Şeytan. Mənim qutumda sizlərə layıq şeylər çoqdur. (Rəng-bə-rəng şişə mıncıqları göstərir.)
Gülpəri. Ah, nə gözəl şeylərdir!
Şeytan. İndi siz pərilərə nə lazımdır?
Şahpəri. O şey ki bizim kəndli atalarımızda yoqdur. Pul lazımdır ki, bu şeyləri səndən alaq.
Nazpəri. Şahpəri düz deyir. Bizim atalarımız kasıbdır.
Gülpəri. Kaş bu şeyləri bizə göstərməyəydin, baba!
Şeytan. Gözəl şey görmək savabdır. Görürəm bunları almağa sizdə para yoqdur. Lakin mən də sizin köməyinizə möhtacam. Hərgah mənim təklifimi qəbul edərsinizsə, bu üzükləri sizə baxışlaram.
Gülpəri. Mən qəbul edərəm.
Nazpəri. Mən də.
Şeytan. Çoq sağ olun! İndi dediyimə yaqşı fikir veriniz. Mən böyük təbibəm. Qədim bir tibb kitabında oqumuşam ki, sizin bu dağlarda bir nev’ çiçək bitir. Bu çiçək indiyə kibi müaləcəsi tapılmayan vərəm xəstəliginə dərmandır. Mən bu məqsədlə uzaq vətənimdən buraya gəlmişəm. Bu daşları da satıb özümə yemək və yol xarcı düzəldirəm. Mən sizin bu dağlarınıza nabələdəm. Gözlərim də siz cavanlarınkı kibi iti deyil. Əgər mənə kömək edib o çiçəyi tapa bilsək, göstərdiyim cavahirlərdən sizə pəşkəş verərəm və yazdığım tibb kitabında siz pərilərin adlarını da qeyd edərəm. Görünüz insanlara nə böyük xidmət edirsiniz? Adlarınız da min illərcə dillərdə söylənər. Razı olursunuzmu?
Cümləsi. Razıyıq.
Gülpəri. Ancaq atalarımızdan izn almaq lazımdır.
Şeytan. Yoq. Onu etməyin. Qorquram sizi qoymayalar və bu sirr öz aramızda qalmalıdır. Çoq gəzmiyəcəyik. Bəlkə baxtımız gətirdi, tez tapdıq. Gedək, qızlarım
Qızlar. Gedək. (Ayağa qalxırlar. Bu halda Rizvan daxil olur.)
Şeytan. Yenə bu şiş papaq nə pis vaqtda gəldi!
Rizvan. Bacılar, işlərinizi qurtardınızmı?
Gülpəri. Xayır, bir az qalıbdır.
Rizvan. Yoldaşlar, tənbəllik etməyin. Özünüz bilirsiniz ki, alman qardaşlarımız acından qırılırlar, çıplaq balaları sizin köməyinizə möhtacdır. Bir saat gecikməyiniz, necə mə’sum uşaqların ölümünə bais olar. Bu barmaqlarınızdakı üzüklər hardandır?
Şahpəri. Bu kişidən almışıq. (Rizvan diqqətlə Şeytana baqır.)
Rizvan. Ha, tanıdım; həmin hərif. Üzüklərinizə baqım. (Göstərirlər. Şeytan qaçır.) Bunlar qiymətli daşlar deyillər, şişədir.
Gülpəri. Vay sənə lə’nət. Şeytan kişi, biz də elə bilirik ki, qiymətli daşlardır. Nə yaqşı hələ pul verməmişik.
Nazpəri. O çiçək aqtarması da hilədir.
Rizvan. Nə çiçək?
Gülpəri. Deyirdi ki bizim dağlarda vərəm naxoşluğuna dərman bir çiçək bitir. Bizi onu aramağa aparırdı.
Rizvan. Onun tələsindən yaqşı qurtardınız. Bu sizə bir dərs olsun. Bundan sonra belə şeytan şəxslərə aldanmayınız. Bu adam dəmirçi yoldaşları da aldatmaq istəyirdi. Daha durmayın iş dalınca. Bir azdan sonra gələcəyəm, ona kibi siz də işlərinizi qurtarınız. Sadıq babaya deyin ki, ianə şeylərini buraya toplasın, gəlib siyahı edəcəyəm. (Gedir)
Nazpəri. Gedək, işlərimizi qurtaraq. (Nazpəri və Şahpəri kumaya girirlər. Sadıq kişi həyətə daxil olur.)
Sadıq kişi. Gülpəri, Rizvan gəlmişdirmi?
Gülpəri. Bəli, gəlmişdi. İndicə getdi; dedi ki bir azdan sonra gələcəyəm. Sadıq baba şeyləri toplasın, gəlib siyahı edəcəyəm.
Sadıq kişi. Yaqşı, get gələn adamlar üçün çörək hazırla.
Gülpəri. Baş üstə (Kumaya girir. Qara Hüseyn dalında bir çuval, həyət qapısından girir.)
Sadıq kişi. Gətir, oğlum? Gətir, ruzun bol olsun. Bir əvəzinə min alasan.
Qara Hüseyn. Sadıq baba, özün bilirsən ki bu il taxılım az oldu. Özümüzə çatmır.
Sadıq kişi. Bilirəm, oğlum, sən də onu bil ki Almanyadakı qardaşlarımız acından ələf yeyirlər. Ağacların qabıqlarını gəmirirlər. Allah kərimdir. Bizlər bir-birimizə kömək edib təzə məhsula çıqarıq, amma onlar acından tələf olurlar.
(Həsənqulu dalında çuval daxil olur)
Sadıq kişi. Oğlum, Həsənqulu, sənin bu ehsanın hamısından qiymətlidir; çünkü sən kasıbsan, el özü səni ianə ilə saqlayır.
Həsənqulu. Sadıq baba, o günü yoldaş Rizvan Almanya açlığını elə halda naqıl etdi ki, nə deyim? O vaqtdan bəri çörək boğazımdan getmir. Zibil eşib sümük arayan qardaşlarımız gözümün qabağında dururlar.
Qara Hüseyn. Mənim balaca oğlum da çörək yeyəndə öz payından ayırır ki, yığıb aç uşaqlara göndərəcəyəm.
Həsənqulu. Sadıq baba, bir şey yığa bilmişsənmi?
Sadıq kişi. Allah bərəkət versin, beş yüz puta qədər toplanmışdır. Hər kənd bir belə yığsa, acların imdadına çatarıq.
(Aslan ilə Teymur daxil olurlar.)
Aslan. Sabahınız xeyir.
Sadıq kişi. Aqibətiniz xeyir. Mənə görə qulluq?
Teymur. Sadıq baba, bizi şəhərdən göndəriblər ki, kəndli qardaşlarımıza kömək edək.
Aslan. Dəmirçiyə möhtac nə işiniz var isə, qayıracayıq.
Həsənqulu. Mənim baltam sınıbdır.
Qara Hüseyn. Mənim də dəhrəm və dəryazım!
Teymur. Yoldaşlar, hamısını qayıracayıq, arxayın olunuz.
Sadıq kişi. Övladlarım, mən bu yaşa çatmışam, belə qardaşlıq, yoldaşlıq dövranı görməmişəm. Cümlə insanlar birdir—deyən çoq olmuş, lakin indiki kibi bolşeviklərdən səvayı əmələ gətirən olmamışdı.
(Şeytan təbib libasında, qoltuqunda bir davacat qutusu daxil olur.)
Sadıq kişi. Kimsən? Sən’ətin nədir?
Şeytan. Mən təbibəm.
Həsənqulu. Nə yaqşı vaqtda gəlmişsən. Mənim balaca qızım naxoşdur.
Qara Hüseyn. Mənim də arvadım.
Şeytan. Mən saqlara həkimlik edirəm.
Teymur. Qəribə təbibdir, saqları saqaldır...
Şeytan. Bəli, saqları saqaldıram. Saq mən o şəxsə deyirəm ki bu dünyada heç bir qəmi və qüssəsi olmaya. Hansınızın dərdi yoqdur? Hərəniz bir dərdə mübtəlasınız. Mən ömrümü sərf edib bu dərmanları icad etmişəm. Bunların hər birində başqa bir xasiyyət var. (Bir şişə göstərir.) Bu dərmandan bir fincan içənin bədəni qızışıb qüvvətə gəlir. Birin də içərsə, qəm-qüssəsi gedib şad və xürrəm olar. Birisini də içərsə, qızmış şirə dönüb pəhləvan tək meydanda mübariz istər. Bu dərman da yuqusuzlar üçündür. Bir həb atsa, şirin yuquya gedib rahat olar. Lakin dərmanlarımın şahi budur.
Bunu qəlyanın başına qoyub çəkəndə adam üçün bir başqa aləm açılır. Onu tə’rif etməkdən özüm də acizəm. Bir sözlə rəbbiniz və’d etdiyi cənnəti bu dünyada görürsünüz.
Rizvan. Mən sən hərifi yenə də görürəm.
Şeytan. Yenə bu şiş papaq!
Rizvan. Yoldaşlar, bu hərifi ihatə ediniz. Qaçmağa qoymayınız. (Onun ətrafını alırlar.)
Rizvan (qutudan şişəni əlinə alır). Bilirsinizmi bu nədir?
Hamı. Xayır.
Rizvan. Bu şeytan icadi qonyaqdır. Bunu içib məst olanlar və nə halda və nə cür fəna işlər yapdıqlarını görmüşsünüz.
Sadıq kişi. Ha, adamı qızmış aslana döndərdiyini anladım.
Rizvan. Bu da tiryakdır. Həbbini atanlar nə hala salır. Onu da görmüşsünüz.
Aslan. Ey hərif, bizi bunlarla aldadırdın?
Rizvan. Bu da əsrardır. Bunu çəkən adam bir hala düşür ki, at ləpiri kibi su onun gözündə bir böyük çay görünür. Paltarını soyunur ki o çayı üzüb keçsin. (Gülüşürlər.)
Teymur. Vay sənə lə’nət, hərif gör bizi nəyə öyrədirmiş?
Aslan. Teymur, deyəsən o bizi aldadan şəxsə oqşayır.
Rizvan. Onun özüdür, ancaq libasını dəyişdirmiş. Bir az bundan iləri başqa surətdə qızlarınızı aldadıb dağlara aparmaq istəyirdi, mən qoymamışam.
Qara Hüseyn. Pəs nə üçün bunu dutub həbsə almayırsınız?
Rizvan. Dutulacaqdır və cəzasını da alacaqdır. Qoyun görək kimdir.
Həsənqulu. Kim olacaqdır? Şərir fəsadçının biri.
Şeytan. Rütbəmi azaltma.
Rizvan. Bəs sən kimsən?
Şeytan (üst libasını atır). Şeytan.
Cümləsi. Şeytan!
Şeytan.
Ey vay bu nə aləm, bu nə devran, bu nə halət
Nerdən yetib insanlara beylə mələkiyyət
Bu bəndələrim-qullarım hər an mənə tabe’
Olsunmu o zəhmətlərim indi hamı zaye’
Qan yaqdıraram fitnə ilə ərzə səmadən,
Qorqmam nə bəşərdən, nə mələkdən, nə qəzadən:
Beş guşəli yıldız məni məqlub edir ey vah,
Mənsə yenə öz qüvvəi-naçizimə gümrah
Qaçmaq, bunların əmri olubdur mənə müşkül
Etmək gərək ol Asiyada fitnəni təşkil
Ha! ha! ha!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-seytan-ucuncu-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Bir pərdəli pyes*1923*
Əhməd və MəleykəQışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.
Abbas və ZeynəbMəmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:– Yenə nağıl istəyirsiniz?
NurəddinAxşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:– Qızım, nə fikrə getmisən?
Poems by other poets
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür