Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:

– Yenə nağıl istəyirsiniz?

– Bəli, ata, – Məmməd cavab verdi.

Fatma dedi:

– Ata, bu gün müəlliməmiz bizə «Əlibaba və qırx quldur»un nağılını oxudu. Sən də bizə quldurdan söylə.

– Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar. Qulaq as, bu nağıldan özün bilərsən.

– Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi. Qayadibi adlı kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdır.

Birdən azançının «allahü-əkbər» səsi ucaldı. Çütçülər bundan əvvəl oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə çüt əkməyə getdilər.

Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmürdü. Amma şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı. Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və arıları oyatdı. Quşların çəh-çəhi havaya ucaldı.

Bunların xoş avazları çütçünü şura gətirdi. O da ahəstə-ahəstə çütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə sürüsünü otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.

Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş rənginə dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi...


– Abbas, bax, gör mən nə qədər yığmışam.

– Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam.

– Fındıq da.

– Yaxşı fındıq da alaram.

Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə oturdular və onları dəstə tutmağa başladılar.

Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey qoymamışdı. Ancaq anaları Fatma çəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı. Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula satırdı. İki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.

Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki quldur Səfərdən qorxurdu. Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu mə’lum deyildi. Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.

Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş aldı: «Ey qayadibililər! And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb, o gözəl vətəninizi odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun».

Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.

Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə köndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi.

Fatma neçə gün idi ki, işsiz idi. Ona görə istər-istəməz uşaqlara izin verdi. Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.

Fatma ağıllı, xoşrəftar bir arvad idi. Öz uşaqlarına da yaxşı rəftarı, bir-birilə mehriban dolanmağı tərbiyə vermişdi. Uşaqlar da analarının gözəl sifətlərini və tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər.

Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. Zeynəb qaraqaş, qaraköz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi. Abbas bacısını artıq dərəcədə sevirdi. Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey almayaydı. Abbas üzünü bacısına çevirib dedi:

– Zeynəb, bu yığdığımız qulançar azdır, buna heç bir şahı da verməzlər. Dur gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən odun doğrayıb şələ qayırım.

– Axı, qardaş, mən yorulmuşam.

– Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək yığaram, – deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu.

Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar. Bu seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi. Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub, bahar günəşi ilə oynaşırdılar. Hər rəngə çalan çürbəçür çüçülər otlara mərcan kimi sarılmışdı. Bir tərəfdən çiçəklərin qoxusu, bir tərəfdən quşların çəh-çəhi və bir tərəfdən də baharın xoş meh insanı bihuş edirdi. Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan bir bulaq axıb şırıltı ilə aşağı təkülürdü. Suyun zərrələri havada günəşin şəfəqindən almaz parçaları kimi parıldayırdı. Bu bulaq «Şırlanbulaq» adı ilə məşhur idi. Zeynəb bu gülüstanı, bu çərgət kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub – Ah nə gözəl çiçəklər var, – deyə qışqırdı və qardaşının əlini buraxıb gül yığmağa qaçdı. Abbas da ipini və dəhrəsini yerə qoyub qulançar yığmağa məşğul oldu. Zeynəb kah çiçək yığırdı və kah da qışqıra-qışqıra pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. O vaxt Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kollut dərəyə düşmüşdü.

Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir qurultu düşdü. Abbas elə bildi ki, göy quruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi. Bu qurultudan bir dəqiqə keçməmiş elə bir qurultu başladı ki, deyəsən bu saat göylər uçub yerə təküləcəkdir. Abbas başını yuxarı qaldırıb gördü ki, küllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən çütçülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır. «Quldurlar!» – Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdır. Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında gizlənsin.

Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başıaçıq, saçları döşünə təkülmüş, ovçu oxundan qaçan ceyrantək «Abbas, qardaş» – deyə o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların küllələri onun üstünə dolu kimi yağırdı. Abbas uzaqdan səsləndi:

– Bacı, Zeynəb, qorxma, buradayam!

Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin otuz qədəm getməmişdi ki, birdən «Ox!» deyib yerə yıxıldı. Abbas özünü bacısına yetirib gördü ki, Zeynəbin sinəsindən al qan qətrə-qətrə təkülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdir.

– Abbas, mənə su ver!

– Dur, bacım, qaçaq Şırlanbulağa.

Zeynəb istədi ki, qalxsın, amma bacarmadı, Abbas onu çox çətinliklə qucağına götürüb, bulağa tərəf aparmağa üz qoydu. Lakin on qədəm getməmişdi ki, quldurlar bunları təzədən külləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə saldı ki, orana külləyə tutmurdu. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü.

– Abbas, candım, mənə su ver! – deyə Zeynəb nalə edirdi.

Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırdı.

– Bacı, bu saat sənə su gətirəcəyəm, – deyə Abbas bulağa tərəf yüyürdü. Küllə müdam onun üstünə yağırdı.

Abbas özünü bulağa yetirdi. Araqçınını su ilə doldurub qayıtdı. Bu dəfə Abbas qaça bilmirdi; qorxurdu ki, suyu təkülsün, Abbas o qədər Zeynəbə yaxınlaşdı ki, onun «su» naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Nəmərd küllə binəva uşağın sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin üç qədəm getməmişdi ki, dübarə yıxıldı, Abbas sürünə-sürünə özünü bacısının üstünə saldı, gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdır. Elə bil ki, deyir: «Qardaş, Abbas, mənə su ver».

Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi:

– Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm.

Bu hadisədən altı saat keçdi. Dəhi tüfəngin qurultusu kəsilmişdi. Dağların arasını tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü idi. Beş-altı saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi, indi yanıb kül olmuşdu. Əhalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı.

Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdən bir səs çıxmırdı. Heyvanlar və quşlar insanların vəhşi hərəkətindən elə xofa düşmüşdülər ki, hələ cür’ət edib yuvalarından çıxa bilmirdilər. Ay yavaş-yavaş qalxıb, qəmkin-qəmkin insanların tutduğu vəhşi əməllərə baxırdı.

Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı. Bu arvad Fatma və axtardığı da iki balası idi.

– Zeynəb, Abbas, gözəl balalarım, yetim balalarım, haradasınız, səs verin! – deyə Fatma nalə edirdi.

Lakin çəmən üstündə, lalələr arasında qucaq-qucağa verib qanlarına qəltan olmuş Zeynəb və Abbas – bu iki mə’sum anaları Fatmanın naləsini eşitmirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Namus

Axşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?

15 min
«Yoluxma xəstəlik»

İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.

4 min
İki dost, iki düşmən

Avqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.

12 min
Mister Greyin köpəyi

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.

6 min

Poems by other poets