Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.

Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.

Puan Qayı çinlilər sevərdilər, lakin avropalılar onu görmək belə istəməzdilər, çünki Puan Qay onların pis xasiyyətlərini, məğrurluqlarını, çinlilərə edilən zülmü pantomim tərzi ilə gözəlcəsinə göstərib xalqı güldürürdü. Bunun üstə Puan Qay avropalılar tərəfindən neçə dəfə kötək yemişdi. Lakin yenə də onların təqlidini çıxartmaqdan sağınmazdı. Ancaq şəhərin Avropa hissəsinə enməkdən çəkinərdi.

Bir səhər Puan Qay küçədə həsir salıb, üst paltarını soyunub oyun çıxarırdı. Adamlar yığılıb ona tamaşa edirdilər. Bu zaman mister Greyin aşpazı bazardan azuqə alıb evə qayıdırdı. Misterin məşhur köpəyi Bollu da onun arxasınca gəlirdi. Bu ingilis buldoqu sahibi kimi qayət kinli, dəhşətli bir köpək idi. Bollunun qapdığı iti və insanı əlindən almaq mümkün deyildi. Ta üstünə su tökməyincə tutduğunu buraxmazdı. Bu köpək çinlilərə çox əziyyət verirdi. Lakin mister Greyin qorxusundan kimsə onu vura bilməzdi.

Bollu adamların dəstəsinə yaxınlaşdıqda uşaqlar: «Mister Greyin köpəyi gəlir» deyə qaçmağa başladılar. Böyüklər də kənara çəkildilər. Bu zaman Puan Qay, arxası üstə uzanıb ayaqları ilə Sen O-nu tez-tez atıb-tuturdu. Köpəyin diqqətini cəlb edən Puan Qayın həsirin üstə ilan kimi uzanan kəkili idi. Sen O onu gördükdə qışqırdı. Puan Qay, Sen O-nu yerə buraxıb cəld qalxdı. Bu vaxt köpək Puan Qayın arxalığını qapıb qaçmağa başladı… Puan Qay öz şeylərini şagirdinə tapşırıb köpəyin dalınca qaçdı. Küçədən daş yığıb köpəyə atırdı. Lakin Bollu, daşların dəyməyinə baxmayaraq arxalığı dişindən salmırdı. Daşın biri Bollunun ayağına bərk dəymişdi. Lakin höçət köpək yenə də arxalıqdan əl çəkmirdi. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı:

– Nə üçün köpəyə daş atırsan?

– Görmürsənmi, köpək arxalığı aparır…

– Görürəm və köpəyin də mister Greyin olduğunu bilirəm.

– Deməli, mister Greyin köpəyi üçün qanun yoxdur…

– Puan Qay, özün də bilirsən yoxdur, nə üçün soruşursan? Ya arxalığından əl çək, ya da cür’ətin varsa, get mistərdən al.

– Gedərəm və arxalığımı da alaram, – deyə Puan Qay yola düşdü. O daha qaçmırdı, ahəstə gedərkən dərin fikrə dalmışdı. Böyük və ulu vətəninin azğın, qudurmuş imperialistlər pəncəsi altında boğularaq, sızlayaraq məhv olduğunu düşünürdü.

Bizim üçün nicat yolu yoxmu? Haçana kimi dörd yüz milyonluq Çin, vəhşi avropalılar əlində oyuncaq olacaqdır, – deyə öz-özünə sual verirdi.

– Var, lakin biz bigeyrətlər, hamımız inqilabçı Kanton ordusuna qarışıb vətənimizi imperialistlər əlindən xilas etmək əvəzinə, inqilabçıların qarşısına çıxıb bunlarla müharibə edirik. Puan Qay, başında belə fikirlər gəlib mister Greyin darvazasına çatdı və cür’ətlə içəri girdi. Bu zaman mister Grey balkonda oturub qəzet oxumağa məşğul idi. O, itinin ayağının Puan Qay tərəfindən yaralanmasından xəbərdar idi. İndi qəzəbli və səbirsiz onu gözləyirdi.

Mister Grey başını qaldırıb Puan Qayı gördü və ayağa qalxaraq açıqlı soruşdu:

– Mənim itimi sənmi vurmusan?

– Bəli, mən vurmuşam. Arxalığımı götürüb qaçdı, mən də daş atdım ki, yerə salsın, lakin buraxmadı.

– Sən bilirsənmi ki, ingilis köpəyi tutduğunu buraxmaz?

– Bəli, ingilislərin köpəkləri sahiblərinə oxşamışlar, tutduqlarını buraxmazlar.

– Doğrudur, sən üç böyük cinayət etmisən, ona görə cəza alacaqsan. Birincisi budur ki, mənim sevgili köpəyim Bollunu yaralamısan…

– Mister, sizin papağınızı və ya başqa şeyinizi köpək götürüb qaçsa, nə edərsiniz?

– Tapançamı çıxarıb vurarım, yerində qalar.

– Mən ki hələ itinizi öldürməmişəm.

– Sənin həddin nədir ki, elə iş edə biləsən. İkinci təqsirin bax budur, – deyə mister Grey ona bir məktub göstərdi.

– Bu sənin arxalığının cibindən çıxmış, bilirsənmi nədir?!

– Kanton əskəri dostumdan gəlmiş məktubdur.

– Yalan! Kommunist firqəsi tərəfindən nəşr olunmuş proqramasıdır, sən o firqənin gizli üzvüsən və oyun çıxarmaq ilə onun fikrini burada yeridirsən.

Bunu eşitdikdə Puan Qay səbir edə bilməyib dedi:

– Elə ki, siz imperialistlər biz çinlilərlə rəftar edirsiniz, axırı hamımız ona gələcəyik. Üçüncü cinayətimi söyləyin.

– Üçüncü cinayət odur ki, izinsiz mənim həyətimə girmisən, o qapıda yazılanı oxumadınmı?

– Xeyr, orada nə yazılmışdır?

Orada bu yazılmışdır: «Çinlilərə və köpəklərə daxil olmaq yasaqdır».

– Mister o qanunmu?

– Bəli, qanun.

– O qanunu ə’lahəzrət Çorçmi vermiş?

– Sus, qanmaz köpək, onu mən vermişəm, hər bir ingilisin əmri siz vəhşi çinlilər üçün qanundur.

– Onları verənləri inqilabçı Kanton təzliklə məhv edəcək.

Bunu eşitdikdə qan mister Greyin başına sıçradı və elə bağırdı ki, bütün xidmətçilər səsinə töküldü.

– Bu köpəyi alın, o uzun saçından talvardan asın, mən əmr etmədikcə xilas etməzsiniz, haydı!..

Zavallı Puan Qayı tutub talvarın altına götürdülər. Mister Grey də balkondan enib oraya gəldi.

– İndi ayı kimi bağırarsan, – deyə «mədəni, nəcib» Grey, Puan Qayı söyməyə başladı.

Puan Qayı asarkən bozarmış dodaqlarından bir kəlmə belə buraxmadı. Lakin qanlı gözlərindən qəzəb atəşi saçılırdı. Grey cənabları ingilis «ədalətini» icra etdikdən sonra yenə balkona qalxıb qəzet oxumağa başladı. Aradan xeyli keçmiş xidmətçi çinli ona çay gətirirkən Puan Qayı azad etməyini yadına saldı. Mister saata baxıb dedi: «Hələ iki dəqiqə qalmış». Sonra qəzeti masanın üstə qoyub çay içməyə başladı. Hərkah mister Grey o zaman dönüb xidmətçinin üzünə baxsaydı, onun baxışında özünə qarşı nifrət əlamətlərini aydın oxuyardı.

Mister Grey çayını içib aşağı endi və Puan Qayı xilas etməyi əmr verdi. Onu azad etdilər. Sonra mister Grey qayçı gətirtdi və öz əli ilə Puan Qayın o uzun saçlarını kəsib ona uzatdı:

– Bunu al, saxla, ta ki, tutduğun cinayəti unutmayasan.

Sonra əmr etdi ki, onun arxalığını versinlər. Puan Qay illərlə bəslədiyi saçını alıb:

– Mister, mən də and içirəm ki, heç bir an bu günü unutmayacağam, bu günə kimi mən inqilabçı deyildim, siz bu saçları kəsməklə öz əlinizlə məni inqilabçı kantonçular sırasına göndərirsiniz, sizə artıqca təşəkkür edirəm, – deyə Puan Qay götürüldü.

Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı ordusunda şücaətlə dava edirdi. İmperialistlərin ümidi olan şimal ordusu Qızıl Kanton ordusunun dəhşətli hücumları qarşısında davam edə bilməyib əllərində olan kənd və şəhərləri boşaltmağa məcbur olurdu.

Növbə Puan Qayın vətəni Xan Qou şəhərinə çatmışdı. Puan Qay irəlidə gedən bölüyün sırasında idi. Şəhərə hücum başlandı. Puan Qay qızmış şir kimi müharibə edirdi. Ən atəşli yerə özünü atırdı. Şəhərə girən birinci Puan Qay oldu. Günorta olduqda Xan Qou Kanton əskərləri tərəfindən alındı. Lakin küçələrdə, ara-sıra güllə səsi gəlirdi.

Puan Qay, mister Grey sakin olan küçə ilə evlərinə, anasını yoluxmağa gedirdi. Birdən qarşısına misterin köpəyi Bollu çıxdı. Sanki qəza Puan Qayın intiqamını yerdə qoymaq istəmirdi. Puan Qay cəld tüfənki döşünə alıb itə nişanə götürdü. Güllə açıldığda köpək yerə sərildi. Puan Qay gedib onun quruğundan tutdu və sürükləyərək mister Greyin darvazası ağzına gətirdi. Misterin darvazası, qapıları, pəncərələri bağlı idi. Həyətdə, evdə bir insan görünmürdü. Puan Qay kəmərini açıb itin başına keçirdi və xeyli çətinlik ilə darvazadan asdı. Sonra cib kitabçasını çıxarıb bir vərəq çırdı, yazdı, darvazaya bənd etdi. Sonra fəxr ilə oxudu: «İngilislərə və köpəklərə içəri daxil olmaq qadağandır».

– Mister Grey! İndi Puan Qayı ölənə kimi unutmazsan, – deyə yola düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets